Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-193/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-286/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 4/3-4586 nömrəli məktubla imtina olunaraq onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış məlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə 27.09- xx.xx.2020-ci il tarixlərdə xidmətə olduğu hərbi hissə yerləşdiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İşdə olan sənədlər:
2. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, 1-ci divizionun enerji təminat bölməsində sürücü-elektrik vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun şəxsi heyətin, əşya əmlakın və silah-sursatın təxliyyəsi üzrə döyüş hesabatına uyğun ayrılmış heyətin tərkibində yük avtomobilinin sürücüsü vəzifəsində fəal iştirak etmişdir.
3. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 497 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Mingəçevir şəhəri ərazisində N nömrəli hərbi hissənin 1-ci divizionunun enerji təminat bölməsində sürücü-elektrik vəzifəsində xidmət etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun şəxsi heyətinin əşya əmlakının və silah-sursatın təxliyyəsi üzrə döyüş hesabatına uyğun ayrılmış heyətin tərkibində yük avtomobilinin sürücüsü vəzifəsində fəal iştirak etmişdir. İddiaçı məxsus hərbi biletdə "Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında gedən döyüşlərdə sürücü-elektrik vəzifəsində xidmət etmişdir" qeydi o zaman hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini polkovnik leytenant Mobil Ovçiyevin səhvi ilə qeyd olunub və bununla əlaqədar olaraq cəzalandırılmışdır.
4. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 1164 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısına daxil olmuş və hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə ehtiyata göndərilmişdir. İddiaçı arayış məlumatının 4-cü bəndində "Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması" (tarix və əmrin nömrələri göstərilməklə) 16 və 4 nömrəli əmrlər mexaniki səhv olaraq qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-13-12- 1/2-A-447xx/xx/2025 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1996-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur.
6. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-229/2- 1755/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.
7. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər X4 21 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 3-cü zenit raket divizionunun radiolokasiya, kəşfiyyat bölməsinin (A2) radiolokasiya stansiyasının (80 K6M) sürücüelektriki vəzifəsinə təyin olunmuşdur.
8. N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, N nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən əsgər X1 tərxis edilməsi, xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilməsi əmr edilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri).
9. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2- 3502/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən X3 “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir. “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər ünvana geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır.
10. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-240/2-1218/25 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 isə 3-cü divizionunun radiolokasiya, kəşfiyyat bölməsinin radiolokasiya stansiyasının sürücü-elektriki vəzifəsinə təyin olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sentyabr ayında Göygöl rayon Səfərbərlik və Hərbi Qulluğa Çağırış Şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış və 952 saylı Hərbi Hava Hücumundan Müdafiə Xidmətində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra tərxis olmuşdur. Onun döyüşdə iştirak etməyi hərbi biletinin 7-ci səhifəsində də qeyd edilmiş və dəfələrlə Müharibə veteranı adı və vəsiqəsinin alınması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və digər müvafiq qrumlara müraciətlər etmiş, Azərbaycan Rtespublikası Müdafiə Nazirliyinin aparatı tərəfindən xx-xx-2023-cü il 4/3-4581 saylı məktubla ona Müharibə veteranı adı və vəsiqəsi verməkdən imtina edilmişdir. O, hərbi hava qüvvələri xidmətində olmuş, hava hücumundan müdafiə ilə məşğul olmuşdur.
13. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-25-4/2-4083/2023 nömrəli etirazın məzmunu xx.xx.2023-cü il tarixli, 4/3-4586 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-286/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh orqan imtinasında arayış-məlumatda döyüş əməliyyatları aparılan dövrdə 27.09-xx.xx.2020-ci il tarixlərdə xidmətə olduğu hərbi hissə yerləşdiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmədiyini qeyd etsə də, iddiaçının məhz hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-286/2024 nömrəli qərarının ləğv olunmasını, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2023cü il tarixli, 3-25-4/2-4083/2023 nömrəli etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı döyüş təminatı üzrə tapşırıqları deyil, öz xidməti vəzifələrinin icrası ilə bağlı verilən tapşırıqları yerinə yetirmişdir. Çünki döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması işi bilavasitə hərbi hissə komandiri, hərbi hissənin qərargah rəisi və hərbi hissənin əməliyyat rəisinin vəzifələrinə aiddir. Bundan başqa, iddiaçı Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissənin 1-ci divizionunda öz xidməti vəzifələrini icra etmiş və hava hücumundan müdafiə bölmələrində şəxsi heyətin uçotunun təşkilində iştirak etmişdir. Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Beləliklə, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə, iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmaması, qərarın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etdilər.
20. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
24. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilərək, təqdim olunmuş arayış məlumata əsasən döyüş əməliyyatları aparılan dövrdə 27.09xx.xx.2020-ci il tarixlərdə xidmətə olduğu hərbi hissənin yerləşdiyi ərazidə döyüş əməliyyatlarının aparılmaması ilə əsaslandırılmışdır.
27. Göründüyü kimi, imtinanın və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin yerləşdiyi Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə aid deyildir.
28. Birinci instansiya məhkəməsi iddianı əsaslı və qanuni hesab edərək təmin etmiş, qərarını iddiaçının məhz hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmaması ilə əsaslandırmışdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar.
30. Göründüyü kimi qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də “Müharibə veteranı” hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.
31. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, 1-ci divizionun enerji təminat bölməsində sürücü-elektrik vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun şəxsi heyətin, əşya əmlakın və silah-sursatın təxliyyəsi üzrə döyüş hesabatına uyğun ayrılmış heyətin tərkibində yük avtomobilinin sürücüsü vəzifəsində fəal iştirak etmişdir.
32. Qeyd olunmalıdır ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir
33. Hazırki qərarın 22-ci bəndində qeyd olunanlardan göründüyü kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur.
34. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-229/2- 1755/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.
35. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin mümkün hava hücumunun qarşısının alınmasında, yəni döyüş əməliyyatlarında iştirak etmişdir.
36. Bundan başqa məhkəmə kollegiyasının digər oxşar (2-1(104)-231/2025 nömrəli) iş üzrə apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, N nömrəli hərbi hissənin 3-cü divizionunun radiolokasiya, kəşfiyyat bölməsinin radiolokasiya stansiyasının sürücü-elektriki vəzifəsinə təyin edilmiş əsgər X3 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən X3 “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir (Bax: hazırki qərarın 9-cu bəndi).
37. Qeyd olunmalıdır ki, iddiaçı ilə eyni hərbi hissədə və eyni vəzifədə olmuş əsgər X3 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məhz cavabdeh Müdafiə Nazirliyi tərəfindən göndərilmişdir.
38. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
39. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
40. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
41. Göründüyü kimi iddiaçının xidmət etdiyi hərbi hissənin vəzifəsi ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi əks olunmamışdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.
43. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
44. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
45. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
46. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-286/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov