Məhkəmə qərarları › İş №2-1(104)-211/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-211/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-211/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2110/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Resyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya və onun ailə üzvlərinə ilkin olaraq Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsinin yararsız olması ilə əlaqədar iddiaçı Samux rayon Qarabağlı bələdiyyəsinə müraciət etmiş, sonuncunun xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı 49-50-ci kontur 3,66 ha pay torpağının bələdiyyənin 3-cü konturdakı “Qara üzüm” adlanan torpaq fondu ilə dəyişdirilməsi qərara alınmış, həmin qərarın davamı olaraq Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı ilə pay torpağının yeri yararsız olduğundan bələdiyyə torpaqları ilə dəyişdirilməsinə dair bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı nəzərə alınmış və bu barədə «Torpağa mülkiyyət hüququna dair» JN-0070 saylı dövlət aktı tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən JN- 0070 saylı dövlət aktında göstərilən torpaq sahəsinin yeri ilə Ərazi idarəsinin elektron xəritə məlumatları arasında uyğunsuzluq olduğundan müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, faktiki istifadələrində olan 3.66 h pay torpaq sahəsinin plan və ölçü sənədlərinin adlarına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və yaxın qohumları X1, X6, X2 torpaq islahatı aparılan zaman Samux Rayon Aqrar İslahat Komissyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarı ilə 3,66 hektar kənd təsərüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0070, kod 50710028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X11 plan və ölçü sənədləri elektron bazaya salınmışdır. Reallıqda isə o və ailə üzvülərinə verilən torpaq sahəsi istifadəyə yararsız olduğu üçün dəyişdirilməsi məqsədi ilə Qarabağlı bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin xx.xx.2004-cü il tarixli xx.xx.2004-cü il tarixli 18 №-li qərarına əsasən 3,66 hektar pay torpağı bələdiyyənin 3-cü kontorundakı “Qara üzüm” adlanan sahədə torpaq fondu ilə dəyişdirilmişdir. Samux rayon Aqrar İslahat komisyasının xx.xx.2004-cü il tarixli (protokol № 02) qərarı ilə bu dəyişiklik nəzərə alınmışdır. Ailə üzvülərilə birlikdə 18 ildən çox müddətdir ki, Qarabağlı bələdiyyəsi tərəfindən 3,66 hektar pay torpaq sahəsini əkib becərirlər. Hazırda istifadələrində olan 3,66 ha pay torpağ sahəsinə çıxarış ala bilmirlər. Faktiki istifadə etdiyi 3,66 hektar pay torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq üçün cavabdehə müraciət etmiş, ona “Torpağa mülkiyyət hüququna dair “ JN-0070 saylı dövlət aktında göstərilən torpaq sahəsinin yeri ilə ərazi İdarəsinin elektron xəritə məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edildiyi bildirilmişdir. Onların 3,66 ha pay torpaq sahəsi Qarabağlı bələdiyyəsinin fondunda olan torpaq sahəsinə dəyişdirilmiş, lakin bu barədə cavabdehin elektron bazasında məlumat üzrə dəyişiklik aparılmamışdır. Hazırda bu dəyişikliyin elektron bazada qeydiyyatının aparması üçün onun məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3, X8 və X4 iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2110/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Samux rayon Qarabağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 18 nömrəli qərarı ilə bələdiyyənin 3-cü konturdakı 3,66 ha “Qara üzüm” adlanan sahəsindən İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı və Torpaq Məcəlləsinin müvafiq normaları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı "Torpağa mülkiyyət hüququna dair" JN-0070 saylı dövlət aktında qeyd olunan 3.66 ha torpaq sahəsinin koordinatları, ölçüsü və konfiqurasiyası ilə Ərazi İdarəsinin elektron xəritə məlumatları uyğunsuzluq təşkil edir. Belə ki, vətəndaşa ilkin olaraq verilən torpaq sahəsinin ölçüsü (DWG-də) 3.19 ha qeyd olunsa da, təqdim edilmiş sənədlər torpaq sahəsi 3.66 ha-dır. Bununla yanaşı Dövlət aktının koordinatları ilə sənəd üzrə (DWG) koordinatlar arasında təxminən 5000 m məsafə fərqi var. Sənəd üzrə yerinə çıxarış işlənməyib, hal-hazırda həmin torpaq çoxillik əkmə (üzümçülük) kimi istifadə olunur. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. Həmçinin işə baxan məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq nəzərə almamışdır ki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Lakin "Torpağa mülkiyyət hüququna dair" JN-0070 saylı dövlət aktında qeyd olunan 3.66 ha torpaq sahəsinin koordinatları, ölçüsü və konfiqurasiyası ilə Ərazi İdarəsinin elektron xəritə məlumatları uyğunsuzluq təşkil edir. Belə ki, vətəndaşa ilkin olaraq verilən torpaq sahəsinin ölçüsü (DWG-dǝ) 3.19 ha qeyd olunsa da, təqdim edilmiş sənədlər torpaq sahəsi 3.66 ha-dır. Bununla yanaşı Dövlət aktının koordinatları ilə sənəd üzrə (DWG) koordinatlar arasında təxminən 5000 m məsafə fərqi var. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı İdarəsi qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələbləri pozulur. Əlavə olaraq qeyd edir ki, məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, işə baxmış məhkəmə bu hala qiymət verməyərək, şəxsin qanunla qorunan maraqlarına toxunduğu halları nəzərə almadan xidməti vəzifəsinə uyğun olaraq həmin Qarabağlı Bələdiyyəsini üçüncü şəxs qismində İnzibati məhkəmə icraatına cəlb etməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Gəncə Apellayasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-211/2023 saylı qərardadı ilə Samux rayon Poylu bələdiyyəsi inzibati iş üzrə üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. İddiaçı məhkəmə kollegiyasına xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək iddia tələbinə dəqiqləşmə edərək onlara verilmiş JN-0070, KOD 50710028 saylı Dövlər Aktına əsasən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)- 211/2023 saylı qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi X5 bildirmişdir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 02 saylı qərarı ilə, İddiaçı və ailə üzvlərinə verilmiş 3.66 ha torpaq sahəsinin 2.35 ha hissəsi, İddiaçı faktiki istifadəsində olan 3.58 ha torpaq sahəsinin 2.35 ha hissəsi ilə üst-üstə düşür. Bundan başqa JN-0070 KOD 50710028 saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktına əsasən, İddiaçı və ailə üzvlərinə verilmiş 3.66 ha torpaq sahəsi Samux rayonu Qarabağlı kəndində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır. Bundan başqa həmin sahə digər şəxlərin mülkiyyətində və istifadəsində deyil. İddiaçının tələbinin icrasından imtinanın yeganə səbəbi torpaq sahəsinin Samux rayonu Qarabağlı kəndində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmaması olmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər, cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Maddə 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Maddə 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-).

İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçılara ilkin olaraq Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsin yararsız olduğundan iddiaçı Samux rayon Qarabağlı bələdiyyəsinə müraciət edərək ona ayrılmış torpaq payının kənddən xeyli aralı olması, yerin relyefinin düzgün olmaması, su aparılmasının çətin olması və s. səbəblərdən pay torpağının Qarabağlı bələdiyyəsinin fondunda olan 3-cü konturda “Qara üzüm” adlanan yerlə dəyişdirilməsi xahiş etmiş və bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı 49-50-ci kontur 3,66 ha pay torpağının bələdiyyənin 3-cü konturdakı “Qara üzüm” adlanan torpaq fondu ilə dəyişdirilməsi qərara alınmışdır. Həmin qərardan sonra Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004cü il tarixli qərarı ilə pay torpağının yeri yararsız olduğundan bələdiyyə torpaqları ilə dəyişdirilməsinə dair bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı nəzərə alınmış və bu barədə «Torpağa mülkiyyət hüququna dair» JN-0070 saylı dövlət aktı tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə JN-0070 saylı dövlət aktında göstərilən torpaq sahəsinin yeri ilə Ərazi idarəsinin elektron xəritə məlumatları arasında uyğunsuzluq olduğundan müraciəti təmin edilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, Samux rayonu Qarabağlı kəndində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, Samux rayonu Qarabağlı kəndində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks verquruluşu layihəsinə və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, ehtiyat fond torpaqları kateqoriyasına aid, kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan sahədir. Torpaq sahəsi faktiki olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. İş materiallarında mövcud olan, JN-0070 (KOD ********) saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktına əsasən, həmin aktda göstərilən koordinatlar daxilində yerləşən, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 02 saylı qərarı ilə, İddiaçı və ailə üzvlərinə verilmiş 3.66 ha torpaq sahəsinin 2.35 ha hissəsi, İddiaçı naturada təqdim etdiyifaktiki istifadəsində olan 3.58 ha torpaq sahəsinin 2.35 ha hissəsi ilə üst-üstə düşür. Qeyd edilir ki, iş materiallarında mövcud olan, JN-0070 (KOD ********) saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktına əsasən, İddiaçı və ailə üzvlərinə verilmiş 3.66 ha torpaq sahəsi Samux rayonu Qarabağlı kəndində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır. Əraziyə baxış keçirilərkən, naturada təqdim olunan sahənin hava məkanından yüksək gərginlikli elektrik xətti keçmədiyi müşahidə olundu. İdarənin elektron baza materiallarına istinadən, qeyd olunan torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşməsi halı aşkarlanmamaşdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələgəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, həmin qanunun 8.0.5-ci maddəsində, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, JN-0070, KOD 50710028 saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktına əsasən 3.66 ha torpaq sahəsi üzərində İddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi cavabdeh inzibati orqanın birbaşa səlahiyyətindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi X5 öz izahatında bildirmişdir ki, iddiaçının tələbinin icrasından imtinanın yeganə səbəbi torpaq sahəsinin Samux rayonu Qarabağlı kəndində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmaması olmuşdur Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçıya verilmiş torpaq sahəsinin Samux rayonu Qarabağlı kəndində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmaması iddiaçının əleyhinə şərh edilə bilməz. Odur ki, vətəndaşın qanuni tələbinin icrasından əsassız və lüzumsuz imtina inzibati orqanın vəzifə səlahiyyətindən sui-istifadədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2110/2022 saylı qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar çıxarılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2110/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. JN-0070, KOD 50710028 saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktına əsasən 3.66 ha torpaq sahəsi üzərində İddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar