Məhkəmə qərarları › İş №2-1(104)-212/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-212/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-212/2025 17.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-673/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1959-cu il tarixdə Göygöl rayonu Qabaqtəpə kəndində doğulmuşdur. O, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Gəncə “Metal-Plastik” ATSC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun tələbi təmin edilməmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanmasını cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sosial sığorta stajının düzgün hesablanıb ona pensiya təyin edilməsi barədə sənədlərini toplayıb rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətinin təmin edilməsindən imtina edilmişdir. Təhsil, hərbi xidmət və əmək kitabçasına əsasən onun cəmi 26 il 07 ay 01 gün iş stajı var. Hazırda 65 yaşı xx.xx.2024cü il tarixdə tamam olub. O, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Gəncə “Metal-Plastik” ATSC-də işləmiş, lakin cavabdeh orqan bəzi illər üzrə əmək haqqı ödənişləri aşkarlanmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmadığı əsasla ona pensiya təyin edilməsindən imtina etmişdir.Hesab edir ki, həmin illər sosial sığorta stajına əlavə edilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cüi il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçası və hərbi biletin surətinə əsasən sığorta stajı 19 il 09 ay 21 gün təşkil edir. Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cüi il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddətin sosial sığorta stajına daxil edilməsi əmək haqqı ödənişləri aşkarlanmadığından mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-673/2025 saylı qərarı ilə (hakim E.axundov) iddianın təmin edilməsi, İddiaçı Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cü il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cüi il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddətin sosial sığorta stajına daxil edilməsi əmək haqqı ödənişləri aşkarlanmadığından mümkün olmamış və mübahisələndirilmişdir. İddiaçının təqdim etdiyi əmək kitbaçasının təsdiqlənmiş surətindən görünür ki, sonuncu xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" MMCdə işləmişdir. İddiaçıya hesablanmış əmək haqqların arxiv məlumatlarında olmaması onun günahından olmamış və bu səbəbdən də məhkəmə bu halı iddiaçının xeyrinə həll edilməsini məqsədəmüvafiq hesab edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının işlədiyi Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cü il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddətin onun əmək stajına daxil edilməlidir. İş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 19 il 09 ay 21 gün olması qeyd edilmişdir. İddiaçının Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cü il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddətin də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 26 il 04 ay 21 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cü il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-673/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçasında qeyd edilmiş və mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ATSC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Sözügedən dövrün araşdırılması zamanı Fondun Gəncə-Daşkəsən regional filialı ilə "xxxx" MMC-nin birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən, "xxxx" ATSC-də 1992-ci il üzrə 12 ay, 1993-cü il üzrə 8 ay, 1994-cü il üzrə 12 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 1 ay əməkhaqqı aldığı məlum olmuş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilmişdir. Həmçinin 1995-ci il üzrə və 1998-2001-ci illər üzrə əməkhaqqı ödənişləri aşkarlanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ATSC-də əmək fəaliyyəti dövrünün 1993-cü üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000-ci illər üzrə 36 ay, 2001-ci il üzrə isə 4 ay olmaqla ümumilikdə 06 il 05 ay müddət mübahisələndirilərək onun sığorta stajına daxil edilməmişdir. Həmçinin bildirirlər ki, sözügedən dövrlər 1992-ci il tarixdən sonrakı tarixləri əhatə etsə də iddiaçının əmək kitabçasında həmin dövrlər kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. Lakin "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarında 1992-ci ildən etibarən latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda "möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi" nəzərdə tutulmuşdur. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün onun itirdiyi əməkhaqqı və yaxud digər gəliri olmalıdır. Lakin iddiaçının əmək kitabçasında qeyd edilmiş dövrlər üzrə X1 filialına təhvil verilmiş xx.xx.2024-cü il tarixli 3-48-Sf/2-615/2024 nömrəli arxiv arayışında adına əməkhaqqı hesablanmayan dövrlərin olduğu aydın olur ki, həmin dövrlərin onun sığorta stajına daxil edilməsi qeyd olunan əsasa görə mümkün deyildir. Həmçinin əməkhaqqının hesablanmaması həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi anlamına gəlir ki, bu da həmin dövrlərin sosial sığorta stajına daxil edilməsini istisna edir. İddiaçı apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq apellyasiya şikayətini təmin etmədən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-673/2025 saylı qərarının qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cü il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddətin sosial sığorta stajına daxil edilməsi əmək haqqı ödənişlərinin aşkarlanmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Həmçinin cavabdeh məhkəməyə ünvanlandığı etirazda bildirmişdir ki, sözügedən dövrlər 1992-ci il tarixdən sonrakı tarixləri əhatə etsə də, iddiaçının əmək kitabçasında həmin dövrlər kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. Cavabdeh inzibati orqanın imtinasından və apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 19 il 09 ay 21 gün təşkil edir. Mübahisələndirilən iş stajı dövrləri Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi 1993-cü il üzrə 4 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 11 ay, 1998-2000 illər üzrə 36 ay, 2001-ci il üzrə 4 ay, cəmi 06 il 05 ay müddət olmuş və mübahisələndirmə əsasları isə həmin dövrlər üzrə əmək haqqı ödənişlərinin aşkarlanmaması və əmək kitabçasında iddiaçının həmin əmək fəaliyyəti dövləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmaması (əmək kitabçasının kiril qrafikli əlifba ilə qeyd edilməsi) olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Gəncə “Metal-Plastik” ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Gəncə “Metal-Plastik” ATSC-də işləmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, "xxxx" MMC-nin arxiv materiallarından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixli 11-KŞ saylı MetalPlastmas məmulatları zavoduna 2-ci dərəcəli ekstruzer maşinisti peşəsinə işə qəbul olub. xx.xx.2001-ci il tarixli 30-KŞ saylı əmrlə xx.xx.2001-ci il tarixindən öz xahişi ilə işdən azad edilib. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, İddiaçı müəssisədə işlədiyi müddətdə öz hesabına məzuniyyətə buraxılmayıb. İş materiallarından göründüyü kimi iddiaçının mübahisələndirilən dövrlərdə Gəncə “Metal-Plastik” ATSC-də əmək fəaliyyəti ilə məşğul olması və ödənişsiz məzuniyyətdə olmaması təsdiq olunur. Odur ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdeh həmçinin mübahisələndirilən hissəyə münasibətdə bildirmişdir ki, mübahisələndirilən dövrlər 1992-ci il tarixdən sonrakı tarixləri əhatə etsə də, iddiaçının əmək kitabçasında həmin dövrlər kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. Hüququn prinsiplərinə əsaslanaraq əminliklə bildirmək olar ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər əmək kitabçası iddiaçının işlədiyi müəssisə (orqan) tərəfindən düzgün doldurulmayıbsa, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki əmək kitabçasını düzgün və vaxtında doldurulması, eləcə də zəruri rekvizitlərlə təsdiq edilməsi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası və digər sənədlər ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası və digər sənədlər ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Bundan əlavə əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından və digər sənədlərdən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Gəncə “Metal-Plastik” ATSC-də iş fəaliyyəti və stajı sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-673/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar