Məhkəmə qərarları › İş №2-1(104)-198/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-198/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-198/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(114)-129/2023 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə artıq ödənilmiş 584,18 manat vəsaitin tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-129/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, artıq ödənilmiş 584,18 (beş yüz səksən dörd manat on səkkiz qəpik) manat pensiya məbləğinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-129/2023 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qərar icraya göndərildikdən sonra qərardan şikayət verərək məhkəməyə müraciət etmişdir. Həmçinin qərarı qəbul edən şəxs – Şirinova Azədə onun gəlinidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardan Cavabdeh tərəfindən verilmiş şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 85.1ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. İş materiallarında olan reyestrdən görünür ki, birinci instansiya məhkəməsinin qərarının surəti iddiaçıya xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmçinin iş materillarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirinova Azadə adlı şəxs 19 iyun 2023-cü il tarixdə qərarın surətini xəbərnaməyə imza etməklə almışdır. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından başlanır. Bu halda qərardaddan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi xx.xx.2023-cü il tarixdən başlanmışdır. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün iddiaçıya göndərilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçı Cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Lakin iddiaçı qərardan şikayəti müddət ötürməklə vermiş, şikayət məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilərək apellyasiya şikayəti verilməsi üçün verilməsi üçün buraxılmış müddətinin bərpası barədə məhkəmə kollegiyasına ərizə vermək hüququ izah edilsə də, belə ərizə məhkəməyə təqdim edilməmişdir. Bu hal, yəni müddətin ötürülməsi, şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardan verilmiş şikayət mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(114)-129/2023 saylı qərarından Cavabdeh tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayəti qəbul etməkdən imtina olunsun. Qərardaddan 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar