Məhkəmə qərarları › İş №2-1(104)-203/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-203/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-203/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilən siyahıya salınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2212/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2718 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

2. AD № ******* nömrəli, xx.xx.2017-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı müddətdən artıq hərbi qulluqçu kimi xx.xx.2014-cü il tarixdən etibarən hərbi rütbə verilərək xidmətini davam etdirmişdir.

3. N saylı Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 275 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu (İddiaçı) N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş hesab olunmuş və hərbi hissənin qazan təminatına qoyulmuşdur.

4. N saylı Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə 049, 343, N nömrəli hərbi hissələrdən ezamiyyətə gəlmiş hərbi qulluqçusu-kiçik çavuş İddiaçı ezamiyyətdən getmiş hesab olunmuş və hərbi hissənin qazan təminatından çıxarılmışdır.

5. N saylı Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 298 nömrəli əmrindən çıxrışından görünür ki, kiçik çavuş İddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu vəzifəsinin icrasına başlamış hesab edilmişdir.

6. N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 297 nömrəli əmrindən çıxarışından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı ezamiyyətdən N saylı hərbi hissədən xx.xx.2020-ci il tarixli, 285 nömrəli ezamiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab olunmuşdur.

7. 707 saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 288 nömrəli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı (tibb məntəqəsinin sanitar təlimatçısı) ezamiyyətdən və N saylı hərbi hissədən xx.xx.2020-ci il tarixli, 4020 nömrəli ezamiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən hərbi hissənin qazan təminatına qoyulmuşdur.

8. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının 3/34675- 22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi üçün adının araşdırılması və siyahıya əlavə olunması məqsədi ilə hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq edilmiş, qalan səhifələrinin sadə surətini, şəxsiyyət vəsiqənin notarial qaydada təsdiq edilmiş surətini və xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizəsini Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərdiyi təqdirdə komissiyanın iclasında sənədlərinə baxılaraq barəsində müvafiq qərar qəbul oluna bilər.

9. İddiaçı müharibə veteranı adının verilməsi barədə Vətən müharibəsi iştirakçılarına Müharibə veteranı adının verilməsi işinin təşkili üzrə komissiyasına xx.xx.2023-cü il tarixində müraciət etmişdir.

10. Elektron məhkəmə informasiya sistemində İddiaçı məhkumluğa dair məlumatlardan görünür ki, onun məhkumluğu barədə məlumat müəyyən olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adının verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Yusifov X6 Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 208 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Yaralılara ilk tibbi yardım göstərmiş, yaralıların təxliyyəsində aktiv iştirak etmişdir. Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Buna baxmayaraq müharibə veteranı adı almaq üçün siyahıya daxil edilməmişdir. O, bu barədə dəfələrlə müraciət etmiş, lakin bir nəticə əldə etməmişdir. Bundan başqa göstərir ki, Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 291 nömrəli əmrinə əsasən 4 nəfər leytinant X5, kiçik çavuş İddiaçı, əsgər X3 və X4 N nömrəli hərbi hissəyə ezam olunmuşlar. Bu barədə məlumat möhürlü sənədə qeyd olunmuşdur. Üç nəfərə veteranlıq adı verilmiş, lakin ona veteranlıq adı verilməmişdir. O, məhkəməyə müraciət etməmişdən qabaq dəfələrlə müvafiq orqanlara müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir.

13. Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7687/2024 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan 707, N və N nömrəli hərbi hissə komandirlərinin müvafiq əmrindən çıxarışlarından görünür ki, İddiaçı Vətən müharibəsi zamanı N və N nömrəli hərbi hissələrin tərkibində Gəncə şəhəri və Göygöl rayonu, Çaykənd kəndi ərazilərində tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. 707, N və N nömrəli hərbi hissə komandirləri tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işğaldan azad olunmamış ərazilərdə N nömrəli hərbi hissənin tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci abzaslarına əsasən: 10-cu abzas- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 11-ci abzas - 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. 2-ci bəndə əsasən bu Əsasnamənin 1ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Gəncə şəhəri və Göygöl rayonu, Çaykənd kəndində dislokasiva olunmuş 707, N və N nömrəli hərbi hissənin bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan Gəncə səhəri və Göygöl rayonu, Çaykənd kəndi ərazilərində N nömrəli hərbi hissənin tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində vəzifəsində xidməti vəzifələrini icra ilə məşğul olmuşdur. Göründüyü kimi Gəncə şəhəri və Göygöl rayonu, Çaykənd kəndi Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır.

14. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi olan vəkili Vəkil iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, İddiaçı adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2024-cü tarixli, 2-1(114)- 2212/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması qərara alınmışdır.

16. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərdə müharibə veteranı hesab edilirlər.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2212/2024 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı, N nömrəli hərbi hissənin tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət keçmişdir. Döyüş əməliyyatları zamanı o, N və N nömrəli hərbi hissələrə ezam olunaraq Gəncə şəhəri və Göygöl rayonu, Çaykənd kəndi ərazilərində yaralılara ilkin tibbi göstərilməsində və təxliyyəsində iştirak etmişdir. İş materialına əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı N nömrəli hərbi hissədən N və N nömrəli hərbi hissələrə ezam olunaraq Gəncə şəhəri və Göygöl rayonu, Çaykənd kəndi ərazilərində xidməti vəzifələrini yerinə yetirmişdir. Qeyd edir ki, Gəncə şəhəri və Göygöl rayonu, Çaykənd kəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırki tələbində haqlı olmamışdır. O, döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Həmin qeyd edilən rayonların müqavilə əsasında (döyüş əməliyyatları aparılmadan) işğaldan azad olunmasına baxmayaraq Kəlbəcər rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin hərbi qulluqçularına “Kəlbəcərin azad olunmasına görə” medalı, Laçın rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına “Laçının azad olunmasına görə” medalı və Ağdam rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına “Ağdamın azad olunmasına görə” medalı verilmiş və təltif edilmişlər. Həmçinin onuda qeyd edir ki, İddiaçı Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında birbaşa iştirak etdiyinə görə deyil, yuxarıda qeyd edildiyi kimi hərbi hissənin şəxsi heyətinin Kəlbəcər rayonu ərazisində dislokasiya olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın sərəncamı ilə sözügedən medalla mükafatlandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

22. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

23. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir

25. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

27. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

32. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

33. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

34. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

35. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

37. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh onun tələbinin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

42. İşin hallarından görünür ki, İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi N saylı Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 275 nömrəli əmri ilə döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş hesab olunmuş və hərbi hissənin qazan təminatına qoyulmuşdur. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən hal Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlıdır.

43. Cavabdeh inzibati orqanın imtinasının dəlilini isə iddia tələbinə etiraz və apellyasiya şikayətindən göründüyü kimi, iddiaçının xidməti vəzifəsinin yerinə yetirdiyi Gəncə şəhəri və Göygöl rayonu, Çaykənd kəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil olmaması ilə əsaslandırmışdır.

44. Məhkəmə kollegiyası ilk əvvəl “müharibə veteranı” statusunun verilməsi ilə bağlı qeyd edir ki, “Müharibə veteranı” statusu hərbi hissə (bölmə) və ya orqanların tərkibində aktiv döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara yanaşı, həmçinin həmin əməliyyatların bütün təminat növləri, o cümlədən döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb olunmuş şəxslərə də verilir.

45. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı müddətdən artıq həqiqi hərbi xidmətdə olduğu müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarının təminat növü üzrə tapşırıqların yerinə yetirilməsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün hazırkı qərarın 18-21-ci bəndlərində qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır.

47. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə təltif edilmiş hərbi qulluqçuların siyahısında kiçik çavuş İddiaçı adı 1171 sırada göstərilmişdir.

48. Həmin Sərəncamda Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qiymətləndirilməsi məqsədi ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmələri konkret olaraq göstərilmişdir. Göründüyü kimi, qeyd edilən sərəncamla iddiaçının işğal altında olmuş ərazilərin azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsi təsdiq olunur.

49. Cavabdehin imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

50. Qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər.

51. Göründüyü kimi, iddiaçının hərbi hissədə xidməti barədə məlumatlar, onun döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması məhkəmə qaydasında öz təsdiqini tapmışdır.

52. Beləliklə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə hərbi əməliyyatlarının təminat növü üzrə tapşırıqlarını yerinə yetirilməsində iştirak etmiş, hərbi vəzifələrini müvəffəqiyyətlə yerinə yetirdiyinə görə o, “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

53. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2212/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar