Məhkəmə qərarları › İş №2-1(104)-219/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-219/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-219/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı Zeynalabdin oğlunun iştirakı ilə, “qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4251/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli xxxxxxx0005 nömrəli göndəriş əsasında qiymətləndirilmiş və onun barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

2. Həmin qərar barədə iddiaçıya xx.xx.2024-cü il tarixdə SMS-bildiriş göndərilməklə, məlumat verilmişdir. Belə ki, SMS-bildirişin göndərilməsinə dair çıxarışdan görünür ki, əlillik təyinatından imtina edilməsi barədə məlumat və qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə və 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli qiymətləndirilməsinə dair qərarın ləğv edilməsi və tibbi-sosial ekspertiza keçirilərək onun əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdən 2021-ci ilin may ayınadək Azərbaycn Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqəda üçüncü dərəcəli əlillik almışdır. Lakin xx.xx.2023-cü il tarixdən əlilliyini dayandırmışlar. Belə ki, həmin tarixdə onun barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir ki, bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmiş və onunla əsaslandırmışdır ki, müddəti səhhəti ilə bağlı ötürmüşdür. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 4251/2024 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müddətin bərpası barədə ərizəsində müddəti ötürməsinin səbəbi kimi xəstə olmasını əsas gətirsə də, bu barədə hər hansı sənəd təqdim etməmişdir. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, xəstə olmasını təsdiq edən hər hansı xəstəlik sənədi yoxdur. O, xəstəxana şəraitində deyil, ev şəraitində müalicə olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4251/2024 nömrəli qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu müddətin bərpasına dair ərizənin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına ilk dəfə toxunduqda həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Normanın məzmunundan çıxan nəticə ondan ibarətdir ki, ona “göndərilmiş imtina məktubunda və ya SMS-də imtina qərarından şikayətin vermə qaydası və müddəti göstərilmişdirsə onda həmin imtina qərarından onun qüvvəyə mindiyi gündən 30 gün müddətində şikayət verilə bilər, yox əgər ona göndərilmiş imtina məktubunda və ya SMS-də imtina qərarından şikayətin vermə qaydası və müddəti göstərilməmişdirsə onda həmin imtina qərarından onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmənin qərarının əsaslandırıcı hissəsindən də görünür ki, onun əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmiş və bu barədə qəbul edilmiş qərar barədə xx.xx.2024-cü il tarixdə SMS-bildiriş göndərilməklə, məlumat verilmişdir. Lakin o, telefonla bağlı zəif bilgiyə malik olduğundan həmin bildirişi görməmiş və bu səbəbdən də bildirişin məzmununda qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə 30 gün müddətində inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməmişdir, yəni SMS-də belə bir məlumat görməmişdir. Belə olan halda onun iddia müddətinin axımı xx.xx.2024-cü ildən başlamış və 6 ay sonra, yəni xx.xx.2024-cü ildə bitmişdir. Lakin o, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü ildə, yəni iddia müddətinin bitməsinə 21 gün qalmış müraciət etmiş və bu isə o deməkdir ki, o, iddia müddətini buraxmamış və bu səbəbdən də iddia mümkün sayılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək müdafiə etdi, əlavə olaraq bildirdi ki, xəstə olduğu müddətdə xəstəxanada deyil, ev şəraitində müalicə olunmuşdur. Ona görə də vaxtında məhkəməyə müraciət etməmişdir. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmışdır. Apellyasiya şikayətində iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri). Hazırki halda iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli göndəriş əsasında qiymətləndirilmiş və onun barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmiş, bu barədə ona xx.xx.2024-cü il tarixdə sms-bildiriş göndərilməklə, məlumat verilmişdir. Buraxılmış prosessual müddətin bərpasına dair ərizə və iddiaçının məhkəmə kollegiyasında verdiyi izahatın məzmunundan görünür ki, o, səhhəti ilə əlaqədar olaraq cavabdeh tərəfindən göndərilmiş SMS bildirişi görmədiyini, məzmunu ilə tanış olmadığını bildirmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı müddəti ötürməsinin səbəbi kimi xəstə olmasını bildirsə də, bu barədə hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa, iddiaçı apellyasiya şikayətinin məzmununda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə istinad edərək telefonla bağlı zəif bilgiyə malik olduğundan həmin bildirişi görmədiyini və bu səbəbdən də bildirişin məzmununda qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə 30 gün müddətində inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş SMS bildirişin göndərilməsinə dair çıxarışdan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlillik təyinatından imtina edilməsi barədə məlumat və qərarla razılaşmadığı təqdirdə mümkün hüquqi müdafiə üsulları- ərazi üzrə TSEK-ə və 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir (iş.v.26). İddiaçının telefondan istifadə qaydalarını bilməməsi isə buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunması üçün əsas deyil. Həmçinin, məhkəmə kollegiyası tərəfindən elektron məhkəmə informasiya sisteminin iddiaçı barəsində əlaqə məlumatlarından həmin mobil telefon nömrəsinin şəxsən iddiaçının özünə məxsus olduğu müəyyən edilmişdir (Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış iş materiallarına əlavə olunur). Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qəraraaldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4251/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar