Məhkəmə qərarları › İş №2-1(104)-228/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-228/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-228/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-63/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ- 67068/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, əmək kitabçasının, hərbi biletin və arxiv arayışlarının surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 22 il 11 ay 26 gün təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 4 ay 26 gün sığorta stajına uyğun olaraq 17972,65 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 3915,23 manat olmaqla, ümumilikdə 21887,88 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabını sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və adına aktiv əmək müqaviləsi (“X5 Kompleksi” MMC) olduğundan yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir.

İşdə olan sənədlər:

2. AZE №0******* şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Bərdə rayonu, Mollagüllər kəndində anadan olmuşdur.

3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 320 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Bərdə RHK-na çağırılaraq Sovet ordu sıralarına göndərilib və xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək xidmət keçmişdir.

4. X6 və Emalı Zavodunun xx.xx.2022-ci il tarixli, 03-3-AzP-2022-002 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən “X5 Kompleksi” MMC X6 və Emalı Zavodu filialında ərazi nümayəndəsi vəzifəsində (peşəsində) işləyir. Əmək haqqı üzrə işçiyə hər ay 300 manat məbləğdə əmək haqqı ödənilir.

5. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 269 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Dövlət Arxivində mühafizə edilən sabiq H.Hacıyev adına kolxozun (AİM) 1978-1999-cu illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı kolxozda /AİM/ işləyərək həmin illərdə əmək haqqı almışdır.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 2023/61/803 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı işə qəbulla bağlı sənədi aşkar edilməmişdir. Bundan başqa, o, Əmanət Bankı üzrə 26 aprel 1990-cı il tarixli, 26 nömrəli əmr ilə işdən azad olunmuşdur.

7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 338 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı banka işə qəbul ilə əlaqədar işə qəbul əmri aşkar edilməmişdir. Lakin aşkar edilmiş əmək haqqı cədvəllərinə əsasən onun 1986-cı ilin mart ayından Əmanət Bankında işləməyi və əmrlər kitabına əsasən xx.xx.1990-cı il tarixdə 26 nömrəli əmr ilə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilməsi müəyyən edilmişdir.

8. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/12258 nömrəli məktubuna əlavə edilmiş səndlərə əsasən, X1 Bankında 1986-cı ilin mart ayından 26 aprel 1990-cı il tarixinədək Əmanət Bankında işləmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1976-cı ildən hal-hazıradək işlədiyi illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə Bərdə rayonu Mollagüllər kəndində anadan olmuş, 1976-1977-ci illərdə hərbi xidmət keçmiş, 1978- 1999-cu illərdə H.Hacıyev adına kolxozda işləmiş, 1975-1976-cı illərdə Bərdə rayonu Mollagüllər kənd kitabxanasında müdir vəzifəsində işləmiş, 1987-1990-cı illərdə X8 işləmişdir və xx.xx.2019-cu ildən hal-hazıra kimi “Azərpambıq İstehsal və Emal” zavodunda ərazi nümayəndəsi vəzifəsində çalışır. Ümumilikdə 30 ilə yaxın əmək stajı var və hazırda 66 yaşı var. Əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinə imtina etmişdir.

11. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/2-193660/2023 nömrəli etirazın məzmunu xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ- 67068/2023 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Mərkəzi Filial iddiaçının 1987-1990-cı il tarixlərdə “X9”nda işlədiyi dövrlərin mötəbər sübutlarla təsdiqlənməməsi səbəbindən qeyd edilən dövrləri sığorta stajına daxil etməmişdir.

12. İddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun 1986-cı ildən xx.xx.1990-cı il tarixədək X8 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-63/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş materiallarına əsasən iddiaçının 1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Bərdə rayonu Əmanət Bankında işləməsi təsdiq edilir. Məhkəmə qeyd edilən məlumatı mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının “X9”nda işləməsi faktı əmək kitabçasında qeyd edilməmiş və ya hər hansı mötəbər sübutla təsdiqlənməmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 2023/61/803 nömrəli məktubunda iddiaçının xx.xx.1990-cı il tarixdə 26 nömrəli qərar ilə işdən azad olunduğu qeyd edilsə də, işə daxil olması ilə bağlı hər hansı məlumat olmadığı qeyd olunmuşdur. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 338 nömrəli məktubunda İddiaçı banka işə qəbul ilə əlaqədar işə qəbul əmrinin aşkar edilmədiyi, lakin aşkar edilmiş əmək haqqı cədvəllərinə əsasən onun 1986-cı ilin mart ayından Əmanət Bankında işləməyi və əmrlər kitabına əsasən xx.xx.1990-cı il tarixdə 26 nömrəli əmr ilə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunduğu qeyd edilmişdir. İlkin müraciət zamanı iddiaçıya təqdim olunan məktubda qeyd olunmadığı halda, məhkəmə araşdırılması zamanı iddiaçının əmək haqqı alması baradə məlumatların təqdim edilməsi iş üçün əhəmiyyət kəsb etdiyindən, sözügedən məsələ məhkəmə tərəfindən daha ətraflı araşdırılmalı idi. Lakin yekunda məhkəmə "xxxx" ASC-nin məktubunu əsas gətirərək iddianı təmin etmiş və sözügeden məsələ araşdırılmamışdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı tarixədək qeydə alınmış sığorta kapitalı 19 il 4 ay 26 gün sığorta stajına uyğun olaraq 17972,65 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3915,23 manat olmaqla ümumilikdə 21887,88 manat təşkil edir və bu qanunvericiliklə müəyyən edilmiş 40320 manat məbləğdən azdır. İddiaçı ümumi siğorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c)apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, “X9”nda işləmiş, lakin əmək kitabçasında buna dair qeydiyyat aparılmamışdır. Bu səbəbdən "xxxx" ASC-nin məktubunu məhkəməyə təqdim etmişdir, həmin məktub onun işləməsini sübut edir.

Tətbiq edilən hüquq:

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür):

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

23. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək, iddiaçının sığorta stajının 22 il 11 ay 26 gün təşkil etməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006-cı il tarixinədək 19 il 4 ay 26 gün sığorta stajına uyğun olaraq 17972,65 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 3915,23 manat olmaqla, ümumilikdə 21887,88 manat təşkil etməsi, bunun isə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olması və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır.

27. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək 1986-cı ildən xx.xx.1990-cı il tarixədək X8 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

28. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazın və hazırki halda apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçının “X9”nda işləməsi faktı əmək kitabçasında qeyd edilməmiş və ya hər hansı mötəbər sübutla təsdiqlənməmişdir. Həmçinin iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən məktubda işə daxil olması ilə bağlı hər hansı məlumat olmadığı qeyd olunmuş, məhkəmə araşdırılması zamanı təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 338 nömrəli məktubunda isə onun banka işə qəbul ilə əlaqədar işə qəbul əmrinin aşkar edilmədiyi, lakin aşkar edilmiş əmək haqqı cədvəllərinə əsasən onun 1986-cı ilin mart ayından Əmanət Bankında işləməyi və əmrlər kitabına əsasən xx.xx.1990-cı il tarixdə 26 nömrəli əmr ilə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunduğu qeyd edilmişdir. İlkin müraciət zamanı iddiaçıya təqdim olunan məktubda qeyd olunmadığı halda, məhkəmə araşdırılması zamanı iddiaçının əmək haqqı alması baradə məlumatların təqdim edilməsi iş üçün əhəmiyyət kəsb etdiyindən, sözügedən məsələ məhkəmə tərəfindən daha ətraflı araşdırılmalı idi.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

30. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 338 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı banka işə qəbul ilə əlaqədar işə qəbul əmri aşkar edilməmişdir. Lakin aşkar edilmiş əmək haqqı cədvəllərinə əsasən onun 1986-cı ilin mart ayından Əmanət Bankında işləməyi və əmrlər kitabına əsasən xx.xx.1990-cı il tarixdə 26 nömrəli əmr ilə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilməsi müəyyən edilmişdir.

31. Cavabdeh apellyasiya şikayətində həmin məktubda qeyd olunan məlumatların mötəbərliyinə tənqidi yanaşaraq göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunan ilk məktubda işə daxil olması ilə bağlı hər hansı məlumat olmadığı qeyd edildiyi halda, məhkəmə araşdırmasına təqdim edilən məktubda ("xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 338 nömrəli məktubu) əmək haqqı cədvəllərinə əsasən onun 1986-cı ilin mart ayından Əmanət Bankında işləməyi qeyd olunmuşdur. Bu səbəbdən də cavabdeh hesab edir ki, ilkin müraciət zamanı iddiaçıya təqdim olunan məktubda qeyd olunmadığı halda, məhkəmə araşdırılması zamanı iddiaçının əmək haqqı alması baradə məlumatların təqdim edilməsi iş üçün əhəmiyyət kəsb etdiyindən, sözügedən məsələ məhkəmə tərəfindən daha ətraflı araşdırılmalıdır.

32. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla iddiaçının “Əmanət Bankı”nda 1986-cı ilin mart ayından xx.xx.1990-cı il tarixədək olan dövr ərzində işləməsini təsdiq edən sənədlərin- əmək haqqı cədvəlləri, işdən azad olunma əmri, əmrlər kitabında adı olan hissələrin və s. sənədlərin kserosurətlərinin məhkəməyə təqdim olunması qərara alınmış, qərardad icra olunması üçün "xxxx" ASC-yə göndərilmişdir.

33. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/12258 nömrəli məktubuna əlavə edilmiş səndlər ilə müəyyən olunmuşdur ki, iddiaçı 1986-cı ilin mart ayından 26 aprel 1990-cı il tarixinədək “Əmanət Bankı”nda işləmiş, buna dair əmək haqqı cədvəlləri məhkəməyə təqdim edilmişdir.

34. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunan sənədlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

35. Odur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alındığından iddiaçının həmin illərdə (1986-cı ilin mart ayından 26 aprel 1990-cı il tarixinədək) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlili əsassız hesab olunur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

37. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla yanaşı, mübahisələndirilən dövrlərin əmək kitabçasında qeyd edilməməsi iddiaçının təqsiri ilə bağlı olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

38. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri) .

39. Məhkəmə tərkibi onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında sosial sığorta stajına daxil edilməli olan dövr barədə düzgün nəticəyə gəlinsə də, həmin dövr dəqiq göstərilməmişdir. Belə ki, qərara əsasən iddiaçının 1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Bərdə rayonu Əmanət Bankında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Halbuki işdə olan sənədlərə əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 338 nömrəli məktubda iddiaçının 1986-cı ilin mart ayından Əmanət Bankında işləməsi qeyd edilmiş, bu hal xx.xx.2025-ci il tarixli, 2025/204/12258 nömrəli məktuba əlavə edilmiş səndlərlə də öz təsdiqini tapmışdır.

40. Məhkəmə kollegiyası mübahisənin düzgün həlli baxımından hesab edir ki, iddiaçının sosial sığorta stajına daxil edilməli olan dövr (aylar və illər) dəqiq göstərilməli, birinci instansiya məhkəməsinini qərarı qeyd edilən hissədə dəyişdirilməlidir.

Nəticəvi hissə:

41. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-63/2025 nömrəli qərarı dəyişdirilsin. İddiaçı 1986-cı ilin mart ayından 26 aprel 1990-cı il tarixədək “X9”nda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar