Məhkəmə qərarları › İş №2-1(104)-186/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-186/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-186/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “vəsaitin tam ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3992/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış “artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi və ötən dövr üzrə hesablanmış vəsaitin hissə-hissə ödənilməsi haqqında” məktubda göstərilmişdir ki, İddiaçı müraciətinə əsasən aparılan araşdırma nəticəsində onun pensiya məbləği 8 fevral 2022-ci il tarixdə yenidən hesablanaraq 2009,70 manat məbləğində müəyyən edilib, həmçinin ona ötən dövr ərzində ümumilikdə 67743,25 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuşdur. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona 29 iyun 2022-ci il tarixli **********9 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Hakimlərin vəzifə maaşlarının 1 iyul 2022-ci il tarixdən artırılması ilə əlaqədar İddiaçı pensiyası 26 oktyabr 2022-ci il tarixdə yenidən hesablanaraq 2882,60 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 2618,70 manat fərq məbləği hesablanmışdır. Həmin 2618,70 manat pul vəsaiti ona artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 65124,55 manat təşkil etmişdir. Həmin artıq ödənilmiş vəsait haqqında İddiaçı 24 oktyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla məlumat verilmişdir. İndeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən onun əmək pensiyası 3306,34 manata artırılmış, həmçinin ona 2023-cü ilin yanvar ayı üzrə ödənilməli olan 423,74 manat fərq məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də İddiaçı artıq ödəməsi son üç il məhdudlaşdırılaraq 15260,26 manata (2023-cü ilin yanvar ayı üzrə sizə ödənilməli olan 42 manat fərq məbləği nəzərə alınmaqla) azaldılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023- cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarına əsasən İddiaçı pensiyası cari ilin yanvar ayından 4902,20 manat (cari il üzrə pensiya məblə indeksləşdirilməsi nəzərə alınmaqla) məbləğində hesablanmış, həmçinin ona ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edilmişdir. Son üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 15260,26 manat pul vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının tələblərinə uyğun olaraq, ona ödənilməli olan 24037,06 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 8776,80 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasından hazırda hər hansı tutulma həyata keçirilmir.

3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2198/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı hakimlər üçün nəzərdə tutulmuş əlavələri, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2198/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı və 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə nəzərə alınmaqla sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi hissələrinə münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2- 1(104)-620/2023 nömrəli qərarı ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)- 620/2023 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ödənilməli olan 24037.06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci ildən pensiya yaşına çatması ilə əlaqədar ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş pensiyanın düzgün hesablanmaması və düzgün ödənilməməsi ilə bağlı iddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 2198/2023 saylı qərarı ilə onun iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, ilkin məhkəmə qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarı ilə Apellyasiya instansiyasının qərarı ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi barədə qərar çıxarılmışdır. Ali Məhkəmənin qərarından sonra məhkəmə qərarı icraya yönəldilmiş, cavabdeh tərəfindən iddiaçının pensiya məbləği və əvvəlki dövr üçün ödənilməmiş məbləğ yenidən hesablanmışdır. Cavabdeh məhkəmə qərarının icrası ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli məktub göndərərək, iddiaçının pensiyasını 4408.45 manat hesablanmış və ötən dövr üçün ödənilməli olan məbləğinin miqdarını 8776,80 manat müəyyən edildiyini qeyd etmişdir. Məhkəmə qərarının icrası qaydasında pensiya məbləği düzgün hesablanmışdır. Lakin ötən dövr üçün ödənilməli məbləğ düzgün hesablanmamışdır. Ona görə də, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, onun xx.xx.2024-cü il tarixli məktubunda ötən dövr üçün ödənilməli məbləğin miqdarının 8776.80 manat hesablanmasının düzgün olmadığını qeyd edərək, ödənilməli məbləğin miqdarının 25019.10 manat təşkil etməsini və ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda onun həmin ərizəyə əlavə etdiyi cavabdehin 29 iyun 2022-ci il tarixli məktubundakı hesablama ilə əlaqəli apardığı hesablamaları qeyd edib, fərq məbləğinin yenidən hesablanıb, köçürülməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçının həmin müraciətinə cavabdehin verdiyi imtina məktubunda göstərilmişdir ki, ötən dövrə görə, yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün iddiaçıya ödənilməli olan məbləğ, ümumilikdə, 24037.06 manat hesablanmış, həmin məbləğin 15260.26 manatı guya artıq ödənilmiş pul vəsaiti kimi Nazirlər Kabintinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarının tələbinə uyğun olaraq, çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 8776.80 manat pul vəsaiti 2024-cü ilin yanvar ayından hissə-hissə ödənilir. İddiaçı hesab edir ki, cavabdehin həmin cavabı tam qanunsuz və əsassız olmaqla, pensiya qanunvericiliyinin kobud pozulmasıdır. Belə ki, cavabdehin guya artıq ödənilmə adı ilə onun 15260.26 manat pul vəsaitini özbaşına, məhkəmə qərarı olmadan, tam qanunsuz kəsib büdcəyə bərpa etməsi tam qanunsuz olmaqla, səlahiyyət həddinin aşılması və qanunun tələbinin bilə-bilə pozulmasıdır. Ona görə də, cavabdehin imtinası tam qanunsuz olduğundan onun üzərinə özünün hesabladığı, iddiaçıya ödənilməli olan 24037.06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməlidir.

8. Cavabdehin iddia tələbinə dair təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 270479/2024 nömrəli etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024- cü il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)- 2829/2023 nömrəli qərarına əsasən ona ödənilməli olan pul vəsaitinin 25019.10 manat məbləğində hesablanmalı olduğu halda 8776.80 manat məbləğində hesablandığını qeyd etmiş və müvafiq fərq məbləğinin yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-115348/2024- cü il tarixli artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi və ötən dövr üzrə hesablanmış vəsaitin hissə-hissə ödənilməsi haqqında məktub ünvanlanmışdır. Həmin məktubda iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının yenidən hesablanarkən ötən dövr ərzində ümumilikdə 67743,25 manat artıq pul vəsaitinin ödənildiyi, hakimlərin vəzifə maaşlarının xx.xx.2022-ci il tarixindən artırılması ilə əlaqədar pensiyasının xx.xx.2022-ci il tarixdə yenidən hesablanaraq 2882,60 manat məbləğində müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yaranan 2618,70 manat fərq məbləğinin artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edildiyi və qalıq artıq ödəmənin 65124,55 manat təşkil etdiyi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən İddiaçı artıq ödənilmiş vəsaitin son üç il üzrə məhdudlaşdırılaraq 15260,26 manata (2023cü il üzrə indkesləşdirmə ilə əlaqədar ödənilməli olan 423,74 manat fərq məbləği nəzərə alınmaqla) azaldıldığı qeyd edilmişdir. Həmçinin, Ali Məhkəmənin müvafiq qərarına əsasən iddiaçının əmək pensiyasının 4902,20 manat məbləğində hesablanaraq ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edildiyi, son üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 15260,26 manat pul vəsaitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının tələblərinə uyğun olaraq həmin məbləğdən çıxılaraq büdcəyə bərpa edildiyi və qalan 8776,80 manat pul vəsaitinin cari ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək ödənildiyi bildirilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdən sabiq hakim kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2009-cu il tarixdə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1071.00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 481,95 manat olmaqla orta aylıq əmək haqqı 1552,95 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1552,95 manat) 80 faizi-1242,36 manat məbləğində hesablanmışdır. Beləliklə, iddiaçıya xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 58471,07 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 58432,32 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə 38,75 manat əksik pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən İddiaçı vəzifə maaşı 1242,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 558,90 manat olmaqla orta aylıq əmək haqqı 1800,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1800,90 manat) 80 faizi-1440,72 manat məbləğində hesablanmalı olduğu halda, 1242,36 manat məbləğində müəyyən edilməklə iddiaçıya 198,36 manat əskik pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2014-cü il tarixdən iddiaçının vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 652,05 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 2101,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2101,05 manat) 80 faizi-1680,84 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 87403,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 129823,18 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 42419,50 manat artıq pul vəsaiti ödənilmişdir. Həmçinin, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2018-ci il tarixdən vəzifə maaşı 1596,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 718,20 manat olmaqla orta aylıq əmək haqqı 2314,20 manat təşkil etmişdir. Bununla əlaqədar Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının əmək pensiyası 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2314,20 manat) 80 faizi-1851,36 manat məbləğində hesablanmalı olduğu halda. 2690,92 manat məbləğində müəyyən edilmiş, nəticədə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 13432,96 manat artıq pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 779.63 manat olmaqla orta aylıq əmək haqqı 2512,13 manat təşkil etmişdir. Bununla əlaqədar “əmək pensiyası haqqında” qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2512,13 manat) 80 faizi-2009,70 manat məbləğində hesablanmalı olduğu halda, 2893,30 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə İddiaçı 14137,60 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 237,11 manat əskik, xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 69990,06 manat artıq pul vəsaiti ödənilmişdir. Nəticədə ümumilikdə 69752,95 (69990,06-237,11) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə əsasən əmək pensiyasının növü xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdən hesablanmaqla) dəyişdirilərək yaşa görə (2009,70 manat) müəyyən edilmiş, həmçinin 2022-ci ilin yanvar ayı üzrə ödənilməli olan 2009,70 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən pul vəsaiti artıq ödənilmiş 69752,95 manatdan çıxılaraq büdcəyə bərpa edilmiş, nəticədə 67743,25 manat artıq ödənilmiş pul vəsaiti qalmışdır. Bundan əlavə, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən iddiaçının vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1118,25 manat olmaqla orta aylıq əmək haqqı 3603,25 manat təşkil etmişdir. Bununla əlaqədar “əmək pensiyası haqqında” qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3603.25 manat) 80 faizi-2882,60 manat məbləğində müəyyən edilərək xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə ödənilməli olan ümumilikdə 2618,70 manat fərq məbləği hesablanmışdır. Həmin məbləğ artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmiş, 65124,55 manat artıq ödənilmiş pul vəsaiti qalmışdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3992/2024 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının pensiyasının yenidən hesablanmasına əsasən yaranan fərq üzrə ona ödənilməli olan 24037,06 manat məbləğdən cavabdeh orqan tərəfindən artıq ödənildiyi qeyd olunaraq 15260,26 manat pul vəsaitinin tutulmasının qanuni əsası yoxdur. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən yazılı surətdə tərtib edilmiş qərarın təqdim edilməməsi, inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədiyi mənasına gəlmir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən İddiaçı artıq ödənilmiş 65124,55 manat pul vəsaiti son üç il üzrə məhdudlaşdırılaraq 15260,26 manat təşkil etmişdir. Ali Məhkəmənin müvafiq qərarına əsasən iddiaçının əmək pensiyası 4902,20 manat məbləğində hesablanaraq iddiaçıya ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edilmişdir. İddiaçıya artıq ödənilmiş 15260,26 manat pul vəsaitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının tələblərinə, həmçinin yuxarıda qeyd edilən qanunvericilik normalarına uyğun olaraq həmin məbləğdən çıxılaraq büdcəyə bərpa edilməklə əvəzləşdirilmişdir. Hazırda iddiaçıya ödənilməli olan 8776,80 manat pul vəsaitinin cari ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək ödənilir. Lakin, birinci instansiya məhkəməsi hüquq normalarını və işin hallarını nəzərə almadan, həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğin artıq ödənilmiş məbləğlə qanunvericiliyə uyğun olaraq əvəzləşdirilməsi halını əmək pensiyasından tutulma kimi hesab etmişdir. Bundan başqa, məhkəmə pensiya ödənişi ilə bağlı artıq ödəmə və tutulma barədə yazılı formada qərar qəbul edilibedilməməsi, bu barədə məhkəmə qərarının olub-olmaması, iddiaçının yazılı razılığının alınıb-alınmaması barədə məlumatın Mərkəzin Filial tərəfindən göndərilmədiyinə istinad etməklə iddiaçının pensiyasının yenidən hesablanmasına əsasən yaranan 24037,06 manat məbləğdən fərq məbləğindən İddiaçı artıq ödənilmiş 15260,26 manat pul vəsaitinin çıxılmaqla əvəzləşdirilməsinin qanunsuz olduğunu hesab etmişdir. Göründüyü kimi, qeyd edilən məsələlər məhkəmə tərəfindən ətraflı tədqiq edilməmiş, işin halları düzgün araşdırılmamış, bununla da, İnzibati Prosessual Məcəllənin 12-ci bəndinin tələbləri pozulmuşdur.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdi və təmin olunmamasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, məhkəmə tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Qeyd edilməlidir ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.

24. “Əmək pensiyaları haqqında” Qanunun preambulasında həmin Qanunun tənzimlədiyi münasibətlərin dairəsi, növü, həcmi müəyyənləşdirilmişdir. Preambulada qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

25. Göründüyü kimi, bu Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını), həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir.

26. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-2198/2023 nömrəli qərarı ilə qismən təmin edilərək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-620/2023 nömrəli qərarı ilə həmin qərar qüvvədə saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı qismən ləğv edilmiş, iddia qismən rədd edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarına əsasən, cavabdeh orqan tərəfindən iddiaçının pensiyası yenidən hesablanaraq 4902,20 manat məbləğində, həmçinin ona ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya artıq ödənilmiş 15260,26 manat pul vəsaiti ona ödənilməli olan 24037,06 manatdan çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 8776,80 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir.

28. Belə ki, cavabdeh orqan hesab etmişdir ki, iddiaçıya ödənilməli məbləğ 24037,06 manat, ödənilmiş artıq məbləğ olan 15260,26 manatla əvəzləşdirilməli, qalan 8776,80 manat isə hissə-hissə ödənilməlidir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd olunan əvəzləşdirməsi yalnız qanunvericiliyin tələblərinə əməl edilməklə aparıldığı halda qanuni hesab edilə bilər. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 6.6-cı bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

30. Göründüyü kimi qanunvericilik əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildiyi halda həmin ödəmələrin əvəzləşdirilməsi qaydasını “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 39.1-ci maddələrinin nəzərə alınması ilə şərtləndirir.

31. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçıya ödənilməli hesab edilən məbləğ 24037,06 manat, ödənilmiş hesab edilən artıq məbləğ olan 15260,26 manatla əvəzləşdirilərkən yalnız “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə riayət etmişdir. Belə ki, həmin maddəyə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

32. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

33. Göründüyü kimi, cavabdeh orqan əvəzləşdirməni həyata keçirərkən, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 39.1-ci maddələrini nəzərə almalı olduğu halda, yalnız Qanunun 32.1-1-ci maddəsinin tələblərinə riayət etmiş, 39.1-ci maddəsinin tələblərini isə ümumiyyətlə nəzərə almamışdır.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsinin təsirinə düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

35. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Belə olan halda artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

36. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

37. Belə ki, məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun “inzibati icraat” adlanan 4-cü fəsli mövcuddur ki, belə növdən olan inzibati mübahisələrdə iddiaçı olan şəxs sözügedən fəsildə müəyyən edilmiş müddəalara tam riayət etdikdən sonra, yəni inzibati icraatı yekun olan qərarı qəbul edib cavabdehə təqdim etdikdən sonra cavabdeh həmin qərarla razılaşmadığı halda, iddiaçının məhkəməyə müraciət etmək hüququ olur.

38. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunda inzibati aktın qəbul edilməsi zamanı müvafiq prosedur müəyyən etmişdir. Belə ki, Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.

39. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.

40. İşin hallarından göründüyü kimi cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən hazırda mübahisələndirilən əvəzləşdirməni həyata keçirmiş, eyni zamanda bu barədə inzibati akt qəbul etməmişdir.

41. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan “inzibati orqan tərəfindən yazılı surətdə tərtib edilmiş qərarın təqdim edilməməsi, inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədiyi mənasına gəlmir” münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən belə bir inzibati akt qəbul edilməmişdir. Belə ki, işin apellyasiya araşdırması zamanı məhkəməyə təqdim edilməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında əvəzləşdirmə ilə əlaqədar inzibati aktın qəbul edilmədiyini bildirmişdir.

42. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən vəsaitlər bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.

43. Beləliklə məhkəmə kollegiyası vurğulayır ki, "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmadan əvəzləşdirmə etməkdə cavabdeh haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzrinə qoyulması demək olardı.

44. Odur ki, hazırki halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamışdır. Buna görə də, cavabdehin faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3992/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar