Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-202/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehiin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-2092/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur.
2. 16.05.1977-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı İsbəndiyar oğlu xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur.
3. 29.01.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı İsbəndiyar oğlu xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Səfərəliyev sovxozunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Fərid” kiçik müəssisəsində, xx.xx.1992ci il tarixdən xx.xx.1994-cü il tarixədək Əhaliyə Xidmət Kombinatında, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işləmişdir.
4. Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-39RA/2-Ə290/1/2023 nömrəli arxiv arayışından görünür ki, Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsinin sənədləri mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
5. İddiaçı İsbəndiyar oğlu yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-170527/2024 nömrəli məktubla ona imtina cavabı verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 17 il 9 ay 17 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən çıxma qeydlərində direktorun imzası olmadığından) xx.xx.1994-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilir ki, qeyd olunan dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
6. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş: - Müəssisənin (obyektin) alğı-satqısı haqqında xx.xx.2007-ci il tarixli, 1344 nömrəli müqaviləyə əsasən Satıcı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “Avtomotoservis və Ticarət” RİB-nin Samux Avtomotoservis və Ticarət müəssisəsini onun əmək kollektivinə satmışdır. - Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli, 002379 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, X6, X4, İddiaçı İsbəndiyar oğlu və X5 həqiqətən Samux rayonu, Nəbiağalı qəsəbəsi, H.Əliyev prospekti, 133 ünvanında yerləşən “Avtomotoservis və Ticarət” RİB-nin Samux Avtomotoservis və Ticarət müəssisəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar. - “Avtomotservis və Ticarət” X9 Avtomotoservis və Ticarət Müəssissəsinin işçiləri haqqında məlumatdan görünür ki, İddiaçı İsbəndiyar oğlu həmin müəssisədə gözətçi işləmişdir.
7. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-18/2- 27935/2024 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən "xxxx" Müəssisəsisinin (VÖEN: **********) özəlləşməsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İsbəndiyar oğlu xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi illərin nəzərə alınaraq əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Səfərəliyev sovxozunda fəhlə işləmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Fərid” kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Əhaliyə Xidmət Kombinatında, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işləmişdir. Lakin, xx.xx.1994-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi nəzərdə tutulmur. Bununla bağlı o, Dövlət Arxivinə müraciət etsə də, Avtomotoservisə dair sənədləri tapa bilməmişdir və müəssisə bağlandığından, həmin müəssisə özəlləşdirməyə getdiyindən, həmin əmlakı yeni sahibkar aldığından müəssisənin rəhbərliyi ilə də əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən də o, əmək pensiyası ala bilmir, çünki onun stajının 25 ili tamam olmur. O, işlədiyi müddətdə həmin avtomotoservis müəssisəsində çoxlu sayda işçilər işləmişdir. Bunlardan Xəlil, Rafayıl, Ariz, Siyavuş, Vaqif və digərlərini misal göstərə və məhkəməyə dəvət edə bilər. Məhkəmə iclasında həmin şəxsləri dinləyib onunla işlədiklərinin şahidi ola bilər.
10. İddiaçı xx.xx.2024-cü il tarixli iclas zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
11. Birinci instansiya məhkəməsinə cavabdeh orqan iddiaya qarşı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər qəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması Qanunun tələbindən onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. İddiaçı təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 17 il 9 ay 17 gün təşkil edir. Həmçinin bildirilir ki, İddiaçıin xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-569/2024 nömrəli qərarının 60-63-cü bəndlərində qeyd edilir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi əmək kitabçası o halda mötəbər hesab olunur ki, onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar mövcud olmasın. Hazırki iş üzrə İddiaçı məxsus əmək kitabçasında xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrdə işə daxil olma və işdən çıxma qeydlərində direktorun imzası olmadığı üçün həmin dövr onun sosial sığorta stajına daxil edilmir. Bundan başqa, Q. Ələkbərovun həmin dövrdə əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı cədvəlləri) və əmr kitablarından çıxarışlar da mövcud deyildir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması da onun xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan sığorta stajını şübhə altına salır. Qeyd olunan Qərarın təhlilindən də aydın olur ki, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Beləliklə, mötəbərliyi qəbul edilməyən xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr ümumi müddətdən çıxıldıqda qanunla tələb edilən 25 illik sığorta stajı tamamlanmır. Buradan aydın olur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən irəli gələn hazırki məzmunda tələb hüququ yoxdur. Məlumat üçün bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. X1 İnformasiya Sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən İddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı İsbəndiyar oğlunun ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2092/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı İsbəndiyar oğlunun xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və İddiaçı İsbəndiyar oğlunun xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır.
15. Məhkəmə iddianı təmin edərkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların müvafiq normalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-2092/2024 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus əmək kitabçasında xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrdə işə daxil olma və işdən çıxma qeydlərində direktorun imzası olmadığı üçün həmin dövr onun sosial sığorta stajına daxil edilmir. Bundan başqa, İddiaçı həmin dövrdə əmək haqqı almağını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) və əmr kitablarından çıxarışlar da mövcud deyildir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması da onun xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan sığorta stajını şüphə altına salır. Birinci instansiya məhkəməsi iddianı xx.xx.2006-cı-xx.xx.2007-ci il tarixlərdə iddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində təmin etməmiş və bunu həmin dövrdə iddiaçının fərdi hesabının sığorta hesabında pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Lakin həmin dövrdə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması xx.xx.2006-cı il tarixdən əvvəlki dövrdə həmin müəssisədə fəaliyyət dövrünü şüphə altına salır. Həmçinin iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək eyni müəssisədə İşlədiyini və xx.xx.1994-xx.xx.2006-cı il tarixlərdəki fəaliyyət dövrünü təsdiq eden başqa sənəd olmadığını da nəzərə alsaq, məhkəmə həmin dövrdə iddianı təmin etməklə yanlışlığa yol vermişdir.
b) Apellyasiya şikayətinə etirazın dəlilləri.
18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2092/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
20. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149. İ və İİİ hissə: Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Maddə 149. Vİİ hissə: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
22. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
23. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.1 və 2-ci hissələrinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən, əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Qərarın 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bənd 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
31. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
42. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğvinə yönəldiyi üçün, hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı İsbəndiyar oğlu ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, eyni zamanda əmək kitabçasının doldurulma qaydasının pozulması, belə ki, xx.xx.1994-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövr üzrə işə daxil olma və işdən çıxma qeydlərində direktorun imzasının olmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
46. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2023-cü il tarixdə artıq tələb olunan yaş həddində (65 yaş) olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu işin mübahisələndirilməyən halıdır.
47. Cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçının mübahisələndirilməyən sığorta stajı 17 il 9 ay 17 gün təşkil edir. Mübahisələndirilən dövr iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi müddətdir. Cavabdeh inzibati orqanın həmin dövrləri sosial sığorta stajı kimi nəzərə almamasının səbəbi əmək kitabçasında şəxsin həmin dövrdə işə daxil olma və işdən çıxma qeydlərində direktorun imzası olmadığı üçün qəbul edilməməsidir.
48. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasındakı qeydlərdən görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Səfərəliyev sovxozunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Fərid” kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Əhaliyə Xidmət Kombinatında, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində əmək fəaliyyətində olmuşdur.
49. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, “Avtomotoservis və Ticarət” RİB-nin Samux Avtomotoservis və Ticarət müəssisəsi dövlət əmlakı olmaqla, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Satıcı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həmin müəssisəni Müəssisənin (obyektin) alğı-satqısı haqqında xx.xx.2007-ci il tarixli, 1344 nömrəli müqaviləyə əsasən onun əmək kollektivinə satmışdır. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli, 002379 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən X6, X4, İddiaçı İsbəndiyar oğlu və X5 həqiqətən Samux rayonu, Nəbiağalı qəsəbəsi, H.Əliyev prospekti, 133 ünvanında yerləşən “Avtomotoservis və Ticarət” RİB-nin Samux Avtomotoservis və Ticarət müəssisəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar. Həmin müəssisənin işçiləri haqqında məlumatda da 3-cü sırada İddiaçı İsbəndiyar oğlunun müəssisədə gözətçi işləməsi qeyd edilmişdir.
50. Bununla da müəyyən edilir ki, müəssisəni satın alan əmək kollektivinin siyahısında, həmçinin müəssisənin işçilərinə dair məlumatlarda İddiaçı İsbəndiyar oğlunun adının olması iddiaçının həmin müəssisədə işləməsini sübut etməklə yanaşı, əmək kitabçasında olan qeydlərin mötəbərliyini bir daha təsdiq edir.
51. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun mübahisələndirilən dövrdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası, iş materiallarına əalvə edilmiş digər sənədlərlə təsdiq olunur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
52. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan maddi hüquq normaları nəzərə alınmalı və əmək kitabçasında göstərilən hal-hazırda mübahisələndirilən illər sosial sığorta stajı kimi qəbul edilməlidir.
53. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiqedici sənəd kimi arayışlara, əmrlərdən çıxarışlara, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinə, vəsiqələrə, xasiyyətnamələrə, yazılı əmək müqavilələrinə, icrası barədə qeydlər edilməklə razılaşmalara, əmək xidmət siyahılarına, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələb etdiyi dövrləri yuxarıda qeyd edilən əsaslara görə sosial sığorta stajı kimi qəbul etməməsi, iddiaçıya pensiya təyin edilməsindən imtina etməsi əsaslı olmamışdır.
54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münaisbətdə qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir və orada qeyd olunan hər bir məlumat (işə qəbul, işdən azad edilmə və.s) onların möhürü ilə təsdiqlənir. Yəni, hər bir halda ki, əmək kitabçasında qeyd olunan məlumatları təsdiq etmək işəgötürənin vəzifəsidir, belə olan halda cavabdehin işçinin işə qəbul edilməsi və işdən çıxması ilə bağlı doldurulma qaydalarına riayət edilməməsi kimi ehtimalın irəli sürülməsi, şəxsin həmin dövrdəki fəaliyyətini təkzib etməməlidir, başqa sözlə bu kimi hallar iddiaçının ziyanına şərh edilə bilməz.
55. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilinə, yəni əmək haqqı cədvəllərinin olmaması ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə aid əmək haqqı cədvəllərinin qorunub saxlanılmaması və mühafizə olunmaq üçün arxivə təhvil verilməməsi və ya əmək haqqı cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından, həmin dövrün iddiaçının stajı kimi hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən dövrdə müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin dövrdə öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən qeyd edilən dövrdə əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Bu hal iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından onun vəziyyətinin pisləşməsi ilə nəticələnməməli, ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas olmamalıdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
57. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (17 il 9 ay 17 gün) və mübahisələndirilən sığorta stajı nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.
58. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
59. Odur ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
60. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2092/2024 saylı qərarı yoxlanılan hissədə, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.