Məhkəmə qərarları › İş №2-1(104)-207/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-207/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-207/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2781/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1-EД 15227 nömrəli “doğum haqqında” şəhadətnamədən görünür ki, X11 xx.xx.1989cu il tarixdə doğulmuşdur, ata qrafasında X12, ana qrafasında X10 qeyd edilmişdir. 1-EД 008812 nömrəli “nikah haqqında” şəhadətnamədən görünür ki, X12 ilə X14 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. AZ-İİ 197313 nömrəli, xx.xx.2022-ci il tarixli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X12 xx.xx.1990-cı il tarixdə ölmüşdür. Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1761 nömrəli arayışından görünür ki, X12 barəsində arvadı İddiaçı, oğlu X11 və qızı X9 müraciəti əsasında vərəsəlik işi açılmışdır. Tovuz Rayon Məhkəməsinin 2(062)-1413/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 10 avqust 1990-ci il tarixdə vəfat etmiş X7 miras qalmış keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş 322 nömrəli qeydiyyat vəsiqəsi 503-148/247 inventar nömrəli texniki pasportda göstərilən Tovuz rayonu Qaraxanlı kəndində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın X8 vərəsələri İddiaçı, X11 və X15 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-7244/2023 nömrəli məktubundan görünür ki, İddiaçı (Əliyevanın) xx.xx.1989-cu ildə Ukraynanın Luqansk vilayətinin Saratovski rayonunda X12 ilə bağlanmış nikahına İ.Hüseynovun ölümü ilə xitam verilmişdir. Bundan sonra İddiaçı (Əliyeva) xx.xx.1997-ci ildə Tovuz rayon qeydiyyat şöbəsində xx.xx.1966-cı il təvəllüdlü X17 ilə nikaha daxil olmuşdur. Qaraxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 785 nömrəli arayışından qeyd edilmişdir ki, mərhum X12 şəhid olduqdan sonra ailə üzvləri kimi arvadı İddiaçı, oğlu X11 və qızı X15 qalmışdır. Cavabdeh başçısı aparatının xx.xx.2023-cü il tarixli, 5-79/2-2-5/452/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin üzərinə ona şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, mərhum şəhid X12 ilə ailə quraraq Ukraynanın Luqansk vilayətinin Svatovo rayonu, Pervomaysk kənd sovetinin icraiyyə komitəsində 12 avqust 1989-cu il tarixində nikah rəsmiləşdirmişdir. Birgə nikahlarından 06 sentyabr 1989cu il tarixdə X11 və 01 oktyabr 1990-cı il tarixdə X15 adlı iki övladı anadan olmuşdur. Lakin 10 avqust 1990-cı il tarixində əri X2-Ağdam marşrutu üzrə hərəkət edən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində həlak olmuşdur. Bununla bağlı Cavabdeh Başçısının Aparatının 05/185 nömrəli, 27 fevral 2007-ci il tarixli sənədi də vardır. Həmin sənəddə qeyd olunur ki, sözügedən avtobusun erməni terrorçuları tərəfindən partladılması faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işi üzrə Məhkəmə Kollegiyasının 27 mart 1992-ci il tarixli hökmü ilə sübuta yetirilmişdir. Ona görə də X8 övladları X11 və X15 “şəhid ailəsi” statusuna malikdir.Cavabdeh Başçısının Aparatının 7-12/90 nömrəli 28 iyul 2022-ci il tarixli arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il tairixli 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü maddəsinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağ erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. Lakin bütün bu faktlara baxmayaraq ərinin vəfatından sonra ailəni təkbaşına idarə etmiş və uşaqları böyütsə də, indiyə kimi “şəhid ailəsi” kimi heç bir imtiyazdan yararlana bilməmişdir. X12 rəhmətə gedən vaxtı oğlu X11 11 aylıq, qızı X15 isə bətnində olmuşdur. Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin 1833 nömrəli xx.xx.2022-ci il tarixli arayışı da o və övladlarının mərhum şəhid X8 vərəsəsi olduğunu təsdiq edir. Bundan əlavə, Azərbaycan Vətən X1 təqdim etdiyi 87394 nömrəli vəsiqə də onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş X8 əri kimi Azərbaycan Vətən Müharibəsi X6 Tovuz Rayon Şöbəsində qeydiyyata alındığını göstərir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2781/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin qrammatik təfsirindən görünür ki, ər (arvad) şəhid ailəsinin üzvü hesab olunur. Məsələyə bu təfsir metodundan yanaşılsa hüququn ədalətlilik prinsipi nöqteyi-nəzərdən doğru nəticəyə gəlmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən ər (arvad) öldükdə nikaha xitam verilir. Şəhid ailəsi üzvü qismində qeyd edilmiş “ər (arvad)” anlayışı qrammatik formada təfsir edilsə, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir, o öldükdən sonra isə nikaha xitam verilir, başqa sözlə ər-arvad hüquqi münasibəti bitmiş olur. Məhkəmə şəhid ailəsi üzvü kimi “ər (arvad)” ifadəsinin işlədilməsinin məqsədini aydınlaşdırmaq üçün məntiqi təfsir metodundan istifadə edərək qeyd edir ki, qanunvericinin buradakı məqsədi şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölməsindən sonra keçmiş ərinin (arvadının) xatirəsinə bağlılıq və ruhuna ehtiram göstərmiş şəxsləri şəhid ailəsi üzvü hesab etmək, bununla da güzəştlərdən yararlanmasına şərait yaratmaqdır. İş materiallarından da görünür ki, iddiaçı xx.xx.1997-ci ildə Tovuz rayon qeydiyyat şöbəsində xx.xx.1966-cı il təvəllüdlü X17 ilə nikaha daxil olmuşdur. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2781/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 1413/2022 nömrəli 01 iyul 2022-ci il tarixli qərarına əsasən, 10 avqust 1990-cı il tarixdə vəfat etmiş X7 miras qalmış keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş 322 nömrəli qeydiyyat vəsiqəsi 503-148/247 inventar nömrəli texniki pasportda göstərilən Tovuz rayonu Qaraxanlı kəndində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın X8 vərəsələri İddiaçı, X11 və X15 tərəfindən qəbul edilməsi faktı müəyyən olunub. Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin 1833 nömrəli xx.xx.2022-ci il tarixli Arayışı da o və övladlarının mərhum şəhid X8 vərəsəsi olduğunu təsdiq edir. Bundan əlavə, Azərbaycan Vətən X1 təqdim etdiyi 87394 nömrəli vəsiqə də onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş X8 həyat yoldaşı kimi Azərbaycan Vətən Müharibəsi X6 Tovuz Rayon Şöbəsində qeydiyyata alındığını göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına şəhid ailələrinə verilən bütün imtiyazların, yəni 11000 manat pulun, bundan əlavə Prezident Təqaüdünün aylıq 500 manat məbləğində ona və uşaqlarına verilməsi ilə bağlı müraciəti olmuşdur. Cavabında isə Mərkəzin **********0 nömrəli 25 oktyabr 2022-ci il tarixli cavabında qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən, xx.xx.2007-ci il tarixindən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin "Şəhid ailəsi üçün "təqaüdü" təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" xx.xx.2006-cı il tarixli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020ci il tarixli 1225 nömrəli Fərmanına əsasən, sözügedən təqaüdün məbləği xx.xx.2021-ci il tarixindən 500 manata çatdırılmışdır. O isə indiyədək digər imtiyazlar kimi Azərbaycan Respublikası Prezidentinin sözügedən təqaüdündən də yararlana bilməmişdir. Lakin bununla belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı şəhid ailəsi kimi bu və digər imtiyazlardan istifadə ilə bağlı müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, başqa şəxslə nikaha daxil olmuşdur. Bəli, mərhum X12 həlak olduqdan 7 il sonra - xx.xx.1997-ci il tarixində X17 ilə nikaha daxil olmuşdur. Lakin hesab edir ki, onun başqa şəxslə nikahda olmağı onu şəhidlik imtiyazları əldə etmək hüququndan məhrum edə bilməz. Çünki onun mirasın qəbul edilməsi ilə bağlı 21 iyun 2022-ci il tarixli məhkəmə qətnaməsi mövcuddur. Və onun vərəsələridirlər. Mülki qanunvericiliyin tələblərinə görə, mərhumun əmlakının bir hissəsini qəbul etmiş vərəsələr onun bütün digər əmlaklarını və əmlak hüquqlarını qəbul etmiş sayılır. Bu baxımdan da, imtinanı əsassız hesab edir. Cavabdehin üzərinə müavinətin, yəni tələbinin təmin edilməsi ilə bağlı öhdəliyin qoyulması qanunamüvafiqdir. Bundan əlavə Gəncə İbzibati Məhkəməsi qeyd etmişdirki, onun yeni nikaha girməyi şəhid imranla bağlılığını aradan qaldırmışdır bu səbəbə də onu şəhidin ailə üzvi hesab etməmişdir. Səhv nəticəyə gəlmişdir. Belə ki onun yeni yoldışı şəhidin evlatlarını onunla birgə böyütmüşdür, hazırda da birgə baxırlar uşaqlarına, uşaqlarına əsl atalıq etmişdir, ona dayaq olmuşdur, şəhid yoldaşına münasibətdə vərəsəlik şəhadətnaməsi almışlar, uşaqlarına şəhid ailəsi statusu verilib ona verilmir. Bağlılıq necə olur başqa. Şəhid yoldaşı öldükdən sonra imtiyazlardan atası anası istifadə etmişlər, onu və uşaqlarını qovublar evdən onlara heç bir imtiyaz verilməyib, hazırki yoldaşı baxıb onlara. Belə bir norma yoxdurki şəhid arvadı yeni ailə qurması onu şəhid ailəsi statusundan məhrum etsin. Sadəcə göstərdiyi xüsusatlara hüququn ümumi prinsipləri baxımından yanaşılsa onun statusu verilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: - Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı: Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: -

1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X4 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki işə əlavə edilmiş AZ-İİ 197313 nömrəli, xx.xx.2022-ci il tarixli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X12 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-7244/2023 nömrəli məktubundan görünür ki, İddiaçı (Əliyevanın) xx.xx.1989-cu ildə Ukraynanın Luqansk vilayətinin Saratovski rayonunda X12 ilə bağlanmış nikahına İ.Hüseynovun ölümü ilə xitam verilmişdir. Bundan başqa iş materiallarından məlum olur ki, İmran Hüseynov xx.xx.1990-cı il tarixdə Gürcüstan Respublikasından Ağdam rayonuna gedən avtobusun Erməni Silahlı Qüvvələri tərəfindən partladılması nəticəsində həlak olmuşdur. X16 “şəhid” statusu verilmişdir. İşin hallarından görünür ki, İmran Hüseynov xx.xx.1990-cı il tarixdə şəhid olduqdan sonra onun ailəsinə məhkəmə qərarı ilə “şəhid ailəsi” statusu verilmiş, lakin sonradan şəhid İmran Hüseynovun arvadı İddiaçı ikinci dəfə, xx.xx.1997-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bundan sonra qanunvericiliyin tələbinə əsasən İddiaçı münasibətdə şəhid ailəsi statusu ləğv edilmişdir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Yuxarıda istinad olunan qanun normasından görünür ki, ər-arvad şəhid ailəsinin üzvü hesab edilir. İşin hallarına əsasən müəyyən edildiyi kimi İddiaçı xx.xx.1989-cu ildə X12 ilə nikaha daxil olmuş sonradan İmran Hüseynovun ölümü ilə nikahlarına xitam verilmişdir. Bundan sonra xx.xx.1997-ci ildə yenidən, ikinci dəfə X17 ilə nikaha daxil olmuşdur. Bununla da əsaslı olaraq onun şəhid ailəsi statusu ləğv edilmişdir. Belə ki, şəhid ailəsi statusu xüsusi bir statusdur və qanunda verilməsi əsasları nəzərdə tutulmuşdur. Bu statusun verilməsində məqsəd şəhid ailəsi üzvlərinə güzəşt və imtiyazlardan istifadə olunmasına şərait yaratmaqla dövlət tərəfindən dəstək verilməsi və onlara daha yaxşı bir həyatın təmin edilməsidir. Lakin ər-arvadın yenidən ailə qurması halında bu status ləğv edilir. Ona görə ki, ər-arvadın yeni ailə qurması ilə onun yeni ailəsi ilə birlikdə yaşamağı, onun və yeni ailəsinin sosial və maliyyə vəziyyətini dəyişdirəcəyi və yeni ailəsinin dəstək və digər ehtiyaclarında müstəqil olması ilə bağlıdır. Yəni ər-arvadın yeni ailə qurması dedikdə onun müstəqil bir yeni həyat qurmağını nəzərdə tutur ki, bununla da yeni ailənın öz başına dəstəyə yetərincə nail ola bilməsi imkanını və müstəqil olmasını ifadə edir. Odur ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “şəhid ailəsi” statusu verilməməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2781/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar