Məhkəmə qərarları › İş №2-1(104)-191/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-191/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-191/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2482/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli Д-İ 011026 nömrəli diploma əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə əyani təhsil almışdır. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixli 170-05 nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən Bakı şəhəri M.N.Qədirli adına klinik hövzə xəstəxanası birillik internatura keçmək üçün terapevt-həkim təyin edilmiş, xx.xx.1980-ci il tarixli 30 nömrəli əmrlə internatura bitdiyi üçün xx.xx.1980-ci il tarixdən vəzifəsindən azad edilmiş, xx.xx.1980-ci il tarixli 197 nömrəli əmrlə Ağdam rayonu Qaradağlı kənd xəstəxanasında terapevt-həkim vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixli 89 nömrəli əmrlə vəzifəsindən azad edilib xx.xx.1985-ci il tarixdən 1.0 maaşla Əfətli kənd həkim ambulatoriyasına baş həkim vəzifəsinə keçirilmişdir. İddiaçıya məxsus xx.xx.2001-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı şəhəri M.N.Qədirli adına klinik hövzə xəstəxanası birillik internatura keçmək üçün terapevt-həkim, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ağdam rayonu Qaradağlı kənd xəstəxanasında terapevt-həkim, xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ağdam rayonu Əfətli kənd xəstəxanasında baş həkim, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Ağdam rayonu Mahrızlı kənd xəstəxanasında terapevt-həkim işləmişdir. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli 113 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Ağdam rayonu Əfətli və Mahrızlı xəstəxanalarında həkim işləmiş və 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002-ci illlərdə bütün aylar, 2003-cü ildə isə sentyabr ayınadək əmək haqqı almışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 17 il 6 ay 21 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktlarına və həmin tarixli xidməti məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli 12 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam rayonu Qaradağlı kənd xəstəxanasının xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan arxiv sənədləri və Ağdam rayon Əfətli kənd xəstəxanasının xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Ona görə də İddiaçı işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 426 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin arxivində əsli saxlanılan 01 yanvar 1991-ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Əfətli kənd ambulatoriyasında baş həkim vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 10 (on) il 3 (üç) ay fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 11 (on bir) il 2 (iki) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 240 (iki yüz qırx) rubl vəzifə maaşı, sahə həkimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına 40% yəni 96 (doxsan altı) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 336 (üç yüz otuz altı) rubl əmək haqqı almışdır. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfində işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən yuxarıda qeyd olunan “Tarifikasiya siyahısı”nda göstərilən 1980-1991-ci illər və sərəncamda qeyd olunan 08 oktyabr 1980-ci il tarixdən 23 iyul 1993-cü il tarixədək olan müddət ərzində vətəndaş İddiaçı işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, həmin dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin halhazırda məhkəməyə göndərilməsi mümkün deyidir. Məhkəmənin sorğusuna Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5- 31/2-654/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaradağlı sahəsi və Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaradağlı kəndi 2020-ci ildə işğaldan azad olunmuşdur. Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaradağlı və Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əfətli kəndi işğal olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi Bakı şəhəri M.H.Qədirli adına klinik hövzə xəstəxanasında birillik internatura keçmək üçün terapevt-həkim, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağdam rayon Qaradağlı kənd xəstəxanasında terapevt-həkim, xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Ağdam rayon Əfətli kənd xəstaxanasına baş həkim, xx.xx.2001ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayon Mahrızlı kənd xəstaxanasına terapevt-həkim işləməsinə dair iş illərinin sosial sığrta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə doğulmuşdur. Sosial sığorta stajı da imkan verdiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin Filialın 18 mart 2023-cü il tarixli 3-17-1/2-A-59681/2023 saylı məktubu ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Cavabdeh təşkilat imtinaya əsas kimi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmamasını göstərmişdir. Cavabdeh orqanın bu imtinasını yuxarıda qeyd edilən sübutlara əsasən əsassız hesab edir. Belə ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixə kimi Azərbaycan Tibb Universitetində təhsil almışdır. Ona məxsus əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surəti onun xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi Bakı şəhəri M.H.Qədirli adma klinik hövzə xəstəxanasında birillik internatura keçmək üçün terapevt-həkim, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağdam rayon Qaradağlı kənd xəstəxanasında terapevt-həkim, xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Ağdam rayon Əfətli kənd xəstaxanasına baş həkim, xx.xx.2001 -ci il tarixdən xx.xx.2004cü il tarixə kimi Ağdam rayon Mahrızlı kənd xəstaxanasına terapevt-həkim işlədiyini təsdiq edir. Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 113 nömrəli arayışdan görünür ki, o, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, və 2003-cü illərdə Ağdam rayon X1 və Mahrızlı kənd xəstaxanalarında həkim işləmişdir. Şərh edilmiş sənədlərdən göründüyü kimi, ümumilikdə 30 ildən çox iş stajı mövcuddur ki, bu fakt ona tam olaraq yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Ona görə də cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona pensiya təyin edilməsindən imtina etməsinə dair dəlilləri tamamilə əsassızdır. Belə ki, arxiv sənədlərinin işğal zonasında qalması və əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsi onun təqsiri deyil. Onun əlində 30 illik iş stajını təsdiq edən sənədlər var. Beləliklə göstərilənlərə əsasən hesab edir ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi Bakı şəhəri M.H.Qədirli adına klinik hövzə xəstəxanasında birillik internatura keçmək üçün terapevt-həkim, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağdam rayon Qaradağlı kənd xəstəxanasında terapevt-həkim, xx.xx.1985-ci il tarixdən xx.xx.2001 -ci il tarixə kimi Ağdam rayon Əfətli kənd xəstaxanasına baş həkim, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayon Mahrızlı kənd xəstaxanasına terapevthəkim işləməsinə dair iş illərinin sosial sığrta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağlı kənd xəstəxanasında, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Əfətli kənd xəstəxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1482/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağlı kənd xəstəxanasında və xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Əfətli kənd xəstəxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı şəhəri M.N.Qədirli adına klinik hövzə xəstəxanası birillik internatura keçmək üçün terapevt-həkim (11 ay 22 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ağdam rayonu Qaradağlı kənd xəstəxanasında terapevt-həkim (4 il 6 ay 29 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ağdam rayonu Əfətli kənd xəstəxanasında baş həkim (15 il 7 ay 26 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2004- cü il tarixədək Ağdam rayonu Mahrızlı kənd xəstəxanasında terapevt-həkim (3 il 8 ay 27 gün) işləmişdir. Bundan əlavə, xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə əyani təhsil aldığı müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 30 il 9 ay 14 gün olması müəyyən edilir. Məhkəmə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağlı kənd xəstəxanasında və xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Əfətli kənd xəstəxanasında əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitablarının və əmək haqqı cədvəllərinin işğal zonasında qalması, buna görə də həmin dövlərin araşdırılmasının mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 426 nömrəli cavab məktubunda bildirilmişdir ki, ”Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin arxivində əsli saxlanılan 01 yanvar 1991-ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Əfətli kənd ambulatoriyasında baş həkim vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 10 (on) il 3 (üç) ay fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 11 (on bir) il 2 (iki) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 240 (iki yüz qırx) rubl vəzifə maaşı, sahə həkimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına 40% yəni 96 (doxsan altı) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 336 (üç yüz otuz altı) rubl əmək haqqı almışdır. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfində işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən yuxarıda qeyd olunan “Tarifikasiya siyahısı”nda göstərilən 1980-1991-ci illər və sərəncamda qeyd olunan 08 oktyabr 1980-ci il tarixdən 23 iyul 1993-cü il tarixədək olan müddət ərzində vətəndaş İddiaçı işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, həmin dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin halhazırda məhkəməyə göndərilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, 01 yanvar 1991-ci il tarixli Tarifikasiya siyahısında İddiaçı adının qarşısında iş stajı 11 il 2 ay kimi qeyd edilmişdir ki, onun da əmək fəaliyyətinə xx.xx.1979cu il tarixdən başladığı nəzərə alındığı zaman, həqiqətən də xx.xx.1991-ci il tarixədək işləməsi təsdiq olunur ki, bu da dolayısı ilə iddiaçının əmək kitabçasında məlumatların mötəbər olmasına dəlalət edir. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Həmçinin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 17 il 6 ay 21 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Beləliklə, pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: xx.xx.1980xx.xx.1993-cü illər Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin əmr kitabları və əməkhaqqı cədvəlləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması mümkün olmadığı üçün. Buna səbəb kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı əsas gətirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə də, birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2- 1(114)-2482/2023 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasıda qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmaması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı şəhəri M.N.Qədirli adına klinik hövzə xəstəxanası birillik internatura keçmək üçün terapevt-həkim (11 ay 22 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ağdam rayonu Qaradağlı kənd xəstəxanasında terapevt-həkim (4 il 6 ay 29 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ağdam rayonu Əfətli kənd xəstəxanasında baş həkim (15 il 7 ay 26 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2004- cü il tarixədək Ağdam rayonu Mahrızlı kənd xəstəxanasında terapevt-həkim (3 il 8 ay 27 gün) işləmişdir. Həmçinin, xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə əyani təhsil aldığı müddəti nəzərə alınan zaman iddiaçının sığorta stajının 30 il 9 ay 14 gün olması müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasıda qalması ilə bağlı hissədə qeyd edir ki, bu hal iddiaçının təqsiri kimi hesab edilə bilməz və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə sosial təminat hüququnun növü kimi tanınan pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Başqa sözlə iddiaçının Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasıda qalması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan - sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağlı kənd xəstəxanasında və xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Əfətli kənd xəstəxanasında əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı haqlı olaraq qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Odur ki, yuxarıda qeyd edilən qayda iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağlı kənd xəstəxanasında və xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Əfətli kənd xəstəxanasında əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyinə dəlalət edir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Yuxarıda qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Göründüyü kimi toplanmış sübutlardan müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Həmçinin məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 426 nömrəli cavab məktubunda bildirilmişdir ki, ”Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin arxivində əsli saxlanılan 01 yanvar 1991-ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Əfətli kənd ambulatoriyasında baş həkim vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 10 (on) il 3 (üç) ay fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 11 (on bir) il 2 (iki) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 240 (iki yüz qırx) rubl vəzifə maaşı, sahə həkimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına 40% yəni 96 (doxsan altı) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 336 (üç yüz otuz altı) rubl əmək haqqı almışdır. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfində işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən yuxarıda qeyd olunan “Tarifikasiya siyahısı”nda göstərilən 1980-1991-ci illər və sərəncamda qeyd olunan 08 oktyabr 1980-ci il tarixdən 23 iyul 1993-cü il tarixədək olan müddət ərzində vətəndaş İddiaçı işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, həmin dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin halhazırda məhkəməyə göndərilməsi mümkün deyildir. Məhkəmə kollegiyası bildirir ki, qeyd olunan məktubda istinad olunan Tarifikasiya siyahısına əsasən iddiaçı Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Əfətli kənd ambulatoriyasında baş həkim vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 10 il 3 ay fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 11 il 2 ay əmək stajına malik olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında olan qeydlərdən də göründüyü kimi iddiaçı 01 avqust 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. Bu isə onu deməyə əsas verir ki, əmək kitabçasında aparılmış müvafiq qeydlər mötəbər hesab olunmalıdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, yuxarıda göstərilən normanın məzmununa əsasən əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının da iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənəddə olan məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2482/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar