Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-213/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-c il tarixli, 2-1(114)-2346/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələlər üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.
2. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 004634 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı İddiaçı məxsus “İstixanada” əmək müqaviləsi bağlamadan 7 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı qeyd edilmişdir.
3. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi X4 aktı imzalamaqdan imtina etmişdir.
4. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7485 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********7485 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdehin xx.xx.2022-ci il tarixli, **********7485 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli, **********160900 saylı məktubla təqdim olunan tələbnamə ilə büdcəyə ödənilməli olan 14000 manat vəsaitin 18 07.2022-ci il tarixə kimi Samux YXO-nun hesabına ödənilməsi tələb olunmuşdur. Belə ki, vergi yoxlayıcıları tərəfındən qeyd edilən 7 nəfər işçi onların işçiləri olmamışdır. İnzibati orqan orada olan hər kəsi işçi kimi qeyd edib barəsində cərimə yazmışdır. Yəni orqan tərəfindən heç bir araşdırma və yoxlama, çəkiliş aparılmamış, hər kəsdən izahat alınaraq onlara aidiyyəti olmayan işçiləri qeyd etməklə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Odur ki, iddiaçının məsuliyyətə cəlb edilməsi haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir.
7. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Sözügedən operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221741798 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırki işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Samux rayonu, Qarayeri ünvanında yerləşən “istixana”da xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli qərar və xx.xx.2022-ci il tarixli, KY221741798 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”lə sahibkarın nümayəndəsi tanış edilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edildiyi müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, DVX seriyalı 004634 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş 7 nəfər işçi izahat verməkdən, iddiaçının nümayəndəsi X4 həm izahat verməkdən, həm də aktı və aktın əlavəsini imzalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş, lakin iddiaçının nümayəndəsi həmin aktı da imzalamaqdan imtina etmişdir. İddiaçının dəlili bağlı bildiririk ki, iddiaçı xx.xx.2007-ci il farixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi orqanında qeydiyyatdan keçmiş, xx.xx.2019-cu il tarixdə AZ5116, Samux rayonu, Qarayeri ünvanında yerləşən obyektini “İstixana” adı ilə təsərrüfat subyekti kimi qeydiyyata aldırmışdır. Vergi orqanı tərəfindən operativ vergi nəzarəti iddiaçının qeyd olunan obyekti üzrə keçirilmişdir. Operativ vergi nəzarəti keçirilən zaman iddiaçının fəaliyyəti aktiv olmuş, lakin qüvvədə olan əmək müqaviləsi olmamışdır. Bundan əlavə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, istixana fəaliyyət göstərmiş, operativ vergi nəzarətinin nəticələrinə dair aktın əlavəsində adları qeyd olunmuş fiziki şəxslər də istixanada olmuş və fərdi sahibkarın təsərrüfat subyektində işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Belə ki, həmin fotoşəkillərlə operativ vergi nəzarətinin nəticələrinə dair aktın əlavəsində adları yazılan şəxslərin iddiaçıya məxsus istixanada işlərin yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunur.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-c il tarixli, 2-1(114)-2346/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının səlahiyyətli nümayəndəsi həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Ona görə də hazırki halda cavabdeh orqan iddiaçının əmək müqaviləsi olmadan 7 nəfər şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
10. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixli **********8919 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmiş, xx.xx.2022-ci il tarixli, KY221741798 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Samux rayonu, Qarayeri ünvanında yerləşən “istixana”da xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, xx.xx.2022-ci il tarixli **********8919 nömrəli qərar və xx.xx.2022-ci il tarixli, KY221741798 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrilə sahibkarın nümayəndəsi tanış edilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edildiyi müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 004634 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş 7 nəfər işçi izahat verməkdən, iddiaçının nümayəndəsi X4 həm izahat verməkdən, həm də aktı və aktın əlavəsini imzalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş, lakin iddiaçının nümayəndəsi həmin aktı da imzalamaqdan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında əsaslandırma kimi qeyd olunmuşdur ki, “vergi orqanı sübut kimi istinad etdiyi fotoşəkillərin həmin istixanaya (iddiaçıya məxsus istixana) aid olmasını, eləcə də aşkar olunmuş şəxslərin orada işləməsini sübut edən əlavə sənədlər təqdim etməmişdir. Hesab edilir ki, məhkəmənin gəldiyi hüquqi nəticə yuxarıda göstərilmiş prosessual hüquq normalarının tələbləri baxımından tamamilə əsassızdır. İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinin tələbi baxımından məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmağa, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən sübutlar toplamağa borcludur. Bunun üçün məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin məhkəmə işə baxarkən qeyd olunan maddələrin tələblərinə əməl etməmiş, öz xidməti vəzifəsinə görə araşdırmalı olduğu halları araşdırmamışdır. xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli qərar əsasında həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər şəxs aşkar olunmuş və xx.xx.2022-ci il tarixli DVX seriyalı 004634 nömrəli aktla rəsmiləşdirilmişdir. Sözügedən aktla 7 nəfər şəxsin şəxsiyyəti tam müəyyən olunmuş və onların fotoları işə əlavə edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi məhz İPM-nin 12-ci maddəsinin tələblərindən çıxış edərək OVN nəticəsində aşkar olunmuş həmin şəxsləri məhkəmə iclaslarında şahid kimi dindirə bilərdi. Məhkəmə yalnız iddiaçının izahatına əsaslanaraq onun iradəsini ehtiva etmişdir. Lakin işdə iddiaçının bu mövqeyini təkzib edən kifayət qədər əsaslar mövcuddur.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabadehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
14. İddiaçı əvvəlki məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, üç ildən çoxdur onun sahibliyindən olan istixana fəaliyyət göstərmir, buna görə də vergi orqanına heç bir ödəniş etməmişdir. Bundan başqa təqdim olunan foto şəkillər ona məxsus olan istixanaya aid deyildir. Ona məxsus olan sahədə yonca əkilir. Samux rayonunda olan bütün istixanalar bir-birinə bənzəyir və cavabdeh orqan hər hansı bir istixanada çəkdiyi şəkillərlə onun barəsində məsuliyyət qərarı qəbul etmişdir.
15. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
43. Əmək müqaviləsinin məzmunu …….
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi);
49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin hallarından müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********8919 nömrəli, xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus olduğu iddia olunan “İstixanada” keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli,004634 nömrəli akt tərtib edilmiş və sözügedən akt əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7485 nömrəli qərarı ilə 14000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
22. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsində işə baxılarkən sübutların obyektiv qiymətləndirilməməsi və inzibati orqanın sübutlarına qiymət verilməməsini qeyd etmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə iddiaçının vergi ödəyicisi kimi fəaliyyətindən yaranan və onun tərəfindən pozuntulara yol verilməsinə əsaslanan qərarın ləğvi ilə bağlı irəli sürülən iddia tələbidir.
24. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 25.Hazırki halda vergi orqanı etirazında məhkəməyə təqdim etdiyi fotoşəkillərin operativ vergi nəzarəti tədbiri zamanı çəkildiyini və həmin fiziki şəxslərin İddiaçı məxsus istixanada işlərin yerinə yetirilməsinə cəlb olunduğunu bildirmiş, apellyasiya şikayətində aktda adları qeyd olunan şəxslərin birinci instansiya məhkəməsində dindirilməməsini mübahisələndirmişdir.
26. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, Reyhan xanımı və Anar İsmayılovu tanımır, Gəncə şəhərində kirayədə yaşayır və günlük olaraq istixanalarda fəhlə kimi işləyir. Hazırda məhkəmə iclasında təqdim olunan foto şəkili olan istixananın dəqiqliklə hansı istixana olması və kimə məxsus olmasını bilmir, bütün istixanalar bir-birlərinə oxşadığından bunu xatırlamaq çətindir. Təqdim edilən şəkillərdə heç bir səciyyəvi xüsusiyyət yoxdur ki, məhz hansı istixana olmasını deyə bilsin.
27. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X3 ifadəsində qeyd etmişdir ki, o, Samux rayonu, Qarayeri qəsəbəsində yaşayır, tələbədir və Azərbaycan Dövlət Aqrar Universitetində oxuyur. Universitetə daxil olmamışdan əvvəl gündəlik olaraq istixanalarda çalışmışdır. O, Reyhan xanımı, Anar İsmayılovu, ümumiyyətlə istixana sahiblərini tanımır. Yay aylarında istixanalarda işləmiş, istixanalara işləmək üçün gedən zaman oranın sahibinin kim olması ona maraqlı olmamışdır. Belə ki, o, əsas işinin nə olması ilə maraqlanmış, məhkəmə iclasında ona təqdim olunan foto şəkildəki şəxs o, olsada foto şəkillərin nə zaman və hansı istixanada çəkilməsi ona məlum deyildir.
28. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, o, Samux rayonu, Qarayeri qəsəbəsində yaşayır və gündəlikçi olaraq işlərdə işləyir. Reyhan xanımı və Anar İsmayılovu tanımır. Ona məhkəmə iclasında təqdim edilən şəkillərdə onun şəkili olsa da məhz hansı istixanada və nə zaman, kim tərəfindən çəkiləməsini xatırlamır. O, bir neçə istixanada gündəlikçi kimi işlədiyindən və bütün istixanalar biri-birinə bənzədiyindən istixananın kimə məxsus olmasını xatırlamır.
29. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, İddiaçı məxsus istixananın operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 2-ci dərəcəli müfəttiş qismində iştirak etmişdir. Hətta işçilərdən Aynur və Mehribanın şəkilləri tərəfindən çəkilmişdir. Qeyd olunan obyekti bir neçə gün nəzarət etdikdən sonra 27 may 2022-ci ildə istixanada işlərin başlamasını müşahidə etdiklərindən oraya daxil olmuşlar və yoxlama apararaq təqdim olunan foto şəkilləri çəkmişlər. Foto şəkillərdə qeyd olunan istixana İddiaçı məxsusdur, hətta iddiaçının nümayəndəsi də yoxlama zamanı orada iştirak etmişdir. İstixanada olan işçilər izahat verməkdən imtina etdiklərindən onların izahatlarının alınması mümkün olmamışdır. İşçilərin şəxsiyyət vəsiqəsi olmadığından sistemdən çıxarış edib akta qeyd ediblər. Yoxlama zamanı qeyd olunan 7 nəfər işçinin heç birinin izahatını ala bilməmişlər. İş materiallarında olan foto şəkilləri öz telefonları vasitəsi ilə çəkiblər, lakin video müşahidə və ya istixananın ətrafından və məhz İddiaçı məxsus olmasını təsdiq edən hər hansı başqa foto şəkil mövcud deyildir.
30. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, həqiqətən İddiaçı nümayəndəsidir və həmin gün yoxlama bitdikdən sonra ora çağırılmışdır. Vergi müfəttişləri ondan tərtib edilmiş akta imza etməyi tələb etmişlər, lakin o, aktda adları qeyd olunan şəxsləri tanımadığını, həmin ərazidə onların olmadığını, istixananın 3 ildən çox müddətdir işləmədiyini bilirsə də ona yenə də aktı imza etməsi təklif edilmişdir. Lakin o, aktda məlumatlar düzgün qeyd edilmədiyindən imzalamaqdan imtina etmişdir. Qeyd etmək istəyir ki, həqiqətən onların həmin ərazidə sahələri var və yonca əkirlər, onlara məxsus istixana 3 ildən çoxdur ki, fəaliyyət göstərmir. Şəkillərdə təqdim olunan istixana isə onlara məxsus deyildir.
31. Samux RİHB-nın Qarayeri qəsəbə İƏD üzrə nümayəndəsinin 5-72-11/2-14/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı məxsus Qarayeri qəsəbəsində yerləşən istixana 2022-ci ildə fəaliyyət göstərməmişdir.
32. “Azəriqaz” İB-nin Gəncə RQİİ-nin TŞ-xx/xx-0315 nömrəli, 23 fevral 2023-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı adına qeyd olunan ünvanda hesab kodu mövcud deyildir.
33. Göründüyü kimi vergi orqanı fotoşəkillərdəki şəxslərin məhz iddiaçıya məxsus istixanada işləməsini, şəkillərin həmin istixanada çəkilməsini təsdiq edən sübut təqdim etməmiş, iddiaçı məhkəmə iclasında izahat verərəkən həmin şəxsləri tanımadığını, istixananın son 3 il ərzində fəaliyyət göstərmədiyini, habelə fotoşəkillərdəki istixananın ona məxsus olmadığını bildirmişdir.
34. Odur ki, cavabdehin sübut qismində fotoşəkillər təqdim etsə də onların iddiaçıya məxsus istixanada çəkilməsi təsdiq olunmamış, əksinə məhkəmə kollegiyasının iclasında şahid ifadələri və təqdim olunmuş sənədlərlə, ümumiyyətlə istixanın yoxlama aparılan dövrdə fəaliyyətdə olması, şəkillərin məhz iddiaçıya aid istixanada çəkilməsi təsdiq edilməmişdir.
35. Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə edilsin ki, vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələrinin qorunmasına diqqətlə yanaşsınlar. Vergi yoxlanması zamanı – vergi münasibətlərində bilavasitə vergi ödəyicisinin özünün və ya onun nümayəndəsinin iştirak etməsi, onların vergi yoxlamasına dair aktın məzmununa yazılı izahatlarının aparılması, vergi yoxlamasının qanunvericiliyin tələblərinə tam uyğun aparılması, vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək və vergi borclarından azad edilməsi, vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün imkan verilməsi və bütövlükdə Vergi Məcəlləsinin tələblərinə əməl olunması məsələlərinə diqqət yetirsinlər. Məhkəmələrə izah edilsin ki, vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür (“Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 27 noyabr 2003-cü il tarixli qərarın 1,4,8-ci bəndləri).
36. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
37. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısada, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir.
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən dəyişdirilmədən qüvvədə salanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-c il tarixli, 2-1(114)-2346/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov