Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-22/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-583/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: JN-1153A KOD 50800016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarında əsasən 0.05 ha torpaq sahəsi İddiaçı Nurəddin oğlunun mülkiyyətinə verilmişdir. İddiaçı qeyd olunan şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********82 nömrəli məktubun ilə iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluğun olduğu, belə ki, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı müvafiq iddia tələbilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Nurəddin oğlu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar (hazırda Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə Xanlar rayonunun Hacıməlik kəndi (hazırda Gəncə şəhəri Nizami rayonu Qırmızı kənd ərazisi) ərazisindən 0.05 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair KOD 50800016, JN-1153A qeydiyyat nömrəli şəhadətnaməyə əsasən, həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, JN-1153A KOD 50800016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya 0.05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismindən məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ləğv edilmidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-583/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı Nurəddin oğlunun adına qeydə alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planından da görünür ki, mübahisələndirilən torpaq sahəsi hər hansı digər torpaq sahəsi ilə üst-üstə düşmür, yəni digər şəxslərin qanunla qorunan hüquqlarını məhdudlaşdırmır. Həmçinin cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluq olması qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, şəxsin istifadə etdiyi sahənin ölçülərinin hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş ölçülərə uyğun olmaması həmin sənəddə qeyd edilmiş koordinatlara və konfiqurasiyaya uyğun olaraq əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini əsassız hesab etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Nurəddin oğlunun 3 saylı Gəncə Ərazi İdarəsinə ərizəsi daxil olmuşdur. Aparılan araşdırma zamanı "Torpağın mülkiyyətə verilməsinə dair" JN-1153A saylı səhadətnamədə qeyd olunan 0.05 ha torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, vətəndaşın faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsi "xxxx" ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinə müayinə baxışı zamanı tikinti olmadığı və "Torpağın mülkiyyətə verilməsinə dair" JN-1153A saylı şəhadətnamədə qeyd olunan 0.05 ha torpaq sahəsi isə başqa şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqları nəzərə alaraq ərizənin icrasından imtina edilmişdir. Hesab edilir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-214/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-583/2023 saylı qərardadı ləğv edilmiş, "xxxx" ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-214/2023 saylı qərardadı ilə X2 üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. İddiaçı Nurəddin oğlu məhkəmə kollegiyasına iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 500 kv.m torpaq sahəsinin yoldan kənarda yerləşən 423 kv.m hissəsinin daşınmaz əmlakın Dövlət reyestində onun adına qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya 0.05 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı JN-1153A KOD 50800016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluğun olmasını, belə ki, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində yerləşdiyi bildirilmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planından da görünür ki, mübahisələndirilən torpaq sahəsi hər hansı digər torpaq sahəsi ilə üst-üstə düşmür, yəni digər şəxslərin qanunla qorunan hüquqlarını məhdudlaşdırmır. Həmçinin cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluq olması qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, şəxsin istifadə etdiyi sahənin ölçülərinin hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş ölçülərə uyğun olmaması həmin sənəddə qeyd edilmiş koordinatlara və konfiqurasiyaya uyğun olaraq əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Aqrar İslahat komissiyasının qərarı ilə onlara verilmiş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb etsə də, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalar əsasında torpaq sahəsinin həmin ölçüdəki hissəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasının mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, iş üzrə əldə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Nurəddin oğlunun Gəncə şəhəri Nizami rayonu Qırmızı kənd ərazisində (köhnə Xanalr rayonunun Hacıməlik kəndində) faktiki istifadəsində torpaq sahəsi yoxdur. Əraziyə baxış keçirilərkən, iddia olunaraq naturada təqdim olunan torpaq sahəsi 277.0 kv.m təşkil edir. Həmin faktiki sahə ilə, İddiaçı Nurəddin oğlunun adına qeydə alınmış JN-1153A (KOD-********) nömrəli Şəhadətnamədə göstərilən 0.05 ha (500.0 kv.m) torpaq sahəsi üst-üstə düşmür. Belə ki, JN-1153A (KOD-********) nömrəli Şəhadətnamədə göstərilən 0.05 ha (500.0 kv.m) torpaq sahəsi, faktiki təqdim olunan sahədən, şimal istiqamətdə 25.0 (iyirmi beş) metr kənarda yerləşir. JN-1153A (KOD- ********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı Nurəddin oğlunun mülkiyyətində olan 0.05 ha (500.0 kv.m) torpaq sahəsinin 77.0 kv.m hissəsi faktiki olaraq yol, qalan hissəsi isə, mülki işdə tərəf olmayan digər şəxs və yaxud şəxslərin faktiki istifadələrindədir. Həmçinin məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin yerləşdiyi əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmşdir ki, JN-1153A (KOD- ********) nömrəli Şəhadətnamə ilə İddiaçı Nurəddin oğluna verilmiş torpaq sahəsi hazırda X1 faktiki istifadəsindədir. Sözügedən torpaq sahəsi hazırda faktiki olaraq X1 istifadəsində olduğundan o üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. Bundan sonra iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 500 kv.m torpaq sahəsinin yoldan kənarda yerləşən 423 kv.m hissəsinin daşınmaz əmlakın Dövlət reyestində onun adına qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Qeyd olunan ərizə ilə bağlı qəbul edilmiş qərardad cavabdeh inzibati orqana münasibət bildirilməsi üçün göndərilsə də, cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya verilmiş torpaq sahəsinin faktiki olaraq üçüncü şəxsin istifadəsində olması həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz Dövlət reyestrində qeydə alınmasının qarşısını alan hal kimi çıxış edə bilməz və cavabdeh orqan tərəfindən də bu əsasla iddiaçının hüquqlarının qeydiyyata alınmasında imtina edilməsi yol verilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələgəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, həmin qanunun 8.0.5-ci maddəsində, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, JN-1153 A, KOD 50800016 saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktına əsasən 0.05 ha torpaq sahəsinin yoldan kənarda yerləşən 423 kv.m hissəsi üzərində İddiaçı Nurəddin oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi cavabdeh inzibati orqanın birbaşa səlahiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan hüquqmüəyyənedici sənədin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, həmin şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Həmçinin, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçı hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıya aid şəhadətnamənin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpaq sahəsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-583/2022 saylı qərarı qismən ləğv edilsin. İddia tələbi təmin edilsin. JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 500 kv.m torpaq sahəsinin yoldan kənarda yerləşən 423 kv.m hissəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı Nurəddin oğlunun adına qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.