Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-22/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3300/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən çöl şəraitində silah və sursat anbarında yükləmə-boşaltma işləri, həmçinin mühafizənin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə silah və sursat anbarında yükləmə-boşaltma işlərinin görülməsi üçün maddi-texniki təminat bölüyünün şəxsi heyətindən və hərbi hissənin mülki işçilərindən ayrılması əmr edilmişdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli əmrinə əsasən İddiaçı, maliyyə xidmətinin mühasibi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə - tərəflərdən birinin təşəbbüsü (işinin öz arzusu ilə) əsasən 15 fevral 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.
4. N nömrəli hərbi hissənin maliyyə xidmətinin sabiq mühasibi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkənd kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında hərbi hissənin arxa təminatının təşkilində iştirak etməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1785 nömrəli aktda göstərilir ki, həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi hissənin maliyyə xidmətində mühasib vəzifəsində işləyən mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkən kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin arxa təminatının təşkilində iştirak etmişdir.
5. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 460 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı həqiqətən də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkən kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin arxa təminatının təşkilində iştirak etmişdir.
6. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların arxa təminat üzrə tapşırıqlarını yerinə yetirmiş mülki işçilər barədə xx.xx.2023-cü il tarixli 478 nömrəli arayış-məlumata əsasən İddiaçı N nömrəli hərbi hissədə xidmət keçmiş, maliyyə xidmətinin mühasibi vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissəyə daxil olmuş, xx.xx.2022-ci il tarixli, N nömrəli əmrlə hərbi hissədən çıxmış, xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilmiş, Tərtər rayonu, Suqovuşan, Talış kəndləri, Murovdağ silsiləsi ərazilərində arxa təminatın təşkilində iştirak etmişdir.
7. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə vətəndaş İddiaçı işçi əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarının 10-cu abzasına uyğun olaraq döyüş əməliyyatları aparılan ərazidə olmasını təsdiq edən sənəd olmadığına görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
8. N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2818 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində Talış-Suqovuşan istiqamətində heç bir döyüş əməliyyatlarına cəlb olunmayıb. Onun barəsində N nömrəli hərbi hissənin nizami hissəsində heç bir qeydiyyat yoxdur, hərbi hissənin döyüş əmrində adı qeyd olunmayıb.
9. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 7/2375 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr – N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-1/2-Q- 108420/24 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-11795/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X4, X3 və X1 “Müharibə veteranı” adı verilmişdir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-17/2-8424/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən X4, X3 və X1 1 yanvar 2022-ci il (qərar tarixləri: 24 avqust 2022-ci il) tarixindən proaktiv (elektron) qaydada müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişləri davam etdirilir.
12. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 265 nömrəli əmrinə əsasən mülki işçi X5 qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsinə işə qəbul edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 244 nömrəli əmrinə əsasən mülki işçi X5 qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) əsasən 25 avqust 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.
13. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 228 nömrəli əmrinə əsasən mülki işçi X2 qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının təxliyyə manqasının sürücüsü vəzifəsinə işə qəbul edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 244 nömrəli əmrinə əsasən mülki işçi X2 qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının təxliyyə manqasının sürücüsü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) əsasən 25 avqust 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.
14. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 244 nömrəli əmrinə əsasən mülki işçi Hüseynov Bəhruz oğlu, qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının mənzil istismar hissəsinin rəisi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) əsasən 25 avqust 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 gün davam edib qələbəylə başa çatan müharibə zamanı o Talış-Suqovuşan istiqamətində silah sursatın yüklənməsi və boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə mühasib vəzifəsinə işə qəbul olunub, hazırda da həmin vəzifədə işləyir. O, 44 gün davam edib müzəffər Ali Baş Komandan X11 rəhbərliyi, şəhidlərimizin qanı bahasına qələbəmizlə başa çatan İkinci Vətən müharibəsində iştirak etmişdir. Qələbəmizdə onun da az da olsa payı vardır. Belə ki, 44 gün davam edən müharibə zamanı o, Talış-Suqovuşan istiqamətində silah sursatın yüklənməsi, boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbiçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etmişdir. 44 gün davam edən müharibə qurtarana kimi həmin vəzifələri cəbhə yoldaşlarıilə birlikdə icra etmişdir. 44 gün davam edən müharibə zamanı onun Talış- Suqovuşan istiqamətində silah sursatın yüklənməsi, boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbiçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etməyi N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri, N nömrəli Hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 478 saylı arayış-məlumat, N nömrəli hərbi hissə komandirinin təsdiqlədiyi xx.xx.2023-cü il tarixli, 1785 nömrəli aktla, eləcə də N nömrəli hərbi hissə komandirinin verdiyi xx.xx.2023-cü il tarixli 460 nömrəli arayışlarda qeyd olununlarla da tam təsdiq olunur. 44 gün davam edib qələbəmizlə başa çatan müharibə zamanı o, Talış-Suqovuşan istiqamətində silah sursatın yüklənməsində, boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbiçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etməyinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edib 44 gün davam edib qələbəmizlə başa çatan 2-ci Vətən müharibəsində iştirak etdiyini nəzərə alıb ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə köməklik edilməsini xahiş etsə də, həmin inzibati orqan ona xx.xx.2023-cü il tarixli, 4/3- 4428 nömrəli imtina vermişdir. Cavabdehin imtinası ilə o, razılaşmır. X12 məhkəməsində iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məhkəmə qaydasında müəyyən edilməlidir.
17. Cavabdeh iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-4/2-3945/2023 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli 478 nömrəli arayış-məruzənin, xx.xx.2020-ci il tarixli N nömrəli nizami hissə üzrə əmrinin və xx.xx.2023-cü il tarixli 1785 nömrəli aktın surətindən görünür ki, İddiaçı Vətən müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissədə mülki kimi xidmət etmiş, birbaşa döyüş əməliyyatlarına cəlb edilməmiş, yalnız hərbi hissənin dislokasiya olunduğu ərazidə hərbi hissənin arxa təminatının təşkilində iştirak edərək silah-sursat anbarında yükləmə və boşaltma işlərini həyata keçirmişdir. İddiaçı oqlu N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində birbaşa döyüş əməliyyatlarına cəlb edilməmiş, yalnız hərbi hissənin dislokasiya olduğu ərazidə hərbi hissənin arxa təminatının təşkilində iştirak edərək silah-sursat anbarında yükləmə və boşaltma islərini həyata keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3300/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının işçi kimi əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu vəzifənin mühasib işi, iş yerinin işğal altında olmayan Ağcakənd qəsəbəsi olmasına baxmayaraq, o, mülki işçi kimi işlədiyi hərbi hissə komandirinin əmri ilə (xx.xx.2020-ci il tarixli N nömrəli) Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində aparılan döyüş əməliyyatlarında (həmin ərazilərdə) silah-sursat yükləməkboşaltmaq üzrə təminatda iştirak etmişdir. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 7/2375 nömrəli məktubu ilə də təsdiq olunur ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr – N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, onunla eyni vəziyyətdə olan digər hərbi hissələrin mülki işçilərinə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir.
24. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
25. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
27. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu:
14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
30. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərdə iddiaçı əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarının 10-cu abzasına uyğun olaraq döyüş əməliyyatları aparılan ərazidə olmasını təsdiq edən sənəd olmadığına görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
33. Göründüyü kimi, imtinanın və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı işçi əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirmişdir və onun döyüş əməliyyatları aparılan ərazidə olmasını təsdiq edən sənədlər mövcud deyildir. Belə ki, iddiaçının N saylı hərbi hissədə əmək müqaviləsi üzrə vəzifəsi maliyyə xidmətinin mühasibi olmuş və həmin hərbi hissə Goranboy rayonu Ağcakənd qəsəbəsində yerləşmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
35. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Belə ki, mülki şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün: 1) O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı; 2) Bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.
36. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən çöl şəraitində silah və sursat anbarında yükləmə-boşaltma işləri, həmçinin mühafizənin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə silah və sursat anbarında yükləmə-boşaltma işlərinin görülməsi üçün maddi-texniki təminat bölüyünün şəxsi heyətindən və hərbi hissənin mülki işçilərindən ayrılması əmr edilmiş və həmin əmr əsasında hərbi hissənin mülki işçisi olan İddiaçı xx.xx.2020-ci il tarixdən (44 günlük Vətən müharibəsi başladığı gündən) xx.xx.2020-ci il tarixədək “Talışkənd kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarının arxa təminatının təşkilində iştirak etmişdir.
37. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 7/2375 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr – N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əkshücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.
38. N nömrəli hərbi hissənin maliyyə xidmətinin sabiq mühasibi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkənd kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında hərbi hissənin arxa təminatının təşkilində iştirak etməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1785 nömrəli aktda göstərilir ki, həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi hissənin maliyyə xidmətində mühasib vəzifəsində işləyən mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkən kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin arxa təminatının təşkilində iştirak etmişdir.
39. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların arxa təminat üzrə tapşırıqlarını yerinə yetirmiş mülki işçilər barədə xx.xx.2023-cü il tarixli 478 nömrəli arayış-məlumata əsasən İddiaçı N nömrəli hərbi hissədə xidmət keçmiş, maliyyə xidmətinin mühasibi vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissəyə daxil olmuş, xx.xx.2022-ci il tarixli, N nömrəli əmrlə hərbi hissədən çıxmış, xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilmiş, Tərtər rayonu, Suqovuşan, Talış kəndləri, Murovdağ silsiləsi ərazilərində arxa təminatın təşkilində iştirak etmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar–sənədlər məhkəmə araşdırılmasının predmeti olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin sənədlərə düzgün hüquqi qiymət verilmişdir. .
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tələbin təmin edilməsindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
42. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
43. Məhkəmə kollegiyası həmçinin İİ Qarabağ müharibəsinə iştirak edən X7, X5 və X1 “Müharibə veteranı” adı və vəsiqəsinin verilib-verilməməsinin aydınlaşdırılması məqsədilə sorğular təqdim etmiş, məlum olmuşdur ki, N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X4, X3 və X1 “Müharibə veteranı” adı verilmişdir. Həmçinin, onlara 1 yanvar 2022-ci il (qərar tarixləri: 24 avqust 2022-ci il) tarixindən proaktiv (elektron) qaydada müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənişləri davam etdirilir (Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-1/2-Q-108420/24 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2- 11795/2024 nömrəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-17/2-8424/2024 nömrəli məktubları).
44. Bundan başqa N nömrəli hərbi hissə komandirinin əmrlərindən məlum olur ki, mülki işçi X5 qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsinə, mülki işçi X2 qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının təxliyyə manqasının sürücüsü vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) əsasən 25 avqust 2021-ci il tarixdən bağlanmış əmək müqavilələrinə xitam verilərək işdən azad edilmişlər. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 244 nömrəli əmrinə əsasən mülki işçi Hüseynov Bəhruz oğlu, qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının mənzil istismar hissəsinin rəisi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) əsasən 25 avqust 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.
45. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
46. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
47. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
48. Göründüyü kimi iddiaçının hərbi xidməti, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması əmrlərdən çıxarışlarda öz əksini tapır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.
49. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
50. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
51. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
52. Beləliklə imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
55. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3300/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov