Məhkəmə qərarları › İş №2-1(104)-198/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-198/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-198/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, “uşağın adının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3710/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə övladları X2 adının “Əbülfəz”dən “Əbəlfəzl Abbas”a dəyişdirilməsi barədə etdikləri müraciətlərə, şöbə tərəfindən müvafiq olaraq xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69- T-174/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-T-285/2024 nömrəli imtina məktubları ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 79 saylı “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

İşdə olan sənədlər:

2. xx.xx.2020-ci il tarixli AZ-İİ 410147 №-li nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 ilə X1 xx.xx.2020-ci il tarixdə nikahı bağlanılmış, ərə Talıblı, arvada Talıblı soyadı verilmişdir.

3. xx.xx.2021-ci il tarixli AZ-İ 389788 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 xx.xx.2020-ci il tarixdə İddiaçı2 doğulmuş X3 atası hesab edilmişdir.

4. xx.xx.2021-ci il tarixli AZ-İV 588966 №li doğum haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. “Atası” qrafasında İddiaçı1, “anası” qrafasında İddiaçı2 yazılmışdır.

5. 1400 1 0140 19092020 nömrəli Doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında “X4”, ata-ana haqqında məlumat qrafasında “İddiaçı1” və “ İddiaçı2” qeyd edilmişdir.

6. Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-42/2-147/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, bütün dünyada valideynlər orijinallıq rekordları qırmaq, kreativ və maraqlı adlar vermək istəyir. Amma bəzən bu zaman hədsiz ifrata yol verirlər. Bu kimi hallara Azərbaycanda da rast gəlinir. Bu səbəbdən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasın uşaqlara verilən müəyyən adların Ədliyyə Nazirliyinin adlar sistemindən çıxarılmasına qərar verib və həmin adlar qadağan olunub. Nazirlər Kabinetinin qərarına görə, cinsi uyğun gəlməyən, dilimizə yad olan, mənası düzgün verilməyən, mənası olmayan, uşağın gələcəyinə xələl gətirən və s. adların qoyulması qadağandır.

7. Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-42/2-240/2025 nömrəli məktubuna əlavə olunmuş rəydə qeyd edilmişdir ki, “Əbəlfəzil Abbas” adı ərəb mənşəli olduğundan dilimizdə mənası açıq şəkildə başa düşülmür və Ədliyyə Nazirliyinin adlar sistemində qeyd olunmamışdır. Ona görə də, Komissiya həmin adın verilməsini məqsədəuyğun hesab etmir və məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar araşdırılarkən “Əbəlfəzilabbas” adı ilə doğumun qeydə alınmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan dövr ərzində “Əbəlfəzlabbas” adı ilə 10, “Əbəlfəzabbas” adı ilə 7, “Əbəlfəzəabbas” adı ilə 1 doğum qeydə alınmışdır. Bundan başqa, şəxsin 2 ad daşıması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onların uşağının adının Əbəlfəzil Abbas adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2020-ci il tarixdə Gəncə “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlayaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaq olmuşdur. Uşağın adı doğum şəhadətnaməsində Talıblı Əbülfəz kimi qeyd olunsa da onlar uşağın adının Əbəlfəzil Abbas olaraq dəyişdirilməsini xahiş etmişlər. Ona görə ki, uşaq dünyaya gələndə onun adının Əbəlfəzil Abbas olmasını arzulamışlar. Lakin qeydiyyat şöbəsində anlaşılmazlıq olaraq uşağın adı Əbülfəz Talıblı kimi qeyd olunmuşdur. Onlar uşağın adının dəyişdirilib doğum haqqında akt qeydində qeyd olunması üçün Daşkəsən rayon VVAQ şöbəsinə müraciət etsələr də, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilmişdir.

11. Cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3710/2024 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərindən irəli gəlir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları ) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Qanunvericilikdə 18 yaşına çatana qədər uşağın adının dəyişdirilməsinin hər iki valideynin birgə müraciətinə əsasən mümkünlüyü qeyd edilmiş, lakin cavabdeh orqan iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Buna baxmayaraq məhkəmə tərəfindən uşağa iki müstəqil adın verilməsi barədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində Adlar Komissiyası fəaliyyət göstərir. Həmin Komissiya tərəfindən uşaqlara verilən adların azərbaycan dilinə uyğun səslənməsinə, həmin adların mənbəyinə və mənasına dair tövsiyələr verilir. Həmin Komissiyaya “Əbəlfəzil Abbas” adının uşağa verilməsinin mümkünlüyü barədə sorğu edildikdən sonra məhkəmə tərəfindən qərar qəbul edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və təmin olunmamasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

19. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt: 24.2. Hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır.

20. “Uşaq hüquqları haqqında” Konvensiya: 7.1. 1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir.

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

22. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanı: 2.9. Həmin Məcəllənin 54.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.

23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

10. Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün nəticəyə gəlinməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

27. İşin halları ilə müəyyən olunur ki, iddiaçıların birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü uşağa Əbülfəz adı verilmiş, bu barədə **********9092020 nömrəli Doğum haqqında akt qeydi tərtib olunmuşdur. Bundan sonra, iddiaçılar ayrı-ayrı vaxtlarda uşağın adının “Əbülfəz”dən “Əbəlfəzil Abbas”a dəyişdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsələr də, sonuncu xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-T-174/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-T-285/2024 nömrəli məktublarla müraciətin müsbət həllindən imtina etmiş, onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

28. Birinci instansiya məhkəməsi inzibati orqanın mövqeyi ilə razılaşmamış, iddia tələbinin təmin olunmasına dair qərar qəbul etmişdir.

29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, qanunvericilik 18 yaşına çatmamış uşağın adının dəyişdirilməsini valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə şərtləndirir.

30. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

31. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

32. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən, həmin Məcəllənin 54.1, ...-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.

33. Göründüyü kimi 18 yaşına çatmayan uşağın adının dəyişdirilməsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının icazəsi ilə şərtləndirilsə də, hazırki iş üzrə valideynlərin- iddiaçıların həmin orqana birgə müraciəti olmamış və belə icazə alınmamışdır. Bu hala birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş, müvafiq araşdırılma aparılmamışdır.

34. İşin apellyasiya icraatı zamanı Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə uyğun olaraq uşağın mənafeyi nəzərə alınmaqla “Əbəlfəzil Abbas” adının verilməsi ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına rəy verilməsi ilə əlaqədar sorğu verilmiş, sonuncu Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-42/2-240/2025 nömrəli məktubuna əlavə olunmuş rəyi ilə bildirmişdir ki, “Əbəlfəzil Abbas” adı ərəb mənşəli olduğundan dilimizdə mənası açıq şəkildə başa düşülmür və Ədliyyə Nazirliyinin adlar sistemində qeyd olunmamışdır. Ona görə də, Komissiya həmin adın verilməsini məqsədəuyğun hesab etmir və məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, qanunvericilik 18 yaşına çatmayan uşağın adının dəyişdirilməsini qəyyumluq və himayəçilik orqanının icazəsi ilə şərtləndirir və hazırki iş üzrə həmin orqan mübahisəli adın verilməsini məqsədəuyğun hesab etmir, həmçinin qanunvericiliklə şəxsin iki ad daşıması nəzərdə tutulmur, iddia təmin edilə bilməz.

36. Bundan başqa Avropa İnsan Hüquqları Məhkəməsinin «L.İsmayılzadə Azərbaycana qarşı» iş üzrə xx.xx.2024-cü il tarixli, 17780/18 nömrəli qərarının 31-ci bəndində qeyd edilmişdir ki, toqquşan müxtəlif maraqları qiymətləndirərkən, bir tərəfdən, ərizəçinin öz övladı üçün ad seçmək hüququ, digər tərəfdən, adların seçiminin tənzimlənməsində ictimai maraq nəzərə alınmalıdır (müqayisə edin: Heidecker-Tiemann Almaniyaya qarşı (dek.), № 31745/02, 6 may 2008-ci il və Kyazim Bolqarıstana qarşı, № 39356/17, § 29, 16 noyabr 2021-ci il). İctimai maraqlara gəldikdə, Məhkəmə əvvəllər qəbul edib ki, uşağın maraqlarına lazımi diqqət yetirilməlidir və uşağın yararsız addan (məsələn, gülünc və ya şıltaq adlar) qorunması ictimai maraqlara uyğundur. Məhkəmə həmçinin qəbul edib ki, milli adların qoyulması təcrübəsinin qorunub saxlanması ictimai maraqlara uyğun hesab edilə bilər (baxın, yuxarıda adı çəkilən Yohansson, § 36).

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki halda iddiaçılar uşağın mövcud adının hüquq və azadlıqların həyata keçirilməsi baxımından real olaraq hansı problem və ya məhdudiyyətlər yaratdığını, hüquqlarını həyata keçirməyə hansı şəkildə maneə törətdiyini, yəni konkret hansı çətinliklərlə qarşılaşdıqlarını, eləcə də onları dəf edə bilmədiklərini təsdiq edən hər hansı sübutları təqdim edə bilməmiş və beləliklə uşağının adının dəyişdirilməsini zəruri edən şərtlərin mövcudluğunu məhkəmədə sübuta yetirə bilməmişlər.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdehin imtina dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsində yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə:

39. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3710/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar