Məhkəmə qərarları › İş №2-1(104)-229/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-229/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-229/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı2 Nəriman qızının və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 Nəriman qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı şəhid ailələrinə verilən müavinətin dayandırılmasına səbəb olan məktubun göndərilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4148/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 Nəriman qızı və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 “şəhid”, ailəsinə “şəhid ailəsi statusunun və həmin statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların övladı X3 xx.xx.2020-ci ildə qismən səfərbərlik üzrə könüllü olaraq N saylı hərbi hissənin tərkibində əsgər kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşlərdə iştirakına görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Laçın, Qubadlı və Cəbrayılın azad olunmasına görə 3 medalla təltif edilmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Röyal Verdiyev xidmət etdiyi taborda olan digər hərbi qulluqçu əlində olan silahın içərisində patron olub-olmadığını yoxlayan zaman silahdan atəş açılmış və açılmış atəş nəticəsində güllə övladları Röyal Verdiyevə dəymiş və o, aldığı güllə yarasından vəfat etmişdir. Röyal Verdiyevin cənazəsini yaşadıqları Daşkəsən rayonuna gətirərək xx.xx.2020-ci il tarixdə rayon əhalisinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn etmişlər. Onlara şəhid ailəsi statusunun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onların müraciətlərinə cavab olaraq övladlarının ölümünün Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmadığını bildirərək qanunsuz və əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Nazirli Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Qeyd olunan maddi hüquq normalarındakı “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yəni, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır. Bu baxımdan Azərbaycan Respublikasının vətəndaşı kimi vətənə hərbi borcunu yerinə yetirərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslərə, həmin döyüşlərdə xidməti vəzifəsini yerinə yetirərkən ağır yaralanmış və sonradan aldığı yaralardan vəfat etmiş şəxsləri fərqləndirmək hüquqi müəyyənlik prinsipinin kriteriyalarına ziddir. Hər iki halda həlak olma və ya vəfat etməölümlə onun baş verməsinin səbəbləri arasında (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər) bir başa əlaqə vardır. Ona görə də, cavabdehin imtinasını əsassız hesab edərək, xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından vəfat etmiş övladları X1 şəhid, ailəsinə şəhid ailəsi statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4148/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, xx.xx.1994-cü il təvəllüdlü mərhum X2 ailəsinə verilən müavinətin dayandırılmasına səbəb olan xx.xx.2021-ci il tarixli, 1066 nömrəli məktubun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının Daşkəsən rayon qəbul şöbəsinə göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan qeyd olunan qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh məhkəməyə ərizə göndərərək apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar ərizəyə etiraz etmədiyini bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Məhkəmə kollegiyası iddiaçının şikayətin geri qaytarlmasının rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasları müəyyən etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 88-ci маддясини rəhbər tutaraq, qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı2 Nəriman qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı şəhid ailələrinə verilən müavinətin dayandırılmasına səbəb olan məktubun göndərilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4148/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar