Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-19/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 və üçüncü şəxs Gəncə şəhəri Kəpəz bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2524/2022 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı ona məxsus torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirimişdir ki, aparılan araşdırma zamanı, əmlakın yüksək gərginlikli (mühafizə zolağı 15 metr olan 35 KV-luq) elektrik xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na riayət edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci ildən bu günədək ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********20 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlər əsasında Gəncə şəhəri, A.Şaiq küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinə müayinə baxışı keçirilmiş və müayinə baxışı zamanı fərdi yaşayış evinin 5-6 metr məsafəsində yüksək gərginlikli (mühafizə zolağı 15 metr olan 35 kV-lıq) elektrik xəttinin yerləşdiyi müəyyən edilmiş, bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2524/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Gəncə şəhəri, A.Şaiq küçəsi, 56 ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikası Konsttitusiyasının müvafiq maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik avadanlıqlarının mühafizəsi Qaydalar”ının müvafiq bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmşdır ki, 1978-ci ildən bugünədək ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, A.Şaiq küçəsi, ev 56 ünvanında yaşayır. İddiaçı həmin yerləşən fərdi yaşayış evi üzərində çıxarışın verilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə ldarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina etmişdir. Gəncə İnzibati Məhkəməsi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2524/2022 saylı qərarı ilə Gəncə şəhəri, A.Şaiq küçəsi, ev 56 fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2524/2022 saylı qərarı 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində məlumat üçün göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən şikayət vermək hüququ yaranmışdır. Bildirilir ki, İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə ərizəsi daxil olmuşdur. Aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlər əsasında Gəncə şəhəri, A.Şaiq küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinə müayinə baxışı keçirilmişdir. Müayinə baxışı zamanı fərdi yaşayış evinin 5-6 metr məsafəsində yüksək gərginlikli (mühafizə zolağı 15 metr olan 35 kV-lıq) elektrik xəttinin yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan fərdi yaşayış evinə fərdi yaşayış evinin 5-6 metr məsafəsində yüksək gərginlikli (mühafizə zolağı 15 metr olan 35 kV-lıq) elektrik xəttinin keçdiyindən sənədin icrasından imtina edilmişdir. Hesab edirlir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. Müayinə baxışı zamanı fərdi yaşayış evinin 5-6 metr məsafəsində yüksək gərginlikli (mühafizə zolağı 15 metr olan 35 kV-liq) elektrik xəttinin yerləşdiyi müəyyən edilmişdir. Gəncə şəhəri, A.Şaiq küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinə müayinə baxışı keçirilmişdir. Qeyd olunan normaların tələbi baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na və bu qərar təsdiq edilənə qədər "Yaşayış məntəqələrində yüksək gərginlikli elektrik xətlərindən yaşayış evlərinə qədər olan minimum məsafə barədə Qaydalar"a riayət edilməmişdir. Lakin məhkəmə bu hala qiymət verməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı İdarəsi qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələbləri pozulur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasının məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 qeyd olunan fərdi yaşayış evinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-). 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar: (-) -3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona məxsus torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin müsbət həllindən imtina etmişdir. Cavabdehin imtinasının əsası fərdi yaşayış evinin yüksək gərginlikli (mühafizə zolağı 15 metr olan 35 kV-lıq) elektrik xəttinin mühafizə zonasına düşməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilə münasibətdə, məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının qarşısını alan hal kimi çıxış edə bilməz. Bundan başqa məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının evinin qonşuluğunda – ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyətçi X2 hüquqları cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmçinin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 6281/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyin görünür ki, İddiaçı Gəncə şəhəri, A.Şaiq küçəsində faktiki istifadəsində olan 625.0 kv.m torpaq sahəsinin 570.0 kv.m hissəsi, ilkin hüquqmüəyyənedici sənədlərlə üst-üstə düşür. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına və Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına və Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, qeyd olunan torpaq sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Sözügedən torpaq sahəsinə dair digər şəxsin adına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqmüəyyənedici (Çıxarış) sənədi qeydə alınmamışdır. Qeyd olunan torpaq sahəsinin hava məkanından deyil, 7-8 metr kənardan hava elektrik ötürücü xətti keçir. Araşdırma zamanı, X9 Təhcizatı və Satışı İdarəsinin 29 aprel 2022-ci il tarixli 1/76 nömrəli arayışından məlum olur ki, sözügedən torpaq sahəsinin yaxınlığından keçən, istifadəyə yararsız və gərginlik olmayan xətt 35 KV-luqdur. Odur ki, arayışa istinadən xəttin 35 kV-luq olduğunu nəzərə alsaq, Azərbaycan Respublikası Nazirlər Kobinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş, Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarına əsasən, İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin 300.0 (üç yüz) kv.m hissəsinin, xəttin mühafizə zonası ilə üst-üstə düşdüyü müəyyən oldu. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Qərb X4 və Satışı İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, saylı 1/21 məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yaxınlığından 35 kV-luq "Toxucu" hava xətti keçir. 35 kV-luq "Toxucu" hava xətti istismardan çıxarıldığı üçün vətəndaşın evinin sənədləşdirilməsinə müsbət rəy verilmişdir. ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin sənədləşdirilməsinə "Qərb "X4 və Satışı İdarəsi etiraz etmir. Göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığından 35 kV-luq "Toxucu" hava xətti keçsə də, həmin xətt artıq istismardan çıxarılmışdır. Bununla da, cavabdehin imtinasının əsası öz əhəmiyyətini itirmiş olur. Kollegiya qeyd edir ki, Azərbaycan SSR-i Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçıya verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” onun ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında öz əksini tapmışdır. Yuxarıda istinad olunan normalar anlamında fərdi yaşayış evi üzərində iddiaçının hüququnu təsdiq edən həmin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2524/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.