Məhkəmə qərarları › İş №2-1(104)-200/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-200/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-200/2025 03.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3806/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun əri X6 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Qeyd edir ki, mayor X3 rəisi-kəşfiyyat bölməsinin (Q2) rəisi xx.xx.2020-ci il tarixdə Goranboy rayonu Gülüstan kəndinin Kəhrilər xarabalığı istiqamətində gedən hərbi əməliyyatlarda digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr nəticəsində həlak olmuşdur. Ona şəhid ailəsi statusu verilmişdir. Hazırda o, cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək X1 olaraq şəhid olması ilə əlaqədar onun ailəsinə verilməli sığorta ödənişini tələb etmiş, lakin ona imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, “Azərsığorta" ASC-nin Nazirliyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2020-ci il tarixində həlak olan X5 vərəsəsinə (və ya vərəsələrinə) xx.xx.2021-ci il tarixində 11.000 manat sığorta ödənişi tam olaraq verildiyindən əlavə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi mümkün hesab edilmir. O, bu imtina ilə razı deyil. Əvvəla, Hörmətli Prezidentin şəhid ailələri üçün 11000 manat verilməli olan pul məbləği ilə bağlı 2018-ci il tarixli fərmanı vardır. Əgər onlara ödənilmiş 11000 manat pul sığorta ödənişi ilə bağlı olmuşdursa, belə çıxır ki, ona Prezidentin fərmanı ilə verilməli olan ödəniş ödənilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.11-ci yarımbəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3806/2024 saylı qərardadı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iş üzrə mübahisə olmadığından icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi mərhum əri X2 fəaliyyətinin subyekti olaraq xidməti vəzifələrinin icrası zamanı həlak olması ilə əlaqədar ona sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçıya xx.xx.2021-ci il tarixdə 74.250 (yetmiş dörd min iki yüz əlli) manat kompensasiyanın ödənilməsini əsası götürməklə iş üzrə mübahisə olmadığından icraata xitam vermişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2025-ci il tarixdə “mərhum mayor X4 vərəsəsi İddiaçı ödənildiyi qeyd edilən 74.250 (yetmiş dörd min iki yüz əlli) manat vəsaitin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci bəndində təsbit olunan “sığorta ödənişi” və yaxud 20.12-ci bəndində təsbit edilən “kompensasiya” şəklində olub-olmaması barədə məlumatın təqdim edilməsinə” dair sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, mərhum mayor X4 vərəsəsi İddiaçı xx.xx.2021-ci il tarixdə ödənilmiş 74.250 (yetmiş dörd min iki yüz əlli) manat pul vəsaiti “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalarına” 5 nömrəli Əlavəyə əsasən kompensasiya şəklində ödənilmişdir. Cavabdeh orqanın cavab məktubundan da görünür ki, ödənilmiş vəsait sığorta ödənişi deyil, məhz kompensasiya xarakterli ödəniş olmuşdur. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi isə bu istiqamətdə ətraflı araşdırma aparmamış, qeyd olunan hüquqi fərqi aydınlaşdırmadan, iddiaçının tələbini və işin hüquqi mahiyyətini tam qiymətləndirmədən iş üzrə icraata xitam vermişdir. Bundan əlavə həmçinin iddiaçı özü də məhkəmə kollegiyasının iclası zamanı izahatında bildirmişdir ki, ona kompensasiya şəklində ödəniş edilmişdir, hazırda onun tələbi isə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulan sığorta ödənişinin edilməsidir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Göründüyü kimi birinci instansiya məhkəməsi İPM-in 67-ci maddəsinə əsaslanmaqla cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı əsası ilə iş üzrə icraata xitam vermişdir. Lakin yuxarıda göstərilən hallardan göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və iddia tələbinə uyğun olmayan qərar qəbul edilmişdir. Belə ki, iddiaçının hüquqi marağı hazırda Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilməsinə nail olmaqdan ibarət olduğundan cavabdeh tərəfindən ödənilmiş 74.250 manat pul vəsaiti iddia tələbinin təmin olunması hesab edilə bilməz. Odur ki, məhkəmə araşdırması da iddiaçıya Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilməsi istiqamətində aparılmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsaəsn məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3806/2024 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar