Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-184/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-3210/2023 saylı qərarından cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1-ci Qarabağ müharibəsi başlayanda xx.xx.1992ci tarixdə könüllü özünümüdafiə batalyonunda xx.xx.1992-ci il tarixədək Şuşanın Kosalar kəndinin müdafiəsində iştirak etmişdir. Ölkənin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. O, dəfələrlə cavabdeh orqana müharibə veteranı adı almaq üçün müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevralmay 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında onun xidməti barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətindən ona göndərilən cavab məktubunda bildirilmişdir ki, bunun üçün döyüşlərdə iştirakını sübut edən sənədləri, hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışları imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti olduğu təqdirdə ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi məsələsinə baxıla bilər. Halbuki, o, özündə olan onların tələb etdiyi sənədlərə uyğun olan sənədlərini göndərmişdir. Onun H3- 3643576 nömrəli hərbi biletində xx.xx.1992-ci tarixdən xx.xx.1992-ci il tarixədək Şuşanın Kosalar kəndinin müdafiəsində iştirak etməyi barədə qeyd vardır. Həmin vaxtı döyüşlərdə iştirak etdiyini onunla birlikdə döyüşlərdə iştirak edənlər də təsdiq etmişlər. Bundan başqa Gəncə şəhər Hərbi Komissarlığının xx.xx.1993-cü il tarixli, 1/674 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində əsgəri xidmətdədir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 mart 1992-ci il tarixli “Qarabağın yaşayış məntəqələrinin və respublikamızın ermənistanla həmsərhəd rayonlarının erməni hərbi birləşmələrindən müdafiə edən hərbi qulluqçuların və könüllülərin ailələrinin sosial müdafiəsi haqqında” 131 nömrəli qərarının uyğun bəndlərində nəzərdə tutulan güzəştlərdən istifadə etməyə haqqı vardır. Hazırda o, müharibə dövründə döyüşlərdə iştirak etdiyinə görə “müharibə veteranı” adı ala bilmədiyi üçün hüquqlarından istifadə edə bilmir. Cavabdeh birinci instansiya məhkəməsinə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, Şuşa və Xocalı Rayon İcra Hakimiyyətlərinin “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmişlər, lakin tərtib olunmuş siyahılarda İddiaçı adı keçmir. Həmçinin, İddiaçı adına tərtib edilmiş Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığının xx.xx.1993-cü il tarixli, 1/674 nömrəli arayışın və adına tərtib edilmiş hərbi biletindəki qeydin hüquqi əsasları (arxiv məlumatları) müəyyən edilməmişdir. Habelə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 137 nömrəli arayışa əsasən, İddiaçı keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçməsi müəyyən edilsə də, onun barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə sorğu edilmiş və həmin arxivin xx.xx.2023-cü il tarixli, 4/2-560 nömrəli arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral-may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Şahid ifadələrinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2023-cü tarixli, 2-1(114)- 3210/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “Müharibə veteran” adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-3210/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. İddiaçının özünümüdafiə dəstələrinin (birləşmələrinin) tərkibində döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, qeyd olunan şərtlərin ödənildiyi işin hazırki vəziyyətində təsdiq olunmadığından, iddiaçının iddia etdiyi məzmunda tələbi Gəncə İnzibati Məhkəməsi tərəfindən təmin oluna bilməzdi. Həmçinin “Azərbaycan Qarabağı” dəstəsi könüllü deyil, hərbiləşdirilmiş dəstə olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-279/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2814/2024 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2- 1(104)-279/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılmasın üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsinin 1-ci abzasında deyilir ki, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Həmin Əsasnamənin 7-ci abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İşdə olan Şuşa Rayon İcra Başçısının məhkəmənin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavabında deyilir ki, iddiaçının “İ Qarabağ müharibəsində könüllü özünümüdafiə batalyonunun tərkibində Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib-etməməsi barədə Şuşa Rayon İcra Hakimiyyətində heç bir təsdiqedici sənəd yoxdur, o cümlədən döyüş bölgəsindəki özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərin adlı siyahısında onun adına rast gəlinməmişdir.” İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatının məhkəmənin verdiyi sorğusuna cavab olaraq göstərilmişdir ki, “Gəncə şəhər İcra Hakimiyyətində könüllü özünümüdafiə batalyonunun tərkibində iştirak edən şəxslərin siyahısı saxlanılmadığı üçün xx.xx.1958-ci il təvəllüdlü İddiaçı adının həmin siyahıda olmadığını müəyyən etmək mümkün olmamışdır.” İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən təsdiq edilən və iş materiallarına əlavə edilmiş “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin adlı siyahıları əmrindən müəyyən edilmişdir ki, səhifə 17-də İddiaçı adı qeyd edilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Qarabağı” könüllü dəstəsinin tam komplektləşdirilməsi və onlara pul təminatının verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 319 nömrəli əmrinə əsasən “Azərbaycan Qarabağı” könüllü dəstəsinin hərbi qulluqçusu İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək pul təminatının verilməsi əmr edilmişdir. Qeyd olunan əmrdə İddiaçı adı ikinci sırada göstərilmişdir. Əmr səhifələnmiş, əmrə sonradan əlavə edilmə, qaralama, düzəliş edilmə və s. kimi ziddiyətli və şübhəli qeydlər mövcud deyildir. İşdə olan İddiaçı məxsus xx.xx.1977-ci il tarixli, NZ ******* nömrəli hərbi biletin 7-ci vərəqində onun 27.02.-08.05.92-ci illərdə Şuşanın Kosalar kəndi uğrunda döyüşlərdə iştirakı barədə qeydlər vardır. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 3- 43-18/2-635/2025 nömrəli məktubun surətindən görünür ki, istefada olan əsgər 1958-ci il təvəllüdlü İddiaçı qeydiyyat sənədlərinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı könüllü özünümüdafiə batalyonunun tərkibində İ Qarabağ müharibəsində iştirak etməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində heç bir məlumat yoxdur. Məhkəmə kollegiyasının sorğusu əsasında Müfadiə Nazirliyi tərəfindən göndərilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 319 №li əmrində (əsas: səh-286, bənd-1, sıra-2 əmrdə adının qarşısında dəstədə olduğu vaxt “27.02.92-08.05.92” yazılmışdır) yazılmış “Azərbaycan Qarabağı” könüllü dəstəsinin tam komplektləşdirilmiş və pul təminatı verilmiş hərbi qulluqçularının siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qeyd edilmişdir ki, “Azərbaycan Qarabağı” könüllü dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı xidməti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, yoxsa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin xətti ilə “Azərbaycan Qarabağı” könüllü dəstəsinə göndərilməsi barədə araşdırma apara bilmirlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının hansı dövlət qurumunun (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin) xətti ilə “Ramiz Qənbərov” adına özünümüdafiə dəstəsinə və kim tərəfindən göndərilməsinin araşdırılması işin həlli üçün xüsusi əhəmiyyət kəsb etdiyindən apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdən göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı yönəlmişdir. Lakin işin hallarından görünür ki, iddiaçının adı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 319 №li əmrində (əsas: səh-286, bənd-1, sıra-2 əmrdə adının qarşısında dəstədə olduğu vaxt “27.02.92-08.05.92” yazılmışdır) yazılmış “Azərbaycan Qarabağı” könüllü dəstəsinin tam komplektləşdirilmiş və pul təminatı verilmiş hərbi qulluqçularının siyahısında müəyyən olunmuşdur. Odur ki, iddiaçının Müdafiə Nazirliyinin xətti ilə hərbi xidmətə cəlb olunduğu halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona iddianın dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-3210/2023 saylı qərarı ləğv edilsin. İş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-184/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-184/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver