Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-183/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, pensiyasının təyin edilməsi və əvvəlki illər üçün ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. L 432085 nömrəli diplomdan görünür ki, İddiaçı 1965-ci il tarixdən xx.xx.1969cu il tarixinədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində fortepiano ixtisası üzrə tam kursu bitirmişdir. 2.xx.xx.1967-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək işləmişdir. 3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 23 il 9 ay 29 gün təşkil edir və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində kapital qeydə alınmamışdır. 4.Ağdam rayon İcra hakimiyyəti başçısının 07 fevral 2023-cü il tarixli, 5-31/2-111- 2023 nömrəli məktubunda qeyd edilir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ağdam Musiqi kollecinin 23 iyul 1993-cü ilə qədər arxiv sənədləri məhv edildiyindən İddiaçı təhsil almasına dair arxiv arayışının verilməsi mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat. 5.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Musiqi Məktəbində əyani təhsil aldığı 1965-1969-cu illərin və həmin musiqi məktəbində 1967- 1969-cu illərində müəllim-pedaqoq işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayon Musiqi Məktəbində həm əyani oxumuş, həm də 1967-1969-cu illərdə müəllim işləmişdir. Həmin iş stajı əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə Ağdam Musiqi Məktəbini bitirməyi barədə diplom almışdır. İddiaçı cavabdehə müraciət edərək təhsil illərinin iş stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. 7.İddiaçı məhkəməyə ərizə verərək, 1965-1969-cu illərdə Ağdam rayon Musiqi məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, pensiyasının təyin edilməsi və geriyə 3 il pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. 8.Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 23 il 08 ay 23 gün təşkil edir: 1) xx.xx.1967-ci il tarixli əmək kitabçasının surətinə əsasən; xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində işlədiyi 01 il 09 ay 19 gün; 2) xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər 1 saylı musiqi məktəbində işlədiyi 18 il 04 ay 11 gün; 3) xx.xx.1988ci il tarixdən xx.xx.1990-cı il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 02 il 04 ay 23 gün; 4) xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işlədiyi 01 il 02 ay 03 gün. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 05 il 08 ay 28 gün təşkil edir: 1) 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı 03 il 09 ay 20 gün: Sözügedən dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. 2) xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 01 il 11 ay 08 gün: Qeyd edirik ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı hər hansı müqavilə olmadığı üçün iddiaçının sözügedən əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilməmişdir. 9.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, İddiaçı xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. 10.Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, iddiaçının 1965-1969-ci illərdə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Cavabdeh iddiaçının sözügedən təhsil müddətini qiyabi olması səbəbindən sosial sığorta stajına daxil etməkdən imtina etmiş, lakin iddiaçının təhsilinin qiyabi olması ilə bağlı cavabdehin dəlilləri müvafiq sübut olmadığından əsaslı hesab edilə bilməz. Bir halda ki, iddiaçının əyani yaxud qiyabi təhsil alması ilə bağlı sübut yoxdur, bu hal iddiaçının xeyrinə şərh edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubu ilə mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.2008-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının ilkin şəxsiyyətini təsdiq edən sənəd xx.xx.2019-cu il tarixdə verildiyindən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq onun yaşa görə əmək pensiyası hüququna baxılmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; azı 25 il sığorta stajı olduqda. İddiaçının mübahisəli olmayan sığorta stajı, ümumilikdə, 23 il 08 ay 23 gün təşkil edir: xx.xx.1967-ci il tarixli əmək kitabçasının surətinə əsasən, xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində işlədiyi 01 il 09 ay 19 gün; xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər 1 saylı musiqi məktəbində işlədiyi 18 İl 04 ay 11 gün; xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 02 il 04 ay 23 gün; xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işlədiyi 01 il 02 ay 03 gün. İddiaçının mübahisələndirilən sığorta stajı, ümumilikdə, 05 il 08 ay 28 gün təşkil edir: 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı 03 il 09 ay 20 gün: Sözügedən dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 01 il 11 ay 08 gün. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı hər hansı müqavilə olmadığı üçün iddiaçının sözügedən əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 13.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları 14.Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. 15.İddiaçı məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 16.12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 17.38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 18.1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 19.3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 20.7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu 21.67.3 - ğ) yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 22.1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 23.3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 24.11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 25.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 26.16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 27.17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 28.2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 29.14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 30.34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 31.58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 32.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 33.87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 34.87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 35.87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 36.Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinsə də, təhsil illərinin sosial sığorta stajına tam daxil edilməsi və pensiyanın ödənilməsi tarixində səhvə yol verilmişdir. 37.İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, sonuncu tələb edilən sığorta stajının kifayət qədər olmaması əsası ilə ərizənin təmin olunmasından imtina etmişdir. 38.İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş imtina məktubu, etiraz qeydləri və apellyasiya şikayətindən məlum olur ki, iddiaçının ümumilikdə mübahisə olunmayan sığorta stajı - xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində işlədiyi 01 il 09 ay 19 gün; xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər 1 saylı musiqi məktəbində işlədiyi 18 İl 04 ay 11 gün; xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 02 il 04 ay 23 gün; xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işlədiyi 01 il 02 ay 03 gün olmaqla 23 il 08 ay 23 gündür. Mübahisələndirilən sığorta stajı isə 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı 03 il 09 ay 20 gün və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 01 il 11 ay 08 gündür. 39.İddiaçı tələbində məhz 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı 03 il 09 ay 20 günün sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İnzibati orqan qeyd olunan illər üzrə imtinasını onunla əsaslandırır ki, sözügedən dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış mövcud deyildir. 40.Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti iddiaçının Ağdam rayonu Musiqi Məktəbində təhsil aldığı 1965-1969-cu illərin illərin sosial sığorta stajı kimi nəzərə alınmasının mümkünlüyüdür. 41.Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam təmin olunmuş və İddiaçı xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək təhsil aldığı müddət sosial sığorta stajına daxil edilmişdir. 42.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi illər üzrə təhsil müddəti ilə əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrü üst-üstə düşdüyündən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. 43.Belə ki, işdə olan 432085 nömrəli diploma əsasən iddiaçı xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil almış, xx.xx.1967-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon məktəbində işləmişdir. 44.Belə olan halda iddiaçının xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək təhsil aldığı illər ilə işlədiyi illər üst-üstə düşdüyündən yalnız bir əsasın nəzərə alınması mümkündür və həmin illər əmək kitabçasına əsasən inzibati orqan tərəfindən sosial sığorta staji kimi nəzərə alınmışdır. 45.Odur ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi təkrar olaraq xx.xx.1967-xx.xx.1969-cu illərin sosial sığorta stajı kimi nəzərə alınmasına səhvə yol vermişdir, qeyd olunan hissədə iddia tələbi rədd edilməlidir. 46.İddiaçının təhsil aldığı müddətin əsassız olaraq əmək stajına daxil edilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə gəlincə, məhkəmə kollegiyası cavabdehin mövqeyini qanunvericiliyin müddəalarına zidd hesab edir və bildirir ki, xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu Qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. 47.Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. 48.Analoji olaraq, xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş (xx.xx.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texnikipeşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması xx.xx.2006cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. 49.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1965-xx.xx.1967-ci illər ərizində təhsil aldığı müddət xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunun olduğu dövrə təsadüf etdiyindən SSRİ Qanunu tətbiq edilməlidir. 50.Bundan əlavə Qanunda təhsil müəssisələrində təhsil müddətinin ümumi iş stajına daxil edilməsi göstərilmişdir və iddiaçının təhsil aldığı müddətin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz. 51.Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulayır ki, yuxarıda istinad olunan normativ hüquqi aktlarda da təhsil müəssisəsindəki təhsil müddətinin iş stajına daxil edilməsi üçün təhsilin konkret formasına (əyani, qiyabi, axşam) dair müddəa nəzərdə tutulmamışdır və iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. 52.Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçı müvafiq yaş həddinə çatmış və onun sosial sığorta stajı mübahisələndirilməyən 23 il 8 ay 23 gün və mübahisələndirilən- hazırda öz təsdiqini tapan 2 il (xx.xx.1965-xx.xx.1967), ümumilikdə 25 il 8 ay 23 gün təşkil etmişdir. 53.Odur ki, hazırki iş üzrə əmək pensiyaları haqqında qanunverciliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan hər iki şərt: 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı; 2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatması mövcuddur. 54.Məhkəmə kollegiyası iddiaçıya yaşa görə əmək pensiyasının hesablanaraq xx.xx.2019-cu il tarixdən ödənilməsi hissəsinə hüquqi qiymət verərkən hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə də səhvə yol vermişdir. 55.Belə ki, iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olaraq şəxsiyyətini təsdiq edən sənəd xx.xx.2019-cu il tarixdə verilmişdir. 56.Belə olan halda onun digər dövlət təminatı altında olan hüquqları kimi pensiya hüququnun realizəsi də həmin tarixdən başlanmalı, pensiyanın ödənilməsi tarixidə həmin tarixdən hesablanmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 nömrəli qərarı İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddia tələbi İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində rədd edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 nömrəli qərarı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyasının ödənilməsi hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən :Aygül isgəndərova, hakimlər: Azər Bayramov, Rəşad Mamedov