Məhkəmə qərarları › İş №2-1(104)-189/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-189/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-189/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: doğum aktı qeydində düzəlişin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1769/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.1955-ci il tarixli, 2412 nömrəli doğum haqqında akt qeydinə əsasən X18 xx.xx.1955ci il tarixdə doğulmuşdur. X3, anası X19r.

2. Orta təhsil haqqında AЗ 514496 nömrəli attestatdan görünür ki, 1955-ci il təvəllüdlü X16 1972-ci ildə Azərbayan SSR Kirovabad şəhər M.P.Vaqif adına 8 nömrəli orta məktəbin tam kursunu bitirmişdir.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-R2265/2023 nömrəli arayışından görünür ki, X18 xx.xx.1955-cı il tarixdə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Cavabdehndə 2412 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-563/2023 nömrəli qərarına əsasən, 1935-ci il təvəllüdlü X5 xx.xx.1995-ci il tarixdə Göygöl rayonu 8 nömrəli internat evində hipostatik pnevmaniya xəstəliyi nəticəsində yaranan ağciyər ödəmindən ölməsi barədə ölüm akt qeydinin aparılması və bununla bağlı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

5. Ölüm haqqında xx.xx.2023-cü il tarixli, AZ-İİ 281649 nömrəli şəhadətnaməyə əsasən, X16 xx.xx.1995-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 13-də 474 nömrə ilə qeyd edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8113/2023 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri, Kommunist küçəsi, 316 saylı fərdi yaşayış evi xx.xx.1956-cı il tarixli, 36-14155 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsələri X17, X10, X11, X12 və X2. Krovabad şəhəri 1-ci dairə Xalq Məhkəməsinin 1957-ci il tarixli, 249 nömrəli qətnaməsinə əsasən Kommunist küçəsi, 316 ünvanında yerləşən evin planı üzrə mülk və həyətyanı sahə 3 hissəyə bölünməsi, hər bir sahə üçün ayrıca plan verilməsi, 1 - X21 yaşadığı otaq və 1022 kv.m sahənin, 2 - X26 yaşadığı otaq və 1022 kv.m sahənin, 3 - X17 və 4 nəfər uşaqlarına yaşadığı otaq və 1022 kv.m sahənin verilməsi qət edilmişdir. X17 və 4 nəfər uşaqlarına (Atakişiyevlər Firdus, Çimnaz, Amalya, Simuzər Fərman uşaqlar) aid olan hissəyə Kirovabad şəhər, Kommunist (indiki Təbriz) küçəsi, 258 ünvanı verilmişdir. Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1977-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X14, Atakişiyevlər: Firdus, Çimnaz, Amalya, Simuzər Fərman uşaqlarının adına qeyd edilmişdir. Fərdi yaşayış evi 2003-cü ildə aparılmış inventarizasiya işləri zamanı tikili “A”-da ümumi sahəsi 39.1 kv.m, yaşayış sahəsi 22.2 kv.m olan bir yaşayış otağından, tikili “B”-də ümumi sahəsi 76.9 kv.m, yaşayış sahəsi 70.5 kv.m olan iki yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 947 kv.m-dən ibarət olmuşdur.

7. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-272 nömrəli məktubu ilə iddiaçının müraciətin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğuna görə doğum haqqında akt qeydində düzəliş aparılması mümkün olmamışdır. Belə ki, Cavabdehndə xx.xx.1955-ci il tarixdə tərtib edilmiş, 2412 nömrəli doğum haqqında akt qeydində onun adı “Simzar”, doğum tarixi “xx.xx.1955” qeyd olunmuşdur. Hazırda onun xx.xx.1955ci ildə anadan olmasını təsdiq edəcək hər hansı sənədi təqdim etməmişdir, həmçinin doğum haqqında akt qeydində onun əsl adı kimi “Simzar” qeyd olunmuşdur. Qeyd olunanlara əsasən göstərilən hallara düzəliş aparılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

8. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-A1888/2024 nömrəli arayışından görünür ki, X18 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Cavabdehndə 2412 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X15, anası: X19r.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xalası X5 doğum qeydində düzəliş edilərək adının “Simuzər”, doğum tarixinin isə xx.xx.1935-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 onun xalasıdır. O, ruhi xəstə olduğundan vəfat etmişdir. Onun vəfatı ilə bağlı ölüm qeydinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsində iddia tələbi təmin edilmişdir. Bundan sonra xalasının doğum haqqında şəhadətnaməsini əldə edən zaman müəyyən etmişdir ki, onun doğum qeydində adında və doğum tarixində səhvə yol verilmişdir. Bu barədə cavadehə müraciət edilsə də, cavabdeh doğum qeydində düzəliş edilməsindən imtina etmişdir. Belə ki, ölüm haqqında şəhadətnaməsində xalasının adı “Simuzər”, doğum qeydində isə “Simzar” kimi göstərilməklə, doğum qeydində isə doğum tarixi xx.xx.1955-ci il kimi göstərilmişdir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X7 iddiaçının hazırki tələbinin təmin edilməsinin mümkün olmadığını bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1769/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, mərhum X8 məxsus bütün digər sənədlərdə adı “Simzar”, doğum tarixi isə xx.xx.1955-ci il kimi qeyd edilmişdir. Orta təhsil haqqında AЗ 514496 nömrəli attestatda da iddiaçının təvəllüdü kimi 1955-ci il olması qeyd edilərək, onun 1972-ci ildə Azərbayan SSR Kirovabad şəhər M.P.Vaqif adına 8 nömrəli orta məktəbinin tam kursunu bitirdiyi göstərilmişdir. Bu hal isə mərhum Atakişiyeva Simuzər (Simzar) qızının təvəllüdünün 1935-ci il olmadığını deməyə əsas verir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1769/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi üzrə doğum akt qeydində düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə xalasının doğumu ilə bağlı onun iddia ərizəsində səhvən 1955-ci il əvəzinə 1935ci il kimi göstərilməsinə dair münasibətdə köməklik edilməsi ilə bağlı ona yardım göstərilməsini təmin etməmişdir. İddia ərizəsində xalasının doğum tarixi 1955-ci il olduğu halda, səhvən 1935-ci il kimi göstərilmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin qərarında da göstərilir ki, xalasının adı Simuzər olmuş və onun ölümü ilə bağlı qanuni qüvvəyə minmiş qərarında da onun adının “Simuzər” olması faktı öz əksini tapır. Lakin doğum qeydində isə onun adının “Simzar” göstərilməsi onun vərəsəlik hüququ ilə bağlı hüququnun həyata keçirilməsində əngəl yaradır. Bu baxımdan doğum qeydində xalasının doğum tarixinin 1955-ci il olmaqla, onun adının “Simuzər” kimi qeyd edilməsi əsaslıdır. Məhkəmə qərarında göstərir ki, qanuni qüvvyə minmiş Gəncə İnzibati Məhkəməsinin qərarına doğum qeydində düzəlişin edilməsi əsaslı deyil. Lakin xalasının ölümü ilə bağlı Gəncə İnzibati Məhkəməsinin qərarına əsasən onun ölümü ilə bağlı fakt üzrə məhkəmə qərarında həllini tapmış və adı “Simuzər” olaraq qeyd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı təqdim etdiyi dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini, yəni mərhum xalası X6 doğum aktı qeydində qeyd olunmuş “Simzar” adından “Simuzər” adına dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26.1 və 26.2. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

20. Azərbaycan Respublikası Аilə Məcəlləsi: Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Maddə 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ...vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: .... vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

5. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

23. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

25. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

26. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

27. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

28. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

29. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

30. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

31. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

32. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

33. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

34. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

37. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xalası X5 doğum haqqında akt qeydində adının “Simzar” adından “Simuzər” adına düzəliş edilməsi, doğum tarixinin isə xx.xx.1935-ci il kimi qeyd edilməsi barədə Cavabdehnə müraciət etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir.

38. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğuna görə doğum haqqında akt qeydində düzəliş aparılması mümkün olmamışdır. Belə ki, Cavabdehndə xx.xx.1955-ci il tarixdə tərtib edilmiş 2412 nömrəli doğum haqqında akt qeydində onun adı “Simzar”, doğum tarixi “xx.xx.1955” qeyd olunmuşdur. Hazırda onun xx.xx.1955-ci ildə anadan olmasını təsdiq edəcək hər hansı sənədi təqdim etməmiş, həmçinin doğum haqqında akt qeydində onun əsl adı kimi “Simzar” qeyd olunmuşdur. Qeyd olunanlara əsasən göstərilən hallara düzəliş aparılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

39. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, mərhum xalası X5 doğum aktı qeydində “Simzar” adından “Simuzər” adına dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

40. Məhkəmə kollegiyası işin müəyyən edilmiş halları ilə bağlı qeyd edir ki, iddiaçının xalası mərhum X16 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xalası X5 ölüm qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

41. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-563/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, 1935-ci il təvəllüdlü X5 xx.xx.1995-ci il tarixdə Göygöl rayonu 8 nömrəli internat evində hipostatik pnevmaniya xəstəliyi nəticəsində yaranan ağciyər ödəmindən ölməsi barədə ölüm akt qeydinin aparılması və bununla bağlı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan qərar icra edilərək X5 xx.xx.1995-ci il tarixdə ölməsi barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 13-də 474 nömrə ilə qeyd edilmiş və ölüm haqqında xx.xx.2023-cü il tarixli, AZ-İİ 281649 nömrəli şəhadətnamə tərtib edilmişdir.

42. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mərhum xalasının adının “Simuzər” olması müəyyən edilmişdir. Həmin məhkəmə qərarı ilə X5 ölüm akt qeydinin aparılması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuş və bunun əsasında verilmiş ölüm haqqında şəhadətnamədə və ölüm akt qeydində iddiaçının mərhum xalasının adı X4 qeyd edilmişdir. Şəxsin doğum aktı qeydində adının “Simzar”, ölüm aktı qeydində isə “Simuzər” kimi qeyd edilməsi ziddiyyətin yaranmasına səbəb olur. Odur ki, məhkəmə kollegiyası Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2- 1(114)-563/2023 saylı qərarını və onun əsasında aparılmış ölüm akt qeydini əsas tutaraq hesab edir ki, iddia təmin edilməlidir.

43. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsaslı olmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1769/2024 saylı qərarı ləğv edilsin.Yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilsin. İddiaçı mərhum xalası X8 məxsus Cavabdehndə aparılmış xx.xx.1955-ci il tarixli, 2412 nömrəli doğum aktı qeydində düzəliş edilərək “Simzar” adının “Simuzər” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar