Məhkəmə qərarları › İş №2-1(104)-212/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-212/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-212/2024 15.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-89/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1964-cü il tarixdə Ağdərə rayonun Narıştar kəndində anadan olmuş, hazırda Ağdam rayonun Qalayçılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. İddiaçıya xx.xx.2007-ci il tarixdə AA seriyalı 157928 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdə “şəkərli diabet İİ tip insulin tələbli ağır forma. Hipertoniya xəstəliyi ikinci dərəcə” (İV sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14-Şəkərli diabet=>E10-İnsulindən asılı şəkərli diabet) diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin diaqnoz əsasında iddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdən isə pensiya ödənişi dayandırılmışdır. Lakin xx.xx.2021-ci il tarixdə həmin diaqnoz əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuş, imtina əsası kimi göndərişin natamam doldurulması – Səbəb:Hədəf orqanlarındakı ağırlaşmaları göstərən müayinələr qeyd olunsungöstərilmişdir. xx.xx.2021-ci il tarixdəki müayinə zamanı əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsinin səbəbi kimi – Göndərişin natamam doldurulması – Səbəb: Respublika Endokrinologiya Mərkəzində müayinə olunması məsləhətdir.” göstərilmişdir. xx.xx.2021-ci il tarixdəki imtinanın əsası “Göndərişin natamam doldurulması.- Səbəb: Hədəf orqanlarda ağırlaşmaların ağırlıq dərəcəsi dəqiqləşdirilməyib” olmuşdur. xx.xx.2021-ci il tarixdəki imtinanın əsası “Göndərişin natamam doldurulması.- Səbəb: Hədəf orqanlarda olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” olmuşdur. xx.xx.2022-ci il tarixdəki imtinanın əsası isə “Göndərişin natamam doldurulması.- Səbəb: Hədəf orqanlarda ağırlaşmalar müayinələrlə əsaslandırılsın” olmuşdur. “Ağdam Rayon Mərkəzi Xəstəxana” publik hüquqi şəxs tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0217003AANFFnömrəli göndərişə əsasən, iddiaçı xx.xx.2015ci il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 kodu (X1 10-cu baxış) əsasən: a) əsas diaqnoz E10.7– İnsulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla Şəkərli diabet tip 2 insulin tələbli ağır força çoxsaylı ağırlaşmalarla. Diabetik retinopatiya, diabetik polineyropatiya, diabetik nefropatiya, aşağı ətrafların diabetik angiopatiyası; b) ağırlaşmaları - XBT 10-a uyğun olaraq: N08.3* - Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14 Diabetik nefropatiya. Xroniki böyrək çatmamazlığı başlanğıc mərhələ. H36.0*-Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə) OU Preproliferativ diabetik retinopatiya. G63.2* -Diabetik polinevropatiya (E10-E14 ümumi dördüncü. 4 işarəsi ilə) Diabetik polinevropatiya. İ79.2*-Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən angiopatiya. Aşağı ətrafların diabetik angiopatiyası. c) Yanaşı xəstəliklər: K81.1 – Xroniki xolesistit İ10 – Essensial (birinci) hipertenziya İİİ dərəcə çox yüksək risk F48.0 – Nevrasteniya Astenonevrotik sindrom İ25 – Ürəyin xroniki işemik xəstəliyi gərginlik stenokardiyası İİİ f.s. QDÇ- İİ dərəcə. İ67.4 – Hipertenziv ensefalopatiya. Dissirkulyator hipertenziv ensefalopatiya. K29 – Qastrit və duadenit Xr qastrit Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalar, ürək və ağciyər xəstəlikləri” diaqnozu ilə müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının 2009-cu cı il tarixli qərarı ilə iddiaçıya "İnisulindən asılı şəkərli diabet" diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Dəfələrlə( 8 dəfə) növbəti tibbi komisiya zamanı Tibbi Sosial Ekspert Komisiyasının rəyləri ilə əlilliyi təsdiq edilərək müvafiq müddətlərə uzadılmışdır. Ancaq sonuncu - xx.xx.2021-ci ildə növbəti müayinə zamanı 8 dəfə 2-ci qrup əlillik dərəcəsinii təsdiq etmiş cavabdeh təşkilat tərəfindən iddiaçının əlillik dərəcəsi dayandılmışdır. Tibbi sənədləri yenidən hazırlanıb cavabdehə göndərilmiş və təkrar sənədlərin natamam olması səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə X7 Komissiyasının 08 aprel 2022-ci il tarixli,TOŞN-088 nömrəli Göndərişi ilə "İnsulindən asılı şəkərli diabet,çoxsaylı ağırlaşmalar" diaqnozu ilə tibbi sənədləri iddiaçıya müddəti bitmiş əlillik dərəcəsi verilməsi məsələsinə yenidən baxılması üçün Azərbaican Respublikası Səhiyyə Nazirliyi "Tibbisosial ekspert komissiyasına göndərilmış və bu barədə olan "Reyestrə" daxil edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli rəyi ilə iddiaçıya əllik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi Dövlət səhiyyə müəssəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmaması və hədəf orqanlarında ağırlaşmaların müayinələrlərin əsaslandılmadığı göstərilmişdir. Halbuki, həmin ərizəyə əlavə edilmiş X7 Komissiyasının 08 aprel 2022-ci il tarixli, TOŞN-088 nömrəli, 4 səhifədən ibarət Göndərişinin məzmunu və əsaslandırıcı hissəsi bu imtinanın əsassız olduğunu sübut edir. Belə ki, həmin ərizəyə əlavə edilmiş X7 Komissiyasının 08 aprel 2022-ci il tarixli göndərişin əsaslandıricı hissəsində iddiaçının 2005-ci ildən Ağdam MRX-da Şəkərli diabet tip 2 insulin tələbli, ağır formalı" diaqnozla qeydiyyatda olması, dəfələrlə satasionar və ambulator müalicələr almasına baxmayaraq, vəziyyətində heç bir yaxşılaşmanın müşahidə edilməməsi, tez-tez hiperlikemik və hipertonik vəziyyətllərdə xəstəxanaya müraciət etməsi, inisulin terapiyası alması, xx.xx.2021-ci il tarixdə Respublika Endekronoloji Mərkəzdə müayinə zamanı xəstəlik diaqnozunun təsdiqlənməsi qeyd edilməklə göndəriş ətraflı şəkildə tamamilə əsasalndırılmışdır. Bundan başqa, həmin rəydə iddiaçının əlavə olaraq "Ürək və Ağciyər xəstəliklərindən də ciddi əziyyət çəkdiyi tam surətdə əsaslandırılmışdır. Belə ki, rəyin əsaslandırıcı hissəsindən göründüyü kimi, mövcud xəstəliklərlə bağlı aşağıda adları qeyd edilən xəstəxanalarda stasionar və ambulataor müalicələr almışdır: 1) "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında; 2) Ağdam rayon Mərkəzi xəstəxana"publik hüquqi şəxs; 3) F.Ə.Əfəndiyev adına 4 nömrəli Şəhər Klinik xəstəxanasında. 3)"Respublika Endekronoloji Mərkəzi" publik hüquqi şəxs; 4) Ağdam mərkəzi rayon xəstəxanası"publik hüquqi şəxs 5) "Respublika Endekronoloji Mərkəzi"publik hüquqi şəxsi Bunlar cavabdeh xx.xx.2022-ci il tarixli iddiaçıya əllik dərəcəsindən verilməsinə dair imtinasında göstərilən dəlillərin tamamilə əsassız olduğunu təsdiq edir. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək iddiaçıya “İnisulindən asılı şəkərli diabet,çoxsaylı ağırlaşmalar" ağırlaşmış ürək və ağ ciyər "xəstəliyi bağlı müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-89/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi ilə öhdəliyinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən hazırkı vaxtadək iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olaraq, “şəkərli diabet İİ tip insulin tələbli ağır forma. Hipertoniya xəstəliyi ikinci dərəcə” (İV sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14-Şəkərli diabet=>E10-İnsulindən asılı şəkərli diabet) diaqnozu olmuşdur. Hansı ki həmin xəstəliklər həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə və Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə 2-ci dərəcəli əlilliyin təyininə əsas verir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə Əlilliyin müəyyən olunması meyarların 11.2.2.2-ci bəndində iddiaçıya qoyulmuş diaqnoz əks olunmuşdur. Bundan əlavə, iddiaçıya ilk dəfə 2009-cu ildən ikinci dərəcəli əlillik təyin edilmiş və pensiya işi materiallarından görünür ki, 2021-ci il tarixədək fasiləsiz olaraq 10 ildən artıq müddətdə əlillik müddəti uzadılmışdır. Məlum olduğu kimi, iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçıya ilk dəfə əlillik 2009-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışına əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya sonuncu dəfə 2016-cı ildə verilmiş Forma 88 arayışına əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, əlillik növbəti müddətlə müəyyən olunmuşdur. Sonradan, həmin müddət bitdikdən sonra 2021-ci ildə iddiaçı yenidən müayinələrdən keçmişdir, halbuki iddiaçı 2021-cı ilədək fasiləsiz olaraq 10 ildən çox ikinci dərəcəli əlil olduğundan həmin vaxt qüvvədə olan 30 dekabr 2015-ci il tarixli Əsasnamənin tələbinə görə əlillik müddətsiz müəyyən olunmalı idi. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. X5 tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir. Buradan da birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların pozulduğu müəyyən olunur. Həmçinin bildirilir ki, qeyd edilən sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert komissiyasının səlahiyyətinə aiddir. Bundan əlavə anoloji məhkəmə təcrübəsi olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-912/2022 nömrəli qərarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq apellyasiya şikayətinin əsassız olduğunda təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ildən şəkər xəstəsidir, 2009-cu ildə koma vəziyyətinə düşərək Bakı 4 saylı Şəkər xəstəxanasında bir ay müalicə almışdır. Həmin ildən səhəti ağır olduğundan iş qabiliyyətini itirdiyinə görə ona verilən tibbi sənədlərə, arayış və rəylərə əsaslanaraq 2-ci qrup əlillik təyin olunmuşdur. Dəfələrcə respublikanın şəhər və rayonlarında müalicə alaraq hər il ildə bir dəfə olmaqla, 8 (səkkiz) dəfə həkim komissiyasından keçmişəm. Sonuncu 5 (beş) illikdən sonra iddiaçının əlilliyini "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxs tərəfindən əsassız olaraq dayandırılmışdır. Səhiyyə müəssələrində (xəstəxanalarda) müalicə alaraq tələb olunan rəy və çıxarışları "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsə göndərməyisinə baxmayaraq, səhiyyə tərəfindən natamam doldurumasını səbəb göstərərək 4 (dörd) dəfə imtina verilmişdir. Uzun sürünməçilikdən sonra hüquqlarını müdafiə etmək üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş. Gəncə İnzibati Məhkəməsinin tələbi ilə səhətinin ağır olduğuna baxmayaraq tibb müəssələrinə və Məhkəmə Tibbi Ekspertizasına göndərilmişdir, müayinədən keçərək xəstəliyi verilən rəylər əsasında təstiq olunub. Xəstə olmağı ilə bağlı verilən rəyləri və arayışlar məhkəməyə təqdim edilmişdir. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : - - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); - 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - - 11.2.2.2. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİİ mərhələ, XBÇ ll mərhələ ... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, “şəkərli diabet İİ tip insulin tələbli ağır forma. Hipertoniya xəstəliyi ikinci dərəcə” (İV sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14-Şəkərli diabet=>E10-İnsulindən asılı şəkərli diabet) diaqnozu ilə iddiaçıya xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Qeyd olunan xəstəliklər həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə və Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə 2-ci dərəcəli əlilliyin təyinin edilməsində əsas kimi çıxış edillər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə Əlilliyin müəyyən olunması meyarların 11.2.2.2-ci bəndində iddiaçıya qoyulmuş diaqnoz əks olunmuşdur. İddiaçıya 2009-cu ildən 2021-ci ilə kimi ikinci dərəcə əlilliyin təyin edilməsi iş materiallarında mövcud olan iddiaçıya məxsus pensiya işilə öz təsdiqini tapır. Kollegiya qeyd edir ki, iddiaçıya təyin edilmiş 5 illik əlillik müddəti bitdikdən sonra cavabdeh orqana müraciət etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İş materiallarından da göründüyü kimi iddiaçıya ikinci dərəcəli əlillik 2009-cu ildə ilk dəfə bir il müddətinə təyin edilmiş, sonralar 1 il müddətinə olmaqla 2016-cı ilədək hər il uzadılmışdır. 2016-cı ildə isə iddiaçıya əlillik dərəcəsi 5 il müddətinə əsasən təyin edilmişdir. Bundan başqa iş materiallarında olan iddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışına əsasən göstərilən diaqnoz təsdiq olunsa da cavabdeh tərəfindən iddiaçıya əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir. Bununla da inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquqlarını pozulmuşdur. Belə ki, iddiaçıya sonuncu dəfə 2016-cı ildə təyin edilmiş əlliyin müddəti bitdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdən Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə əsasən iddiaçıya ikinci dərəcə əlillik müddətsiz təyin olunmalı idi. Beləliklə də, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-89/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar