Məhkəmə qərarları › İş №2-1(104)-180/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-180/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-180/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı “istifadəsində olan 952 kv.m torpaq sahəsinin müsabiqəyə çıxarılmasına dair xx.xx.2024- cü il tarixli, 14 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-4724/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X8 X9 Ərazi şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi və Şəmkir Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir Bələdiyyəsi və Hərracların Təşkil üzrə X6 Ərazi şöbəsi tərəfindən onun 50 illik faktiki istifadəsində olan torpaq sahəsinin qanunsuz satılması ilə bağlı inzibati aktın və bu inzibati akt nəticəsində verilən çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4724/2024 saylı qərardadı ilə X7 üçüncü şəxs kimi məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4724/2024 saylı qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, cavabdehlər əsl cavabdeh Şəmkir Bələdiyyəsi ilə əvəz edilmiş, iddia tələbi “istifadəsində olan 952 kv.m torpaq sahəsinin müsabiqəyə çıxarılmasına dair xx.xx.2024cü il tarixli, 14 nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1954-cü ildən Şəmkir şəhərində yaşayır və həmin ildən bugünə kimi istifadəsində olan ünvan 1 ünvanında və onun həyətyanı sahəsində yerləşən torpaqlarda məişət təsərrüfatı ilə məşğul olur. Həmin torpaqlar iddiaçıya həyat yoldaşı X3 ulu babalarından (Şəmkirli Qədim ağa və onun oğlu Xəlil ağa) miras qalmışdır. İddiaçı yaşlılığı ilə əlaqədar olaraq müstəqilliyin bərpasından sonrakı illərdə zəbt olunmuş torpaqların sənədləşdirilməsi ilə məşğul olmamış, özəlləşdirmə üçün müraciət etməmiş və bu barədə ona nəsə deyilməmişdir. 2024-cü ilin sentyabr ayının əvvəlində iddiaçının yarım əsr faktiki istifadəsində olan zəbt olunmuş torpaqların özəlləşdirilməsi ilə bağlı Şəmkir Bələdiyyəsinə ərizə ilə müraciət edəndən sonra ona aydın olmuşdur ki, istifadəsində olan zəbt olunmuş torpaqlar X8 X9 Ərazi şöbəsində ümumiyyətlə Şəmkir rayonu ərazisində qeydiyyata malik olmayan və ikili vətəndaşlığı olan, həmçinin iddiaçının məhkəmə mübahisəsinin olduğu bir şəxsə özgəninkiləşdirilmişdir. İddiaçı bununla bağlı etiraz etmiş, cavabdeh orqan məhkəməyə müraciət etməsini bildirmişdir. Satılma barədə məlumat xx.xx.2024-cü il tarixli Şəmkir Bələdiyyəsinin rəsmi cavab məktubunda qeyd edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2270A/KOD 50401004 saylı xx.xx.1999-cu il tarixli Şəhadətnaməyə əsasən 0.12 hektar torpaq sahəsi iddiaçının adına qeyd olunmuşdur. Həmin vaxt məsul qurum olan Şəmkir Rayon Aqrar İslahat Komissiyasının rəhbərliyi qanunsuzluğa yol verərək hələ xx.xx.1985-ci il tarixdə vəfat etmiş iddiaçının həyat yoldaşının və onun Azərbaycan Respublikası vətəndaşı olmayan oğlu və ailəsinin adını torpaqlara salmışdır. İddiaçı bu məsələni illər sonra öyrəndikdən sonra məhkəməyə müraciət etsə də, müddəti ötürmək məsələnin həllinə maneə oldu (Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1665/2020 saylı işi). Daha sonra onun oğlu etibarından sui-istifadə edərək Şəmkir Rayon 1 saylı notariat ofisinin xüsusi notariusu ilə əl bir olub iddiaçını aldadaraq etibarnamə alıb onun yaşadığı evi qızının adına özkəniləşdirmişdir. Bu məsələnin davamı kimi Şəmkir Bələdiyyəsi ilə əlbir olaraq iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaqları yenə qızının adına özgəninkiləşdirilmişdir. Hazırda Şəmkir Rayon Məhkəməsinin icraatında bu halların mübahisələndirilməsi və müvafiq çıxarışların ləğvi ilə bağlı (2(076)-3767/2024 nömrəli) iş gedir. Bu şəxslərin hamısı Rusiya Federasiyasında yaşayır və bu torpaqlarda heç yaşamayıblar. İddiaçı Şəmkir Rayon Aqrar İslahat Komissiyası rəhbərliyi, Şəmkir Bələdiyyəsi və X8 X9 Ərazi şöbəsinin yol verdiyi qanun pozuntusunun qurbanı olduğunu qeyd etmişdir. Bu qeyd edilənlərdən bir daha aydın olur ki, yarıməsr İddiaçı faktiki istifadəsində olan və bilavasitə istifadə edib dolanışığını saxladığı torpaqlar ona heç bir xəbərdarlıq edilmədən və bildirilmədən açıq həracda Şəmkir Bələdiyyəsinin və X8 X9 Ərazi şöbəsinin marağı səbəbindən Şəmkir rayonunda qeydiyyatda olmayan və ikili vətəndaşlığa malik olan birinə özgəninkiləşdirilmiş və qanunsuz çıxarışlar verilmişdir. Bunun nəticəsinə İddiaçı həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçı illərdir, çalışıb yaratdığı bağ sahəsi və məişət təsərrüfatını itirməklə üz-üzə qalmış və bu əsasda ona xüsusilə külli miqdarda ziyan dəymişdir. Onun tərəfindən Şəmkir Bələdiyyəsinə xx.xx.2024-cü il tarixdə hüquqlarının bərpası məqsədi ilə edilən müraciət cavabsız qalmışdır. Cavabdeh Şəmkir Bələdiyyəsi tərəfindən məhkəməyə iddiaya qarşı münasibətlər daxil olmuş və iddia olunan torpaq sahəsinə dair iddiaçının heç bir hüquqi sənədi olmadığı üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Münasibətlər onun əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması ve razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik huquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Şəmkir Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınmış 472 kv.m və 480 kv.m həyətyanı torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə Şəmkir Bələdiyyəsi xx.xx.2024-cü il tarixdə 14 saylı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X1 publik hüquqi şəxsin Qazax Ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən Şəmkir Bələdiyyəsinin aid 472 kv.m və 480 kv.m həyətyanı torpaq sahələrinin satılması məqsədi ilə 04 iyul 2024-cü il tarixdə keçirilmiş müsabiqədə iştirak edən X7 müsabiqənin qalibi hesab olunmuşdur. Şəmkir Bələdiyyəsi müsabiqənin qalibi olmuş X5 472 kv.m və 480 kv.m həyətyanı torpaq sahələrinin satılması barədə xx.xx.2024cu il tarixdə 20 nömrəli qərar qəbul etmişdir. Göstərilən torpaq sahələrinə dair Şəmkir Bələdiyyəsi ilə müsabiqənin qalibi olmuş X7 arasında notarial qaydada alğı-satqı müqaviləsi imzalanmışdır. Şəmkir Bələdiyyəsinin mülkiyyətinə aid olan 472 kv.m və 480 kv.m həyətyanı torpaq sahələrinə dair sənədlər mövcud qanununvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Torpaq sahələri sənədləşdirilən zaman heç bir iddia və mübahisə qeydə alınmamışdır. Həmin torpaq sahələri üzərində İddiaçı dair hər hansı hüquqmüəyyənedici sənədin olması barədə məlumat yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4724/2024 saylı qərardadı ilə (hakim R.Tağıyeva) İddiaçı cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı “istifadəsində olan 952 kv.m torpaq sahəsinin müsabiqəyə çıxarılmasına dair xx.xx.2024cü il tarixli, 14 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4724/2024 saylı qərardadının ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, məhkəmə kollegiyasının iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Odur ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Yuxarıda göstərilən normaların dispoziya şərtlərindən görünür ki, qanunverici işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsinin əsası kimi göstərilmiş halların üzürlü səbəblərlə əlaqədar olması və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borclu olmaları ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ərizədə göstərilən halı əsaslandıracaq mötəbər sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının bu tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir. Göründüyü kimi, iddiaçı cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı istifadəsində olan 952 kv.m torpaq sahəsinin müsabiqəyə çıxarılmasına dair xx.xx.2024-cü il tarixli, 14 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün hesab edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli qərarı ilə Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayon ərazisində yerləşən 472 kv.m və 480 kv.m torpaq sahələri həyətyanı məqsədilə müsabiqəyə çıxarılmışdır. Qeyd olunan torpaq sahələri üzrə keçirilmiş müsabiqənin qalibi X4muşdur. Daha sonra Şəmkir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 20 nömrəli qərarı ilə həmin torpaq sahələrinin müsabiqənin qalibi X5 satılması qərara alınmış, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrinə əsasən, Şəmkir şəhərində yerləşən 472 kv.m və 480 kv.m torpaq sahələri Şəmkir Bələdiyyəsi tərəfindən X5 satılmışdır. Torpaq sahələri mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, daşınmaz əmlak hazırda üçüncü şəxsin mülkiyyətindədir. İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət və ya istifadə hüququ dövlət qeydiyyatına alınmamış, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin sahibliyində, istifadəsində və sərəncamında olmaqla, onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, iddiaçının qeyd edilən torpaq sahəsinin müsabiqəyə çıxarılması barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir. Şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsini hər hansı qanuni əsas olmadan faktiki istifadə etməsi bələdiyyənin mülkiyyətində olan həmin sahənin üçüncü şəxsə ayrılmasını istisna edə bilməz. Bu zaman həm də iddiaçının iddia etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, mülkiyyətində olan torpaq sahəsinə aid qərar qəbul etməyin bələdiyyənin səlahiyyətinə aid məsələ olduğu və onun məsuliyyət sferası ilə ehtiva olunduğu da nəzərə alınmalıdır. Hazırki iş üzrə iddiaçı mübahisəli torpaq sahəsinin onun sahibliyində və istifadəsində olan torpaq sahəsi olması dəlilini irəli sürsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut məhkəmələrə təqdim edilməmişdir. Yəni, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun qanuni istifadəsində olmasını təsdiq edən heç bir sübut yoxdur. Digər tərəfdən, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, torpaq islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə verilmiş JN-2270A KOD 50401004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə də iddiaçının ümumi istifadəsində olan həyətyanı torpağın sahəsi 1199,7 kv.m (0.12 ha) kimi göstərilmişdir. Odur ki, iddiaçının qeyd edilən şəhadətnaməyə istinad edərək həmin şəhadətnamədə qeyd olunan 0.12 ha torpaq sahəsinin onun mülkiyyətində olduğunu, bu baxımdan həmin torpaq sahəsinin yanında yerləşən hazırda mübahisəli torpaq sahələrinin onun xəbəri olmadan müsabiqəyə çıxarılmasının qanunsuz olduğunu iddia eməsinin hüquqi əsası yoxdur. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışlar. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti dəlilləri onun təmin edilməsi üçün əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4724/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar