Məhkəmə qərarları › İş №2-1(104)-228/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-228/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-228/2024 15.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1491/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsinə əsasən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngə, bina 9, mənzil 22-də onun və oğlu X1 müəyyən edilmiş paylarının 25,76 kv.m təşkil edən iki otağın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət mənzil fonduna aid olan yaşadığı Gəncə şəhəri Azərbaycan Bayrağı 1-ci döngə, bina 9, 22 saylı 5 otaqlı mənzil — onun və ögey qohumları ilə aralarında - Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsinə əsasən, iki hissəyə bölünərək - hər birinin sahəsi 17,2 kv.m təşkil edən, 3 otağına dair şəxsi hesab vərəqəsinin analığı X3, hər birinin sahəsi 12.88 kv.m təşkil edən 2 otağına dair şəxsi hesab vərəqəsinin onun adlarına açılması qət edilmişdir. Həmin qətnaməyə uyğun olaraq, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 71 saylı, 01 sentyabr 2010-cu il tarixli sərəncamı ilə sözügedən mənzilin şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsi - Gəncə şəhər Mənzil Kommunal X2nin (MKTİBnin) rəhbərliyinə tapşırılmışdır və bununla da MKTİB adlarına müvafiq şəxsi hesabdan çıxarışlar təqdim etmişdir, həmçinin 50 ildir ki, yaşadığı sözügedən mənzildəki müvafiq qətnamə və sərəncam ilə müəyyən edilmiş payına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş 01 saylı, xx.xx.2023cü il tarixli onun adına kirayə müqaviləsi mövcuddur. Yaşadığı daşınmaz əmlak üzərində hüquqlarının Dövlət qeydiyyatına alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4, X8 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1491/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X4, X8, X11 və Gəncə Şəhər İcra Hakimiyyəti) qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, iddiaçı vahid mənzilin bir hissəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasını tələb edir ki, həmin tələb də qanunvericiliyin sadalanmış normalarına əsasən mümkün deyil. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın səlahiyyət dairəsi konkret olaraq qanunla müəyyənləşdirilmiş, eləcə də qeyd olunan mülkün üzərində 13 fevral 2009-cu il tarixli Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş payına dair adını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyd etmək və bunun üçün lazım olan sənədləri verməyə məsul olan müvafiq icra hakimiyyəti orqanlarının adı qanunda öz əksini tapmışdır. Ona görə də bu məsələnin həllinə edilmiş etiraz vətəndaş olaraq onun hüquqlarından istifadə etməyə maneə törədir. Belə olan halda həmin maneə aradan qaldırılmalıdır. Gəncə İnzibati Məhkəməsinin qəbul etdiyi sözügedən qərarında maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Aşağıdakı əsaslara görə Apellyasiya qaydasında sözügedən birinci instansiya məhkəməsinin 2-1(114)-1491/2023 saylı qərarı ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. Dövlət mənzil fonduna aid olan yaşadığı Gəncə şəhəri Tağı-Arani (Azərbaycan Bayrağı ) küçəsi, 1-ci döngə, bina 9, 22 saylı 5 otaqlı mənzil onun və ögey qohumları arasında Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsinə əsasən, iki hissəyə bölünərək - hər birinin sahəsi 17,2 kv.m təşkil edən, 3 otağına dair şəxsi hesab vərəqəsinin analığı X3; hər birinin sahəsi 12.88 kv.m təşkil edən 2 otağına dair şəxsi hesab vərəqəsinin adlarına açılması qət edilmişdir. Həmin qətnaməyə əsasən Gəncə şəhər İcra Hakimiyyəti başçısının 71 saylı, 01 sentyabr 2010-cu il tarixli, Sərəncamı ilə sözügedən mənzilin şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsi - Gəncə şəhər Mənzil Kommunal X2nin (MKTİB-nin) rəhbərliyinə tapşırılmışdır. Bununla da, MKTİB adlarına müvafiq şəxsi hesabdan çıxarışlar təqdim etmişdir, həmçinin 51 ildir ki, yaşadığı sözügedən mənzildəki müvafiq qətnamə və sərəncam ilə müəyyən edilmiş payına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş 01 saylı xx.xx.2023-cü il tarixli adına Kirayə Müqaviləsi mövcuddur. Qeyd edir ki, üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş, 1994-cü il tarixdən indiyədək onunla birlikdə yaşayan oğlu X4 adından xx.xx.2023-cü il tarixli sözügedən iddiası ilə razı olduğu barədə ərizəsi inzibati məhkəməyə təqdim edilmişdir; həmçinin, notarial qaydada təsdiq edilmiş müvafiq Etibarnamə də, tərəfindən inzibati məhkəməyə təqdim edilmişdir. Lakin, qərarda bu sənədlər barəsində heç bir qeyd yoxdur, yalnız oğlu Muradov Ələkbərin məhkəmə prosesində iştirak etmədiyi qeyd olunur. İddiaçı (1972-ci il tarixdən) və oğlu X4 (1994-cü il tarixdən) sözügedən Gəncə şəhəri Tağı-Arani (Azərbaycan Bayrağı) küçəsi, 1ci döngə, bina 9, mənzil 22-də indiyədək yaşayırlar. 51 ildir ki, mənzilin kirayə haqqını, elektrik enerjisindən, qaz, su və s. üzrə haqları bütövlüklə o, ödəyir. Bunları təsdiq edən müvafiq müqavilələr, qəbzlər, sənədlər mövcuddur. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmiş, digər üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı vahid mənzilin bir hissəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasını tələb edir ki, həmin tələb də qanunvericiliyin sadalanmış normalarına əsasən mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və əsassız hesab edir. Belə ki, İddiaçı məhkəməyə müraciət edərək Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsinə əsasən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngə, bina 9, mənzil 22-də onun və oğlu X1 müəyyən edilmiş paylarının 25,76 kv.m təşkil edən iki otağın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, həmin qətnamə əsasında qeyd olunan mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması nəzərdə tutulmamışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsindən görünür ki, hər iki iddia əsaslı olduğundan təmin edilməsi, Gəncə şəhəri, Tağı Arani küçəsi, 1-ci döngə, bina 9, 22 saylı mənzilin iki hissəyə bölünərək sahələri 12,88 kv.m olan 2 otaq azyaşlı oğlu ilə birlikdə İddiaçı, sahələri 17,2 kv.m olan 3 otaq uşaqları Lalə və Vaqiflə birilikdə X3 istifadəsinə verilməklə adlarına ayrıca şəxsi hesabın açılması, şəxsi hesabın açılması vəzifəsinin Gəncə şəhər İH-ti Mənzil Kommunal İstehsalat Birliyinə tapşırılması, X3, X5 və X6 həmin mənzilin istifadələrinə verilmiş otaqlarına köçürülmələri, X7 mübahisəli mənzilə yaşayış hüquqlarının itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılması qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 01 saylı “X10 Müqaviləsi”nə əsasən Gəncə şəhəri Tağı Arani küçəsi, 1-ci döngə, 9 nömrəli binanın 22 nömrəli mənzilinin 25,76 kv.m. ibarət 2 otaqlı yaşayış sahəsi İddiaçı istifadəsinə və sahibliyinə verilmişdir. Kollegiya qeyd edir ki, belə olan halda AR İPM 13-cü maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya real hüquqi yardım göstərilərək, ona iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməli və yuxarıda qeyd edilmiş müqavilə əsasında hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinin irəli sürülməsi izah edilməli idi. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 48.1-ci maddəsində isə deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Həmçinin iddiaçı məhkəmə iclasında verdi izahatında bildirmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 ilə onun arasında bağlanmış “X10 Müqaviləsi” cavabdeh inzibati orqana müraciət etdikdən sonra bağlandığından ilkin müraciəti zamanı cavabdehə həmin müqaviləni təqdim edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya münasibətdə iddia tələbi dəqiqləşdirilməli və dəqiqləşdirilmiş iddia tələbi üzrə münasibət bildirilməsi üçün cavabdeh inzibati orqana göndərilməli və bundan sonra iddia tələbinə mahiyyəti üzrə baxılması davam etdirilməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Başqa sözlərlə hazırkı iş üzrə 9 aya yaxın məhkəmə icraatı aparılmışdır. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin müddət ərzində iddiaçıya hüquqi yardım göstərilməsi üçün müvafiq sərəncamlar göndərilməli, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməli və yalnız iddiaçı həmin sərəncamlara əməl etmədikdən sonra onun iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmi addımlar atılmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə təkrar baxan məhkəmə İPM-in 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin hüquqi marağına uyğun dəqiqləşdirilməsi ilə bağlı yardım etməli, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tərəfin bildirməsindən asılı olmayaraq araşdırmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.2-ci maddəsinə görə, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1491/2023 nömrəli nömrəli qərarı ləğv edilsin. İnzibati iş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar