Məhkəmə qərarları › İş №2-1(104)-199/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-199/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-199/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı X1rşı iş üzrə Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı X1rşı “X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2668/2024 nömrəli qərarından cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 2000-2005-ci illərdə Sankt X7 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunda (Bakı filialı) bakalavr təhsili almış və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə hüquqşünas ixtisası verilməklə, adına xx.xx.2005-ci il tarixli BCA0294027 seriyalı 5893 nömrəli diplom hazırlanmışdır. Diplom və diploma əlavə Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2008-ci ildə 855531 və 855532 nömrə ilə 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək hərbi xidmətdə olmuşdur. X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05.01-18/79 nömrəli arayışa əsasən, iddiaçı 2000-2005-ci illərdə həqiqətən qeyri-dövlət Ali Təhsil Müəssisəsi “X3 Əlaqələr, İqtisadiyyat və Hüquq” İnstitutunda (Bakı filialında) təhsil almışdır. Dövlət Attestasiya Komissiyasının 29 iyun 2005-ci il tarixli qərarı ilə ona hüquqşünaslıq ixtisası üzrə hüquqşünas kvalifikasiyası təyin edilmiş, 23 sentyabr 2005-ci il tarixli BCA ******* nömrəli fərqlənmə diplomu verilmişdir (qeydiyyat nömrəsi 5893). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-987/2022 nömrəli qərarınə əsasən, İmanova (Hüseynova) Cəmilə Ağarzayevnanın cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə X2rşı diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-352/2021 nömrəli qərarı ilə iddia təmin edilməmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-974/2022 nömrəli qərarı ilə ləğv edilərək, iddia təmin edilmiş və Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən iddiaçı X5 verilmiş BCA ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00034246 nömrəli qərarı ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş və bildirilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblərə aiddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi, daha sonra xx.xx.2024cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən ona verilmiş 5893 qeydiyyat nömrəli xx.xx.2005-ci il tarixli BCA ******* seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə X3 Əlaqələr, İqtisadiyyat və X9 fakültəsinə qəbul olunmuş, təhsilini əyani təhsil formada almış, təhsilini uğurla başa vurmuş və 2005-ci ildə həmin institutun hüquq fakültəsini bitirərək hüquqşünaslıq ixtisasına yiyələnmişdir. Buna dair Sankt X7 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən ona 5893 qeydiiyat nömrəli, xx.xx.2005-ci il tarixli, BCA ******* diplom verilmiş və xx.xx.1961-ci il tarixli "Xarici rəsmi sənədlərin qanuniləşdirilməsi tələbini dəyişdirən konvensiyası"na uyğun olaraq diploma müvafiq apostil əlavə edilmişdir. Təhsilini bitirdikdən sonra xx.xx.2005-ci il tarixdə hərbi xidmətə yollanmış, bir il müddətinə hərbi xidmətini yerinə yetirdikdən sonra xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında ehtiyata buraxılmışdır. Diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün qüvvədə olan qaydalara müvafiq olaraq elektron müraciət formasında xx.xx.2023-cü il tarixdə cavabdeh agentliyə elektron kabinet üzərindən ərizə ilə müraciət etmişdir. Hazırda ərizəsinin cari statusu "Ərizəniz qəbul edilmişdir" kimi qeyd edilmişdir. Lakin onun müracətindən bu günədək bir ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinin təmin edilməsi və ya müraciətindən imtina edilməsinə dair ona hər hansı bir məlumat verilməmişdir. Odur ki, bir ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinə baxılmadığı üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 2668/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən iddiaçıya verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müxtəlif tarixlərdə müxtəlif elekton poçt qutularına sorğuların ünvanlanması müəyyən edilsə də, sorğuların cavablandırılıb-cavablandırılmaması, icraatın yekunlaşması üçün başqa hansı tədbirlər görməsi qeyri-müəyyən qalır. Digər tərəfdən, inzibati orqanın daxil olmuş müraciət üzrə icraatı öz mülahizəsi üzrə qeyri-müəyyən müddətə aparmaq kimi səlahiyyəti yoxdur. İnzibati icraat haqqında qanunvericilikdə bu müddət 30 gün nəzərdə tutulmuşdur. Həmin müddət əlavə hallar aydınlaşdırılması zərurəti yarandıqda isə müraciət edənə məlumat verməklə 90 günədək artırıla bilər. Lakin iş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana müraciət etdiyi xx.xx.2023-cü il tarixdən məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək (1 ildən artıq müddətdə) sorğulardan əlavə cavabdehin müraciətin araşdırılması istiqamətində hər hansı tədbir görməmiş, icraatın gedişatı barədə iddiaçını məlumatlandırmamış, hər hansı inzibati akt (inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar) çıxarmamışdır. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-974/2022 saylı qərarına istinad edərək qeyd etmişdir ki, iddiaçı ilə eyni dövrdə eyni təhsil müəssisəsində eyni qrupda bakalavriat səviyyəsində oxumuş X4 müraciəti üzrə cavabdeh orqan inzibati icraat aparmışdır, sonuncuya Rusiya Federasiyasının Sankt X7 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialına Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməməsi əsas gətirilərək, diplom üzrə ixtisasın tanınmasından imtina verilmişdir. Yəni, bu o deməkdir ki, cavabdeh orqanda artıq iddiaçının təhsil müəssisəsi barədə məlumat olduğundan icraatı aparmaq və yekunlaşdırmaq imkanı mövcud idi. Məhkəmə tərəfindən cavabdehə sorğu verilərək, Agentlik tərəfindən xx.xx.1984-cü il təvəllüdlü X6 diplomunun tanınıb-tanınmaması, müsbət halda ona verilmiş ekvivalentlik şəhadətnaməsinin məhkəməyə göndərilməsinin təmin edilməsi xahiş olunmuş, cavabdeh orqan cavab məktubunda qeyd etmişdir ki, X12 2008-ci ildə hələ Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi zamanı müraciət etmiş və şəhadətnamə almışdır. İdarə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 479 saylı Fərmanına əsasən yenidən təşkil edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmişdir. Bunun nəticəsidir ki, cavabdehin daha sonralar yaradılmış elektron ərizə sistemində keçmiş dövrlərdə müraciət etmiş vətəndaşların icraat materiallarının bir qismi qalmamışdır. Ona görə də, X8 verilmiş şəhadətnamənin təqdim edilməsinin mümkün olmadığı bildirilərək, icraatın yekun nəticəsini təsdiq edən elektron ərizə sistemi təqdim edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi məhkəmədən kənar qaydada 2008-ci ildə X6 diplomunu tanıyaraq, bu barədə şəhadətnamə vermişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əldə etdiyi xarici kvalifikasiya barədə iddiaçının təhsil aldığı ölkəyə çoxsaylı sorğular göndərilmişdir. İnzibati orqan tərəfindən verilmiş sorğulara cavab gəldikdən sonra inzibati icraat tamamlanaraq yekun qərar qəbul edir. Sorğulara cavabdehin imtinası ərizəçinin müraciət etdiyi tarix dövründə qüvvədə olan normativ aktın tələblərinə və normativ aktda ona verilmiş səlahiyyət çərçivəsinə uyğundur. İnzibati orqan inzibati işin araşdırılması məqsədi ilə çoxsaylı sorğular göndərmiş, sərhəd keçmə məlumatlarını yoxlamış və digər tədbirlər görmüş və bu barədə məhkəməyə məlumat vermişdir. Lakin məhkəmə bu halı da nəzərə almadan yekun məhkəmə qərarı qəbul etmişdir. Hazırda iddiaçı barəsində yekun inzibati akt mövcud deyildir. Məhkəmə heç bir fakta əsaslanmadan yekun akt olmadan mülahizəyə əsasən qərar qəbul etmişdir. Ərizəçinin işi barəsində inzibati icraat aparılmaqdadır. Bu hal çoxsaylı sorğularda da öz əksini tapmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarı ilə İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 16 aprel 2023-cü il tarixdə müraciət etmiş və 1 il gözləməyinə baxmayaraq elektron kabinetdə heç bir hərəkət aparılmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hətta, Gəncə İnzibati Məhkəməsində işə baxılarkən Təhsildə Keyfiyyət Təminatı Agentliyi icraatın aparıldığı barədə və oxuduğu təhsil müəsissəsindən cavab gözlədiklərini bildirsə də, o, həmin müəssisədən 10 gün müddətində elektron qaydada müraciət edib həqiqətən həmin təhsil müəssisəsində təhsil almağı barədə arayış ala bilmişdir. 26 sentyabr 2024-cü il tarixdə guya oxuduğu təhsil müəssisəsi tərəfindən elektron qaydada cavab verilmədiyi üçün poçt vasitəsilə məktub ünvanlandığı göstərilsə, həmin məktubun göndərilməsi barədə sənədi tələb etsə də, cavabdeh orqan həmin sənədi təqdim edə bilməmişdir. Burdan da belə qənaətə gəlmək olar ki, həmin sənəd göndərilməmiş və yalandan məktub yazılmışdır. Ümumiyyətlə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi heç bir icraat aparmamışdır. Hazırda qüvvədə olan diplomların qarşılıqlı tanınması barədə 13 may 2003-cü il tarixli saziş olmasına baxmayaraq, Agentlik bununla bağlı heç bir fikir bildirməmişdir. Müraciət etdikdən 1 il 6 ay keçməsinə baxmayaraq, onun elektron kabinetində heç bir dəyişiklik olmadığından 2024-cü ilin oktyabr ayında hər gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etdikdən sonra 01 noyabr 2024-cü il tarixdə elektron kabinetində heç bir araşdırma aparılmadan filialda oxuduğu üçün imtina qərarı qəbul etmişlər. Həmin imtina əsassızdır. Çünki o, filialda oxusa da, 2004-cü ilin noyabr ayında filial bağlandığı üçün təhsilini Sankt- Peterburqda başa vurmuşdur. Eləcədə bildirir ki, imtina əhəmiyyətsizdir. Çünki 1 il 6 ay keçdikdən sonra onun çoxsaylı müraciətlərindən sonra formal xarakterli imtina qərarı qəbul edilmişdir. Onunla bir yerdə təhsil alan qrup yoldaşlarından Rzayev Emilin diplomu 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Digər şəxs İmanova Cəmilənin diplomu Bakı Apellyasiya Məhkəməsi tərəfindən artıq tanınmış və bu barədə qərar Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Odur ki, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılışdır. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Təhsil haqqında dövlət sənədi .... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. ... Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. ... Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərinqarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə- Saziş): Bənd 1. X14 dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Bənd 6. Dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Bənd 7. Beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Fedeasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” Bənd 1.6 ....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 14.Sübut etmə vəzifəsi ... 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. ... Apellyasiya şikayətinin mümkünlüyü və apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, apellyasiya şikayəti mümkündür. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası ilk öncə iddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapan hallarından göründüyü kimi, iddiaçıya “Hüquqşünas” ixtisası və təhsil aldığı müəssisəni bitirməsinə dair diplom Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsinin Dövlət İmtahan Komissiyasının qərarı ilə verilmiş və həmin diplom səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya diplom Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsi tərəfindən verildiyindən, bu qərarın “Tətbiq edilən hüquq” hissəsində istinad edilən Sazişin müddəaları hazırkı mübahisəyə tətbiq olunmalıdır. Belə ki, həmin Sazişin 6-cı bəndinin tələbinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır. Eyni zamanda məhkəmə kollegiyası analoji iş üzrə cavabdeh inzibati orqanın “filialın lisenziya olmadan qanunsuz fəaliyyət göstərməsi” dəlilinə münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə istinadla qeyd edir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan, təhsil müəssisəsinin filialının qanunsuz fəaliyyəti orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Bundan əlavə iş materiallarında olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-974/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən X5 (hazırkı iş üzrə iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni ixtisas üzrə və eyni qrupda təhsil almışdır) verilmiş BCA ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şahadətnamə verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuş, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-987/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, iddiaçı ilə birlikdə oxumuş digər şəxs - X6 diplomunun cavabdeh orqan tərəfindən məhkəmədən kənar qaydada tanınmasına dair ona 000979 nömrəli şəhadətnamə verilmişdir. Belə ki, X12 2008-ci ildə hələ Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi zamanı müraciət etmiş və şəhadətnamə almışdır. İdarə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 479 saylı Fərmanına əsasən yenidən təşkil edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Sonda məhkəmə kollegiyası cavabdeh inzibati orqanın “inzibati icraat aparılması və icraatın hazırki vaxtadək yekunlaşmaması” ilə bağlı apellyasiya dəlilinə münasibətdə qeyd edir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz (İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 21.1-21.2, 28.3-28.4, 48.1-48.4 və 52.5-ci maddələri). Sadalanan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, inzibati orqan tərəfindən inzibati icraatın hansı qaydada və hansı müddətdə aparılmalı olması birmənalı olaraq qanunda öz əksini tapmışdır. Hazırki iş üzrə cavabdeh inzibati orqan apellyasiya dəlilində inzibati icraat aparıldığını bildirsə də, bu icraatın başlanması, icraatla bağlı iddiaçıya, yəni inzibati icraatın iştirakçısına hər hansı məlumat verilməsi, onun çağırılması, dinlənilməsi də daxil olmaqla, ümumiyyətlə aparılan icraatın hansı mərhələdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti ilə bağlı inzibati icraat aparması və 1 ildən artıq müddət ərzində də yekun nəticəyə gələ bilməməsi həqiqətə uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavbdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı X11 Şəxsi tərəfindən verimiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2668/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar