Məhkəmə qərarları › İş №2-1(104)-181/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-181/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-181/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, “mənzil verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1966/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. 001342 nömrəli vəsiqədən görünür ki, İddiaçı “Silahlı Qüvvələrin” veteranı statusu verilmişdir.

2. ZE ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0441 saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən (yaşa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.

3. Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2022-ci il tarixli S-41/4- 068/4 nömrəli məktubdan görünür ki, İddiaçı mənzil uçotuna alınmadığından, habelə Gəncə şəhərində yaşayış evlərinin tikintisi aparılmadığından onun mənzillə təmin olunması mümkün olmamışdır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar idarəsinin xx.xx.2020-ci il tarixli, 3235 nömrəli məktubundan görünür ki, iddiaçının Azərbaycan Ordusu sıralarında xidmət müddətinin 20 təqvim ilindən az olduğu səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.

5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 21 iyul 2022-ci il tarixli, 68 nömrəli arayışında qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 01 iyul 1983-cü il tarixdən 01 okyabr 2009-cu il tarixədək xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0441 saylı 14 sentyabr 2009-cu il tarixli əmrinə əsasən (yaşa görə) Silahlı Qüvvələrində ehtiyata buraxılmışdır.

6. Şəxsin xidməti vərəqəsinin surətindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 30 dekabr 2009-cu il tarixdən bütün növ təminatdan çıxarılmışdır.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar idarəsinin 03 aprel 2023-cü il tarixli, 1309 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan ordusunda 20 təqvim ilindən az xidmət etməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına əsasən adı dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilməmiş və xidmət müddəti ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində 0,24 ha torpaq sahəsində 60,4 kv metr sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.

11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində 0,0765 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.

12. Dövlət Kadastr kitabında A 462622 seriya və nömrə ilə qeyd edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin surətindən görünür ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin 15 aprel 2013-cü il tarixli, 04/04/18 nömrəli qərarı ilə 765 kv.m sahə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 il 6 ay Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. xx.xx.2009-cu il tarixdə Müdafiə nazirinin əmri ilə yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmət keçdiyi müddət ərzində və ehtiyatda olarkən dövlət tərəfindən mənzil və ya fərdi ev tikmək üçün torpaq sahəsi ilə təmin olunmamışdır. Silahlı Qüvvələrin veteranı olan iddiaçı dövlət hesabına mənzillə təmin olunması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur.

15. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/2454 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.Göründüyü kimi, fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır:

1. Hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli, 2. Nərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli, 3. Göstərdiyi xidmət qüsursuz olmalıdır. 4. İddiaçının göstərilən üç şərtlərdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün yeterli olsa da, ən əsası Həqiqi hərbi xidməti ən azı 20 təqvim ili və daha çox xidmət etməli. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2009-cu il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin "b” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin məlumatına əsasən X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində cəmi 17 il 3 ay 13 gün xidmət edib. Beləliklə, iddiaçının 20 il və daha çox qüsursuz xidmət etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28 noyabr 2011-ci il tarixli Fərmanında dəyişlik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyaabr 2021-ci İl tarixli Fərmanı, Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması müəyyən edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1966/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilir. (köhnə redaksiyada) İddiaçı qeyd edilən müddətdə məhz Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmədiyinə görə cavabdehin imtinası əsaslı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

18. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1966/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız cavabdehin onun iddia ərizəsinə etdiyi etiraz əsasında qərar qəbul etmiş, lakin onun 20 ildən artıq, yəni 26 il 3 ay hərbi xidmət illərini, eləcə də ona Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 001342 nömrəli 01 iyul 2008-ci il tarixdə “Silahlı qüvvələr” veteranı statusu verildiyini nəzərə almamışdır. Onun 01 oktyabr 2009-cu il tarixdən bütün növ təminatlardan çıxarılmağı və hərbi uçota durmaq üçün Xətai RHK-na göndərilməsi qeyd edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsi isə həmin maddənin tələbinə görə yalnız hərbi xidmətdə 20 il və artıq (təqvim hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə aid edilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, Silahlı Qüvvələrdə 20 il və daha artıq təqvim ili xidmət etmiş yaşına və xəstəliyinə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara növbəti məzuniyyət 3 ay müddətinə verilir və Azərbaycan Respublikası müdafiə nazirliyi 14 sentyabr 2009-cu il, 0441 nömrəli əmri də bu maddə ilə ona tətbiq olunmuşdur. Həm də Azərbaycan Respublikası Silahlı qüvvələrində 26 il 3 ay həqiqi hərbi xidmət keçmə illərinə görə pensiya təyin edilmişdir. Gəncə şəhəri Səfərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon şöbəsi tərəfindən verilən arayışda onun 01 iyul 1983-cü ildən 01 oktyabr 2009-cu il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyi qeyd olunur. Yüzlərlə keçmiş hərbi qulluqçular 1991xx.xx.2011-ci illər ərzində Müdafiə Nazirliyi tərəfindən mənzillərlə təmin olunmuşlar. Halbuki, 28 dekabr 2011-ci ildə kimi hərbi xidmət müddətləri bəzilərində Azərbaycan Respublikası Silahlı Qüvvələrində heç 5 il də olmayıb. Həmin müddətdə onun da mənzillə təmin olunmağı barədə sənədləri Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilmiş, lakin ona göstərilən 3 ədəd müxtəlif ünvanlarda yerləşən mənzillərdə qaçqınlar məskunlaşdığı üçün o, həmin mənzillərdən imtina etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

23. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanun: 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

25. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanı:

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın. 3-1. Bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsinə nail olmağa yönəlmişdir. Bu zaman iddiaçı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olduğuna istinad edir.

29. Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə“ Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının (Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilmişdir) 1-ci hissəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması da nəzərdə tutulmuşdur və Komissiyaya tapşırılmışdır ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın və hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

30. Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı yalnız hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti deyil, habelə onların döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraiti də nəzərə alınmalıdır. Yəni adının həmin siyahıya salınmasını tələb edən şəxsin qüsursuz hərbi xidmət müddəti ilə bağlı tələbə cavab verməsi yetərli sayıla bilməz, ona münasibətdə həm də həmin normada təsbit edilmiş digər (döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraiti) tələblər də ödənilmiş olmalıdır.

31. İstinad olunan normaya görə, dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı nəzərə alınmalı olan tələblərdən biri də hərbi qulluqçunun yaşayış (mənzil) şəraiti ilə bağlıdır.

32. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində 0,24 ha torpaq sahəsində 60,4 kv metr sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.

33. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.

34. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.

35. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində 0,0765 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.

36. Dövlət Kadastr kitabında A 462622 seriya və nömrə ilə qeyd edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin surətindən görünür ki, Abşeron rayonu fatmayı bələdiyyəsinin 15 aprel 2013-cü il tarixli, 04/04/18 nömrəli qərarı ilə 765 kv.m sahə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır.

37. Göründüyü kimi, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evinə və eyni zamanda fərdi yaşayış evinin tikilməsi təyinatına uyğun torpaq sahələrinə malik olmuşdur. Bu mənada iddiaçı yuxarıda istinad olunan Fərmanda nəzərdə tutulmuş anlamda yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməz.

38. Nəzərə alınmalıdır ki, Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bütün hərbi qulluqçular deyil, həmin kateqoriyaya aid olan və yaşayış şəraiti baxımından yaşayış sahəsinə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə“ 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının təsir dairəsinə düşür.

39. Digər tərəfdən “Azərbaycan Respublikası Silahlı Qüvvələri” ilə “Azərbaycan Ordusu” anlayışları fərqləndirilmiş və bu anlayışlar sahəvi akt olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası qanununda konkretləşdirilərək tənzimlənmişdir. Belə ki, sözügedən qanunun 1.0.1-ci maddəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat olduğu, 1.0.2-ci maddəsində isə Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə olması qeyd edilmişdir. Yəni Azərbaycan Silahlı Qüvvələri anlayışına nisbətən Azərbaycan Ordusu anlayışı məhdud anlayışdır və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin anlayışına daxil olur.

40. Cavabdehin etirazında isə qeyd edilmişdir ki, X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində cəmi 17 il 3 ay 13 gün xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilir. (köhnə redaksiyada).

41. Apellyasiya şikayətinin müxtəlif şəxslərin mənzillə təmin olunması dəlili ilə bağlı məhkəmə araşdırılmasına təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 1309 saylı məktubunda qeyd edilir ki, vətəndaş X2 və Şəfiyev Çingiz oğlu xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən mənzillə təmin olunmuşdurlar.

42. Odur ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1966/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar