Məhkəmə qərarları › İş №2-1(104)-208/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-208/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-208/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X9 və X13 iştirakları ilə, “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-1829/2024 nömrəli qərarından iddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanası üzrə xx.xx.2023-cü il tarixli 96ş/h nömrəli əmrlə mədəni davranış prinsiplərini pozduğuna görə təcridxananın baş inspektoru (rəisin növbətçi köməkçisi) ədliyyə mayoru İddiaçı “töhmət” elan edilmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanasının rəisi vəzifəsini icra edən Qasım Əliyev ədliyyə mayoru İddiaçı töhmət verilməsinə baxmayaraq, barəsində görülən tədbirdən düzgün nəticə çıxarmadığını bildirməklə, onun iş yerinin digər tabe qurumlardan birinə dəyişdirilməsi barədə təqdimat vermişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 378/k nömrəli əmri ilə ədliyyə mayoru İddiaçı 03 iyun 2023-cü il tarixdən 2 saylı istintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsindən azad olunub, Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir.

4. A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “hipertoniya” diaqnozu qoyulmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator rejimdə aldığı müalicəyə görə əmək qabiliyyətsiz hesab edilmişdir.

5. Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “hipertoniya İİ dərəcəli” diaqnozu qoyulmuş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator rejimdə aldığı müalicəyə görə əmək qabiliyyətsiz hesab edilmişdir.

6. X8 Gülüstan ASM-nin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “Xroniki pielonefritin kəskinləşməsi. Arterial hipertenziya İV dərəcə” diaqnozu qoyulmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator rejimdə aldığı müalicəyə görə əmək qabiliyyətsiz hesab edilmişdir.

7. X8 Gülüstan ASM-nin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Həsənov X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Böyrəkdaşı xəstəliyi; Nefrogen hipertenziya; Xroniki pielonefritin kəskinləşməsi” diaqnozları üzrə müalicədə olmuşdur.

8. Şəki penitensiar müəsissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı İlqar Ramazanov tərəfindən təqdimat verilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən Şəki penitensiar müəssisəsinin Rejimnəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilməsinə baxmayaraq, elə həmin tarixdən xidmətə gəlmədiyi, onunla əlaqə saxlanıldığı və onun xidmətə çıxmayacağını bildirdiyi, hal-hazırda da xidmətə çıxmadığı bildirilərək, xidməti davamiyyətində yol verdiyi ciddi nöqsanlara görə ədliyyə mayoru İddiaçı barəsində araşdırma aparılaraq qanunamüvafiq tədbir görülməsinə sərəncam verilməsi xahiş edilmiş və təqdimat baxılması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətə göndərilmişdir.

9. Penitensiar Xidmət tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-17/9/2-9731/2023 nömrəli məktubdan görünür ki, xidmətin əməkdaşı İddiaçı Gəncə şəhər xəstəxanalarında açılmış xəstəlik vərəqələrinin qanuni olaraq verilib-verilməməsi barədə araşdırma aparılıb məlumat verilməsi xahiş edilmişdir.

10. “TƏBİB” PHŞ-nin xx.xx.2023-cü il tarixli 18-1/2-8479/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Samux Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (Gəncə ŞBX) Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrində hər hansı pozuntu aşkar edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, İddiaçı Gəncə ŞBX-nın Gülüstan ASM-i tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli, 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuşdur. Bununla yanaşı, İddiaçı Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi (Gülüstan ASM) tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamış və vətəndaşa təqdim edilməmişdir. Yuxarıda qeyd olunan xx.xx.2023- cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində aşkar olunan nöqsana görə Gülüstan ASM-in şöbə müdiri X10 və həkimterapevtlər X2 və X3 barəsində intizam tənbehi tədbiri görülmüşdür.

11. Şəki Penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı işə çıxmaması barədə tərtib edilmiş aktlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətə çıxmamışdır.

12. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, araşdırmanın nəticəsinin Penitensiar xidmətin rəhbərliyinə məruzə olunması, əmək intizamını pozaraq üzürsüz səbəbdən xidmətə çıxmadığına, araşdırma zamanı qeyrisəmimilik nümayiş etdirdiyinə görə Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı ciddi intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli 56/i nömrəli əmri ilə əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzürsüz səbəbdən xidmətə çıxmadığına, araşdırma zamanı qeyri-səmimilik nümayiş etdirdiyinə, habelə digər ciddi pozuntulara yol verdiyinə görə Şəki penitensiar müəssisəsinin Rejimnəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.2, 4.1 və 7.6-cı bəndinin tələblərini pozması əsası ilə ədliyyə orqanlarından xaric edilmə növündə intizam məsuliyyətinə cəlb edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 841/k nömrəli əmri ilə Penitensiar xidmətin Şəki penitensiar müəssisəsinin rejimnəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixə qulluq müddəti: təqvimi hesablama ilə 17 il 10 ay 11 gün, güzəştli hesablama ilə 22 il 05 ay 18 gün təşkil edir (Əsas: Penitensiar xidmət üzrə xx.xx.2023-cü il tarixli 56/i saylı əmr).

15. Şəki penitensiar müəssisəsisinin xx.xx.2024-cü il tarixli 3-16-17/37/2-2565/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəki penitensiar müəssisəsinin sabiq əməkdaşı İddiaçı xx.xx.2023-cü il tarixli 378/k nömrəli əmrlə Şəki penitensiar müəssisesinin Rejimnəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Lakin sabiq əməkdaş İddiaçı əmr verilən tarixdən xidməti iş yerinə gəlməmişdir. Onunla mütamadi olaraq mobil rabitə vasitəsi ilə əlaqə yaradılmış hansı səbəbdən xidmətə gəlmədiyi soruşulmuş, o öz növbəsində Şəki penitensiar müəssisəsinə xidmətə gəlməyəcəyini bildirmişdir. İddiaçı xidmət yerinə gəlməməyinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinə təqdimat göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Şəki penitensiar müəssisəsinə İddiaçı ədliyyə orqaniarından xaric olması ilə bağlı xx.xx.2023-cü il tarixli 841/k nömrəli əmr daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə zəng edilərək onunla mobil əlaqə yaradılmış və onun ədliyyə orqanlarından xaric olunduğu bildirilmiş və əmrlə tanış olması üçün Şəki penitensiar müəssisəsinə dəvət edilmişdir. Lakin İddiaçı Şəki penitensiar müəssisəsinə gəlməkdən imtina etmiş, bununla bağlı müvafiq akt tərtib edilmişdir.

16. Gülüstan Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 68 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtib edilməsi zamanı heç bir qayda pozuntusuna yol verilməmişdir. Həmin tarixdə Həsənov X6 ASM-də müayinə və ambulator müalicə almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Gülüstan Ailə Sağlamlıq Mərkəzində ambulator müayinə-müalicədə olmuşdur. İddiaçı ixtisaslaşmış müxtəlif özəl xəstəxanalarda fizioterapevtik müalicələr aldığı üçün əmək qabiliyyətinin olmaması vərəqəsi tərtib edilməmişdir.

17. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in xx.xx.2024-cü il tarixli 18-1/2- 8392/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin (Xəstəxana) strukturunda fəaliyyət göstərən Gülüstan Ailə Sağlamlıq Mərkəzində (ASM) vətəndaş İddiaçı verilən tibbi sənədlərin qeydiyyatı, tərtibatı və əsaslandırılmasında pozuntular aşkar edilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, məktubda qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin (ƏQOV) kötüyündə xx.xx.2023 tarixi yazılmışdır. "Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı"nda ƏQOV-un xx.xx.2023xx.xx.2023-cü il tarixlərində açılıb-bağlanması göstərilmişdir. Penitensiar Xidmət tərəfindən təqdim olunmuş vətəndaş İddiaçı aid ƏQOV isə (kötük hissədən qoparılmış əsas hissədə) xx.xx.2023-xx.xx.2023 tarixlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiqlənmiş "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında Təlimat"ın (Təlimat) 7-ci bəndinə əsasən həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya xəsarət üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. Təlimatın 8-ci bəndində isə qeyd olunur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gündən çox artırılması üçün müalicə həkimi tərəfindən xəstəlik vərəqəsinin davamı tərtib edilir. Həmin xəstəlik vərəqəsi Təlimatın 11-ci hissəsi nəzərə alınmaqla yalnız Həkim Məsləhət Komissiyasının (HMK) sədrinin, tibb müəssisəsində HMK olmadıqda isə baş həkimin və ya bu hissənin Qeydində göstərilən hallarda şöbə müdirinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Yuxarıda qeyd olunanlara baxmayaraq, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı verilən ƏQOV HMK-nın rəyi nəzərə alınmadan 33 günə qədər uzadılmışdır. Həmçinin, "Xroniki pielonefritin kəskinləşməsi, Arterial hipertoniya" diaqnozu ilə açılmış sözügedən ƏQOV-un 33 günə qədər uzadılmasına əsas verən laborator və instrumental müayinə nəticələrinin Xəstəxana tərəfindən araşdırma çərçivəsində təqdim edilməsi mümkün olmamışdır. ASM ilkin tibbi sanitariya yardımı göstərən müəssisədir. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən ilkin tibbi-sanitariya yardımı əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür. Vətəndaş İddiaçı ASM-ə müraciəti ilə əlaqədar bildiririk ki, İddiaçı adına tərtib edilmiş ambulator tibbi kitabçaya əsasən vətəndaşın Gülüstan ASM-ə xx.xx.2023 və xx.xx.2023 tarixlərdə (diaqnoz: Hər iki böyrəyin nefrolitiazı, Xroniki pielonefrit), e-tabib portalından əldə edilmiş məlumatlara əsasən isə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixlərdə müraciətlərinin qeydiyyata alındığı məlum olmuşdur. Sözügedən tarixlərdə vətəndaşın əmək qabiliyyətinin itirilməsinə əsas olan laborator və instrumental müayinə nəticələri təqdim edilməmişdir. Təlimata əsasən xəstəlik və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqələri həmin gündən tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilir. Əlavə olaraq bildiririk ki, vətəndaş X14 ASM-də ailə həkimi-terapevt vəzifəsində işləyir. Yuxarıda qeyd edilən çatışmazlıqlar ilə əlaqədar Xəstəxana tərəfindən də araşdırma aparılmış, xx.xx.2023-cü il tarixində X7 iclası keçirilmiş və Xəstəxananın xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əmrləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydalara uyğun olaraq pozuntuya yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbehi tədbirləri görülmüşdür.

18. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin “İddiaçı barəsində xidməti araşdırmanın aparılmasına dair” xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3-T nömrəli 30 yanvar 2009-cu il tarixli əmrilə təsdiq ediliş "Ədliyyə orqanlarında xidməti yoxlamaların aparılması Qaydaları"na uyğun olaraq 2 saylı İstintaq Təcridxanasının rəisinin təqdimatına əsasən 23.05 2023-cü il tarixdən İddiaçı üzərinə düşən vəzifə və funksiyaları tələb olunan səviyyədə yerinə yetirməməsi ilə bağlı barəsində xidməti yoxlama başlamışdır. Xidməti araşdırma zamanı aidiyyəti struktur qurumlardan sənədlər sorğulanmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə 378/k saylı xx.xx.2023-cü il tarixli əmrlə Şəki penitensiar müəssisənin Rejim-nəzarət söbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Lakin əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmamışdır. Bununla bağlı müxtəlif tarixlərdə Şəki penitensiar müəssisəsi tərəfindən çoxsaylı aktlar tərtib edilmişdir. Xidməti araşdırma zamanı İddiaçı müxtəlif tarixlərdə verilmiş xəstəlik vərəqələrinin qanuni olub-olmaması barədə xx.xx.2023-cü il tarixli 3-16- 17/19/2-0731/2023 saylı məktubla Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə müraciət edilmişdir. Lakin sorğulanmış məlumatlar Penitensiar xidmətə daxil olmadığına görə, əlavə araşdırılması tələb olunan halların mövcudluğunu nəzərə alaraq xidməti yoxlama xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə birliyi ilə telefon danışığı zamanı həmin qurumun əməkdaşı ünvanlanmış məktubla bağlı halhazırda araşdırma aparılır və qısa müddət ərzində yazılı cavab veriləcəyini bildirmişdir. Əlavə araşdırılması tələb olunan halların mövcudluğunu nəzərə alaraq xidməti yoxlama xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xx.xx.2023-cü il tarixli, 18-1/2-8479/2023 2 nömrəli cavab məktubu Penitensiar xidmətə daxil olmuşdur. Məktubda göstərilmişdir ki, İddiaçı Gəncə ŞBX-nin Gülüstan ASM-i tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, İddiaçı Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023- cü il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamış və vətəndaşa təqdim edilməmişdir. Yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində aşkar olunan nöqsana görə Gülüstan ASM-in şöbə müdiri X10 və həkim-terapevtlər X2 və X3 barəsində intizam tənbehi tədbiri görülmüşdür. Yuxarıda adı çəkilən qaydaların 5-ci bəndinə əsasən araşdırmanın nəticəsinə uyğun olaraq arayış tərtib olunmuşdur. Odur ki, əmək intizamını pozaraq üzrsüz səbəbdən xidmətə çıxmadığına, araşdırma zamanı qeyri-səmimilik nümayiş etdirdiyinə görə Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı ciddi intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Penitensiar xidmət üzrə 56/i saylı xx.xx.2023-cü il tarixli əmrlə "ədliyyə orqanlarından xaric etmə" növündə intizam məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı xidmət üzrə xx.xx.2023- cü il tarixli 841/k saylı əmrlə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

19. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı İstintaq Təcridxanasının rəisinin xx.xx.2023-cü il tarixli 96ş/h saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti üzrə xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlərin ləğv edilməsi, əvvəlki iş yerində, yəni Gəncə 2 saylı İstintaq Təcridxanasında rəisin növbətçisi vəzifəsində saxlanılmaqla işə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı X1 böyük inspektor (yanğından mühafizə üzrə) vəzifəsinə qulluğa qəbul olunmuşdur. Bundan sonra xidmətdə irəli çəkilərək həmin təcridxanada baş inspektor və rəisin növbətçi köməkçisi vəzifələrində işləmiş, işlədiyi illərdə həmişə nizam-intizamlı olmuş və 13 il ərzində bir dəfə də olsun intizam tənbehi almamışdır. 2023-cü ilin aprel ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X4 Qasım Əliyev rəis təyin edilmiş və o, gələn bir gündən qanunsuz və əsassız olaraq ona qarşı qərəzlik etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq ona töhmət vermiş, buna səbəb də guya onun otağında başqa əməkdaşların olması olmuşdur. Hansı ki, həmin vaxt onun otağında onun tabeçiliyində olan 3 əməkdaş olub. Ona töhmət verilən vaxt o, məzuniyyətdə olmuş, onu məzuniyyətdən geri çağırmışlar və təqdimatını vermişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə onun xəbəri və razılığı olmadan Şəki Penitensiar Xidmətinə rejim inspektoru təyin edilmişdir, hansı ki, həmin vəzifə onun işlədiyi vəzifədən 2 vəzifə və 1 rütbə aşağı vəzifə olub. Bundan sonra o, stress keçirmiş və 3 ay davamlı olaraq müalicə olunmuşdur, aidiyyəti üzrə iş yerinə gedə bilməmiş, Gəncə şəhərində xəstəxanada bülleten açdırmış və bülletendə olmuşdur. xx.xx.2023-cü il tarixdə daxili təhqiqat onu Bakıya başqa adla çağırmış, işə çıxmamağının səbəbini soruşmuş, o da səhhətinin və ailə vəziyyətinin buna imkan vermədiyini bildirmişdir. Həmin vaxt ona demişlər ki, vəsiqəni ver get və ona həmin vaxt yeni vəsiqə verilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, onun ərizələrinə və müraciətlərinə heç bir reaksiya verilmədən xx.xx.2023-cü il tarixdə o, ədliyyə orqanlarında qulluqdan xaric edilmişdir. Onun işdən azad edilməsindən və əmrinin verilməsindən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, nə əmrin surəti, nə əmək kitabçası, nə də ki digər sənədlər və ödənişlər ona ödənilməmiş, rəsmi olaraq ona məlumat verilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi, Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi aktlar imperativ norma olaraq Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsinin əsaslarını göstərmişdir. Yuxarıda qeyd etdiyi kimi işlədiyi müəssisənin rəhbərliyi tərəfindən qərəzli olaraq ona töhmət verilmiş, bundan sonra da qanunsuz və əsassız olaraq iş yeri dəyişdirilərək Şəki Penitensiar müəssisəsinə 2 vəzifə və 1 rütbə aşağı vəzifəyə təyin edilmişdir. Bundan sonra stress keçirərək mütəmadi müalicə olunmuş və səhhəti ilə bağlı işə çıxa bilməmişdir. Bununla bağlı da yuxarı rəhbərliyə məlumat vermişdir.

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli, 56/i saylı əmrin ləğv edilməsi, sonuncu iş yeri üzrə Şəki penitensiar müəssisəsində Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcbui işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi” tələbinə dəyişdirilmişdir.

22. Cavabdeh inzibati orqan məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Penitensiar xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul edilmişdir. 2 saylı İstintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsində işləyərkən intizam məsuliyyətinə cəlb edilərək Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanası üzrə 96 ş/h saylı xx.xx.2023-cü il tarixli əmrlə ona "töhmət" elan edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə 378/k saylı xx.xx.2023cü il tarixli əmrlə Şəki penitensiar müəssisənin Rejimnəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmadığına və digər ciddi pozuntulara yol verdiyinə görə Penitensiar xidmət üzrə 56/i saylı xx.xx.2023-cü il tarixli əmrlə "ədliyyə orqanlarından xaric etmə" növündə intizam məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı xidmət üzrə xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Qeyd etmək lazımdır ki, ədliyyə mayoru İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətə çıxmamış, bunun guya onun xəstəliyi ilə əlaqədar olmasını göstərmək üçün Gəncə şəhəri və Samux rayonunda yerləşən müxtəlif səhiyyə müəssisələrinin işçiləri ilə sövdələşərək əmək qabiliyyətinin olmaması vərəqələri əldə etmişdir. İddiaçı araşdırmaya təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqələrinin qanuni olaraq verilib-verilməməsi ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə sorğu göndərilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin cavab məktubunda göstərilmişdir ki, Gəncə ŞBX-nin Gülüstan ASM tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicəsağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuşdur. Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi ümumiyyətlə açılmamış və vətəndaşa təqdim edilməmişdir. Xidməti araşdırma zamanı ədliyyə mayoru İddiaçı öz nöqsanlarını etiraf etmək əvəzinə qeyri-səmimilik nümayiş etdirmiş və öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. R. Həsənov iddia ərizəsinin 5-ci səhifəsində qeyd edir ki: "işlədiyim müəssisənin rəhbərliyi tərəfindən qərəzli olaraq mənə töhmət verilib və bundan sonra da qanunsuz və əsassız olaraq iş yerim dəyişdirilərək Şəki Penitensiar müəssisəsinə 2 vəzifə və 1 rütbə aşağı vəzifəyə təyin edilmişəm". Bununla bağlı qeyd etmək lazımdır ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.10-cu maddəsinə əsasən ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, İddiaçı Şəki penitensiar müəssisənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilməsi barədə 378/k saylı xx.xx.2023-cü il tarixli əmri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində (inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində-xx.xx.2023-cü il tarixədək) mübahisələndirə bilərdi. Göründüyü kimi, İddiaçı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.11-ci maddəsinin və "Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları"nın 2.2, 4.1ci və 7.6-cı bəndlərinin tələblərini pozmuşdur.

23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-1829/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.

24. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, iddiaçı işlədiyi dövrdə əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmamışdır, bunu xəstəliyi ilə əsaslandırmağa çalışsa, işin faktiki hallarından –xidmət dəyişdirildiyi tarixdən etibarən xidmətə çıxmayaraq, əmək qabiliyyəti olmaması barədə vərəqələr açdırması, daha sonra belə vərəqələr olmadan xidmət yerinə çıxmaması məhz xidmət yerinin dəyişdirilməsi ilə razılaşmadığı və onu icra etməkdən yayındığı məlum olur ki, bu da həm etik davranış qaydalarının, həm də əmək və icra intizamının pozulması deməkdir. İddiaçının barəsindən xx.xx.2023-cü il tarixdə töhmət intizam tənbehi, xx.xx.2023-cü il tarixdə xidmət yerinin dəyişdirilməsi intizam tənbehi tətbiq edilmişdir. Həmin tənbehlər qüvvədə olduğu dövrdə iddiaçı əmək və icra intizamını pozaraq, mütəmadi olaraq belə pozuntulara yol verdiyindən cavabdeh orqan “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinə müvafiq olaraq “ədliyyə orqanlarından xaric etmə” növündə intizam tənbehini tətbiq etməkdə haqlı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

25. İddiaçının vəkili (nümayəndəsi) qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-1829/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili (nümayəndəsi) hər biri ayrıayrılıqda apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, ona xidməti vəsiqə verilmədiyindən o, yeni iş yerinə getməmişdir. Lakin yeni xidməti yerinə getməsi və ora buraxılmamasına dair hər hansı sübutu yoxdur və bir dəfə də olsun yeni xidməti yerinə getməmişdir.

29. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etdilər və təmin edilməməsini xahiş etdilər, əlavə olaraq bildirildi ki, iddiaçının xidmət yeri Şəki penitensiar müəssisəyə dəyişdirildikdən sonra bir gün belə xidmətə çıxmamışdır. Bundan başqa, xidməti vəsiqə olmadığı halda əməkdaşın müəssisəyə müvəqqəti daxil ola bilməsinə dair vərəqə verilir və əməkdaş həmin vərəqə əsasında müəssisəyə daxil ola bilir. Yəni iddiaçının onun xidməti vəsiqəsi olmadığından xidmətə çıxa bilməməsinə dair dəlili tam əsassızdır.

30. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilsə də, iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

31. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.2. İşçi ədliyyə orqanlarında qulluq etdiyi dövr ərzində xidməti vəsiqədən istifadə edir. Ədliyyə orqanları işçisinin soyadı, vəzifəsi və ya xüsusi rütbəsi dəyişdikdə, habelə xidməti vəsiqənin etibarlıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə verilir. 8.3. Ədliyyə orqanları işçisinin qulluğuna xitam verildikdə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

10. Ədliyyə orqanları işçilərinin əsas vəzifələri aşağıdakılardır: 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. 14.1. Ədliyyə orqanlarının işçisi vəzifədə irəli çəkilə və başqa vəzifəyə keçirilə bilər. 14.3. Səhhətinə görə (tibbi-həkim komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə ədliyyə orqanları işçisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur. 24.1. Ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir. 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. 31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.3. Xidməti intizamı pozduğuna görə ədliyyə orqanları işçisinin xüsusi rütbəsi (ədliyyə sıravisi, tibb xidməti sıravisi, ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, İİİ dərəcəli ədliyyə qulluqçusu və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 32.2. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. 32.4. Ədliyyə orqanlarının işçisinə intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Ədliyyə orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə.

32. Azərbaycan Respublikası ədliyyə nazirinin xx.xx.2007-ci il tarixli 39-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında” Əsasnamə:

6. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 6.1. ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, ədliyyə pensiyaçılarına tibb xidmətinin göstərilməsini təmin edir.

7. Baş idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1. Nazirliyin sistemində tibb xidmətini təşkil etmək; 7.2. ədliyyə orqanlarının işçilərinin və onların ailə üzvlərinin, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, ədliyyə pensiyaçılarının sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlaşdırıcı və digər tibbi tədbirləri həyata keçirmək.

33. Azərbaycan Respublikası Ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”:

4. Ədliyyə işçisinin xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış normalarına və prinsiplərinə əsaslanmalıdır. Ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. 4.2. Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. 7.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir: - etik davranış qaydalarını pozan ədliyyə işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir; 7.4. Etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 7.5. Ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. 7.6. Bu Qaydaların müddəalarının ədlliyyə işçisi tərəfindən pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda xidməti yoxlama (intizam icraatı) başlanıla bilər.

34. Azərbaycan Respublikası Ədliyyə nazirinin xx.xx.2009-cu il tarixli 3-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanlarında xidməti yoxlamaların aparılması Qaydaları”: 2.1. Xidməti yoxlamanın təyin edilməsi üçün aşağıdakılar əsas ola bilər: 2.1.1. etik davranış qaydalarının pozulması barədə məlumatlar; 2.1.4. ədliyyə orqanlarının rəhbərlərinin xidməti yoxlamanın aparılması barədə müraciətləri. 3.1. Xidməti yoxlama, bir qayda olaraq, 20 iş günü ərzində aparılır. Zəruri hallarda bu müddət xidməti yoxlamanı aparan şəxsin və ya yoxlama qrupunun rəhbrinin əsaslandırılmış müraciətinə əsasən xidməti yoxlamanı təyin etmiş şəxs tərəfindən 20 iş günündən çox olmayan müddətə uzadıla və ya təxirə salına bilər. 5.1. Xidməti yoxlamanın nəticələrinə dair toplanmış sənədlər əsasında arayış tərtib edilir. 6.1. Xidməti yoxlama zamanı aşkar olunmuş intizam xətasına görə intizam tənbehi xidməti yoxlamanın nəticələrinə dair arayış təqdim edildikdən sonra iki ay keçənədək verilə bilər.

35. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 378/k nömrəli əmri ilə 03 iyun 2023-cü il tarixdən 2 saylı istintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsindən azad olunaraq Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, sonuncu iş yerinə getməmiş, bu barədə cavabdeh tərəfindən geniş araşdırma aparılmış, araşdırmanın nəticəsi xx.xx.2023-cü il tarixli rəylə Penitensiar xidmətin rəhbərliyinə məruzə olunmuş, ciddi intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra iddiaçının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.2, 4.1 və 7.6-cı bəndinin tələblərini pozması əsası ilə ədliyyə orqanlarından xaric edilmə növündə intizam məsuliyyətinə cəlb edilmiş və nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 841/k nömrəli əmri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.

38. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, intizam məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli, 56/i saylı əmrin ləğv edilməsini, sonuncu iş yeri üzrə Şəki penitensiar müəssisəsində Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmasını, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsini və məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsini xahiş etmiş, tələbinin əsası kimi isə işə getdmədiyi müddət ərzində xidməti vəsiqəsinin özündə olmamasını, səhhəti ilə əlaqədar olaraq müalicələrdə olmasını göstərmişdir.

39. Məhkəmə kollegiyası iddia tələbinin əsassız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 18-1/2- 8479/2023 nömrəli məktubu ilə iddiaçının işə getmədiyi dövrlərdə xəstə olmasını əsaslandırdığı və araşdırmaya təqdim etdiyi Gəncə ŞBX-nin Gülüstan ASM-i tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli, 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuş, Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi (Gülüstan ASM) tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi isə ümumiyyətlə açılmamış və iddiaçıya təqdim edilmədiyi təsdiq olunur (cild İ, səh. 42).

40. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in xx.xx.2024-cü il tarixli 18-1/2- 8392/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin (Xəstəxana) strukturunda fəaliyyət göstərən Gülüstan Ailə Sağlamlıq Mərkəzində (ASM) vətəndaş İddiaçı verilən tibbi sənədlərin qeydiyyatı, tərtibatı və əsaslandırılmasında pozuntular aşkar edilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, məktubda qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin (ƏQOV) kötüyündə xx.xx.2023 tarixi yazılmışdır. "Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı"nda ƏQOV-un xx.xx.2023xx.xx.2023-cü il tarixlərində açılıb-bağlanması göstərilmişdir. Penitensiar Xidmət tərəfindən təqdim olunmuş vətəndaş İddiaçı aid ƏQOV isə (kötük hissədən qoparılmış əsas hissədə) xx.xx.2023-xx.xx.2023 tarixlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiqlənmiş "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında Təlimat"ın (Təlimat) 7-ci bəndinə əsasən həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya xəsarət üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. İddiaçı adına tərtib edilmiş ambulator tibbi kitabçaya əsasən vətəndaşın Gülüstan ASM-ə xx.xx.2023 və xx.xx.2023 tarixlərdə (diaqnoz: Hər iki böyrəyin nefrolitiazı, Xroniki pielonefrit), e-tabib portalından əldə edilmiş məlumatlara əsasən isə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixlərdə müraciətlərinin qeydiyyata alındığı məlum olmuşdur. Sözügedən tarixlərdə vətəndaşın əmək qabiliyyətinin itirilməsinə əsas olan laborator və instrumental müayinə nəticələri təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, ədliyyə orqanlarının işçilərinə tibb xidmətini Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həyata keçirir. Cavabdeh orqanın nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlardan bəlli olmuşdur ki, regionlarda olan ədliyyə işçilərinin hər dəfə tibb xidməti üçün Bakı şəhərində yerləşən İdarəyə gəlmələrinin onlar üçün çətinlik yaratmasını nəzərə alaraq, Nazirliyin rəhbərliyi əməkdaşların xidmət etdikləri şəhər (rayon) Mərkəzi Xəstəxanalarında müayinə-müalicə olunmalarına o şərtlə icazə vermişdir ki, xəstəlik vərəqələrini Tibb Baş İdarəsində qeydiyyata aldırsınlar. Lakin, iş materiallarından görünür ki, iddiaçı sözügedən müddət ərzində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində müalicə olunmamış, üç fərqli tibb müəssisəsindən - A.Səhhət adına Xəstəxana, Samux Rayon Mərkəzi Xəstəxanası və Gülüstan Ailə Sağlamlıq Mərkəzindən xəstəlik vərəqələri almış və yalnız birincini- A.Səhhət adına Xəstəxanadan aldığı Tibb baş idarəsində qeydiyyatdan keçirmişdir. Belə ki, iddiaçı xəstəlik vərəqlərini Baş İdarədə qeydiyyata aldırmalı olduğuna dair daxili qaydadan məlumatsız olmasını bildirsə də, A.Səhhət adına Xəstəxanadan aldığı xəstəlik vərəqəsini Baş İdarədə hansı səbəbdən qeydiyyata aldırmasını məntiqli açıqlaya bilməmişdir.

42. Bundan başqa iddiaçı xidməti araşdırmaya verdiyi izahatında xəstəlik vərəqəsi açdırmasına səbəb kimi 2 saylı İT-dan vəzifədən azad edildiyi üçün ailə vəziyyəti ilə əlaqədar Şəki penitensiar müəssisəsində xidmət edə bilməməsini etiraf etmişdir (cild İ, səh. 78).

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının həm xidməti araşdırmaya, həm də məhkəmə araşdırmasına təqdim etdiyi xəstəlik vərəqələrində onun xx.xx.2023-cü il tarixinə kimi xəstə olması qeyd olunur. Həmin tarixdən sonra iddiaçı heç bir üzrlü səbəb olmadan iş yerinə getməmiş, bu barədə cavabdeh tərəfindən müvafiq aktlar tərtib edilmişdir (cild İ, səh. 198-252; cild İİ, səh.1-114).

44. İş materiallarına əlavə olunmuş iddiaçının Daxili təhqiqatlar şöbəsində verdiyi izahatdan görünür ki, o, xəstəlik vərəqləri ilə əhatə olunmayan dövrlərdə işə getməməsini xidməti vəsiqəsinin olmaması ilə əsaslandırmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xidmət yeri Şəki penitensiar müəssisəninə dəyişdirildiyi gündən xidmətə çıxmadığı üçün o, yeni xidməti vəsiqə ilə təmin edilməmişdir. İddiaçıdan alınmış xidməti vəsiqə isə onun 2 saylı İstintaq təcridxanasında xidmət etdiyi dövrdə (həmin vəzifə və rütbəyə uyğun) verilmiş xidməti vəsiqə olmuşdur.

45. Cavabdehin nümayəndələri məhkəmə iclasında verdikləri izahatlarında xidməti vəsiqənin olmadığı təqdirdə müvəqqəti buraxılış vərəqəsi ilə müəssisəyə daxilolmanın mümkünlüyünü və bu barədə iddiaçının məlumatlı olmasını bildirsələr də, iddiaçı həmin buraxılış vərəqəsində şəkilin olmaması, yalnız ad və soyadın qeyd edilməsi, xidməti vəsiqə ilə birlikdə təqdim edilməli olmasını bildirmiş, lakin məhkəməyə xidmət yerinə getməsi, vəsiqə olmadığından xidmətə buraxılmamasına dair heç bir sübut təqdim etməmiş, məhkəmə iclasında da belə bir sübutun olmadığını, ümumiyyətlə xidməti yerinə getmədiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçının xidmət yerinə getməsi, həmin müəssisəyə buraxılmaması ilə bağlı əməkdaşı olduğu müəssisəyə və həmin müəssisənin yuxarı orqanı olan cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır.

46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş yeri dəyişdirildikdən sonra işə getməməsi, bu hərəkətlərin uzunmüddətli xarakter daşıması və mütəmadiliklə müşahidə olunması cavabdeh orqanın haqlı şəkildə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 31.5-ci madəsinin tələblərinə uyğun davranaraq qərar qəbul etməsi ilə nəticələnmişdir. Belə ki, həmin normanın məzmununa əsasən, bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi (ədliyyə orqanlarından xaricetmə) vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.

47. Yuxarıda qeyd olunanlar iddia tələbinin tam əsassız olması və birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsinə dair düzgün nəticəyə gəlməsini deməyə əsas verir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-1829/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar