Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-211/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4020/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, qulaqlarının hər iki tərəfi İV dərəcə eşitmir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, «göndəriş natamam» deyə imtina edilmişdir. İddiaçı qeyd edir ki, göndəriş natamam olanda cavabdeh orqan tibb müəssisəsinə göndərişin natamam olduğunun nədən ibarət olmasını bildirməlidir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4020/2024 saylı qərardadı ilə (hakim R.Tağıyeva) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakın təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət etmək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X2 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyrimütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X1rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddia tələbindən görünür ki, iddiaçı ona müvafiq əlillik dərəcəsinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələbini mümkünsüz sayan birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, qanunvericiliyin tələbinə əsasən, TSEK tərəfindən şəxsin əlilliyinin qiymətləndirilməsi üçün həmin şəxs barəsində müvafiq tibb müəssisəsinin göndərişi olmalıdır. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK müvafiq qeyd aparmaqla bu barədə bildirişi onu rəsmiləşdirmiş tibb müəssisəsinə göndərir. Hazırkı iş üzrə sonuncu müayinəyə dair məlumat vərəqindən görünür ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən dövlət səhiyyə müəssisəsinin rəsmiləşdirdiyi göndəriş natamam doldurulduğu üçün geri qaytarılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək qeyd olunan xətanın aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2024-cü il tarixədək vaxt verilmiş, lakin İddiaçı tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xətalar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadə ləğv edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçı məhkəmə tərəfindən verilmiş vaxt ərzində cavabdeh inzibati orqanın əlillyin təyin edilməsindən imtina edilməsinə dair qərarını məhkəməyə təqdim edə bilmədiyindən iddiası mümkün sayılmamışdır. Lakin, apellyasiya şikayətinə əlavə edilmiş müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli qərarla diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Belə olan halda məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından və iddiaçının əldə etmək istədiyi hüquqi nəticəyə daha rahat çata bilməsi üçün qərardadın ləğv edilərək işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını məqsədəmüvafiq hesab edir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4020/2024 saylı qərardadı ləğv edilsin. İş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-211/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-211/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver