Məhkəmə qərarları › İş №2-1(104)-183/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-183/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-183/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında qərarın ləğvi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2670/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2010-cu il tarixli, AZ-İ 588270 nömrəli «nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, İddiaçı X6 ilə rəsmi nikaha daxil olmuşlar. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, iddiaçının biri azyaşlı olmaqla 4 uşağı vardır. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq məqsədilə cavabdehə müraciət etmiş və onlara xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 584,87 manat məbləğində ünvanlı dövlət sosial yardım ödənişi təyin olunmuşdur. Daha sonra ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı mənzildə ərizəbəyannamədə göstərilmiş ailə üzvləri barədə məlumatda uyğunsuzluğun olması, həmçinin iddiaçının əmək haqqı məbləğinin artması ilə bağlı gəlirinin artması səbəbindən ünvanlı dövlət sosial yardımı ləğv olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ailəsinə verilən ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüquqlarının itirilməsi haqqında cavabdehin qərarının ləğv edilməsi və 5848,70 manat pulun fonda ödənilməsi haqqında tələbdən cavabdehin çəkindirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi aztəminatlı olduğu üçün onlara ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Belə ki, 4 azyaşlı övladı var və qazancı dolanışıq üçün qətiyyən kifayət etmir. Lakin bir neçə gün əvvəl mənzillərinə gələn əməkdaşlar akt tərtib etmiş, heç bir izahat vermədən onlarda qonaq olan anası X4 imza etdirmişlər. Halbuki anasının başqa evi var və sonuncu Göygöl rayonu Üçtəpə qəsəbəsində yerləşən həmin evdə yaşayır. Bu barədə arayış da mövcuddur. Anası öz nəvələrinə baş çəkmək üçün tez-tez onlara gəlir. Həmçinin əmək haqqı məbləğinin yüksəlməsi barədə cavabdeh müvafiq informasiya sistemi ilə məlumat əldə edir. Bunu da bəhanə edib bildirirlər ki, guya o bu barədə məlumat verməmişdir. Halbuki onun əmək haqqı minimum həddə olmuşdur. Bu bəhanələrlə onların bir il sosial yardım ala bilmək hüququ əllərindən alınmışdır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında qərarın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə etiraz ünvanlamış və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-сi il tarixdə X9 və X13 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizə-bəyənnamədə qeyd olunmuş məlumatlara əsasən ailəyə xx.xx.2022-ci il tarixdən aylıq 584,87 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı “ərizəbəyənnamə”də ailə üzvlərinin sayını özü, arvadı və dörd övladı olmaqla altı nəfər göstərmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə-bəyənnamədə qeyd olunan məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının onun anası - X5 və digər ailə üzvləri ilə birlikdə anasına məxsus evdə yaşadığı müəyyən edilmişdir. Müayinə barədə akt tərtib edilmiş və iddiaçının anası X1 halı öz imzası ilə təsdiq etmişdir. Bildiririk ki, iddiaçı müraciəti zamanı ərizə-bəyənnamədə anası barədə məlumatları göstərməmişdir. Həmçinin araşdırılma zamanı məlum olmuşdur ki, ailə üzvü İddiaçı əməkhaqqı məbləği artmışdır. Qeyd olunanlara əsasən ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailənin 1 (bir) il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. Araşdırma zamanı Daxili İşlər Nazirliyinə müvafiq sorgu göndərilmiş və Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-26073/2023 nömrəli cavab məktubuna əsasən, X2 şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 3, mənzil 33 ünvanında qeydiyyatdadır. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2670/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında qərarın ləğvinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğundan və iddiaçının əmək haqqı məbləğinin artması ilə bağlı gəlirinin artması barədə məlumat vermədiyindən, həmçinin iddiaçının anasının başqa ünvanda yaşamasını təsdiq edən hər hansı sübut müəyyən edilmədiyindən ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan ünvanlı dövlət sosial yardımın verilməsini dayandırmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailəsi aztəminatlı olduğu üçün onlara Ünvanlı Dövlət Sosial Yardımı təyin edilmişdi. Belə ki, 4 azyaşlı övladı var və qazancı dolanışıq üçün qətiyyən kifayət etmir. Bir müddət əvvəl mənzillərinə gələn cavabdehin əməkdaşları akt tərtib etmiş, heç bir izahat vermədən onlarda qonaq olan anası X4 imza etdirmişlər. Halbuki anasının başqa evi var və o, Göygöl rayonu Üçtəpə qəsəbəsində yerləşən həmin evdə yaşayır. Bu barədə rəsmi sübutlar da mövcuddur, lakin məhkəmə bu sübutu işə əlavə etmədi, ona görə də apellyasiya şikayətinə əlavə edir. Anası öz nəvələrinə baş çəkmək üçün tez-tez onlara gəlir. Bu, təbii bir haldır. Həmçinin əmək haqqının məbləğinin yüksəlməsi barədə cavabdeh müvafiq informasiya sistemi ilə məlumat əldə edir. Bunu da bəhanə edib bildirirlər ki, guya o, bu barədə məlumat verməmişdir, halbuki onun əmək haqqı minimum həddə olub. Bu bəhanələrlə onların 1 il sosial yardım ala bilmək hüquqları əllərindən alınıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Gəncə-Daşkəsən regional filialı onların ünvanlı dövlət sosial yardımının ləğv olunduğunu və guya onlara artıq ödənilmiş 5848,70 manatın fondun hesabına geri bərpa olunmasının tələb edildiyi rəsmi məktub ünvanlamışdır. Belə də haqsızlıq, bu cür də qanunsuzluq olarmı. Onların indi 4 azyaşlı uşaqları var. Onların qayğısını çəkməkdə çətinlik çəkirlər. Uşaqları 13, 12, 10 və 3 yaşlarındadırlar. Onların gündəlik tələbatları, geyimləri, sağlam qidalanmaları, xəstələnəndə müalicə xərcləri xeyli vəsait tələb edir. Onların haqqımını kəsirlər. Hələ bu azmış kimi ailəsini tamamilə imkanları xaricində olan bir öhdəliklə - 5848 manat tələblə yükləmək istəyirlər. 4 körpə uşaqlı aztəminatlı ailənin sosial yardımının dayandırılması qətiyyən qəbul edilən hal deyil və onlar bu qanunsuzluğa qətiyyən dözməyəcəklərini bildirir. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Qanunda da qeyd edildiyi kimi, informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisnadır. Cavabdeh informasiya ehtiyatlarından onun əmək haqqını rahat şəkildə görə bilir. Belə olan halda əmək haqqının dəyişməsinə görə sosial yardımı dayandıra bilməz. Həm də əmək haqqı minimum həddədir. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-сi il tarixdə X9 və X13 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmiş və onlara xx.xx.2023-cü il tarixədək 584,87 manat məbləğində ünvanlı dövlət sosial yardım ödənişi təyin olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2023-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ərizəbəyənnamədə qeyd olunan məlumatlarda uyğunsuzluqlar aşkar edilməsi və ailə üzvü İddiaçı əməkhaqqı məbləği ilə bağlı gəlirinin artması barədə məlumat vermədiyindən ünvanlı dövlət sosial yardımı ləğv olunmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ailəyə belə anlayış vermişdir - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun mənasına görə, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Yəni, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmaları müəyyən olunmalıdır. Cavabdeh ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxslərin ümumi birgə təsərrüfat apardıqlarını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Cavabdeh bu zaman sübut kimi yalnız öz əməkdaşları tərəfindən iddiaçının maddi-məişət şəraitinin müayinəsinə əsaslanmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən, iddiaçının anasının, ailəsi ilə eyni ünvanda bir yerdə yaşamaları faktının müəyyən edilməsi iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün yetərli əsas sayıla bilməz, Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalı idi. Cavabdeh isə ümumi birgə təsərrüfat aparılma halının mövcudluğunu müəyyən etmədən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina etmişdir. Ona görə də, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsindən imtina olunması qanuni olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Müvafiq olaraq birinci instansiya məhkəməsi cavabdehin üzərinə iddiaçının tələbini təmin edən inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymamaqda haqlı olmamışdır. Bundan əlavə iş materiallarında olan "xxxx" ASC-nin X12 Təchizatı və Satış İdarəsi tərəfindən məhkəməyə göndərilmiş məktubdan görünür ki, X3 müraciəti əsasında Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdən elektrik sayğacı quraşdırılmışdır. Bundan başqa abunə haqqı cədvəllərindən görünür ki, X5 elektrik enerjisindən göstərilən ünvanda yerləşən fərdi yaşayış evində yaşamaqla istifadə etmişdir. Cavabdeh inzibati orqanın maddi-məişət şəraitinin müayinəsi zamanı aralığında X3 elektrik sərfiyyatının olmamasına, iddiaçının ailəsi ilə birgə yaşamasına münasibətdə məhkəmə kollegiyası iddiaçının anası, X3 qonaq olaraq onlarda və digər qohumlarının evində müvəqqəti olmasına dair izahatını ağlabatan hesab edir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi digər bir hal (iddiaçının əmək haqqı məbləğinin artması barədə məlumat verilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. Bundan əlavə məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarış əsasında İddiaçı əmək haqqının miqdarının 406 manat məbləğində olması müəyyən edilmiş və bununla da İddiaçı barəsində əmək haqqı məlumatlarının elektron informasiya sistemində öz əksini tapması təsdiq edilmişdir. İşin hallarından da göründüyü kimi həmçinin iddiaçının əmək haqqındakı fərq son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hal bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeydedilən səbəblərdən cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2670/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında cavabdehin qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar