Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-224/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Tovuz rayonunda 10 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinə qarşı “ona məxsus avtomobilə dövlət qeydiyyat nişanının təhkim edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1941/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus avtomobilə dövlət rüsumu ödənilməsi nəzərə alınmaqla AZ-21-OO100 dövlət qeydiyyat nişanının təhkim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 11 iyul 2023-cü il tarixdə, 18 avqust 2023-cü il tarixdə və 17 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərərk, “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələbinə müvafiq olaraq ona məxsus avtomobilə AZ-21- 00-100 dövlət qeydiyyat nişanının verilməsini xahiş etmiş və eyni zamanda bildirmişdir ki, dövlət rüsumunun ödəməyə hazırdır. 11 iyul 2023-cü il tarixdə, 18 avqust 2023-cü iltarixdə və 17 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələbinə müvafiq olaraq ona məxsus avtomobilə AZ-21-00-100 dövlət nömrə nişanının verilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 18.65.6-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğini ödəməyə hazırdır. Ərizələrinə cavab olaraq bildirilmişdir ki, arzu etdiyi dövlət qeydiyyat nişanı hazırda sərfiyyatda olmadığından xahişinin istəyinə üyğun həll edilməsi mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1492/2024 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1492/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-609/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1492/2024 saylı qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4691/2024 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi, əsl cavabdeh Tovuz rayonunda 10 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsi ilə əvəz edilmiş və iddia tələbi “ona məxsus avtomobilə dövlət rüsumu ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1941/2025 saylı qərardadı ilə (hakim L.Əliyeva) İddiaçı cavabdeh Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı ona məxsus avtomobilə dövlət rüsumunun ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1941/2025 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh Tovuz rayonu 10 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinə qarşı “ona məxsus avtomobilə dövlət rüsumu ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1941/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Məhkəmənin gəldiyi bu qənaətlə razı deyil. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun “Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı”adlanan 27-ci maddəsinin İV-İ hissəsinin 7-ci bəndi, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 20 dekabr 2013-cü il tarixli, 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”na əsasən həmin dövlət qeydiyyat nişanını tələb etməkdə haqlıdır. Belə ki, o Azərbaycan dilində olan hərf və rəqəm kombinasiyalarından kənara çıxmamışdır. Müvafiq “Qanun”da və “Qayda”larda hər hansı hərf və rəqəm kombinasiyasının, eyni zamanda eyni hərf və eyni rəqəm kombinasiyalı dövlət qeydiyyat nişanı verilməsinə qadağa nəzərdə tutulmamışdır. Cavabdehin “**-OO-*** dövlət qeydiyyat nişanının sərfiyyatda yoxdur” cavabı məhkəmənin səhv qənaətə gəlməsi üçün əsas vermir. Belə ki, işin əvvəlki apellyasiya baxışı zamanı “21” kodu ilə kifayət qədər “OO” hərf və “100” rəqəm kombinasiyası ilə həmin, həm də digər rayon və şəhərlər üzrə verilən kodla dövlət qeydiyyat nişanları olan avtomobillərin fotoşəkilləri işə əlavə edilmişdir. Yuxarıda göstərildiyi kimi nə adı yuxarıda qeyd olunan “Qayda”larda, nə də “Qanun”da sərfiyatda olmayan dövlət qeydiyyat nişanı nəqliyyat vasitələrinə təhkim oluna bilməz ifadəsi işlənməmişdir, “fiziki və hüquqi şəxslərin sərbəst seçmək hüququ təmin edilməlidir” ifadəsi işlənmişdir. Bundan başqa məhkəmə, “dövlət qeydiyyat nişanının adından göründüyü kimi şəxsi deyil, dövlət mükiyyətində olan əşya olması” kimi gəldiyi qənaət də hesab edir ki, səhvdir. Nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin sahibinin mülkiyyətinə çevrilir. Dövlət nəqliyyat vasitəsinə verdiyi qeydiyyat nişanını vətəndaşın və ya hüquqi şəxsin əlindən ala bilməz. Çünki həmin qeydiyat nişanı əvəzi pulla ödənilməklə dövlətdən alınmışdır. Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nə əşya, nə də əmlak hüquqi anlayışına daxil olmaması qənaətinə gələn məhkəmənin bu qənaəti Mülki Məcəllənin 14.1, 135.1, 135.4-cü və 135.5-ci maddəsinin normaları ilə təkzib edilir. Əşyalar adbad qanunda sadalanarsa bu qanunda qeyri müəyyənliyə gətirib çıxarar. Məhkəmənin ikinci qənaəti- hazırda qüvvədə olan normalara əsasən şəxs rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının alınması hüququna malikdir. Buna müvafiq olaraq, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Qeyd olunan öhdəlik şəxsin arzu etdiyi istənilən rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçmək imkanı dövriyyəyə buraxılmış qeydiyyat nişanları ilə məhdudlaşır. Başqa cür yanaşma, müxtəlif şəxslər tərəfindən eyni rəqəm və hərf kombinasiyalarının seçildiyi təqdirdə çıxılmaz və həlli mümkün olmayan halların yaranmasını şərtləndirərdi. Məhkəmənin bu qənaəti ilə də razı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.1, 136.2 və və 136.3-cü maddələrinin normaları dövriyyəyə buraxılan və buraxılmayan əşyaların dairəsini nizama salmışdır. Cavabdehin yazdığı **-OO-*** dövlət qeydiyyat nişanının “sərfiyyatda yoxdur” sözü qanun deyildir. Qanun dövriyyədə olmayan əşyanın qanunda göstərilməsini məcburi tələb edir. Qanunda isə tələb etdiyi dövlət nömrə nişanına qadağa qoyulması göstərilməmişdir. Məhkəmə bu halda da qanunu səhv təfsir etmişdir. Cavabdehin “sərfiyyatda yoxdur” sözünün arxasında qanunun durub-durmadığını araşdırmamışdır. Hətta cavabdeh iddia ərizəsinə etiraz belə göndərməmişdir, baxmayaraq ki, qanunverici bunu tələb edir. O, qanunla müəyyən edilmiş qaydada cavabdehə **-OO-*** dövlət qeydiyyat nişanının mülkiyyətində olan nəqliyyat vasitəsinə təhkim edilməsi barədə internet vasitəsi ilə müraciət edərək, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin və mülkiyyətində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini göndərmiş, qanunda göstərilən məbləğdə- 2000 manat -dövlət rüsumunu cavabdehin bank hesabına ödəmişdir. Lakin cavabdeh heç bir qanuna əsaslanmadan “sərfiyyatda yoxdur” sözü ilə hər hansı bir normativ aktla təsdiqini tapmayan “sözlə” ona imtina etmiş, vətəndaş hüquqları pozulduğuna görə məhkəmyə müraciət etmişdir. Məhkəmə qanunları səhv təfsir edərək “sərfiyyatda yoxdur sözünü” təsdiq etmişdir. Bununla da məhkəmə İPM-nin 12-ci maddəsinin tələbini pozmuşdur. Hesab edir ki, qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Gəncə İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman lazımı qaydada araşdırma aparılmamışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Tovuz rayonunda 10 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus avtomobilə dövlət rüsumu ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmadan iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmaması əsası ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus nəqliyyat vasitəsinə **-OO-*** dövlət qeydiyyat nişanının verilməsini tələb edir, cavabdeh isə imtinasını iddiaçının arzu etdiyi dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmaması ilə əsaslandırır. Bununla bağlı, məhkəmə xüsusi olaraq qeyd edir ki, istənilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, adından da bəlli olduğu kimi şəxsin xüsusi mülkiyyətində deyil, dövlət mülkiyyətində olan əşyadır. Həmçinin bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin nə əşya, nə də əmlak hüquqlarına həsr olunmuş maddələrində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının həmin anlayışlara (yəni, əşya və əmlak hüququ anlayışlarına) daxil olmaması da müəyyən edilir. Hazırda qüvvədə olan normalara əsasən şəxs rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının alınması hüququna malikdir. Buna müvafiq olaraq, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı ona məxsus olmayan, dövlət mülkiyyətində olan əşyanı (dövlət qeydiyyat nişanını) tələb etməkdə subyektiv hüququnun mövcudluğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu növ məhdudiyyətlərdən biri də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İlkin olaraq məhkəmə kollegiyası aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. ... İV-İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili; 3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi; ... 6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi; 7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması. Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2013-cü il tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”:
3. Rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi üçün müraciət edilməsi 3.1. Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat- imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. ... 3.3. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyatimtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. 3.4. Qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur. 3.5. Şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur. 3.6. Ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir.[3] 3.7. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün internet vasitəsilə müraciət etdikdə, internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsini, elektron poçt ünvanını daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu həmin səhifədə ödəyir. Bundan sonra internet səhifəsində avtomatik olaraq ərizə generasiya olunaraq şəxsin elektron poçt ünvanına göndərilir və bilavasitə internet səhifəsindən çap edilməsi imkanı təmin olunur. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları, həmçinin qeydiyyat-imtahan məntəqəsinə gəlmə tarixi və vaxtı barədə məlumatlar əks olunur. 3.8. Şəxs həmin ərizədə göstərilən tarixdə və vaxtda qeydiyyat-imtahan məntəqəsinə gələrək, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsini və imzalanmış ərizəni sənədləri qəbul edən pəncərəyə təqdim edir. Sənədləri qəbul edən əməkdaş onların uyğunluğunu yoxlayır. Şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni dövlət qeydiyyatı şəhadətnaməsi verilir. ... Qanunvericiliyin istinad olunan normalarına müvafiq olaraq məhkəmə kollegiyası qeyd edir ki, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Başqa sözlə, dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçmək imkanı dövriyyəyə buraxılmış qeydiyyat nişanları ilə məhdudlaşır. Başqa cür yanaşma, müxtəlif şəxslər tərəfindən eyni rəqəm və hərf kombinasiyaların seçildiyi təqdirdə çıxılmaz və həlli mümkün olmayan halların yaranmasını şərtləndirərdi. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan iddiaçının arzu etdiyi dövlət qeydiyyat nişanının hazırda sərfiyyatda olmadığını, yəni şöbədə qeydiyyat nömrə nişanları üzrə hərflərin ardıcıllığı başa çatmadığından “21-OO” seriyalı qeydiyyat nömrə nişanlarının dövriyyəyə buraxılmadığını əsas gətirərək müraciətinin həllinin mümkün olmadığını bildirmişdir. Bunun əksinə, iş materiallarında olan Baş X2 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13- 16/2-9491/2025 nömrəli məktubunda isə qeyd edilmişdir ki, “BMW X5M” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdən müvafiq şəxsin adına qeydiyyatdada olduğu bildirilmişdir. Beləliklə, göründüyü kimi Baş X2 İdarəsinin istinad olunan xx.xx.2025-ci il tarixli məktubu cavabdeh orqanın “21-OO” seriyalı qeydiyyat nömrə nişanlarının dövriyyəyə buraxılmaması barədə imtinasının dəlilinin əsassız olduğunu göstərir. Eyni zamanda iddiaçının vəkili tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş müvafiq fotoşəkillərlə müəyyən olunur ki, **-TT-***, **-TT-***, **-TT-***, və **-ZZ-*** qeydiyyat nömrə nişanları dövriyyədədir. Bu hal isə şöbədə qeydiyyat nömrə nişanları üzrə hərflərin ardıcıllığı başa çatmadığından “21-OO” seriyalı qeydiyyat nömrə nişanlarının dövriyyəyə buraxılmaması ilə bağlı gətirdiyi əsası inkar edir. Belə ki, dövlət qeydiyyat nişanlarının ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunduğu və latın qrafikalı əlifbada “T” və “Z” hərflərinin “O” hərfindən sonrakı sıralarda olması nəzərə alındıqda cavabdehin imtinasının əsaslılığı şübhə altında qalır. Bundan əlavə qeyd edilməlidir ki, iş materiallarında olan Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli, ***-**** nömrəli məktubu ilə “X1” sisteminə əsasən **-OO-*** qeydiyyat nişanı heç bir nəqliyyat vasitəsinə verilmədiyi, həmçinin müvafiq ödəniş qəbzi ilə iddiaçı tərəfindən dövlət qeydiyyat nişanlarının verilməsinə görə tələb olunan dövlət rüsumunun ödənildiyi müəyyən olunur. Beləliklə hazırkı mübahisəyə münasibətdə iddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması işin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə ətraflı araşdırma aparmadan iddianı mümkün hesab etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası İPM-nin İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq,
qəraraaldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1941/2025 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.