Məhkəmə qərarları › İş №2-1(104)-188/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-188/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-188/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1686/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01- 916 nömrəli arxiv arayışına və iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli 580 nömrəli diploma əsasən İddiaçı 1973-cü ildə Energetika fakültəsinin “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr № 012/901, xx.xx.1973). 1978-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr № 012/688, xx.xx.1978-ci il). Д-İ 014092 seriyalı diplom verilmişdir. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1982- ci il tarixədək M.Azizbekov adına Sumqayıt İstehsalat Birliyində usta, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində mühəndis və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-nin Yeni Gəncə filialında gözətçi vəzifəsində işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına, diplomununun surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsisteminə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək (xx.xx.1973-cu il tarixindən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 17 il 9 ay 10 gün, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 il 4 ay olmaqla, ümumilikdə 19 il 1 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 9 ay 10 gün sığorta stajına uyğun olaraq 14457,45 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 500,50 manat olmaqla, ümumilikdə 14957,95 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək elan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunduğu üçün) xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 23-33 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər “AZQUR” S/F-nın “X3” idarəsində mühəndis-sazlayıcı vəzifəsində işləyib. Halhazırda həmin idarə "xxxx" MMC kimi fəaliyyət göstərir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Azpromoelektromintaj” trestinin xx.xx.1985-ci il tarixli 142/k nömrəli əmri ilə Gəncə sahəsinin mühəndis-sazlayıcısı İddiaçı Bakı sahəsinə keçirilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə işdən azad edilməsi ilə bağlı ərizə vermiş və “AZQUR” səhmdar firmasının “X3” idarəsinin xx.xx.1998-ci il tarixli 2 nömrəli əmri ilə Gəncə sahəsinin mühəndis-sazlayıcısı İddiaçı işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyası hüququ yarandığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatdığı üçün cavabdehə müraciət edərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 12 yanvar 2023-cü il tarixli, 3-17-1 /2-Ə-5743/2023 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Aşağıda göstərlənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız və məntiqsizdir. Onun iş staşı 25 il 1 ay təşkil edir. Əmək kitabçasının doğru tərtib edilməmisi, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddətdə işdən azad edilmə barədə möhürün üzərindəki hərflərin kiriİ qrafikalı olması barədə dəlillər də onun təqsirindən baş verməmişdir. Hətta göründüyü kimi əmək kitabçasında olan qeydlər nəinki "kiril” qrafikası ilə, hətta rus dilində tərtib edilib. Bu isə onunla əlaqədardır ki, həmin dövrdə, yəni SSRİ tərkibində Azərbaycan Respublikasının mövcud olduğu və Azərbaycan dilində latın qrafikasına tam keçid barədə qərar verilənədək) dövlət mülkiyyətində olan idarə və müəssisələrdə aparılan yazışmaların həm Azərbaycan həm də rus dilində lərtib edilməsi həmin dövrdə qəbuledilən olmuşdur. Latın qrafikalı əlifbaya keçid 1991-ci ildən başlasa da Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanına əsasən 01 avqust 2001-ci il tarixdən etibarən ölkədə Azərbyacan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, Azərbaycan Respublikasında bütün idarə və müəssisələrində rəsmi yazışmaların yalnız latın qrafikası ilə aparılması tələb edilmişdir. Göründüyü kimi 1991-2001-ci illərdə latın qrafikası və kiriİ qrafikalı əlifba paralel olaraq işləmiş, tədricən latın qrafikasına keçid prosesi olmuş və nəhayət bu prosesə yalnız yuxarıda qeyd edilən fərmanla yekun verilmişdir. Bu səbəbdən də cavabdehin imtinasında qrafika ilə bağlı dəlilləri əsassız və məntiqsizdir. Bundan başqa 34.560 manat pensiya kapitalının olmaması dəlili də artıq qanunvericlikdə olan dəyişikliyə əsasən tətbiq edilmir. Belə ki, o işlədiyi müddətdə aldığı əmək haqqı ölkə üzrə minimum əmək haqqını təşkil etdiyi halda onun pensiya almaq hüququ təmin edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci tarixədək “Azpromelektromontaj” Trestində mühəndis işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, diplomun surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının sığorta stajı xx.xx.2006-cı il tarixədək (xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 17 il 9 ay 10 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il 4 ay olmaqla, ümumilikdə 19 il il 1 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 9 ay 10 gün sığorta stajına uyğun olaraq 14457,45 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 500,50 manat olmaqla, ümumilikdə 14957,95 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunduğu üçün) xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. İddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1686/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək M.Azizbekov adına Sumqayıt İstehsalat Birliyində usta (4 il 12gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1998ci il tarixədək “Azpromelektromontaj” Trestində mühəndis (14 il 11 ay 17 gün) və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (1 il 4 ay) "xxxx" ASC-nin Yeni Gəncə filialında gözətçi vəzifəsində işləmişdir. Bundan əlavə, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək (4 il 11 ay 2 gün) təhsil müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 25 ildən çox olması (cəmi 25 il 3 ay 1 gün) müəyyən edilir. Məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Cavabdeh orqan 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya keçid edilməsinə baxmayaraq xx.xx.1992-ci ildən sonrakı dövrlərdə əmək kitabçasının həm kiril qrafikalı yazı xətti ilə doldurulmasını, həm də xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmrinin kiril əlifbası olan möhürlə təsdiq olunmasını əsas gətirməklə, həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. Digər tərəfdən, məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 23-33 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər “AZQUR” S/F-nın “X3” idarəsində mühəndis-sazlayıcı vəzifəsində işləyib. Hal-hazırda həmin idarə "xxxx" MMC kimi fəaliyyət göstərir. İddiaçının özü sözügedən müəssisədən sənədlər alaraq məhkməəyə təqdim etmişdir ki, həmin sənədlərlə də iddiaçının həqiqətən də xx.xx.1998-ci il tarixədək “Azpromoelektromintaj” trestində işləməsi və “AZQUR” səhmdar firmasının “X3” idarəsinin xx.xx.1998-ci il tarixli 2 nömrəli əmri ilə işdən azad edilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşla xx.xx.2021-ci il tarixdə yaransa da, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövrlər sığorta stajına daxil edildiyi üçün pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi əmək kitabçasına, diplomun surətinə və mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminə əsasən iddiaçının sığorta stajı xx.xx.2006-cı il tarixədək (xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 17 il 9 ay 10 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il 4 ay olmaqla, ümumilikdə 19 il 1 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 9 ay 10 gün sığorta stajına uyğun olaraq 14457,45 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 500,50 manat olmaqla, ümumilikdə 14957,95 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunduğu üçün) xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, diplomun surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminə əsasən iddiaçının sığorta stajı xx.xx.2006-cı il tarixədək (xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 17 il 9 ay 10 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il 4 ay olmaqla, ümumilikdə 19 il 1 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 9 ay 10 gün sığorta stajına uyğun olaraq 14457,45 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 500,50 manat olmaqla, ümumilikdə 14957,95 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunduğu üçün) xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Həmçinin qeyd etmək istəyir ki, qeyd olunan müəssisədə qarşılıqlı yoxlama keçirilmiş və müvafiq akt tərtib olunmuşdur. Belə ki, İddiaçı işlədiyi müddətdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulması (xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunması) və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 19 il 1 ay 10 gün təşkil edir. Mübahisələndirilən iş stajı dövrləri xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “AZQUR” S/F-nın “X3” idarəsində işlədiyi illər olmuş və mübahisələndirmə əsasları isə əmək kitabçasında iddiaçının həmin əmək fəaliyyəti dövləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmaması (xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunması) olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “AZQUR” S/F-nın “X3” idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində mühəndis vəzifəsində işləmişdir. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 23-33 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər “AZQUR” S/F-nın “X3” idarəsində mühəndis-sazlayıcı vəzifəsində işləyib. Həmçinin qeyd edilən cavab məktubunda bildirilmişdir ki, “AZQUR” S/F-nın “X3” idarəsi hal hazırda "xxxx" MMC kimi fəaliyyət göstərir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Azpromoelektromintaj” trestinin xx.xx.1985-ci il tarixli 142/k nömrəli əmri ilə Gəncə sahəsinin mühəndis-sazlayıcısı İddiaçı Bakı sahəsinə keçirilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə işdən azad edilməsi ilə bağlı ərizə vermiş və “AZQUR” səhmdar firmasının “X3” idarəsinin xx.xx.1998-ci il tarixli 2 nömrəli əmri ilə Gəncə sahəsinin mühəndis-sazlayıcısı İddiaçı işdən azad edilmişdir. Cavabdeh orqan apellyasiya şikayətinə əlavədə bildirmişdir ki, qeyd olunan müəssisədə qarşılıqlı yoxlama keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Belə ki, İddiaçı işlədiyi müddətdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Buna münasibətdə məhkəmə sorğusuna cavab olaraq verilmiş "xxxx" MMC-nin 24 iyul 2024-cü il tarixli 136/24 nömrəli məktubunda bildirilmişdir ki, 1994-cü il tarixdən – 1998-ci il tarixədək olan məzuniyyət əmrləri kitabları mövcud deyildir. Buna səbəb kitabların itməsidir. Həmçinin sözü gedən İddiaçı dair göstərilən məlumatlar əmək haqqı hesabat kitabçası əsasında əldə edilib. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi cavabdehin əsaslanmış olduğu yoxlama aktı əmək haqqı hesabat kitabçası əsasında tərtib edilmiş, işçinin ödənişsiz əmək məzuniyyəti barədə əmrlər mövcud olmamışdır və bu da öz-özlüyündə cavabdehin istinad etdiyi tarixlərdə iddiaçının ödənişsiz məzuniyyətdə olmasının təsdiq edəcək sübut qismində qiymətləndirilə bilməz. Həmçinin yuxarıda qeyd olunan əmək haqqı hesabat kitabçasının doldurulması iddiaçının vəzifəsinə aid olmadığından həmin kitabça üzrə göstərilən tarixlərdə iddiaçının əmək haqqı almasının qeyd olunmaması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi olmadığı üçün onun məsuliyyət sferasına aid deyildir. Bundan əlavə cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən iddiaçının qeyd edilən illərdə hansı səbəbdən əmək haqqı alamamasının müəyyənləşdirilməsi üçün "xxxx" MMC-də keçirilən yoxlama onu deməyə əsas verir ki, iddiaçının əməmk kitabçası üzrə işlədiyi qeyd olunmuş həmin müəssisənin hüquqi varisinin "xxxx" MMC olması inzibati orqan tərəfindən qəbul edilmişdir. Bundan başqa istər birinci instansiya məhkəməsindəki icraat zamanı istərsə də apellyasiya icraatı zamanı cavabdeh inzibati orqanın bu halı mübahisələndirməməsi bir daha həmin müəssisələrin eynilik təşkil etməsinin cavabdeh tərəfindən qəbul edilməsinə dəlalət edir. Odur ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdeh həmçinin mübahisələndirilən hissəyə münasibətdə bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “AZQUR” S/F-nın “X3” idarəsində işlədiyi illərdəki əmək fəaliyyəti dövləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış belə ki, xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunmuşdur. Hüququn prinsiplərinə əsaslanaraq əminliklə bildirmək olar ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər əmək kitabçası iddiaçının işlədiyi müəssisə (orqan) tərəfindən düzgün doldurulmayıbsa, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki əmək kitabçasını düzgün və vaxtında doldurulması, eləcə də zəruri rekvizitlərlə təsdiq edilməsi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası və digər sənədlər ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası və digər sənədlər ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Bundan əlavə əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından və digər sənədlərdən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “AZQUR” S/F-nın “X3” idarəsində iş fəaliyyəti və stajı sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1686/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar