Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-222/2024 12.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər X7 (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi, üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-3180/2023 saylı qərardadından iddiaçı X6 tərəfındən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları və birinci instansiya məhkəməsində birinci icraat: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, DOS-101 ünvanında yerləşən 400 kv.m ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02 mart 2009-cu il tarixli, 2(044)-364/2009 nömrəli qətnaməsi ilə ünvan 3 ünvanda yerləşən 20 saylı fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi vəzifəsi DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmçinin, qanunvericiliyə əsasən evin yerləşdiyi 400 kv.m torpaq sahəsinin də onun şəxsi mülkiyyətində olması qətnamədə təsbit edilmişdir. Cavabdehin qətnaməyə izah verilməsi barədə ərizəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 22 sentyabr 2011-ci il tarixli, 2(044)- 172/11 saylı qərardadı ilə əmlaklara mülkiyyət hüququnun qeydə alınması və bu hüququ təsdiq edən reyestrdən çıxarışın verilməsinə dair siyahıda evin yerləşdiyi 400 kv.m ölçüdə torpaq sahəsi də qeyd olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktları düzgün icra edilməmiş və nəticə etibarilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququ reyestrdə qeydə alınmamış və bu hüquqa dair müvafiq çıxarış verilməmişdir. İnzibati qanunvericiliyin tələblərinə uyğun olaraq, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının düzgün icra edilməsi, habelə xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin reyestrdə qeydə alınaraq çıxarış verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə verdiyi xx.xx.2022-ci il tarixli **********40 saylı cavab məktubunda heç bir sübut və dəlil təqdim etmədən qeyd olunan torpaq sahəsinin üçüncü şəxsin timsalında dövlət mülkiyyətinə aid olduğunu bildirmişdir. Yəni Azərbaycan Respublikasının adından çıxarılan və qanuni qüvvəyə minərək icrası məcburi olan məhkəmə qətnaməsini cavabdeh əhəmiyyətsiz bir kağız parçası hesab edərək imtina vermişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-435/2023 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddiaçı X3 cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-427/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-435/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-3180/2023 saylı qərardadı (hakim G.Əliyeva) ilə iddia mümkün sayılmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-3180/2023 saylı qərardadından narazı qalan iddiaçı X6 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan müxtəlif bəhanələrlə əsassız olaraq vəzifələrini yerinə yetirməkdən imtina edir. Məlum olduğu kimi Gəncə şəhəri, DOS 101 20 ünvanında yerləşən fərdi yaşayış evinin alğı-satqı müqaviləsinə əsasən Müdafiə Nazirliyi Gəncə Mİİ-dən əldə etmişdir. Evin yerləşdiyi 400 kvm torpaq sahəsi də onun qanuni istifadəsində olmuşdur. Qnunvericiliyn tələbinə görə həmin torpaq sahəsi onun əvəzsiz istifadəsinə keçmişdir. Qanuni qüvvəyə minmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsində də bu hal qeyd edilmişdir. Evin "xxxx" ASC-nini mülkiyyətinə keçməsi ipoteka müqaviləsinə əsasən baş vermişdir. Həmin müqavilənin predmeti yalnız fərdi yaşayış evi olmuşdur. Yəni, torpaq sahəsi girov qoyulmamış və müvafiq olaraq bankın mülkiyyətinə keçməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşdə olan sübutlar: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-044- 364/2009 nömrəli qətnaməsinə əsasən X3 iddiası təmin edilmiş, ünvan 3 ünvanda yerləşən 20 saylı fərdi yaşayış evinə X3 mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququna dair sənədlərin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-172/11 nömrəli izah barədə qərardadına əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli 15/2585 nömrəli ərizəsi təmin edilmiş, ünvan 3 ev 20 saylı ünvanda 400.0 kv.m torpaq sahəsində yerləşən, sahəsi 22.5 kv.m zirzəmidən, 1-ci mərtəbədə sahəsi 22.4 kv.m, 20.4 kv.m olan iki yaşayış otağından, sahəsi 16.8 kv.m, 45.4 kv.m olan anbardan, sahəsi 14.8 kv.m dəhlizdən, sahəsi 2.9 kv.m ayaq yolundan, sahəsi 2.1 kv.m hamam dəhlizindən, sahəsi 3.3 kv.m hamamdan, sahəsi 2.4 kv.m pilləkən qəfəsindən, sahəsi 141.9 kv.m qaraj-açıq sahədən, sahəsi 27.1 kv.m mətbəxdən, sahəsi 46.2 kv.m çardaqdan, 2-ci mərtəbə sahəsi 2.0.8 kv.m, 21.2 kv.m, 44.8 kv.m, 45 kv.m, 21.8 kv.m, 23.0 kv.m olan yaşayış otaqlarından, sahəsi 19.6 kv.m mətbəxdən, sahəsi 28 kv.m holldan, sahəsi 4.0 kv.m, 10.1 kv.m dəhlizdən, sahəsi 2.5 kv.m ayaq yolundan, sahəsi 2 kv.m hamamın dəhlizindən, sahəsi 4.3 kv.m hamamdan, sahəsi 2.4 kv.m pilləkən qəfəsindən, sahəsi 56.8 kv.m örtülü eyvandan ibarət olan “A” literli fərdi yaşayış evinə X4 mülkiyyət hüququnun tanınması və həmin fərdi yaşayış evinin dövlət reyestrində onun adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi qeyd edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)- 5266/2015 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 əsas borc üzrə 94009,56 manat, faiz üzrə 5004,9 manat, cərimə məbləği üzrə 1680,38 manat olmaqla, cəmi 100694,84 manat borc məbləği və məhkəmə xərci qismində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotekaya dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 50 manat tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101, 20 saylı mənzil yönəldilməsi, mənzilin açıq hərracda satılmaqla, əldə olunan vəsait hesabına tələbin təmin edilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 160650 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(104)-319/2016 nömrəli qətnaməsi ilə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2747/2016 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)- 2034/2018 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı daşınmaz əmlakın boşaldılaraq iddiaçıya verilməsi, cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilməsi və cavabdehin pasport qeydiyyatından çıxarılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 ünvan 4-də olan istifadə hüququnun itirilməsi, cavabdehin evdən məcburi çıxarılması, evin boşaldılaraq iddiaçı banka təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 7575/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********03 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırılma zamanı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(044)-364/09 nömrəli qətnaməsi və xx.xx.2011-ci il tarixli 2(044)- 172/11 nömrəli qərardadının icra olunaraq Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101 ünvanında yerləşən 20 nömrəli ev üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2012-ci il tarixli **********06-05101- 093001 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir. Həmin mənzilə dair ilkin sənəd Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 1288 nömrəli order olmuşdur. Mənzilin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid, hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsidir. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-172/11 nömrəli qərardadında 400.0 kv.m torpaq sahəsində yerləşən evin qeydiyyata alınması qeyd olunmuşdur. Bununla yanaşı ünvan 4 ünvanında yerləşən mənzilin hal-hazırda "xxxx" ASC-nin mülkiyyətində olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən ərizənin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli **********40 nömrəli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2023-cü il tarixli 823 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, DOS 101 hərbi şəhərciyin ərazisindəki bina və qurğular Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır və açıq tipli hərbi şəhərcikdir. İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi, üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X8 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respubublikasının Torpaq Məcəlləsi: Maddə 89. Torpaq sahəsinin və onun üzərində hüquqların girov qoyulmasının (ipotekasının) xüsusiyyətləri
5. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi:
35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İdianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-3180/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən araşdırma aparılmış və sorğulara cavab məktubları ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, DOS 101 hərbi şəhərciyin ərazisindəki bina və qurğular Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır və açıq tipli hərbi şəhərcikdir. İddiaçı X3 nə torpaq sahəsi, nə də həmin torpaq sahəsi üzərində yerləşən mənzillə bağlı hər hansı hüquqları yoxdur. Belə ki, torpaq sahəsi dövlət mülkiyyətinə aid hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsidir, torpaq sahəsi üzərində yerləşən mənzil isə xüsusi mülkiyyət hüququ ilə "xxxx" ASC-nin mülkiyyətinə aiddir. X1 torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə tam razılaşaraq iddiaçının şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respubublikasının Torpaq Məcəlləsinin 89-cu maddəsinin 5-ci bəndinin tələbindən də göründüyü kimi bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur ki, bununla da iddia etdilən torpaq sahəsi üzərində olan hüquqlar da onun üzərində olan fərdi yaşayış evi ilə birlikdə ipoteka ilə yüklü edilmiş hesab olunur. Fərdi yaşayış evi üzərində mülkiyyət hüququ "xxxx" ASC-yə keçdiyindən həmin fərdi yaşayış evinin fəaliyyətini təmin etdiyi torpaq sahəsi üzərində olan hüquqlar da "xxxx" ASC-yə keçmişdir ki, bununla da iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı bir hüququ qalmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddianı mümkün saymaması qanuni və əsaslı olmuşdur. Beləlikə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-3180/2023 saylı qərardadından iddiaçı X6 tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qə r a r a a l d ı :
Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-3180/2023 saylı qərardadından iddiaçı X6 tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-3180/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.