Məhkəmə qərarları › İş №2-1(104)-183/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-183/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-183/2025 03.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Xaliqverdi oğlunun iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2427/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı qüvvələrinədə həkim (cərrah) vəzifəsində işləmişdir. Xidmət etdiyi dövrdə Tibbi xidməti Polkovnik-leytenantı vəzifəsinədək yüksəlmişdir. Hərbi xidmət üzrə stajı 13 il, güzəştlə 27 il, ümumi əmək stajı 48 il təşkil edir. Azəbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə xəstəliyinə görə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Həmin qərar qəbul edildikdən sonra xx.xx.2023-cü il tarixində xəstəliklə bağlı (Xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən) ordu sıralarından ehtiyata buraxılmağı üçün komandanlığa yazılı raport vermişdir. Raport qəbul olunmağına baxmayaraq onun təxrisi qəsdlə gecidirilərək xx.xx.2024-cü il tarixində həyata keçirildi və onun pensiya hüquqnun təmin olunmasından imtina edilmişdir. Bunun əsas səbəbi kimi 2024-cü il tarixində qanuni qüvvəsini almış Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə istinad edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun pensiya hüququ qanun qanuni qüvvəsini aldıqdan əvvəl yaranmışdır. Köhnə qanunvericiliklə 12 il 6 ay staj kifayət edir ki, onun pensiya hüququ yaransın. Onun Azərbaycan Respublikası Müdafiə Nazirliyimdə olan ümümi iş stajı 2023-cü il tarxinə 13 il olmuşdur. Onun pensiya hüququnun bərpa edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi xidməti ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat vərəqəsinin təqdim olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı 02 dekabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək İddiaçı Xaliqverdi oğluna yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi hərbi xidmət müddəti və təminat xərcliyinə dair məlumatlar (məlumat vərəqəsinin) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixli qərardad ilə məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2427/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı Xaliqverdi oğluna yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi hərbi xidmət müddəti və təminat xərcliyinə dair məlumatların (məlumat vərəqəsi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim təqdim edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2427/2024 saylı qərarının ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Xaliqverdi oğlu cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakın təmin etməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 85.1ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materialında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, birinci instansiya məhkəməsinin 2-1(114)-2427/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə, saat 12:08-də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından başlanır. Bu halda qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi xx.xx.2024-cü il tarixdən başlanmışdır. Lakin cavabdeh qərardan şikayəti müddət ötürməklə xx.xx.2025-ci ildə tərtib etmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermə hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-25-19/2- 673/2025 saylı məktubda qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-2427/2024 saylı qərarı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, xx.xx.2025-ci il tarixdə isə tərəflərindən apellyasiya şikayəti verilmişdir. Lakin, həmin Qərarın Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olması tərəflərindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası müddətin bərpası barədə ərizədə qeyd edilən hallara münasibətdə bildirir ki, həmin hallar qanunvericiliklə müəyyən edilmiş prosessual müddətinin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Belə ki, hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi çıxış edir və buna müvafiq olaraq da birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Bu hal, yəni müddətin ötürülməsi apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki, Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Məhkəmə kollegiyası müddətin bərpa olunması barədə ərizənin düzgün həlli üçün müddətlərlə bağlı bəzi məsələlərin daha aydın izah olunması üçün Azərbaycan Respublikası İPM-nin müddəaları ilə yanaşı ona zidd olmayan hissədə Mülki Prosessual Məcəlləsinin normalarına da istinad edilməsini mümkün və məqsədəuyğun sayır. Çünki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə görə İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2427/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz həmin andan cavabdehin qərardan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı tam və aydın şəkildə göstərilmişdir. Bu halda, cavabdehin qərardan apellyasiya şikayəti verməsi müddətinin axımı xx.xx.2024-cü il tarixdə başlanmış və xx.xx.2025-ci il tarixdə qurtarmışdır. Lakin qanunvericilik şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan da yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunur. Göründüyü kimi cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas verəcək mötəbər sübut təqdim edilməmiş və dəlilləri formal xarakter daşıyır və ötürülmüş prosessual müddətin bərpası üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Lakin cavabdeh buraxılmış müddətin üzrlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Yalnız formal mülahizələrə əsaslanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və şikayəti qəbul etməkdən imtina olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2427/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayəti qəbul etməkdən imtina olunsun. Qərardaddan 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar