Məhkəmə qərarları › İş №2-1(104)-203/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-203/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-203/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “Doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2645/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.2022-ci il tarixli XXİ-JQ 314643 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X3 xx.xx.1997-ci il tarixdə anadan olması qeyd edilmişdir.

2. AZE seriyalı 13810855 nömərli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəninin surətində X3 xx.xx.1997-ci ildə anadan olması qeyd edilmişdir.

3. SX№0294350 nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X6 hərbi xidmət keçmişdir.

4. xx.xx.1998-ci il tarixli 16 nömrəli doğum haqqında akt qeydində İddiaçı xx.xx.1997-ci il tarixdə anadan olması, ata qrafasında “X7”, ana qrafasında “X8” qeyd edilmişdir.

5. xx.xx.2022-ci il tarixli AZ-T 190179 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1998-ci ilin mart ayının 11-ci günündə 16 nömrə ilə qeyd edilmişdir.

6. Cavabdeh 29 avqust 2022-ci il tarixli, 05/Q-460/15 nömrəli məktubu ilə İddiaçı doğum akt qeydində yaranmış ziddiyyətlərin aradan qaldırılmasına dair ərizəsinin təminindən imtina edilmişdir.

7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyi” “Zaqatala Rayon Mərkəzi Xəstəxanası 22 fevral 2023-cü il tarixli 2-1(104)-203/2023 nömrəli məktubunda qeyd olunur ki, X4 Zaqatala rayon X2 şöbəsində xx.xx.1997-ci il tarixində çəkisi 3900 qr, boyu 52 sm olan diri oğlan uşaq dünyaya gətirmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2-1(104)-203/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı Gəncə Şəhər Baş Polis İdarəsində axtarışda olmamış, şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmiş, məhkumluğu olmamışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 23 iyun 2023-cü il tarixli, 114/2023 nömrəli məkubunda qeyd olunmuşdur ki, xx.xx.1997-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuş, Goranboy rayonu Qızılhacılı qəsəbəsi M.Əsədov küçəsi,ev.23 ünvanında qeydiyyatda olan İddiaçı barəsində borc tələbinə dair icra sənədi daxil olmayıb.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 01 avqust 2023-cü il tarixli, 875 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1997-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuş, Goranboy rayonu Qızılhacılı qəsəbəsi M.Əsədov küçəsi,ev.23 ünvanında qeydiyyatda olan İddiaçı barəsində borc tələbinə dair icra sənədi daxil olmayıb.

11. Azərbaycan Kredit Bürosunun 22 sentyabr 2023-cü il tarixli, 1006/23 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayonu məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2-1(104)-203/2023 saylı qərardadının icra edilməsi ilə əlaqədar İddiaçı Elçin oğlunun (AZEAA*******) Büronun məlumat bazasından çıxarışında büroda məlumat təchizatçılarının təqdim etdiyi informasiyaların yalnız texniki emal olunması və bu məlumatların hər birinin dəqiqliyi büro tərəfindən yoxlanılması qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydinə düzəliş edilərək soyadının “Abbasov”, doğum tarixinin isə “xx.xx.1997-ci il” qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə,pasportda, hərbi biletdə, diplomda və s. Bütün sənədlərində soyadı “Abbasov” kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsini dəyişəndə ona məlum olmuşdur ki, onun soyadı və doğum tarixi Vətəndaşlıq vəziyyəti Aktının Qeydiyyat kitabında səhv yazılmış və elektron sistemə səhv köçürülmüşdür. Belə ki, soyadının “Abbasov” yazılmasının səbəbi babasının adının Abbas olmasıdır. Bundan başqa bacısının da soyadı “Abbasovad”dır.(hazırda ər soyadındadır.) belə ki, iddiaçının doğum haqqında şəhadətnaməsi 10 fevral 1998-ci il tarixdə verilib və şəhadətnamədə soyadı Abbasov, doğum tarixi 12 noyabr yazılıb. Həmin şəhadətnamə əsasında digər sənədləri (sürücülük vəsiqəsi, hərbi bilet, diplom, ümumvətəndaş pasportu və sair) tərtib olunmuşdur. İddiaçı doğum akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2645/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun doğum tarixi “xx.xx.1997-ci il”, soyadı isə “Qasımov” kimi qeyd edilmişdir. Odur ki, iddiaçının sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi akt qeydində düzəliş edilməsinə əsas vermir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq doğum haqqında şəhadətnamə xx.xx.1998-ci il tarixində Azərbaycan Respublikası Goranboy rayonu İcra Hakimiyyətinin Qızılhacılı qəsəbə nümayəndəliyində tərtib olunaraq onun valideynlərinə verilmiş və həmin doğum haqqında şəhadətnamə əsasında onun bütün digər sənədləri tərtib edilmişdir. O, cümlədən 1998-ci ildə ilk dəfə verilmiş doğum haqqında şəhadətnamə ilə o, orta məktəbə getmiş, orta məktəbi bitirməsinə dair attestat almış, həmin attestatda onun soyadı və doğum tarixləri ilkin olaraq verilmiş doğum haqqında şəhadətnamə əsasında yazılmışdır. Məhkəmə bu faktları araşdırmaq üçün ilkin olaraq şəhadətnamə vermiş Goranboy rayon Qızılhacılı kənd İcra Hakimiyyətinin nümayəndəliyindən, oxuduğu orta məktəbdən müvafiq sənəd və sübutları toplamalı olduğu halda bunu etməmişdir. Məhkəmə işə baxarkən cavabdehi məhkəmə iclasına dəvət etməsinə baxmayaraq, cavabdeh orqanın özünün iştirakı olmadan baxılmasına dair yazdığı müraciətlə kifayətlənmiş, cavabdehin iddiaya dair münasibətini aydınlaşdırmamışdır. Məhkəmənin qərarının əsaslandırılması ondan ibarətdir ki: “İddiaçının valideyinlərinin soyadı “Qasımov”dur, buna uyğun olaraq da iddiaçının soyadı doğum haqqında akt qeydində buna uyğun olaraq verilmiş doğum haqqında şəhadətnamədə “Qasımov” kimi qeyd olunmuşdur, eyni zamanda qeyd edilməlidir ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə də onun doğum tarixi və soyadı qeyd olunmuşdur. Odur ki, iddiaçının sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi akt qeydində düzəliş edilməsinə əsas vermir”. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur. Lakin məhkəmə ona doğum haqqında akt qeydinin əsasında 1998-ci ildə yazılmış doğum haqqında şəhadətnamənin verilməsini və hansı səbəbdən əlində 2 fərqli məlumatlar yazılan doğum haqqında şəhadətnamələrin əsli olduğunu aydınlaşdırmamışdır. Bundan başqa onun bütün sənədlərində soyadı “Abbasov”, doğum tarixi isə “12 noyabr” yazılması ilə əlaqədar hal-hazırda ona verilmiş şəxsiyyət vəsiqəsi ziddiyyət təşkil edir və onun şəxsiyyətini müəyyən edən bir sıra sənədlər də vardır ki, həmin sənədlərin ona məxsus olmasına dair məhkəmə qətnaməsinin verilməsi Ali Məhkəmənin Plenumunun qərarı ilə qadağandır. Bundan başqa hal hazırki doğum haqqında akt qeydində olan ziddiyyətli məlumatlar məhkəmə qərarı ilə düzəldilmədiyi halda onun şəxsiyyətini müəyyən edən bu sənədlərin düzəldilməsinin başqa bir yolu yoxdur. Məhkəmə aydınlaşdırmamışdır ki, 1997-ci ildə qüvvədə olmuş Ailə Məcəlləsində uşağa soyadın verilməsi valideyinlərin ixtiyarına buraxılmışdır. Məhkəmə 1999-cu ilin 28 dekabrında qüvvəyə minmiş Ailə Məcəlləsinə istinad etmişdir. Bununla da maddi hüquq normasının tətbiqi qaydalarını pozmuşdur. Onun isə doğum haqqında akt qeydi və doğum haqqında şəhadətnaməsi 1998-ci ildə tərtib edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, şəxsiyyət vəsiqəsini yeniləmək üçün müraciət edəndə doğum akt qeydinin fərqli yazıldığını bilmişdir. Bu günə qədər bütün sənədlərdə soyadı “Abbasov”, doğum tarixi isə xx.xx.1997-ci il kimi qeyd edilmişdir. Bundan başqa digər bacı və qardaşlarının da soyadı Abbasovdur.

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanlmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: … vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin faktiki halları tam araşdırılmamışdır.

24. İşin hallarından görünür ki, iddiaçı doğum haqqında akt qeydi ilə ona məxsus rəsmi sənədlərdə soyadı və doğum tarixi ilə bağlı uyğunsuzluğun olması əsası ilə tələb irəli sürərək doğum akt qeydində müvafiq düzəlişlərin aparılmasını xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş və onunla əsaslandırılmışdır ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun doğum tarixi “xx.xx.1997-ci il”, soyadı isə “Qasımov” kimi qeyd edilmişdir. İddiaçının sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi akt qeydində düzəliş edilməsinə əsas vermir.

26. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkəmə araşdırılması zamanı əldə olunan sübutlara əsasən iddiaçının doğum tarixi ilə bağlı qeydiyyatın inzibati orqan tərəfindən həqiqi vəziyyə uyğun aparılmadığı müəyyən edilmişdir.

27. Belə ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyi” “Zaqatala Rayon Mərkəzi Xəstəxanası 22 fevral 2023-cü il tarixli 2-1(104)-203/2023 nömrəli məktubunda qeyd olunur ki, X4 Zaqatala rayon X2 şöbəsində xx.xx.1997-ci il tarixində çəkisi 3900 qr, boyu 52 sm olan diri oğlan uşaq dünyaya gətirmişdir.

28. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş iddiaçının anası X5 ifadə verərək bildirmişdir ki, onlar hərbiçi ailəsi olmuşlar və oğlu Nicat Zaqatalada doğulsa da əri Goranboyda xidməti vəzifəsini yerinə yetirdiyindən doğum haqqında şəhadətnamə Goranboy rayonunda alınmışdır. Xəstəxananın verdiyi arayışdan da məlum olduğu kimi oğlu həqiqətən xx.xx.1997-ci ildə doğulmuşdur, lakin uşağın doğumunun qeydiyyatı gec aparıldığından səhvən tarix xx.xx.1997-ci il kimi qeyd edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübulara əsasən iddiaçının xx.xx.1997-ci il tarixdə anadan olması, bu əsasla doğum akt qeydində anadan olma tarixinin səhv qeyd edilməsi öz təsdiqini tapmışdır.

30. İddia tələbinin soyadın dəyişdirilməsi hissəsinə qiymət verilərkən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli şəxsdir və soyad şəxsin ad hüququnun tərkib hissəsidir.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

32. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə:

34. 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir;

35. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir;

36. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir;

37. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.

39. Avropa Məhkəməsinin presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir.

40. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar.

41. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır.

42. Beləliklə iddia tələbi əsaslı olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-2645/2022 nömrəli qərarı ləğv edilməli, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2645/2022 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. 11 mart 1998-ci il tarixli, 16 nömrəli doğum akt qeydində İddiaçı soyadının “Abbasov”, doğum tarixinin isə “xx.xx.1997-ci il” qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar