Məhkəmə qərarları › İş №2-1(104)-209/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-209/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-209/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşid oğlunun katibliyi, İddiaçı vəkili X3, ərizəçi X1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından X1 vəkili tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 188 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidən 400 kv.m olan 3 nömrəli torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılması qərara alınmışdır. Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi yığıncağının qərarından çıxarışın surətindən görünür ki, bələdiyyənin torpaq fondunun alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 188 nömrəli sərəncamına əsasən Sadıllı yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidə (3 nömrəli sahə) fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.04 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. 18 fevral 2008-ci il tarixli “Torpaqların alğı-satqısına dair Aktın surətindən görünür ki, Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı əsasında bələdiyyə ərazisindən 0.04 ha torpaq sahəsi 1440 manat müqabilində İddiaçı satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********48 nömrəli məktubunun surətindən görünür ki, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verdiyi X8 planlarının qeydiyyatı kitabında iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılması barədə 902 nömrə ilə qeydiyyat aparılmışdır (sənədin nömrəsi A 037822). İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alğı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-5 məhəlləsində yerləşən 400 kv.m sahəsi olan 3 nömrəli torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alğı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-5 məhəlləsində yerləşən 3 nömrəli, 400 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş üzrə tərəf olmayan X1 vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və X1 iş üzrə üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin sahə X9 şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə verilmiş və sahədə F.Əsgərov tərəfindən 2017-ci il tarixdə fərdi yaşayış evi inşa edilmişdir. Hazırki qərarla bağlı F.Əsgərov bu ilin avqust ayında Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsini əldə edərkən məlumat almışdır. Həmin iş hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır və icraat dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim F.Hüseynov) vəsatət təmin edilməmişdir. Birinci instansiya məhkməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki ərizə üzrə ərizəçinin vəkili sözügedən qərardan cari ilin avqust ayında məlumatlı olduqlarını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal isə sözügedən məhkəmə qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini və şəxsin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini istisna edir. Qərardaddan narazı qalan ərizəçinin vəkili şikayət verərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” sözləri əlavə edilmişdir. Gəncə şəhəri, Kəpəz Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan 15 fevral 2008-ci il tarixində qərar qəbul edilmiş, 18 fevral 2008-ci il tarixində isə “Torpaqların alğı-satqısına dair” akt tərtib edilmişdir. Göründüyü kimi iş materiallarında hərrac və müsabiqə qaydasına əməl olunmasına dair sübut əlavə edilməməsi iddiaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulduğunu göstərir. Həmçinin, məhkəmə tərəfindən qərar qəbul edilərkən həmin torpaq sahəsinin hər hansı şəxsin faktiki istifadəsində olub-olmaması aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin hər hansı şəxsin faktiki istifadəsində olub-olmaması barədə mütəxəssis rəyinin alınması üçün qərardad qəbul edilmiş, lakin ölkə ərazisində mövcud olan karantin rejiminin müddətinin uzadılması səbəbilə obyektə baxış keçirilməsinin mümkün olmaması barədə məktub daxil olmuşdur. Həmçinin, məktubda qeyd edilmişdir ki, obyektə baxış keçirilməsi üçün yenidən vaxt təyin olunacağı təqdirdə mütəxəssisin iştirakı təmin olunacaqdır. Karantin rejimi dövründə yenidən vaxt təyin edilməyərək, mütəxəssisin həmin torpaq sahəsinin hər hansı şəxsin faktiki istifadəsində olub-olmamasına dair rəyi alınmadan məhkəmə qərarı qəbul edilmişdir. Daha sonra, yəni qərar qəbul edildikdən 2 ay sonra məhkəməyə mütəxəssis rəyi daxil olur, lakin həmin mütəxəssis rəyində də torpaq sahəsinin kimin faktiki istifadəsində olması barədə məhkəmənin mütəxəssis qarşısında sual qoyması əks olunmamışdır. Hal-hazırda həmin torpaq sahəsi 2017-ci il tarixdən ərizəçi Əsgərov Fikrətin faktiki istifadəsindədir. Həmin torpaq sahəsində tikintinin inşa edilməsinə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə verilmişdir. Ərizəçi həmin torpaq sahəsinə dair İddiaçı çıxarış aldığını yalnız Gəncə Şəhər Məhkəməsinin qanunsuz tikintinin sökülməsi ilə bağlı qətnaməni aldıqdan sonra xəbər olmuşdur. Əgər iddiaçı həmin torpaq sahəsini iddia etdiyi kimi 2008-ci il tarixdə bələdiyyədən alğı-satqı yolu ilə almışdırsa ərizəçi tərəfindən 2017-ci il tarixdə həmin torpaq sahəsində ev tikilən zaman heç bir hərəkət etməmiş, bu barədə məhkəməyə heç bir iddia tələbi ilə müraciət etməmişdir. Ərizəçi tərəfindən tikinti başa çatdıqdan sonra 2020-ci il tarixdə məhkəməyə müraciət edərək həmin torpaq sahəsinə mülkiyyət hüququnu tanıtmışdır. İddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasına əmin idisə və mülkiyyət hüququnun tanıda bilmişdirsə nə üçün ərizəçi tərəfindən tikinti işləri gedən zaman məhkəməyə müraciət etməmişdir. Həmçinin, çıxarışın verilməsi tələbinə Gəncə İnzibati Məhkəməsində baxılan zaman həmin torpaq sahəsinin başqasının faktiki istifadəsində olmasını, hətta 2017- ci il tarixdə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikildiyini gizlətməklə məhkəmənin obyektiv qərar qəbul etməsinə əngəl olmuşdur. Ərizəçinin vəkili Vəkil2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X5 izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, üçüncü şəxsə verilmiş torpaq sahəsinin ümumiyyətlə koordinantı olmadığından harada yerləşməsinin müəyyən edilməsi mümkün deyildir və iddia etdikləri ev hazırki torpaq sahəsində yerləşmir. Hazırki iş üzrə qeyd olunan torpaq sahəsi boşdur və üzərində heç bir tikili inşa edilməmişdir. Bunu iş üzrə təyin edilmiş mütəxəssis rəyi də təsdiq edir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi ilk öncə inzibati icraata üçüncü şəxs qismində cəlb edilmənin mahiyyətinin açıqlanmasını zəruri hesab edir və qeyd edir ki, X1 iş üzrə icraatda üçüncü şəxs qismində iştirakına cəlb edilməsi qanunamüvafiq deyildir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə:

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. 36.İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. ...

46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur.

53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. İş materiallarında olan Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, bələdiyyənin torpaq fondunun alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 188 nömrəli sərəncamına əsasən Sadıllı yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidə (3 nömrəli sahə) fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.04 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. 18 fevral 2008-ci il tarixli “Torpaqların alğı-satqısına dair” aktın surətindən görünür ki, Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı əsasında bələdiyyə ərazisindən 0.04 ha torpaq sahəsi 1440 manat müqabilində İddiaçı satılmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli imtina məktubu onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz bələdiyyəsi tərəfindən 0,04 ha torpaq sahəsinə dair qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən məlum olur ki, Gəncə şəhər, Kəpəz bələdiyyəsi tərəfindən (eləcə də Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 188 nömrəli sərəncamına əsasın) fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi E-5 məhəlləsindəki boş ərazidən İddiaçı ayrılmış 0,04 ha torpaq sahəsinin mülki işə dair sənədlərə əlavə olunmuş sxemə istinadən koordinantları naturada müəyyən edilmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq, Gəncə şəhər Kəpəz bələdiyyəsinin yeni bələdiyyə xəritəsinə istinadən yuxarıda qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Ərizəçi iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilməsi ilə bağlı ərizə təqdim etmiş və ərizəyə Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2017-ci il tarixli, 1286 saylı sərəncamını əlavə etmişdir. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2017-ci il tarixli, 1286 saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yerləşən 400,0 kv.m torpaq sahəsində X4 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyyələndirilməsinə) icazə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qərarın məhz ərizəçinin qanunla qorunan maraqlarına toxunması halı mövcud deyildir. Belə ki, iddiaçıya torpaq sahəsi bələdiyyə qərarı əsasında verilmiş, iş üzrə alınmış mütəxəssis rəyi ilə də torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması təsdiqlənmişdir. 12 iyul 2017-ci il tarixli, 1286 saylı sərəncamda isə ərizəçiyə torpaq sahəsi deyil, ona yalnız fərdi yaşayış evinin tikilməsinə (lahiyyələndirilməsinə) icazə verilmişdir. Bundan başqa, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 05 aprel 2021-ci il tarixli məktubundan məlum olur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)547/2020 saylı qərarı icra olunaraq İddiaçı xx.xx.2020-ci il tarixli, **********49 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. 2-1(104)209/2023 saylı mülki iş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli, 10/2923 saylı ekspert rəyindən məlum olur ki, "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 385 kv.m həyətyanı topaq sahəsinin 362,95 kv.m hissəsinin, **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400 kv.m həyətyanı torpaq sahəsinin bütövlüklə, **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400 kv.m həyətyanı torpaq sahəsinin 391,67 kv.m hissəsinin cavabdeh X1 faktiki istifadəsində olduğu müəyyən edildi. X4 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 236,73 kv.m hissəsinin **********48 reyestr nömərli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 1,89 kv.m hissəsinin **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyətində olan həyətyanı torpaq sahəsi ilə, 17,63 kv.m hissəsi isə **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Göründüyü kimi hazırki məhkəmə qərarı əsasında İddiaçı mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olan fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ekspert rəyləri ilə **********48, **********76 və **********87 reyestr nömərli çıxarışda qeyd olunan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Belə olan halda ərizəçi hazırda iddiaçının hüquqları qeydə alınan torpaq sahəsinə dair hər hansı bir tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, ərizəçinin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur, ərizəyə əlavə olunmuş sərəncama əsasən isə evin yerləşdiyi torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün deyildir, xx.xx.2022-ci il tarixli 10/2923 saylı ekspert rəyi ilə müəyyən olunur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi digər çıxarışlarda qeydə olunan torpaq sahələri ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini tələb edən X1 qanunla qorunan maraqlarına toxunması və ya onun barəsində üçüncü şəxs olaraq vahid qərarın qəbul olunmasını şərtləndirən hallar müəyyən edilmir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd olunur ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28, 81, 87, 89, və 94. maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Hakimlər: Aygül İsgəndərova, Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar