Məhkəmə qərarları › İş №2-1(104)-21/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-21/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-21/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-14/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, **********8 nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində icarəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahəsindən ibarət əmlak kopleksi (maye qaz doldurma məntəqəsi) üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

2. xx.xx.2008-ci il tarixli, 1770(01-67-12) inventar nömrəli Daşınmaz əmlakın texniki pasportundan görünür ki, qeyd olunan sənəddə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində İddiaçı məxsus əmlak kompleksinin texniki göstəriciləri öz əksini tapmışdır.

3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 6468 nömrəli sərəncamından görünür ki, “Hacıkənd” firması sahibkarının xx.xx.1999-cu il tarixli 7/B- 2126 saylı məktubunun nəzərə alınması və firmaya maye qaz satışı məntəqəsinin təşkili üçün Şahsevərlər küçəsi ilə Nizami küçəsinin birləşdiyi ərazidə olan boş sahədə, maye qaz satışı məntəqələri üçün nəzərdə tutulmuş normalara uyğun 35-40 metr radiusda müvəqqəti torpaq sahəsinin ayrılması, ayrılmış sahədə maye qaz satışı məntəqəsinin təşkilinə və vətəndaşların qaz balonlarının nəzarətindən keçirilməsi üçün yüngül konstruksiyadan nəzarətçi sahəsinin quraşdırılmasına icazə verilmişdir.

4. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 54 nömrəli sərəncamından görünür ki, Şahsevərlər küçəsi ilə Nizami küçəsinin kəsişməsində fəaliyyət göstərən səyyari maye qaz satışı məntəqəsinin Şəmkir şossesi ilə H.Əliyev prospektinin kəsişməsinin şimal-şərq tərəfindəki boş əraziyə köçürülməsinə və orada İddiaçı tərəfindən təsdiq edilmiş layihə əsasında stasionar maye qaz satışı məntəqəsinin inşa olunmasına icazə verilmişdir.

5. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 766 nömrəli sərəncamından görünür ki, Gəncə-Şəmkir avtomobil yolu ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən, İddiaçı məxsus maye qaz və neft məhsullarının satışı məntəqəsinin yolun genişləndirilməsi ilə bağlı 28 may küçəsi ilə Ə.Mehmandarov küçəsinin kəsişməsinin cənub-şərq tərəfində yerləşən 0.225 ha torpaq sahəsində yerləşdərilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1907 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus əmlak kompleksinə dair xx.xx.2008-ci il tarixdə tərtib olunmuş 1770(01-07-12) intervar nömrəli Daşınmaz əmlakın texniki pasportunda əks olunmuş əmlakın “A” literli tikilinin ümumi sahəsi 71.4 kv.m və “C” literli tikilinin ümumi sahəsi 112.2 kv.m (cəmi 183.6 kv.m. (71,4+112,2)) sahəsinin söküldüyü və faktiki mövcud olmadığı müəyyən edilmişdir. 7."xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 017/Mİ/22 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində sökülmüş 183.6 kv.metr əmlak kompleksinin bərpa edilməsinə tələb olunan xərc 119.400 manat müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 17 yanvar 2023-cü il tarixli, 3-21-3-33/2-379/2023 nömrəli məktub ilə göndərilən 22 dekabr 2022-ci il tarixli, 001-03/22 nömrəli rəydə qeyd olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimalşərq hissəsində yerələşn əmlak kompleksi olan cəmi 183.6 kv.m (“A” literli 71.4 kv.m + “C” literli 112.2 kv.m) 2013-cü il ərzində bazar dəyəri 230 000 (iki yüz otuz min) manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ əsasında ona məxsus Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (maye qaz doldurma məntəqəsi) qanunsuz və əsassız məhv edilməsi nəticəsində 400.000 manat əmlakın dəyərinə və 200.000 manat əldən çıxmış faydaya, cəmi 600.000 manat miqdarında kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X3 prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində olan 0,15 ha torpaq sahəsində yerləşən 229.7 kv. m ümumi, 194.0 kv. m əsas, 35.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (maye qaz doldurma məntəqəsi) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev vəzifəsindən sui istifadə edərək Gəncə şəhər İcra Hakimiyyəti adından ona məxsus maye qaz və neft məhsulları satışı məntəqəsinin yolunun genişləndirilməsini bəhanə edərək şəxsi iştirakı ilə Tik “A”sahəsi 71.4 kv.m olan operator otağını və 150 kv.m talvarı özbaşına zor tətbiq edərək sökdürmüşdür. İddiaçı öz etirazını bildirdikdə M.Mustafayev onu hədə qorxu ilə susdurmuşdur. İddiaçı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının hərəkətlərindən Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə şikayət etmiş, lakin heç bir nəticə olmamışdır. Beləliklə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətinə qeyriqanuni olaraq müdaxilə olunmuş və qanunsuz olaraq tikililər sökülmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının 400.000 manat dəyərində olan əmlakı uçurulmuş, həmçinin 2013-cü ildən etibarən o, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş və nəticədə 200.000 manat məbləğində gəlirindən məhrum olmuşdur. Cavabdeh tərəfindən törədilən qanun pozuntularının aradan qaldırılması və 600.000 manat kompensasiyanın ona ödənilməsi barədə iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2010-cu il tarixdə rəsmi müraciət etmiş, lakin bu günədək onun cavab verilməmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-14/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən 119.400 (bir yüz on doqquz min dörd yüz) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Məhkəmə hesab etmişdir ki, sözügedən tikintinin sökülməsinə dair qanunamüvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin həmin əmlakın sökülməsinə dair qanunla müəyyən edilmiş əsasları olmamışdır. Cavabdeh iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat:

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)21/2023 saylı qərardadı ilə cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti əsl cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti ilə əvəz olunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Məhkəmə qərarında söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini vurğulansa da, buna dair iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verdi, iddiaçıya məxsus tikilinin tərəflərindən sökülmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçıya heç bir kompensasiya ödənilməmişdir və xx.xx.2013-cü il tarixli, 166 saylı sərəncam isə iddiaçının ərizəsi əsasında qəbul edilmiş, Gəncə-Şəmkir avtomobil yolu ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən maye qaz və neft məhsulları satışı məntəqəsinin yolun genişləndirilməsi ilə bağlı 28 May küçəsi ilə Ə.Mehmandarov küçəsinin kəsişməsinin cənub-şərq tərəfində yerləşən 0,225 ha torpaq sahəsində yerləşdirilməsinə icazə verilmişdir. Tərəflərindən heç bir söküntü işləri aparılmadığından qeyd olunan sərəncam kompensasiya kimi verilməmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 2013-cü ildən söküntü işləri aparılıb və illərdir heç bir kompensasiya ödənilməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də söz veriblər ki, köməklik edəcəklər, lakin bu günə kimi heç bir yardım göstərilməmişdir. xx.xx.2013-cü il tarixli, 166 saylı sərəncam isə ərizəsi əsasında verilmiş, lakin həmin torpaq sahəsi də başqa təşkilata məxsus olduğundan istifadə edə bilməmişdir.

Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

21. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

22. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

26. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.

27. Maddə 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.

28. Maddə 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

29. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu:

31. Maddə 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

32. 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;

33. 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq;

34. 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz;

35. 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix;

36. Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır.

37. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.

38. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.

39. Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir:

40. Maddə 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;

41. Maddə 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;

42. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.

43. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğısatqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

44. Maddə 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

45. Maddə 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

“Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu:

46. Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

47. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:

48. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

49. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

50. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

51. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

52. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

53. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

54. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.

56. İşin halları ilə müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində icarəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahəsindən ibarət əmlak kompleksi (maye qaz doldurma məntəqəsi) üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır (Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, **********8 nömrəli çıxarış).

57. İddiaçı 2013-cü ildə şəhər ərazisində aparılan yenidənqurma işləri zamanı ona məxsus qeyri-yaşayış obyektinin sökülməsi nəticəsində hər hansı kompensasiya məbləğinin ödənilmədiyini bildirmiş və bu əsasla 400.000 manat maddi ziyan və 200.000 manat əldən çıxmış fayda tələb etmişdir.

58. Cavabdeh inzibati orqan isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilmədiyini bildirərək müraciətin təmin olunmasından imtina etmişdir.

59. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, qərar cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmişdir.

60. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1907 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən əmlak kompleksinə dair xx.xx.2008-ci il tarixdə tərtib olunmuş 1770(01-07-12) intervar nömrəli Daşınmaz əmlakın texniki pasportunda əks olunmuş əmlakın “A” literli tikilinin ümumi sahəsi 71.4 kv.m və “C” literli tikilinin ümumi sahəsi 112.2 kv.m (cəmi 183.6 kv.m. (71,4+112,2)) sahəsi sökülmüşdür və faktiki mövcud deyildir.

61. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 27 mart 2023-cü il tarixli, 5- 1/2-03/744/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan yanacaqdoldurma məntəqəsi onun xx.xx.2013-cü il tarixli müraciəti əsasında Gəncə şəhəri, 28 May küçəsində ayrılmış 0,0225 ha torpaq sahəsinə köçürülmüş, köçürülmə işləri vətəndaşın öz istəyi əsasında aparıldığından, habelə, Gəncə şəhəri İcra Hakimiyyətivə onun tabeli qurumları tərəfindən söküntü işləri aparılmadığndan İddiaçı əlavə olaraq hər hansı kompensasiya ödənilməmişdir.

62. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, tələb üzrə mübahisə predmeti olan əmlakın iddiaçıya məxsus olması və hissəvi sökülməsi işin mübahisəsiz halıdır.

63. Belə ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın rəydə qeyd olunan hissəsinin hazırki vəziyyətdə sökülmüş olması, onun bütövlüyünün pozulması sübut olunmuşdur və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması işin mübahisəsiz halıdır.

64. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:

65. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

66. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.

67. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.

68. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.

69. Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.

70. İnzibati orqan tərəfindən qəbul edilmiş Gəncə-Şəmkir avtomobil yolu ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən, İddiaçı məxsus maye qaz və neft məhsullarının satışı məntəqəsinin yolun genişləndirilməsi ilə bağlı 28 may küçəsi ilə Ə.Mehmandarov küçəsinin kəsişməsinin cənub-şərq tərəfində yerləşən 0.225 ha torpaq sahəsində yerləşdərilməsinə (layihələndirilməsinə) icazə verilməsinə dair Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 766 nömrəli sərəncamı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sərəncam söküntü işlərinin aparıldığı dövrdə qəbul edilsə də təqdim edilmiş idiaçının xx.xx.2013-cü il tarixli ərizəsinə əsasən qəbul edildiyi müəyyən olunmuşdur.

71. Digər tərəfdən Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 27 mart 2023-cü il tarixli, 5-1/2-03/744/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan yanacaqdoldurma məntəqəsi onun xx.xx.2013-cü il tarixli müraciəti əsasında Gəncə şəhəri, 28 May küçəsində ayrılmış 0,0225 ha torpaq sahəsinə köçürülmüş, köçürülmə işləri vətəndaşın öz istəyi əsasında aparıldığından, habelə, Gəncə şəhəri İcra Hakimiyyətivə onun tabeli qurumları tərəfindən söküntü işləri aparılmadığndan İddiaçı əlavə olaraq hər hansı kompensasiya ödənilməmişdir.

72. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sərəncam iddiaçının ərizəsi əsasında verildiyindən, sərəncamda göstərilən sahə üzərində iddiaçının hüquqlarının qeydə alınması və ya hüquqlarının realizə edilməsi ilə bağlı heç bir sübut təqdim olunmadığından vurulmuş ziyana görə kompensasiya kimi nəzərə alına bilməz.

73. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

74. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

75. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.

76. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.

77. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).

78. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).

79. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

80. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən təyin edilən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 017/Mİ/22 nömrəli qiymətləndirmə hesabatında İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində sökülmüş 183.6 kv.metr əmlak kompleksinin bərpa edilməsinə tələb olunan xərc 119.400 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

81. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli, 001-03/22 nömrəli rəyində qeyd edilir ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində yerələşn əmlak kompleksi olan cəmi 183.6 kv.m (“A” literli 71.4 kv.m + “C” literli 112.2 kv.m) 2013-cü il ərzində bazar dəyəri 230 000 (iki yüz otuz min) manat təşkil edir.

82. Göründüyü kimi apellyasiya icraatı zamanı əmlakın bazar dəyəri daha yüksək 230 000 manat miqdarında müəyyən edilsə də, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin müvafiq qərarından apellyasiya şikayəti verilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgün hesab edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

83. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin olunması üçün heç bir qanuni əsas yoxdur.

Nəticəvi hissə:

84. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-14/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar