Məhkəmə qərarları › İş №2-1(104)-218/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-218/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-218/2025 03.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-792/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona döyüş tapşırığını və hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı ikinci qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 25 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və həmin tarixdən ona sağlamlığının itirilmə faizi 61-80 faiz olmaqla müvafiq əlillik dərəcəsinin təyin edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-792/2025 saylı qərardadı ilə (hakim L.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-792/2025 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını və ya iş üzrə məhkəmə baxışının davam etdirilməsi üçün işin Gəncə İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin 25 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi məqsədini güdür. Hazırkı iş üzrə materiallardan görünür ki, xx.xx.2022-ci il tarixli qərar iddiaçı tərəfindən 2024-cü ildə mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmuşdür. Mübahisələndirilən həmin qərardan iddiaçı tərəfindən qanunla nəzərdə tutulan müddətdə şikayət verilməsi müddətinin buraxılması cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən vəsatətə əlavə edilmiş sübutda da öz əksini tapır. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin buraxılması səbəbini isə üzürlü səbəbdən qərardan şikayət verə bilməməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. Göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərarın iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsi əsası ilə iddia tələbini mümkün saymamışdır. Lakin iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş vəsatətə əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli göndərişə əllilik təyinatından imtina edildiyi ilə bağlı SMS göndərilmişdir. Məhkəmə kollegiyası buna münasibətdə qeyd edir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Yuxarıda qeyd olunanları da nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi cavabdeh orqan tərəfindən qərar xx.xx.2022-ci il tarixdə qəbul olunub, lakin iddiaçı bu barədə yalnız 10 ay sonra xx.xx.2023-cü il tarixdə SMS vasitəsilə məlumatlandırılıb. SMS bildirişdə isə yalnız qərarın səbəb və nəticəsi barədə məlumat verilib, qərarın tam məzmunu, şikayət hüququ barədə məlumatlar verilməyib. Bu səbəbdən kollegiya bildirir ki, iddia müddəti yalnız hüququn pozulması barədə tam məlumat əldə edildikdən sonra, yəni qeyd olunan inzibati akt iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edildiyi vaxtdan başlayır. Bu baxımdan hazırkı iş üzrə iddiaçının şikayət hüququ barədə məlumatlandırılmasının da təmin olunmamasını nəzərə alaraq qeyd etmək olar ki, SMS bildiriş ilə göndərilən hazırkı məlumat hüquqi cəhətdən yetərli hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-792/2025 saylı qərardadı ləğv edilsin. İş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar