Məhkəmə qərarları › İş №2-1(104)-187/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-187/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-187/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, «Goranboy rayon Şəmmədli Şəmmədli kəndində yerləşən mərhum X3 adına təsərrüfat başına kitabda olan 0,08 ha torpaq sahəsinə dair çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 1763/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 132 saylı məktubundan görünür ki, Goranboy şəhər İcra Nümayəndəliyinin 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində 0.08 ha həyətyanı torpaq sahəsi mərhum X3 adına qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli, AZ-İİ 034621 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu ildə ölmüşdür. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən” görünür ki, X3 vərəsəsi İddiaçıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********55 saylı məktubundan görünür ki, 0.08 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq, həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ müəyyən olunduqdan sonra, onun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alına bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Goranboy rayonu, Şahməmmədli kənd sakini olmuş mərhum atası X3 da adına 4 saylı təsərrüfatbaşına kitabın 46 vərəqində qeyd edilmiş 0,08 ha torpaq sahəsinə dair ona atasının qanun üzrə vərəsinə çıxarış verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum atası X3 adına Goranboy rayonu, Şahməmmədli kəndində 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində 0,08 ha torpaq sahəsi qeyd edilmişdir. Torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün verilmişdir. Torpaq sahəsi ailə başçısı kimi atasına verilmiş, o və anası ailə üzvü kimi qeyd edilmişlər. Torpaq sahəsi onların istifadələrində sahibliklərində olsa da, bu günə kimi onlar torpaq sahəsinə dair çıxarış alıb torpağı adlarına qeyd etdirə bilmirlər. Səbəbi isə cavabdeh 7 saylı Ərazi İdarəsinin bundan imtina etməsidir. Torpaq sahəsi bələdiyyə fonduna aid torpaq sahəsinə aid torpaq da deyildir. Bu da bir daha torpağın onların istifadəsinə verildiyini sübut edir. Sadəcə olaraq müxtəlif bəhanələrlə torpağa dair adlarına çıxarış verilməmişdir. 0,08 ha torpaq sahəsi onların ailəsinə fərdi yaşayış evi tikmək üçün verilmişdir. Həmin torpaq sahəsi üzərində onların gözlənilən mülkiyyət hüquqları vardır. Ona görə də torpağa dair adlarına çıxarışın verilməsindən imtina edilməsi onların əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, məhkəmə qaydası ilə cavabdehin üzərinə mərhum atasının adına qeydə alınmış təsərrüfatbaşına kitabın 134 nömrəli şəxsi hesabındakı 0,08 ha torpaq sahəsinə dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1763/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırda mübahisə predmeti olan (iddiaçının naturada təqdim etdiyi) torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, iddiaçıya verilmiş torpaq sahəsinin isə koordinatlarını əks etdirən hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. İşə baxan məhkəmə torpağın onların istifadəsində olmasına, bələdiyyə mülkiyyətində olmamasına baxmayaraq iddianı rədd etmişdir. Torpaq sahəsinin X4 ayrılması ilə bağlı bütün sənədləri hazırlayıb cavabdeh 7 saylı ərazi idarəsinə təqdim etsə də heç bir mötəbər səbəb gösətərilmədən iddia rədd edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi X1 məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Goranboy rayon Şəmmədli Şəmmədli kəndində yerləşən mərhum X3 adına təsərrüfat başına kitabda olan 0,08 ha torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Goranboy Bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehim nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, Goranboy şəhər İnzibati Ərazi Vahidi üzrə 2006- 2010-cu il təsərrüfatbaşına kitabın 134 saylı şəxsi hesabında ailə başçısı X6 olmaqla təsərrüfat üzvülərinin siyahısı və təsərrüfatın mülkiyyətində olan torpaq sahəsi qeyd olunmuşdur. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mübahisəsizdir. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbini dəqiqləşdirərək Goranboy rayon Şəmmədli kəndində yerləşən mərhum X3 adına təsərrüfat başına kitabda olan 0,08 ha torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. İddiaçının tələbinin maddi əsası kimi apellyasiya icraatı zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən təsərrüfatbaşına kitabdan çıxarışlar nəzərə alınmışdır. Belə ki, Dövlət arxivində mühafizə olunan Goranboy şəhər İnzibati Ərazi Vahidi üzrə 2006-2010-cu il təsərrüfatbaşına kitabın 134 saylı şəxsi hesabında ailə başçısı X6 olmaqla təsərrüfat üzvülərinin siyahısı və təsərrüfatın mülkiyyətində olan torpaq sahəsi qeyd olunmuşdur. Həmçinin Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 132 saylı məktubundan görünür ki, Goranboy şəhər İcra Nümayəndəliyinin 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində 0.08 ha həyətyanı torpaq sahəsi mərhum X3 adına qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bərdə Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən də görünür ki, Goranboy rayonu, Şəmmədli kənd sakini olmuş mərhum X3 adına 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində qeyd edilmiş Goranboy rayonu, Şəmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə aid hər hansı hüquqmüəyyənedici sənəd (təhkim aktı ilkin torpaqayırma sənədi – şəhadətnamə, çıxarış və plan ölçü) məhkəmə materiallarına əlavə olunmadığından mübahisləndirilən həyətyanı torpaq sahəsinin mülkiyyət növünü müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən naturada göstərilən həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı tərəfindən naturada göstərilən həyətyanı torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid olmaqla həyətyanı torpaq sahəsidir. Goranboy rayonu, Şəmmədli kənd sakini olmuş mərhum X3 adına 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində qeyd edilmiş Goranboy rayonu, Şəmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin koordinatlarını əks etdirən hüquqmüəyyənedici sənəd əlavə olunmadığından, iddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşmədiyini təyin etmək mümkün olmamışdır. Goranboy rayonu, Şəmmədli kənd sakini olmuş mərhum X3 adına 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində qeyd edilmiş Goranboy rayonu, Şəmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin koordinatlarını əks etdirən hüquqmüəyyənedici sənəd əlavə olunmadığından, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşmədiyini təyin etmək mümkün olmamışdır. Göründüyü kimi iddiaçının istifadəsində onunun mərhum atasının və ailə üzvlərinin adına qeydə alınan və Goranboy şəhər İcra Nümayəndəliyinin 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində əks olunan 0.08 ha həyətyanı torpaq sahəsinin faktiki mövcudluğu təsdiq olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Adıçəkilən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin dairəsi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, iddiaçının istifadəsində olan və təsərrüfatbaşına kitabda qeyd edilən 0.08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1763/2022 saylı qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar çıxarılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1763/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Goranboy şəhər İcra Nümayəndəliyinin 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində qeyd olunan və Goranboy rayon Şəmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar