Məhkəmə qərarları › İş №2-1(104)-219/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-219/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-219/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi ilə, «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və topraq sahəsinin plan və ölçü sənədinin verilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1509/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu X1 21 dekabr 2006-cı il tarixli qərarı ilə həyətyanı məqsəd üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu X1 21 dekabr 2006-cı il tarixli qərarı ilə Şəmkir rayonu Yeni Yol kəndinin bələdiyyə ehtiyat fondunun alqı- satqı predmeti olan Yeni Yol torpaq sahəsindən həyatyanı məqsədi ilə ona 0.12 ha torpaq sahəsi satılması qərara alınmışdır. Həmçinin həmin torpaq sahəsinin alqı- satqısına dair akt və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Sonradan həmin torpaq sahəsinə dair çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsi ilə bağlı Şəmkir rayonu İHB Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi və bələdiyyə tərəfindən verilmiş sənədlərin qüvvədə olması barədə müvafiq məktub təqdim edilməməsi səbəbi ilə imtina edilmişdir. Halbuki, bələdiyyə qərarı 2006-cı il tarixli olduğundan həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyə qərarı ilə torpaq sahəsinin ayrılması mümkün olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1509/2022 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddia təmin edilmişdir. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv едилмяси вя iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsində isə göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilməni müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1509/2022 nömrəli qərarı cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza olunmaqla rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti poçt şöbəsinə (AZ5700) xx.xx.2023-cü il tarixdə, qanunla müəyyən edilmiş müddət ötürülməklə təqdim edilmişdir və bu hal apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslardan biridir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə tam və aydın şəkildə göstərilmiş, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti 06 yanvar 2023-cü il tarixdə, qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və məhkəməyə təqdim olunması təklif edilmiş, məhkəmənin sərəncamı cavabdehə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır (poçt göndərişlərinin izlənməsinə dair çıxarış). Lakin sərəncama uyğun olaraq ərizə məhkəmə kollegiyasına təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti mümkün sayılmamalı və şikayəti qəbul etməkdən imtina olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin ötürülməsi, apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati-Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və topraq sahəsinin plan və ölçü sənədinin verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1509/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar