Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-19/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə, «Əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-211/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 0278003AAJ52 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, Dövlət səhiyyə müəssisə tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda görünür ki, xx.xx.2016-cı il tarixdə “Şəkərli diabet ll tip ağır forma. İnsulin tələbli. Hər iki aşağı ətrafın diabetik angiopatiyaslı. QDÇ ll dərəcə. Hipertoniya xəstəliyi lll dərəcə. QDÇ ll fs “ diaqnozu qoyulmuş və xx.xx.2021-ci il tarixədək əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti təyin edilmişdir. xx.xx.2000-ci il tarixli, ******* nömrəli əmək kitabçasının 9- cu səhifəsindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 07/08 nömrəli əmr ilə həmin tarixdən AN və MMİ idarəsi Kran təsərrüfatı sexinə 5-ci dərəcəli avtosəbət sürücüsü peşəsinə bərpa edilmiş, xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar) əmək müqaviləsinə 07/87 nömrəli əmr ilə xitam verilmişdir. xx.xx.2016-cı il tarixli, 1KOJXAF0001 nömrəli Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 24 saylı Tibbi Sosial Ekspert Komissiyasının Müayinə barədə məlumatından görünür ki, iddiaçıya Şəkərli diabet ll tip ağır form. İnsulin tələbli. Hər iki aşağı ətrafın diabetik angiopatiyaslı. QDÇ ll dərəcə. Hipertoniya xəstəliyi lll dərəcə QDÇ ll fs diaqnozu qoyulmuşdur. 939 saylı ekspert rəyindən müəyyən olunur ki, 1-4. "Tərtər rayon mərkəzi xəstəxanası" phş-in İddiaçı adına 0278003AAKXE nömrəli göndərişlə göndərilmiş 88 saylı arayışda "Əsas diaqnoz: E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, ağır forma, insulin tələbli. Ağırlaşma: C63.2-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), diabetik polinevropatiya; 179.2-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafin diabetik angiopatiyası, H36.0-diabetik retinopatiya (E10-14 ümumi dördüncü. 3 işarəsi ilə) OU-proliferativ diabetik retinopatiya fəsadlı katarakta, Vis OD= 0,2k/etmir, Vis OS=0,4k/etmir" diaqnozu qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci ildə anadan olmuşdur. "xxxx" MMC-də işləmiş, xx.xx.2016-cı il tarxidə əmək qabiliyyətini tam itirməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtdan da etibarən ona İİ dərəcəli əlillik təyin edilmişdir. 2021-ci il iyul ayından etibarən ona təyin edilmiş pensiyanı ala bilmir. 27 iyul 2021 -ci il tarixdə müayinə olunmuş və 28 iyul 2021-ci il tarixdə 0278003AAJ52 saylı göndərişlə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş ünvanlanmışdır. 23 avqust 2021-ci il tarixdə göndərişin natamam doldurulduğu bildirilərək, Respublika Endokrinologiya Mərkəzində müayinə olunmağı məsləhət görülmüşdür. Bundan sonra müayinə olunmuş və yenidən 13 sentyabr 2021-ci il-tarixdə 0278003AAKXE bildiriş göndərilmişdir. Lakin bu günə qədər həmin göndərişə heç bir cavab verilməmişdir. Həmçinin, Dövlət Tibbi Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin sədrinə rəsmi müraciət ünvanlasa da, həmin müraciətin 29 sentyabr 2021-ci il tarixdə alınmasına baxmayaraq, ona bu günə qədər heç bir məlumat verilməmişdir. O, xroniki şəkərli diabet, insulinterapiya xəstəliyindən əziyyət çəkir, xəstəliyi xroniki xarakter daşıyır. Onun sağalmağı və səhhətinin bərpası qeyri mümkündür. Onun bu illər ərzində aldığı müalicələr isə yalnız vəziyyətinin pisləşməsinin qarşısını almağa yönəlmişdir. Hesab edir ki, xroniki xəstəliyə malik şəxsin əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi qanunsuzdur. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxış iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra, iddiaçı xx.xx.2022-ci il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək onun əlilliyinin 2021-ci ilin iyul ayından bərpa edilməsini cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair etiraz göndərərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0278003AAEQB saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr - E10- E14 - Şəkərli diabet - E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip ağır forma. İnsulin tələbli. Hər iki aşağı ətrafın diabetik angiopatiyaslı. QDÇ İİ dərəcə. Hipertoniya xəstəliyi İİİ dərəcə. QDÇ İİ fs.; Meyar: 2.2 İkinci dərəcə əlillik - 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07- E07.9,E10,E12,E15,E16.1,E22.0-E22.1,E23.0-E23.2,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0278003AAJ52 saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - S Endokrin sistemin xəstəlikləri, maddələr - E10-E14 - Şəkərli diabet - E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz E10.7 İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2,ağır forma.İnsulin tələbli. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10- E14 ümumi dördüncü .3 işarəsi ilə), OU- proliferativ diabetic retinopatiya fəsadlıkatarakta.Vis OD=0.2 k/etmir.Vis OS=0.4 k/etmir; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Respublika Endokrinologiya Mərkəzində müayinə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0278003AAKXE saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr - E10-E14 - Şəkərli diabet- E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Çoxsaylı ağırlaşmalarla Şəkərli diabet tip 2,ağır forma.insulin tələbli. Diabetik polineyropatiya.Hər iki aşağı ətrafın diabetik angiopatiyası.OU- proliferativ diabetic retinopatiya fəsadlıkatarakta; Mərkəzə göndərilmənin/İmtlna edilmənin səbəbi isə göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanlarda olan ağırlaşım alar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin və qeyd edilsin" səbəbi ile imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdlq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ile təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra-göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş_verilməsi üçün əsaslara şəxşin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambülator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1ci yarımbəndində gösterilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra alt sistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərek adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilkəsi məqsədilə altsisem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-n sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsisteminə daxil edilir.TSEK-in sədri və üzvləri tərəfindən gücləndirlmiş elektron imza ilə imzalanır. Sadalananları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-211/2022 saylı qərarı ilə (hakim U.Osmanov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12(on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmas nəzərdə tutulsada, iddiaçı həmin tələbi ödəyə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə ediliş sənədlər arasında ambulatorstasionar xəstənin tibb kartasından çıxarışlarda sözügedən müddət ödənməmişdir. Göründüyü kimi, ikinci dərəcə əlillik səbəbindən iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 illik, yəni xx.xx.2021-ci il tarixə kimi əlillik müddəti təyin edilmiş və sözügedən tarixdə həmin müddət başa çatmışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası, «Əlilliyin qiymətləndirilməsi Qaydası», “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı ildən Gəncə şəhər Endokrinoloji xəstəxanada dispanserdə qeydiyyatda durur. Xəstəliyi sağalmaz bir xəstəlikdir. Xəstəliyi əlilliyin təyin edilməsi meyarlarının 2.2.12-ci maddəsinə əsasən əlilliyin təyin edilməsi tam qanunudur. Ancaq buna baxmayaraq əlilliyi kəsilmişdir. Məhkəmə onun iddiasını heç bur mötəbər sübuta istinad etmədən kəsmişdir. Ona görə məlum qərar əsassız olduğu üçün ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X3 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibatiqaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan 0278003AAJ52 nömrəli cavabında Dövlət səhiyyə müəssisə tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmasını göstərmişdir. Həmin xüsusatla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Yuxarıda sadalanan qaydalara görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh) müəyyən edir. Göründüyü kimi, şəxsin, hazırkı halda iddiaçının reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh müəyyən etməlidir. Göndərişin icrası ilə bağlı hazırkı vəziyyətdə cavabdeh özünü səlahiyyətli hesab etmiş, bu səbəbdən Əsasnamədə vurğulandığı kimi cavabdeh TSEK-in funksiyalarını həyata keçirməli olmuşdur. Belə olan halda TSEK-in vəzifələrini cavabdeh yerinə yetirərək iddiaçı ilə bağlı tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə Tərtər Rayon Mərkəzi Xəstəxanasına sorğu göndərmək vəzifəsi daşımış, lakin bu vəzifəsini yerinə yetirməmişdir. Göndəriş onlara daxil olduqdan sonra dərhal TSEK-ə göndərilməsi və bu səbəbdən göndəriş daxil olduqdan sonra cavabdehin hər hansı araşdırma aparmaq səlahiyyəti olmaması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Əsasnamənin 4.9-1-ci bəndinə görə adsızlaşdırılmış göndərişləri dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilir. Göründüyü kimi, cavabdeh orqan ona daxil olan göndərişi dərhal TSEK-ə göndərməmiş, göndərişlə bağlı özü qərar qəbul etmişdir. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, reabilitasiya imkanlarının qiymətləndirilməsində özünü səlahiyyətli hesab etmiş, lakin səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Bundan başqa iddiaçının E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, ağır forma, insulin tələbli. Ağırlaşma: C63.2-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), diabetik polinevropatiya; 179.2-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafin diabetik angiopatiyası, H36.0-diabetik retinopatiya (E10-14 ümumi dördüncü. 3 işarəsi ilə) OU-proliferativ diabetik retinopatiya fəsadlı katarakta, Vis OD= 0,2k/etmir, Vis OS=0,4k/etmir" diaqnozu ilə xəstə olması iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdə ilkin olaraq 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlliyin müddəti bitdikdən sonra iddiaçı yenidən əlilliyin qiymətləndirilməsinə dair inzibati orqana müraciət etmiş, sonuncu əlillik əlamətinin təyin olunmaması barədə qərar qəbul etmişdir. Bundan sonra iddiaçı tələbinin təmin olunması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi təmin olunmamışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2.7-ci bəndinə görə endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8) ikinci dərəcə əlillik təyin edilir. 3.1.45-ci bəndinə əsasən daxili sekresiya vəzilərinin funksiya çatışmazlığı. Şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi, böyrəküstü vəzinçatışmazlığı (Addison xəstəliyi, total adrenoektomiyadan sonrakı hal, böyrəküstü vəzilərin qabığının anadangəlmə disfunksiyası), hipofizar nanizm, qazanılmış və ya anadangəlmə ağır formalı hipotireoz, hipoparatireoz, İV dərəcəli piylənmə, ağır formalı toksiki diffuzzobvə s. (E00-E04, E05, E10, E20-E21.3, E23.3, E24, E25, E27- E27.2, E66); İş materiallarında olan 939 saylı ekspert rəyindən müəyyən olunur ki, 1-4. "Tərtər rayon mərkəzi xəstəxanası" phş-in İddiaçı adına 0278003AAKXE nömrəli göndərişlə göndərilmiş 88 saylı arayışda "Əsas diaqnoz: E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, ağır forma, insulin tələbli. Ağırlaşma: C63.2-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), diabetik polinevropatiya; 179.2-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafin diabetik angiopatiyası, H36.0-diabetik retinopatiya (E10-14 ümumi dördüncü. 3 işarəsi ilə) OU-proliferativ diabetik retinopatiya fəsadlı katarakta, Vis OD= 0,2k/etmir, Vis OS=0,4k/etmir" diaqnozu qeyd edilmişdir. Həmin rəyə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, "Tərtər rayon mərkəzi xəstəxanası" phş-in İddiaçı adına 0278003AAKXE nömrəli göndərişlə göndərilmiş 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçı qeyd etmişdir ki, xəstəliyi ilə bağlı hər dəfə Bakıya gedib gələ bilmir. Hazırki iş üzrə iki dəfə ekspertiza keçirilmiş və hər dəfəsində qanuni rəy verilmir. Qeyd olunan hal süründürməçilikdir, Belə ki, 10 günə həll edilməli olan sadə bir məsələnin artıq iki ilə yaxındır uzadılması ciddi qanun pozuntusudur. Hesab edir ki, işdə olan müvafiq sənədlərə əsasən iddiası təmin edilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 1KOJXAF0001 nömrəli Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 24 saylı Tibbi Sosial Ekspert Komissiyasının Müayinə barədə məlumatından görünür ki, iddiaçıya Şəkərli diabet ll tip ağır form. İnsulin tələbli. Hər iki aşağı ətrafın diabetik angiopatiyaslı. QDÇ ll dərəcə. Hipertoniya xəstəliyi lll dərəcə QDÇ ll fs diaqnozu qoyulmuşdur. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının insulindən asılı şəkərli diabet xəstəsi olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.7-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (E10) üstüstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Beləliklə də, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, İddiaçı əlilliyinin 2021-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsassızdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1908/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı əlilliyinin 2021-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-19/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-19/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver