Məhkəmə qərarları › İş №2-1(104)-202/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-202/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-202/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayənəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2255/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1979-cu il tarixli, 121 nömrəli əmrlə X8 İdarəsinə (Dəyirman) fəhlə qəbul olunmuş, xx.xx.1981-ci il tarixli 112 nömrəli əmrlə məzuniyyətə buraxılmışdır. M.D.Hüseynova adına xalça kombinatının (sonradan X3, X9 MMC) xx.xx.1983-cü il tarixli, 137k nömrəli əmrilə iddiaçı xx.xx.1983-cü il tarixdən işə qəbul olunmuş, xx.xx.2011ci il tarixli, 03K nömrəli əmrilə xx.xx.2008-ci il tarixdən işdən azad edilmişdir. X9 MMC tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.1983- cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən 2 nömrəli siyahının 32-ci bölməsində qeyd olunan burucu avadanlığının operatoru, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək sarıyıcı avadanlığının operatoru, xx.xx.1990-cı il tarixdən xx.xx.2008-ci il tarixədək əyrici avadanlığının operatoru vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1984-cü il tarixli, 80k nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1985ci il tarixədək, xx.xx.1987-ci il tarixli, 111k nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixli, 79k nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək analıq məzuniyyətində, Kombinatda xammal olmadığına görə xx.xx.1994xx.xx.1994, xx.xx.1995-xx.xx.1996-cı il və xx.xx.1999-xx.xx.1999-cu illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, sonuncu isə xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina etmişdir Birinci instansiya məhkəməsində icraat İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1979-xx.xx.1991-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir İmtinadan görünür ki, iddiaçının əmək kitabçasındakı iş stajı 13 il 07 ay 07 gün olmaqla 20 il iş stajı normasından az olması ilə əlaqələndirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu əsasla imtina etməsi onun hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Belə ki, əmək kitabçasında qeyd edilməsə də, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddət üçün arxiv arayışı təqdim etməsinə baxmayaraq bu müddət iş stajına daxil edilməmişdir. Bu isə “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələblərinə ziddir. Bundan başqa Xalça Kombinatında 1983-cü ildən 2008-ci ilədək işləmiş və işlədiyi sahələr ağır iş şəraiti hesab edilməklə 10 ildən artıqdır. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 52 yaşı tamam olduğu vaxtdan yaranmışdır Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2255/2022 saylı qərarı ilə (hakim Z.Quliyev) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçının əmək fəaliyyətini təsdiq edən sənədlərə görə xalça kombinatında xx.xx.1983-cü il tarixdən burucu avadanlığının operatoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək sarıyıcı avadanlığının operatoru, xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək əyrici avadanlığının operatoru vəzifəsində işləmişdir. qeyd olunan dövlər üzrə iddiaçının 22 il 04 ay 08 gün iş stajı olduğu görünsə də, iddiaçıya xx.xx.1983-xx.xx.1984, 1984-cü il üzrə 2 ay, 1985-ci il üzr 9 ay, 1986-cı il üzrə 6 ay, 1987-ci il üzrə 4 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 11 ay, 1991- 1993-cü illər, 1994-cü il üzrə 9 ay, 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 6 ay, 1997-1998-ci illər, 1999-cu il üzrə 6 ay, 2000-2002-ci il tarixləri arasındakı dövrlər üzrə əmək haqqı ödənilmişdir. Nəticədə iddiaçı 13 il 07 ay sosial sığorta stajı toplamışdır ki, həmin müddət cavabdeh qurum tərəfindən mübahisələndirilmir. Bununla yanaşı, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək analıq məzuniyyətində olmuşdur. İddiaçı uşağa qulluq etdiyi xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 09 ay (1984cü ilin aprel və 1985-ci ilin fevral ayı əmək haqqı aldığı dövr ilə üst-üstə düşür), xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 08 ay 27 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 01 il 03 ay 02 gün (1989-cu ilin avqust və sentyabr ayları əmək haqqı aldığı dövrlə üst-üstə düşür), cəmi 02 il 08 ay 29 gün sosial sığorta stajı toplamışdır. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan müddətlər nəzərə alınmaqla X6 işlədiyi dövr üzrə (əmək haqqı aldığı 13 il 07 ay 07 gün, uşağa qulluq etdiyi 02 il 08 ay 29 gün, xəstəlik vərəqəsi təqdim etdiyi 06 ay) 16 il 08 ay sosial sığorta stajı toplamışdır. Digər tərəfdən, iddiaçı xx.xx.1979-xx.xx.1991-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin də sosial sığorta stajına daxil edilməsini tələb edir. iddiaçının xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi 01 il 10 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi də mübahisələndirilməli deyil. Lakin həmin müddəti də nəzərə alındıqda belə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi sosial sığorta stajı tamamlanmadığından, onun hazırkı məzmunda iddiası təmin oluna bilməz. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən əmək pensiyası verən stajın hesablanması eskpertiza təyin edilməklə keçirilməmiş, hakim tərəfindən cavabdehin verdiyi məlumatlara əsaslanaraq düzgün olmayan hesablamaya əsaslanmışdır. İddiaçının hətta Naxçıvan Muxtar Respublikasında işlədiyi 1 il 10 ay 22 gün müddət hesablanmasa belə 20 ildən artıq iş stajı vardır. İddiaçı əmək pensiyasının tam hesablanması məqsədilə NMR-da işlədiyi müddətin də staja hesablanmasını tələb etmişdir. Ancaq məhkəmə tərəfindən yuxarıda qeyd edilən kimi iddiaçıya hesablanmış iş stajı cavabdehin hesablamasına görə olan nəticələrə əsasən qərar çıxarmışdır. Məhkəmənin cavabdehin hesablaması əsasında guya onun cəmi 16 il, 08 ay sosial sığorta stajının olması qənaətinə gəlməsi tam əsassız və qanunsuzdur. Apellyasiya şikayətinə etirazda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək analıq məzuniyyətində olmuşdur. İddiaçının uşağa qulluq etdiyi xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 09 ay (1984-cü ilin aprel və 1985-ci ilin fevral ayı əmək haqqı aldığı dövr ilə üst-üstə düşür), xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 08 ay 27 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 01 il 03 ay 02 gün (1989-cu ilin avqust və sentyabr ayları əmək haqqı aldığı dövrlə üst-üstə düşür), cəmi 02 il 08 ay 29 gün sosial sığorta stajı toplamışdır. "X9" MMC tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçı xx.xx.1994-xx.xx.1994 (02 ay), xx.xx.1995-xx.xx.1996-cı (09 ay) və xx.xx.1999xx.xx.1999-cu illərdə (06 ay), ümumilikdə 01 il 05 ay öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Məhkəmə öz qərarında qeyd etmişdir ki, həmin dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə əsasən əmək haqqı saxlanılmadan məzuniyyət ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Qismən ödənilən məzuniyyət və əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddətinin iş stajına daxil edilməsi uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Bu məzuniyyət müddətləri sonrakı illik məzuniyyətlər üçün hüquq verən iş stajına daxil edilmir. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyət dövrü iddiaçının əmək stajına aid edilə bilməz. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan müddətlər nəzərə alınmaqla X6 işlədiyi dövr üzrə (əmək haqqı aldığı 13 il 07 ay 07 gün, uşağa qulluq etdiyi 02 il 08 ay 29 gün, xəstəlik vərəqəsi təqdim etdiyi 06 ay) 16 il 08 ay sosial sığorta stajı toplamışdır. Digər tərəfdən, iddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının "Naxçıvan taxıl tədarükü" İdarəsində işlədiyi müddətin də sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının "Naxçıvan taxıl tədarükü" İdarəsində işlədiyi 01 il 10 ay 22 gün müddət nəzərə alındıqda belə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi sosial sığorta stajı tamamlanmadığından, onun hazırkı məzmunda iddiası təmin oluna bilməz. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayənəsi X5 apellyasiya şikayətinə etirazda qeyd olunanlara uyğun izahat verdi, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2255/2022 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1979-xx.xx.1991-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi hazırki işdə mübahisə predmeti İddiaçı xx.xx.1979-xx.xx.1991-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja daxil edilibedilməməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edən zaman gəldiyini nəticəni onunla əsaslandrımışdır ki, iddiaçının xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi 01 il 10 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi də mübahisələndirilməli deyil. Lakin həmin müddəti də nəzərə alındıqda belə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi sosial sığorta stajı tamamlanmadığından, onun hazırkı məzmunda iddiası təmin oluna bilməz. Göründüyü kimi, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xx.xx.2006-cı il tarixədək 20 il sosial sığorta stajını toplamadığından qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək aşağıdakıları qeyd edir. Belə ki, iddia tələbinin hüquqi əsasını yuxarıda qeyd olunan “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi təşkil edir. Ona görə də işin halları bu normaların dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Qeyd olunan normaların tələblərinə əsasən iddiaçıya (50+2) 52 yaşda güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı arxiv arayışlarında qeyd edilən dövr ilə birlikdə 20 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcuddur. Birinci instansiya məhkəməsi isə iş üçün əhəmiyyətli olan halları tam və əhatəli araşdırmadan qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan X9 MMC tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.1983- cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən 2 nömrəli siyahının 32-ci bölməsində qeyd olunan burucu avadanlığının operatoru, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək sarıyıcı avadanlığının operatoru, xx.xx.1990-cı il tarixdən xx.xx.2008-ci il tarixədək əyrici avadanlığının operatoru vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1984-cü il tarixli, 80k nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1987-ci il tarixli, 111k nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixli, 79k nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək analıq məzuniyyətində, Kombinatda xammal olmadığına görə xx.xx.1994-xx.xx.1994, xx.xx.1995-xx.xx.1996-cı il və xx.xx.1999-xx.xx.1999-cu illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Bundan başqa Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 13/696 saylı arxiv arayışına əsasən, iddiaçının xx.xx.1979-cu il tarixli 121 saylı əmrlə X7 İdarəsinə “üyüdücü” qəbul edilməsi, xx.xx.1981-ci il tarixli 112k saylı əmrlə məzuniyyət müddəti bitdiyi üçün işdə hesab edilməsi əmr kitablarında göstərilmişdir. Eyni zamanda "X9" MMC-də xx.xx.1983-xx.xx.2008-ci il tarixləri arasındakı dövr üzrə dəqiqləşdirilməsi ilə bağlı verilmiş sorğuya Dövlət Sosial Müdafiə Fondunun X1 və "X9" MMC tərəfindən tərtib olunaraq birgə təsdiq olunmuş aktda 2003-2005-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənişlərin olmadığı və həmin illərdə haqı ödənilmədən iddiaçının öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının 2003-2005-ci il illərdə haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olması ilə bağlı iş materiallarında hər hansı əmrlə təsdiq edilməsi müəyyən edilmir və "X9" MMC-nin təqdim etdiyi arxiv arayışında da həmin tarixlərə münasibət bildirilməmişdir. Həmçinin iddiaçıya dair əmək haqqı barədə cədvəllərdə 1988-cil arzində əmək haqqı barədə məlumatın aşkar olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göründüyü kimi iddiaçının X9 MMC-də və X7 İdarəsində işlədiyi illər hesablanan zaman onun həqiqətəndə 22 il 4 ay 8 gün iş stajı müəyyən edilir. Həmçinin X9 MMC tərəfindən verilən arayışlardanda müəyyən edilir ki, iddiaçı xx.xx.1994-xx.xx.1994 (02 ay), xx.xx.1995-xx.xx.1996-cı (09 ay) və xx.xx.1999-xx.xx.1999-cu illərdə (06 ay), ümumilikdə 01 il 05 ay öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu 01 il 05 ay ümumi staj müddətindən çıxıldıqda belə, yenə də iddiaçının 20 il stajı tamam olur. Bu hal isə iddiaçıya işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsas verir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. İddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2255/2022 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2255/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar