Məhkəmə qərarları › İş №2-1(104)-184/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-184/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-184/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiyanın ödənilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-83/2022 saylı qərarından cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 510 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən İddiaçı məxsus yararsız vəziyyətdə olan iaşə obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq onun yerində müvafiq qaydada razılaşdırılmış layihə əsasında istirahət kompleksinin inşa edilməsinə icazə verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cü il tarixli, **********57 saylı məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, bina 44, 1 saylı mənzil (43.3 kv.m iki yaşayış otağı, 8.0 kvm köməkçi sahəsi) Kəpəz rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 2 saylı protokolu ilə verilmiş 64 nömrəli order, Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.1996-ci il tarixli, 254 saylı arayışı, Gəncə şəhər Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli, 22 saylı qərarından çıxarışına əsasən X4 adına özəlləşmiş və ona xx.xx.1996-ci il tarixli, 15261 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 2V-1-203 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil X8 adına keçmişdir. 1 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli, 40-2-213 saylı alğı-satqı müqaviləsinə əsasən bu mənzil İddiaçı satılmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, bina 44, 4 saylı mənzil (31.0 kvm iki yaşayış otağı) Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli sərəncamının 80 saylı protokolu ilə verilmiş 8 nömrəli order, Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2004-cü il tarixli, 526 saylı arayışı, Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarından çıxarışına əsasən X5 adına özəlləşmiş və ona xx.xx.2004-cü il tarixli, 23030 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-974 saylı qətnaməsinə əsasən X6 adına bu mənzilin özəlləşdirilməsinə dair Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 08 saylı qərarı və tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1 MK-2248/2005 saylı qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2-974 saylı qətnaməsi ləğv edilmişdir. X3 X9 və Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı özəlləşdirilmənin etibarsiz sayılması və mənzilin şəxsi hesab vərəqəsinin dəyişdirilməsi barədə iddiası rədd edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli, 40-2-214 saylı alğı-satqı müqaviləsinə əsasən X11 bu mənzili İddiaçı satmışdır. İddiaçı Hacıkənd qəsəbəsi, bina 44, 1-4 saylı mənzilə dair (44 saylı binada yerləşən sözügedən hər iki mənzilə dair) xx.xx.2005-ci il tarixli, 23030 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 001354 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 2615 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqi müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksi (151 nömrəli bufet) İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi ünvanına yerləşən 0.0394 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 243.3 kv.m olan iaşə obyekti xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********39-12301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 151 saylı bufetə dair torpaq sahəsinin planı və iaşə obyektinin otaqlarının sxemi tərtib edilmişdir.

5. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, H-80-149 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, həmin ərazidə dövlət hesabına tikinti işləri aparılmamış və torpaqların dövlət ehtiyacı üçün ayrılması zərurəti olmamışdır. Gəncə-Toğana avtomobil yolunun genişləndirilməsi işləri Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmamışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Layihə-Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 264 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 113.4 kv.m, 6 yaşayış otağından ibarət mülk, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin mübahisəli ərazidə faktiki olaraq mövcud olmadığı müşahidə olunmuşdur. Cavabdehin ekspertiza baxışında iştirak etməməsi və eləcə də, həmin ərazidə abadlaşdırma işləri aparılıbdırsa Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həmin mübahisəli ərazidə aparılan abadlaşdırma işlərinə dair hərhansı layihə sənədi, mülki iş materiallarında mövcud olmadığından, iddiaçıya məxsus əmlak kompleksinin və mülkün yerləşdiyi sahəsinin, abadlaşdırılan əraziyə düşübdüşümədiyini tərəflərindən müəyyən etmək mümkün olmamışdır.

7. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2021-ci il tarixli, 03/757 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə-Toğana avtomobil yolunun genişləndirilməsi işlərinin hansı orqan və ya hüquqi şəxs tərəfindən aparılması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatında heç bir rəsmi məlumat yoxdur. Həmçinin, İddiaçı məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması zərurəti olmamışdır.

8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, Gəncə-Toğana avtomobil yolunda saxlanma üçün nəzərdə tutulan maliyyə vəsaiti hesabına mövcud avtomobil yolunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə asfaltbeton (aşınma qatı) örtüyünün yenilənməsi işləri həyata keçirilmişdir. Avtomobil yolunun keçdiyi ərazidə heç bir söküntü və ya yolun genişləndirmə işləri Agentlik tərəfindən həyata keçirilməmişdir.

9. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli, LP- 229/2021 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 44 saylı binanın 1-4 olan mənzillərinin həmin ərazidə digər ölçülü və eyni təyinatlı müqayisə yanaşması ilə hazırki bazar dəyəri 90.000 (doxsan min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksinin həmin ərazidə digər ölçülü və eyni təyinatlı əmlak kompleksinin və torpaq sahəsinin dəyəri 197.000 (bir yüz doxsan yeddi min) manat təşkil edir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4188/2023 saylı rəyindən də görünür ki, ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyəri 270.000 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin hesabına enləndirilən yola görə 200.000 manat kompensasiya ödənilməsi, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə imkan yaradılması və ona dəymiş 500.000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin hesabına enləndirilən yola görə 200.000 manat kompensasiya ödənilməsi, və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 500.000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 2- 1(083)-444/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

13. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-444/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-8/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-374/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-8/2021 nömrəli qərardadı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən iaşə obyektini alğı-satqı müqaviləsi yolu ilə almış və həmin obyekt mövsümi qaydada fəaliyyət göstərmişdir. Bu barədə iddiaçıya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ******* saylı çıxarış təqdim edilmişdir. Həmin çıxarışa görə iaşə obyekti iddiaçının xüsusi mülkiyyətində olmaqla, ümumi sahəsi 243.3 kv.m, torpaq sahəsi 0.0394 ha ərazi də xüsusi mülkiyyətindədir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş həmin tarixli texniki pasportundan görünür ki, iddiaçının xüsusi mülkiyyətində və faktiki sahibliyində olan obyektin ölçüsü 399.7 kvm yemək zalından, 154 kv.m çayxana binasından, 264 kv.m yardımçı otaqlardan ibarət olmaqla, cəmi 807.7 kv.mdən ibarətdir. İaşə obyekti alındıqdan sonra ona bitişik olan Azərbaycan küçəsi bina 44, mənzil 1-4-də yerləşən mənzillər üzərində Gəncə şəhəri 1 saylı notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixli, 4ə-2-213 saylı, 4ə-2-214 saylı və 4ə-2-215 saylı alğı-satqı müqavilələrinə əsasən İddiaçı mülkiyyət hüququ yaranmış, mülkiyyət hüququnu təsdiq edən 23030-15261-8748 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 2012-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya bildirilmişdir ki, aparılan abadlaşdırılma ilə əlaqədar olaraq yuxarıda qeyd edilən əmlak sökülməli, onun yerində yeni istirahət kompleksi tikilməlidir. 08 noyabr 2012-ci il tarixdə 510 saylı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçıya məxsus iaşə obyektinin sökülməsi ilə əlaqədar onun yerində istirahət kompleksinin inşa edilməsinə icazə verilməsi qərara alınmışdır. Gəncə şəhəri 10 dövlət təşkilatı (elektrik şəbəkəsi, “Sukanal” idarəsi, X14 idarəsi və s.) tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən, yeni istirahət kompleksi inşa edilmişdir. Qeyd edilən istirahət kompleksi və Hacıkənd qəsəbəsində bir neçə kilometr əsas yolboyu ərazi xüsusi qaya daşları ilə dövlət tərəfindən hasarlandığı üçün istirahət kompleksi ətrafında da ümumi mənzərəyə xələl gətirilməməsi üçün iddiaçı tərəfindən inşa edilmiş 100 metr uzunluğunda və 2.5 metr hündürlüyündə hasar vəsaiti hesabına həyata keçirilmişdir. Onun tərəfindən 100.000 manat məbləğində vəsait xərclənmiş, layihəyə uyğun olaraq, restoran, kottec, 3 ədəd kupe, hovuz və sair inşa edilmişdir, istirahət kompleksi dövlət tərəfindən verilmiş layihəyə əsasən inşa edilmiş, kompleksdə həyətyanı sahə, tikintialtı sahə, hovuz və sair qurğular nəzərə alınmaqla cəmi 0.60 ha ərazi iddiaçının qanuni və faktiki sahibliyində olmuşdur. 2017-ci ilin may ayında ona bildirilmişdir ki, yeni inşa etdirdiyi istirahət kompleksi onun qarşısında yerləşəcək mehmanxananın görüntüsünü pozduğu üçün üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən söküləcəkdir və bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti arasındakı danışıqlar zamanı ona bildirilmişdir ki, həqiqətən də istirahət kompleksi söküləcəkdir. İddiaçı hər bir halda ona ədalətli kompensasiya verilməsini tələb etsə də, Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, əvəzində başqa yerdə torpaq sahəsi veriləcəkdir. Beləliklə də, cavabdehin bir-birinin ardınca həyata keçirdiyi heç bir hüquqi əsası olmayan, qanunsuz hərəkətləri nəticəsində ona ******* manat məbləğində ziyan dəymişdir. Üstəlik, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən də istifadə edə bilmir. Onun mülkiyyətində olan torpaq sahəsinin hesabına yol endiriləndə də bunun əvəzi ödənilməmişdir və hazırda onun mülkiyyətində olan torpaq sahəsi ümumi istifadədədir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-83/2022 saylı qərarı (hakim E.Axundov) ilə iddia qismən təmin edilmiş, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 200.000 (iki yüz min) manat məbləğində maddi ziyanın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ərizəçinin şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən sökülmədiyini göstərmişdir. Həmçinin aşağıda qeyd olunan əsasnamənin müddəalarına əsasən rayon ərazisində abadlıq və yaşıllaşdırılmaların aparılması şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətinə aid edilməmişdir.

19. Məhkəmə mövqeyini “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a). apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Qərarın təsviri hissəsində qeyd olunur ki, “2017-ci ilin may ayında ona bildirilmişdir ki, yeni inşa etdirdiyi istirahət kompleksi onun qarşısında yerləşəcək mehmanxananın görüntüsünü pozduğu üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən söküləcəkdir və bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti arasındakı danışıqlar zamanı ona bildirilmişdir ki, həqiqətən də istirahət kompleksi söküləcəkdir”. Təkrarən vurğulayırlar ki, iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, həmin ərizədə dövlət hesabına tikinti işləri aparılmamış və torpaqların dövlət ehtiyacı üçün alınması zərurəti olmamışdır. İddiaçı iddiasında 2017-ci ildə sırf Gəncə Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparmasını, söküntünün bu qurum tərəfindən aparılmasını yalnız sözlərdə hər hansı əsaslı sübut olmadan demişdir. Vətəndaşın mülkiyyətində inşa edilmiş mehmanxanaya dair dövlət büdcəsindən vəsait ayrılmamış, həmin otelin tikilməsi dövlət maraq dairəsində olmadığı təqdirdə Gəncə Şəhər İcra Hakimiyyətinin bir dövlət qurumu olaraq bu məsələdə cavabdeh kimi göstərilməsi qəbul edilə bilən bir hal deyildir. Bununla yanaşı, Gəncə-Toğana avtomobil yolunu genişdirilməsi işləri Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmamışdır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə icra hakimiyyətlərinin yolların tikintisi, təmiri və ya genişləndirilməsi istiqamətində hər hansı vəzifə və ya səlahiyyəti yoxdur. Belə olan halda iddiaçıya məxsus olmuş əmlak kompleksinin hesabına enləndirilən yola görə kompensasiyanın Gəncə Şəhər İcra Hakimiyyətinin öhdəsinə qoyulması qanuna ziddir. Məhkəmə qərarında söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini vurğulasa da, buna dair iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir. Həmçinin birinci instansiya məhkəməsi qərarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığını nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir. b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

28. “Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamə Həmin Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən, yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamə Həmin Əsasnaməyə görə isə (həmin Fərmanla əvvəlki Əsasnamə qüvvəsini itirmişdir) rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzilkommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər (1.6); Yerli icra hakimiyyətinin başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10); Müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir (4.9.3); yaşayış məntəqələrində məhəllə ərazilərinın abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək səlahiyyətinə malikdir (4.9.14)

30. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. İPM-in 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

40. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulan inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

43. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 2005-ci ildə Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsində yerləşən iaşə obyektini alğı-satqı müqaviləsi yolu ilə almış və həmin obyekt mövsümi qaydada fəaliyyət göstərmişdir. Bu barədə iddiaçıya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ******* saylı çıxarış təqdim edilmişdir. Həmin çıxarışa görə iaşə obyekti iddiaçının xüsusi mülkiyyətində olmaqla, ümumi sahəsi 243.3 kv.m, torpaq sahəsi 0.0394 ha ərazi də xüsusi mülkiyyətindədir. Gəncə Şəhər İcra Hakimiyyəti 2017-ci ildə ona məxsus qeyri-yaşayış binasını qanunsuz olaraq sökmüş və bunun qarşılığında ona heç bir kompensasiya ödəməmişdir. İddiaçı isə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmışdır.

44. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərkən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etmişdir.

45. Belə ki, birinci instansiya məhkəməsi qərarında dəfələrlə iddiaçıya məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığını nə iddiaçı tərəf, nə də ki, cavabdeh tərəf qeyd etməmişdir.

46. Lakin həmin məhkəmə yetərincə araşdırma aparmamışdır. Yəni, hazırki mübahisə ilə bağlı qeyd olunan torpaq sahəsində hər hansı ictimai əhəmiyyətli abadlıq işlərinin aparılıb-aparılmamasını araşdırmamışdır.

47. Göründüyü kimi hazırda həmin ərazidə hər hansı dövlət və ya ictimai əhəmiyyətli abadlıq işlərinin aparılması müəyyən edilmir.

48. Halbuki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində qeyd edilir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması.

29. Həmin qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.

49. Həmin Qanunun İİ fəsilində torpaqların dövlət ehtiyacları üçün alınmasına qədər olan icraat qaydaları sadalanmışdır.

50. Həmin Qanunun 19.1-ci maddəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər.

51. Yuxarıda qeyd olunan qanunun normalarından da müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət qeyri-yaşayış binası, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan hissəsi dövlət ehtiyacları üçün deyil, icra hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş və bunun qarşılığında iddiaçıya heç bir kompensasiya ödənilməmişdir.

52. Göründüyü kimi hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsi əmlakın dövlət ehtiyacları üçün alınmasına dair mülki qanunvericliyin normalarına istinad etsə də, işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilən zaman yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə riayət edilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının mülkiyyət hüquqlarına müdaxilə isə qanunsuz həyata keçirilmişdir.

53. Məhkəmə kollegiyası göstərir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı maddi ziyana uğramışdır. Belə ki, o mülkiyyətində olan əmlakından məhrum edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan əmlaka cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə heç bir qanuni əsaslar olmadan həyata keçirilmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakından mülkiyyət hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur.

54. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində iddiaçının həmin əmlakın Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının göstərişi və ya qərarı ilə sökülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Digər tərəfdən, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus daşınmaz əmlakın sökülərək yerində otel tikilməsini özü də bildirmiş, lakin bu məsələnin icra hakimiyyətinə aid olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sübuta ehtiyacı olmayan haldır ki, şəhər (rayon) ərazisində aparılan söküntü və ya abadlıq tədbirləri müvafiq şəhər və ya rayon icra hakimiyyətinin göstərişi əsasında aparılır. Digər tərəfdən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Gəncə Şəhər İcra Hakimiyyəti şəhər ərazisində mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını dövlət orqanı kimi təmin etməlidir.

55. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, Gəncə-Toğana avtomobil yolunda saxlanma üçün nəzərdə tutulan maliyyə vəsaiti hesabına mövcud avtomobil yolunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə asfaltbeton (aşınma qatı) örtüyünün yenilənməsi işləri həyata keçirilmiş, avtomobil yolunun keçdiyi ərazidə heç bir söküntü və ya yolun genişləndirmə işləri Agentlik tərəfindən həyata keçirilməmişdir. Göründüyü kimi, qeyd edilən yolda yolun təmiri zamanı hər hansı söküntü işləri aparılmamışdır. Odur ki, iddiaçıya məxsus əmlakın sökülməsinin Gəncə-Toğana avtomobil yolunun asfaltbeton örtüyünün yenilənməsi ilə hər hansı bağlılığı olmamışdır.

56. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

57. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

58. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

60. Həmin Qanunun 1.2-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

61. Adı çəkilən Qanunun preambulasına əsasən, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

62. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsi blanket norma olaraq vurulmuş zərərə görə inzibati orqanın cavabdehliyini müəyyən edir və zərərin ödənilməsini qaydaları üçün Mülki Məcəllənin normalarına göndərir.

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsində deyilir ki, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.

64. Bu normada əksini tapmış “əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa” müddəası, ümumi (publik) hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqinin tam istisna edilmədiyini təsdiq edir və bu, yalnız qanunvericinin birbaşa göstərişinin olduğu halda mümkündür.

65. Ona görə də hazırki inzibati işin həllində zərərərin ödənilməsi qaydaları ilə bağlı Mülki Məcəllənin normalarına istinad olunması mümkündür.

66. Məhkəmə kollegiyası tərəfindən inzibati işin həllində zərərərin ödənilməsi ilə bağlı Mülki Məcəllənin müvafiq maddələri yuxarıda sadalanmışdır.

67. Məhkəmə kollegiyası göstərir ki, maddi ziyanın ödənilməsi əsaslıdır, tələb olunan məbləğlə bağlı isə göstərilməlidir ki, əmlak kompleksinin və torpaq sahəsinin dəyəri ilə bağlı iş materiallarında mütəxəssis rəy mövcuddur və birinci instansiya məhkəməsi iş materiallarında olan rəyə uyğun qərar qəbul etmişdir.

68. Belə ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli, LP-229/2021 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 44 saylı binanın 1-4 olan mənzillərinin həmin ərazidə digər ölçülü və eyni təyinatlı müqayisə yanaşması ilə hazırki bazar dəyəri 90.000 (doxsan min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksinin həmin ərazidə digər ölçülü və eyni təyinatlı əmlak kompleksinin və torpaq sahəsinin dəyəri 197.000 (bir yüz doxsan yeddi min) manat təşkil edir.

69. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə ziyanın vurulduğu dövrə, yəni 2017-ci ilə olan bazar dəyərini əsas götürməli olduğu halda, hazırki bazar dəyərini əsas götürmüşdür.

70. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu yanaşmasını əsaslı hesab etmir.

71. Kollegiya tərəfindən ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyi alınmışdır.

72. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4188/2023 saylı rəyindən də görünür ki, ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyəri 270.000 manat təşkil etmişdir.

73. Hazırki işdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən və cavabdehin şikayətinin dəlilləri onun ziyanın şərh edilə bilmədiyindən kollegiya hesab edir ki, iddia tələbi 200.000 manat hissədə təmin edilməlidir.

74. Odur ki, kollegiya ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyəri üzrə müəyyən edilməsini qanuni və əsaslı hesab edir.

75. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinə görə 200.000 (iki yüz min) manat maddi zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

76. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71- ci bənd; Plataku Yunanistana qarşı iş, 55 ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd).

77. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

78. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-83/2022 saylı qərarı ləğv edilsin. Yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilsin. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən vurulmuş maddi zərərə görə 200.000 (iki yüz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar