Məhkəmə qərarları › İş №2-1(104)-200/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-200/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-200/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Ağalaov Akif Rəşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2320/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Daşkəsən rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 39 nömrəli arxiv çıxarışında qeyd olunmuşdur ki, Daşkəsən rayonu, Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabının 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabından məlum olur ki, X4 adına təsərrüfat var və həmin təsərrüfatın sahibi X4 özüdür. Təsərrüfatın şəxsi istifadəsində olan torpağın 0.25 hektardır. xx.xx.2008-ci il tarixli, AZ-İ 315955 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin oktyabr ayının 13 günündə 666 nömrəli ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubundan görünür ki, müraciətə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilməməsi, həmçinin torpaq sahəsinin mərz nişanlarının olmadığı üçün faktiki yerinin təyin edilməməsi səbəbindən iddiaçının müvafiq müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası 1932-ci ilin fevral ayında X2 rayonunun Tülallar kəndində anadan olmuşdur. X1 1943-cü ildə vəfat etmişdir. 06. 05.1954-cü ildə atası və anası rəsmi nikah bağlamışdır. Evləri qəzalı vəziyyətdə olduğu üçün Gəncə şəhərinə köçür yay aylarında kənddə gedib dəyə qurub yaşamışlar, torpağı heç kimə satmamışlar. 1974-cü ilə qədər Tülallar və Çıraqlı kəndləri Daşkəsən rayonunun nəzdində olmuş və arxivləri Dəstəfur kəndində yanmışdır. Daşkəsən rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 39 nömrəli arxiv çıxarışına əsasən Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfat başına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabından məlum olur ki, X4 adına təsərrüfat var və həmin təsərrüfatın sahibi X4 özüdür. Təsərrüfatın şəxsi istifadəsində olan torpağın cəmi sahəsi 0.25 hektardır. Həmin torpaq sahəsi X6 evinin, X7 evinin və X5 evinin arasındadır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********52 nömrəli etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, müraciətə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilmədiyi müəyyən edilmiş, vətəndaş öz torpaq sahəsini naturada təqdim edə bilməmişdir. Həmçinin, torpaq sahəsinin mərz nişanlarının olmadığı üçün faktiki yerinin təyin edilməsi mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2320/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının atası X4 adına 0.25 ha torpaq sahəsindən ibarət təsərrüfat olması qeyd olunsa da, torpaq sahəsinin ona verilməsi barədə hüquqmüəyyənedici sənəd yoxdur, mübahisələndirilən torpaq sahəsinin koordinatları bəlli deyil. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2320/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək apelyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Cavabdeh inzibati orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi İPM-in 12 və 13-cü maddələrinin tələbinə əməl etməyərək araşdırma aparmamış, o cümlədən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinə dair yardım etməmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçı 0,25 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İş materiallarından məlum olur ki, Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950- 1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 №-li şəxsi hesabında Tülallar kəndində iddiaçının atası X4 adına 0.25 ha torpaq sahəsindən ibarət təsərrüfat vardır və həmin təsərrüfatın sahibi X8r (Daşkəsən rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 39 nömrəli arxiv arayışı). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanın

2. bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış. Göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Adıçəkilən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin dairəsi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə müəyyən edilmişdir. Başqa sözlə, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar hüquqların dövlət reyestrində qeydə alınması üçün əsasdır. İddiaçı hazırki tələbində məhz qeyd olunan təsərrüfatbaşına kitabdan çıxarışa istinad edərək 0,25 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Apellyasiya kollegiyası vurğulayır ki, torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd Fərrux Məmmədovun adına olduğundan ilkin qeydiyyatda məhz onun adına aparılmalı, bundan sonra vərəsəsi kimi hazırki iş üzrə İddiaçı adına torpaq sahəsinin üzərində mövcud mülkiyyət hüququnun qeydə alınması həyata keçirilməli idi. Başqa sözlə, iddia tələbində məhz təsərrüfatbaşına kitabda adı qeyd olunmuş Fərrux Məmmədovun adına ilkin qeydiyyatın aparılması mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərardadda göstərilən xüsusatlara əsasən İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçıya lazımi hüquqi yardım edilməli, hüquqi marağı müəyyən edilməklə iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmalıdır. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir («Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarın 3.2. bəndi). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən plenum qərarında əksini tapan tərəfə yardım etmək vəzifəsinin geniş mənada birinci instansiya məhkəməsinin üzərinə vəzifə kimi qoyulması hazırki halda əsas verir ki, birinci instansiya məhkəməsinin yalnış cavabdehi əvəz etməsinin aradan qaldırılması apellyasiya icraatı zamanı deyil, iş üzrə yenidən birinci instansiya məhkəməsində işə baxılması zamanı mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Beləliklə, birinci instansiyası məhkəməsinin qərarı İPM-in 12.1 və 13-cü maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 12, 13 və 80-ci maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2320/2022 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar