Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-208/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-N1/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh 4/3-5877 nömrəli, 27 may 2022-ci il tarixli məktubla onun müraciətinin təmin olunmnasından imtina edərək bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış, 737 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, N1-ci ilin mart ayından etibarən Tərtər rayonu N saylı hərbi hissənin Ağdərə bölüyündə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş, aparılan hərbi əməliyyatlar zamanı N3-cü ilin mart-aprel aylarında iki dəfə yaralanmışdır. Bununla bağlı xx.xx.N3-cü il tarixdan xx.xx.N3-cil il tarixədək Gövçay rayon Mərkəzi Xəstaxanasında müayinə və müalicə olunmuş, ona “kəllənin üz hissəsinin qəlpə yaraları, sağtərəfli kəskin otit, xroniki qastrit və xroniki bronxit” diaqnozu qoyulmuşdur. Aprel ayında aldığı yara ilə bağlı 24.05. N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuş, orada isə "sağ pəncənin qəlpə yaralanması, yad cismin (qəlpə) olması ilə" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2009-cu il tarixli 41 saylı qərarı ilə həmin travmaların hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq olunmuşdur. Müalicəsi başa çatdıqdan sonra hərbi hissəyə getmiş, lakin ona tərxis olunduğu bildirilmişdir. 2009-ci ildən etibarən dəfələrlə Müdafiə Nazirliyinə məktublar ünvanlayaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Əvvəllər ona verilmiş cavablarda onun qanuni əsaslarla ehtiyata bumaxılması barədə məlumat olmadığı göstərilmişdir. 2022-ci ilin may ayında yenidən cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Belə ki, onun qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın, yəni hərbi hisssənin komandirinin əmrinin olmaması onun günahı deyil. Təqdim etdiyi sənədlər onun döyüşlərdə iştirak etdiyini, yaralandığın və barəsində heç bir təqsiləndirici material olmadığını sübut edir. Buna görə də ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
5. Cavabdeh iddiaya qarşı etirazını belə əsaslandırmışdır ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-4501 nömrəli müşayiət məktubu ilə daxil olan arayışa əsasən N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N2-ci il, yanvar-dekabr N3-cü il və yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-N1/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının N nömrəli hərbi hissədə mart, aprelnoyabr N3-cü il tarixlərdə hərbi xidməti və Mərkəzi Hərbi Həkim Komissyasının xx.xx.2009-cu il tarixli, 41 nömrəli Qərarında qeyd olunan xx.xx.N3-xx.xx.N3-cü il tarixlərdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv məlumatlarının olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o, N1-ci ilin mart ayından etibarən Tərtər rayonu N saylı hərbi hissənin Ağdərə bölüyündə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüşdür. Aparılan hərbi əməliyyatlar zamanı N3-cü ilin mart-aprel aylarında iki dəfə yaralanmışdır. Bununla bağlı xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək Göyçay rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Ona kəllənin üz hissəsinin qəlpə yaraları, sağtərəfli kəskin otit, xroniki qastrit və xroniki bronxit diaqnozu qoyulmuşdur. Aprel ayında aldığı yara ilə bağlı xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək Müdafiə nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Burada isə ona "sağ pəncənin qəlpə yaralanması, yad cismin (qəlpə) olması ilə" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2009-cu il tarixli, 41 saylı qərarı ilə həmin travmaların hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq olunmuşdur. Müalicələri başa çatdıqdan sonra hərbi hissəyə getmiş, lakin ona bildirmişlər ki, onu tərxis ediblər. Məhkəmə onun xx.xx.N3xx.xx.N3-cü il tarixlərdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv məlumatlarının olmamasına görə inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab etmiş və həmin əsasa görə iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. O həm inzibati orqanın ona imtinası ilə və eləcədə imtinanı əsaslı saymış məhkəmə qərarı ilə razı deyildir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Prosessual məsələlər
12. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. 25 dekabr N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
14. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
15. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan RespublikasıQanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2- ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3- cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
16. Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır
18. İddiaçı N1-ci il tarixdən N3-cü il tarixədək N saylı hərbi hissənin Ağdərə bölüyündə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini və aparılan hərbi əməliyyatlar zamanı iki dəfə yaralandığını bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.
19. İddiaçının şikayətinin dəlillərinə görə məhkəmə qərar qəbul edərkən onun xx.xx.N3-xx.xx.N3-cü il tarixlərdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv məlumatlarının olmamasına görə inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab etməsi və həmin əsasa görə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi əsaslı sayıla bilməz.
20. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
21. AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-13884 nömrəli və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 721 nömrəli Arayışlarının məzmunundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N4cü il,səh-24,sıra-1230) Tərtər RHKdan çağırılmış, İddiaçı qeyri qanuni çağırışçı olduğuna görə 17,07.N4- cü il tarixdə RHK-na göndərilməsi barədə məlumat vardır. Lakin hərbi hissəyə daxil olması barədə qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin mart-aprel, noyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
22. Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2- 4501 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin "Yaralananların geydiyyatı" kitabında (əsas: kitab-xx.xx.N3-xx.xx.N3, sıra-723) Tərtər RHK-nın çağırışçısı, sıravi İddiaçı xx.xx.N3-cü il tarixdə "iki budunun yuxarı 3/1-ni dəlib keçən qəlpə yarası" diaqnozu ilə tibb bölüyünə daxil olması qeyd edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab- xx.xx.N4, səh-24, sıra- 1230) İddiaçı qeyri qanuni çağırışçı olduğuna görə, xx.xx.N4-cü il tarixdə RHK-na göndərilməsi barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N2-ci il, yanvar-dekabr N3-cü il və yanvardekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində sıravi İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin mart N1- mart-N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır.
23. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb N nömrəli hərbi hissədə mart, aprel-noyabr N3-cü il tarixlərdə hərbi xidməti və Mərkəzi Hərbi Həkim Komissyasının xx.xx.2009-cu il tarixli, 41 nömrəli Qərarında qeyd olunan xx.xx.N3-xx.xx.N3-cü il tarixlərdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv məlumatlarının olmamasıdır.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
25. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)...əmrlərdən çıxarışlar...əsasında verilir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi hissədən tərxis olunması və siyahılardan çıxarılması barədə sübut yoxdur. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya «Müharibə veteranı» adının və vəsiqənin verilməsindən imtina olunması qanuni olmuşdur.
27. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir.
28. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-N1/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.