Məhkəmə qərarları › İş №2-1(104)-199/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-199/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-199/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2457/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-230- 2003 nömrəli qətnaməsindən görünür ki, İddiaçı sahibkarlıq məqsədi ilə mağaza üçün başqa yerdə torpaq sahəsi ayrılması Qovlar bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. 2(062)-230/2003 nömrəli, xx.xx.2021-ci il tarixli Tovuz Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, xx.xx.2003-cü il tarixli qətnamə icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 10 nömrəli iclas protokolundan görünür ki, Qovlar şəhər sakini İddiaçı müraciəti, Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(62)-230/2003 saylı qətnaməsi və xx.xx.2021-ci il tarixli icra vərəqəsi, həmçinin Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu nəzərə alınaraq İddiaçı razılığı ilə sahibkarlıq məqsədi üçün Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən «Yonca yeri» adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********20 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərərına əsasən ona Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən verilmiş 0.10 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2003-cü il tarixli, 2-230-2003 saylı qətnaməsinə əsasən iddiaçıya sahibkarlıq məqsədi ilə mağaza üçün başqa yerdə torpaq sahəsinin ayrılması Qovlar bələdiyyəsinə həvalə edilmişdir. Həmin qətnamə icra olunmadığına görə 2021-ci ilin oktyabr ayında rəsmi ərizə ilə müraciət edərək, həmin qətnaməni icraya yönəldiləməsini xahiş etmişdir. İcra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən Tovuz rayon Qovlar bələdiyyəsinə göndərilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli iclas protokolu və qərarına əsasən ona Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı həmin sahəyə hüquqmüəyyənedici sənədlərin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Tovuz rayon Qovlar bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2457/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərərına əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda alğı-satqı müqaviləsi tərtib etmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından və bu məsələ cavabdehin məsuliyyət sferasına aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, bələdiyyə müvafiq məhkəmə qərarının icrası istiqamətində qanunla üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Məhkəmə qərarının təsviri hissəsində reyestr xidmətinin imtinasının konkret halda X1 15-ci madəsinə istinat edilmədiyini qeyd etmiş, lakin nəzrə almamışdır ki, reyestr xidməti konkret imtina etməmişdir. Belə ki, vətəndaşın müraciəti hansı qaydada çıxarış almasını bildirmiş və qanunverciliyin tələbləri vətəndaşa izah edilmişdir. İnzibati orqan konkret imtina etməmişdir. Bələdiyyə tərəfindən prosesual qaydalara riayet etdikdən sonra dövlət reyestrində qeydiyyatın aparılmasına baxıla bilər kimi vətəndaşa izah edilmişdir. Bundan əlavə məhkəmə təsviri hissəsində bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırkı halda alqı-satqı müqaviləsi tərtib etmədən) satılması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeynə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina edilə bilməz. Başqa sözlə, bələdiyyə fəaliyətinə nəzarəti hazırki iş üzrə cavabdehin səlahiyyətinə aid olmadığından bu məsələ cavabdehin məsuliyyət sferasına aid olmadığından bələdiyyə müəyyən prosedur qaydalara riayət etməməsi əsası ilə satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz fikirinə münasibətdə bildirirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyənin fəaliyyətinə nəzarət edən qurum olmasada dövlət reyestrini aparan və reyestrin aparılmasına cavabdeh orqandır. 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya məhkəmə qərarı ilə sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması Qovlar bələdiyyəsinə həvalə edilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli qərarı ilə Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən «Yonca yeri» adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsi kimi təqdim edilən torpaq sahəsi (0.1042 ha) Elektron məlumat bazasına əsasən Bələdiyyə mülkiyyəti olmaqla yaşayış məntəqələri torpaqları daxilində həyətyanı torpaq sahəsidir. Tovuz rayonu Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qəranı ilə İddiaçı verilmiş 0.10 ha torpaq sahəsinin koordinatları müraciətə əlavə edilmədiyindən bu sualın cavablandırılması mümkün olmamışdır. Mübahisəli ərziyə baxış keçirən zaman həmin ərazidən gözlə görünə bilən hər hansı kommunikasiya xətti müşahidə edilməmişdir. Elektron məlumat bazasına əsasən mübahisəli ərazi sürüşmə zonasına aid deyil. İşin faktiki hallarından da müəyyən edilir ki, iddiaçıya məhkəmə qərarı ilə sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması Qovlar bələdiyyəsinə həvalə edilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli qərarı ilə Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən «Yonca yeri» adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmış və sonuncu tərəfindən həmin torpaq sahəsi istifadə edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır. Kollegiya hesab edir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası ədliyyə nazirinin 16 mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə»nin 7.5-ci bəndinə əsasən Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi cavabdeh orqan bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malik deyil. Belə olan halda qanunvericliyində tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2457/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar