Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-220/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1577/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 2/2-11823 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin qərargah rəisinin xx.xx.2022-ci il tarixli 1827 nömrəli məktubuna əsasən xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İşdə olan sənədlər:
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 273 nömrəli əmri ilə Səfərbərlik ilə əlaqədar olaraq əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoşulmuş və 5-ci taborun madditexniki təminat taqımının təsərrüfat manqasının aşpazı vəzifəsinə təyin olunmuşdur.
3. xx.xx.2014-cü il tarixli SX ******* nömrəli hərbi biletdə qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş “Laçın rayonunun azad olunmasına görə” medalı ilə təltif olunmaları barədə vəsatət qaldırılmış şəxsi heyətin adlı siyahısında, N nömrəli hərbi hissənin əsgəri – aşpaz İddiaçı adı 4132-cı sırada qeyd edilmişdir.
5. İ-1702 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 368 nömrəli əmri ilə əsgər, 5-ci taborun maddi-texniki təminat taqımının təsərrüfat manqasının aşpazı İddiaçı səfərbərlikdən tərxis edildiyinə görə xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-32-22/2-771/2023 nömrəli arayışında qeyd edilmişdir ki, Goranboy rayonu, Xanqərvənd kənd sakini, hərbi vəzifəli əsgər İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Vətən müharibəsində iştirak edib. xx.xx.2021-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır.
8. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 991 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı döyüş əməliyatları zamanı bir qrup hərbi qulluqçu ilə birlikdə N nömrəli hərbi hissənin daimi dislokasiya yeri olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində olduqlarından onlar birbaşa döyüş əməliyyatlarına cəlb edilməmişlər. "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında edilir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) əsasən vətəndaş İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi mümkün deyil. Həmçinin bildirilir ki, N nömrəli hərbi hissə Vətən müharibəsi zamanı Tərtər rayonu Suqovuşan yaşayış məntəqəsinə müvəqqəti dislokasiya olmuş, döyüş əməliyyatları bitdikdən sonra isə Laçın rayonunda yerləşmişdir. Belə ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi zaman Vətən müharibəsində döyüş əməliyyatlarına cəlb edilməməsi haqqında arayış siyahı ilə birlikdə Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın sədrinə tərəflərindən göndərilmişdir.
9. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1140 nömrəli məktubunda qeyd edilmişdir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xx.xx.2020-ci il tarixdə 5-ci taborun maddi-texniki təminat taqımının təsərrüfat manqasının aşpazı vəzifəsinə xidmətə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Goranboy rayon şöbəsinə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci taborun şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştrak etməmişdir. Laçın rayonu 1 dekabr 2020-ci il tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçmiş və ilk olaraq N nömrəli hərbi hissə Laçın rayonuna daxil olmuşdur. Bu səbəbdən döyüş əməliyyatlarında iştirak etməməsinə baxmayaraq həvəsləndirmə qaydasında ehtiyatda olan əsgər İddiaçı "Laçın rayonun azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 iyul 2014-cü il tarixdən 01 yanvar 2016-cı il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə alınaraq xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin siyahisina daxil edilmiş və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısından çıxarılmışdır. Bu barədə hərbi biletinin 6-7-ci səhifəsində N saylı hərbi hissənin qərargah rəisinin möhürü və imzası var. Hərbi bletinin 7ci səhifəsində göstərilir ki, o, N saylı hərbi hissənin tərkibində Vətən Müharibəsində iştirak etmişdir. Məhkəməyə təqdim etdiyi 22 dekabr 2023-cü il tarixli 3-43-22 /2-771/2023 saylı Azərbaycan Respublikası Şəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayışda da göstərilir ki, o xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. Vətən Müharibəsində iştirak etmişdir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2373 nömrəli sərəncamından görünür ki, o, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. X2, Veteranları və X4 Birliyinin vəsiqəsindən görünür ki, o, birliyin üzvüdür. Bütün bunlara baxmayaraq, o, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və digər qrumlara müraciət etməyinə baxmayaraq ona bu günə kimi Veteran adı və vəsiqəsi verilmir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2/2-11823 saylı məktubunda ona bildirilir ki, ona "Müharıbə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqədə uyğun hesab edilməmişdir. Hesab edir ki, bu ona qarşı böyük bir haqsızlıqdır. Onun 44 günlük Vətən Müharibəsində iştirak etməyini hərbi biletindəki qeydlər, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayış, Azərbaycan Respublikası Prezidenti X3 Sərəncamı ilə təltif olunmağı, eyni zamanda onunla birlikdə Vətən Müharibəsində eyni hissədə xidmət edən yoldaşları bir daha təsdiq edərlər. O, hesab edir ki, yuxarıda qeyd etdiyim əsaslara görə ona "Müharibə veteranı və vəsiqəsi verilməlidir.
12. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
13. Cavabdeh orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3- 25-4/2-352/2024 nömrəli etirazın məzmunu xx.xx.2023-cü il tarixli 2/2-11823 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1577/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva ) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xidmət keçdiyi N nömrəli hərbi hissənin daimi dislokasiya yeri Tərtər rayonunun Sarov yaşayış məntəqəsində olmaqla, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
16. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1577/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
23. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı; Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilsinlər: -İddiaçı – əsgər
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün nəticəyə gəlinməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən onun Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət etdiyi, lakin döyüş əməliyyatlarına cəlb edilməyən bölmədə xidmət etdiyi üçün ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin imtinası əsaslı hesab edilərək, iddia tələbi təmin edilməmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılması və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi işin mübahisəsiz halıdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 273 nömrəli əmri ilə Səfərbərlik ilə əlaqədar olaraq əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoşulmuş və 5-ci taborun madditexniki təminat taqımının təsərrüfat manqasının aşpazı vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixli 368 nömrəli əmri ilə isə səfərbərlikdən tərxis edildiyinə görə xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilmişdir.
28. Digər tərəfdən, iddiaçıya məxsus SX ******* nömrəli hərbi biletində N nömrəli hərbi hissənin qərargah rəisinin imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmiş qeydlərdən də görünür ki, İddiaçı Vətən müharibəsində iştirak etmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün hazırkı qərarın 21-ci bəndində qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamış, cavabdehin imtinasının əsası kimi iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsi göstərilmişdir.
30. İş materiallarına əlavə edilmiş İ-1702 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
31. Həmçinin, məhz cavabdeh orqan tərəfindən təqdim edilmiş “Laçın rayonunun azad olunmasına görə” medalı ilə təltif olunmaları barədə vəsatət qaldırılmış şəxsi heyətin adlı siyahısında, N nömrəli hərbi hissənin əsgəri – aşpaz İddiaçı adı 4132-cı sırada qeyd edilmişdir.
32. Göründüyü kimi, N nömrəli hərbi hissənin komandanlığı tərəfindən tərtib edilmiş siyahıda adı qeyd olunan digər hərbiçilərlə yanaşı N nömrəli hərbi hissənin əsgəri- “aşpaz” İddiaçı adı da döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçu kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamına daxil edilməsi üçün siyahıda bilavasitə göstərilmişdir.
33. Cavabdehin imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
34. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər.
35. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi nəticəsində hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
36. Birinci instansiya məhkəməsi qərarında iddiaçının təltif edildiyi “Laçının azad olunmasına görə” medalına qiymət verərək qeyd etmişdir ki, Laçın rayonu döyüş yolu ilə deyil, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 10 noyabr 2020-ci il tarixdə imzalanmış X1 6-cı bəndinə əsasən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına geri qaytarılmışdır. Həmçinin, məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1140 nömrəli cavab məktubunda da Laçın rayonunun 1 dekabr 2020-ci il tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçdiyi və ilk olaraq N nömrəli hərbi hissənin Laçın rayonuna daxil olduğu, bu səbəbdən döyüş əməliyyatlarında iştrak etməməsinə baxmayaraq həvəsləndirmə qaydasında ehtiyatda olan əsgər İddiaçı "Laçın rayonun azad olunmasına görə" medalı ilə təltif olunduğu qeyd edilmişdir.
37. Birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan sözügedən medalın iddiaçıya həvəsləndirmə məqsədilə verilməsini bildirsə də, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamının məzmununda iddiaçının məhz Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə həmin medalla təltif edildiyi qeyd edilmişdir. Yəni, “Laçının azad olunmasına görə” medalın həvəsləndirmə məqsədilə verilməsi istinad olunan Sərəncamının məzmunu ilə təkzib olunur. Əksinə həmin medalın iddiaçıya verilməsi onun Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini və buna görə təltif olunmasını birbaşa sübut edir.
38. İş materiallarına əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Məhkəmə tərkibi tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
39. Ona görə də, birinci instansiya məhkəməsi cavabdehin imtina dəlilini əsaslı hesab edərkən səhvə yol vermiş, şəxsin Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə almadan yanlış nəticəyə gəlmişdir.
40. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir.
Nəticəvi hissə
41. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1577/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov