Məhkəmə qərarları › İş №2-1(104)-227/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-227/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-227/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi və vəkili X8 iştirakları ilə “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3587/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 043A, KOD 50605028 şəhadətnamədən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarına əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 1 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində olan 0,9 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,1 kv metr yaşayış, 21.1 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Daşkəsən RİHB Zaqalı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 74 nömrəli arayışın surətindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən evdə İddiaçı, həyat yoldaşı X2, oğlu X4, oğlu X5 və qardaşı X14 qeydiyyatdadır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8155/2023 saylı məktubundan məlum olur ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarına əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 1 ha torpaq sahəsinə dair İddiaçı adına “torpağın mülkiyyətə verilməsinə dair” JN-043A, KOD 50605028 saylı şəhadətnamə verilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına Dövlət reyestrindən çıxarış verilmişdir. Daşkəsən rayon DNK-nun xx.xx.2008-ci il tarixli, 4Ə-1-97 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən 1,00 ha torpaq sahəsindən 0,10 ha hissəsi iddiaçı tərəfindən X1. Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,9 ha torpaq sahəsindəki **********79-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

5. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-515/2023 nömrəli qətnaməsi ilə cavabdehlər X11, X6, X10 İddiaçı məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

6. “AZEMİS” çıxarışa əsasən X15 xx.xx.2019-cu il tarixdə “Qırmızı Körpü DSBM” tərəfdən dövlət sərhəddindən keçmişdir, geri qayıtma barədə məlumat yoxdur.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X7 Daşkəsən rayonu, Xoşbulaq kəndidə yerləşən ona məxsus evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs evin keçmiş sakinlərdir, onları tanımır. Həmin şəxslərin hal-hazırda harada yaşamaları ona məlum deyil. Üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatda qalması mülkiyyət hüquqlarını pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3587/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. Üçüncü şəxs qərarın dəlillərindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən fərdi yaşayış evi mərhum atası tərəfindən inşa edilmiş və özü onu övladı kimi yaşadığı evə vərəsə olaraq pasport qeydiyyatına salmışdır. İddiaçı həmin evi saxta yolla əldə etmişdir. Hazırda çıxarışın ləğvi barədə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının onun Rusiya Federasiyasına gedib-gəlməsindən, işləməsindən istifadə etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, çıxarışın ləğvi ilə bağlı Daşkəsən Rayon Məhkəməsində iddia qaldırılmışdır. Lakin bunu təsdiq edən heç bir sənəd təqdim edə bilmir. Mübahisəli ev üçüncü şəxsin atasına məxsus evdir və sonuncu həbs olunduğu üçün mübahisəli evdə yaşamır. Ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli ev ona məxsusdur, ata evi deyildir. Belə ki, ona torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən evə və torpağa dair çıxarış almışdır.

16. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 9-cu maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

26. Apellyasiya şikayətinin dəlillərində fərdi yaşayış evinin iddiaçıya deyil, üçüncü şəxsin atasının məxsus olması bildirilmiş, bunun təsdiqi kimi qeydiyyat vəsiqəsi təqdim edilmişdir.

27. İşin halları ilə müəyyən olunur ki, mübahisləndirilən ev və onun yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus olmuşdur.

28. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 043A, KOD 50605028 şəhadətnamədən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarına əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 1 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

29. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində olan 0,9 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,1 kv metr yaşayış, 21.1 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

30. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8155/2023 saylı məktubundan məlum olur ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarına əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 1 ha torpaq sahəsinə dair İddiaçı (bundan sonra mətndə - iddiaçı) adına “torpağın mülkiyyətə verilməsinə dair” JN-043A, KOD 50605028 saylı şəhadətnamə verilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına Dövlət reyestrindən çıxarış verilmişdir. Daşkəsən rayon DNK-nun xx.xx.2008-ci il tarixli, 4Ə-1-97 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən 1,00 ha torpaq sahəsindən 0,10 ha hissəsi iddiaçı tərəfindən X1. Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,9 ha torpaq sahəsindəki **********79-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

31. Göründüyü kimi mübahisəli evin iddiaçıya məxsus olması təqdim olunan sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının adına şəhadətnamə və onun əsasında çıxarış verilmişdir. Çıxarış hazırda qüvvədədir, onun ləğvi və ya etibarsız sayılması, həmçinin təqdim edilmiş qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin mübahisəli evlə eynilik təşkil edilməsinə dair heç bir sübut mövcud deyildir.

32. Bundan başqa Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)- 515/2023 nömrəli qətnaməsi ilə cavabdehlər X11, X6, X10 İddiaçı məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

33. Qeyd olunan qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, cavabeh X15 yaşamaq üçün Rusiya Federasiyasına getmiş və mübahisəli evdə yaşamır. Cavabdeh Z.Hüseynov mübahisəli evdə yaşamadığından və bu baxımdan onun həmin evdən çıxarılması tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir.

34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin inzibati icraat qaydasında qeydiyyatdan çıxarılmasının mümkünlüyü müəyyən olunmuşdur.

35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

36. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

37. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

38. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

39. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır və apellyasiya şikayəti təmin olunmamalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3587/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3587/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar