Məhkəmə qərarları › İş №2-1(104)-196/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-196/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-196/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2370/2022 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum X2 mülkiyyətində olan Bərdə şəhəri, Tərtər çayı hövzəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 2992 kv.m olan inzibati otaqlardan ibarət “Sahil” Kooperativinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 02 saylı qərarı ilə Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən "Sahil" kooperativinin fəaliyyəti üçün 10.000 kv.m torpaq sahəsi ayrılaraq mərhum X4 verilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyi Bərdə rayon Əhaliyə Məişət Xidməti İstehsalat idarəsinin nəzdində “Sahil” Kooperativinin nizamnaməsi təsdiq edilmiş və Fazil Rzayev həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddia ərizəsinə əlavə edilmiş qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, obyekt 1989-1990-cı ildə tikilmiş və tikinti altı sahəsi 1050 kv.m təşkil etmişdir. İnzibati bina 6 (altı) otaqlı, köməkçi bina 4 otaqlı və anbar binası 1 otaqlı olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 16 saylı tikinti obyektinin istismarına icazə məktubundan görünür ki, tikintinin həcmi 2992 kv.m olmuşdur. Qeyd edilir ki, iddiaçılardan İddiaçı1 mərhum X7 ilə xx.xx.1974-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1975-ci il tarixdə Afaq, xx.xx.1976-cı il tarixdə Nurlana və xx.xx.1980-ci ildə Xəqani anadan olmuşdur. X7 xx.xx.2001-ci ildə, X6 isə xx.xx.2022-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2018ci il tarixli, 171/2018 saylı məktubundan görünür ki, X2 birinci növbə vərəsələri İddiaçı1 və X6 olmuşdur. X11 miras əmlakı qəbul etmədən xx.xx.2022-ci ildə vəfat etmişdir. Bərdə şəhər İcra nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 1248 saylı arayışından görünür ki, X7 vəfat etdikdən sonra onun ailə üzvləri İddiaçı1, İddiaçı3 və İddiaçı2 qalmışlar. Bildirilir ki, “Sahil” kooperativinə məxsus 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 2992 kv.m olmaqla inzibati otaqlardan X7 vəfat etdikdən sonra istifadə etmiş və vergiləri, sosial ödəmələri və kommunal xərcləri də daim iddiaçılar ödəmişlər. Qeyd edək ki, Bərdə rayon ərazisində Tərtər çayının kənarında “Sahil” kooperativinin istifadəsində olan 1.0 ha sahibkarlıq torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binasının sənədləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçılar İddiaçı1, X3 və İddiaçı3 əsl iddiaçı “Sahil” kooperativi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2370/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Bərdə şəhəri, Tərtər çayı hövzəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 2992 kv.m olan qeyri-yaşayış binası üzərində “Sahil” Kooperativinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmasına keçənədək məhkəmə iddianın özünün mümkünlüyünü araşdırmalıdır. İddianın mümkünlük şərtləri isə, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən əsasların mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxıb iddia tələbini təmin edərkən bir sıra maddi və prosessual hüquq pozuntusuna yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçılar İddiaçı1, X3 və İddiaçı3 əsl iddiaçı “Sahil” kooperativi ilə əvəz edilmiş, lakin cavabdehin həmin məsələyə münasibət bildirməsi müəyyən edilməmişdir. Bundan başqa cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubundan da müəyyən edilir ki, vergi orqanı birinci instansiya məhkəməsinin müvafiq sorğusunu cavablandırarkən ( xx.xx.2022-ci il tarixli, **********714100 saylı məktub (səh.76) ) bildirmişdir ki, məlumatuçot bazasına əsasən “Sahil” Kooperativinin vergi ödəyicisi kimi 11 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilmədiyindən sorğuda qeyd olunan məlumatın təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə isə bununla kifayətlənərək Kooperativin fəaliyyət göstərib-göstərməməsi barədə ətraflı araşdırma aparmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən Kooperativin rəhbərinin və üzvlərinin kimlər olması barədə araşdırma aparılmadan qərar qəbul edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhədliyinin cavabdehin üzərinə qoyulmasını qərara alsa da, müvafiq ekspertizalar keçirilmədən bu nəticəyə gəlmişdir. Həmçinin Kooperativin faktiki istifadəsində olan torpaq sahəsinin texniki pasportda olan torpaq sahəsi ilə üst-üstə düşəməsi, digər üçüncü şəxslərin hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Həmin sahənin çayın mühafizə zolağına düşüb-düşməməsi aydınalaşdırılmamış, tikilinin təhlükəsizlik normalarına uyğun olaraq tikilib-tikilməməsi araşdırılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə hər tərəfli araşdırma aparmadan qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2370/2022 saylı qərarı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar