Məhkəmə qərarları › İş №2-1(104)-229/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-229/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-229/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və üçüncü şəxs X5 iştirakları ilə, “qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3420/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.2022-ci il tarixli ölüm haqqında Şəhadətnaməyə əsasən, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

2. Naftalan şəhər Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi - bacısı X8r və o, miras əmlakdan tam hissədə pay almalıdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08-05101- 093019 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(052)-19/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X11 və Naftalan şəhər Dövlət notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Naftalan şəhər Dövlət notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir.

5. Cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1225/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(052)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3910/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1225/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Goranboy Rayon İcra Hakimiyyəti başçısının Səfikürd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 514 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Goranboy rayonu Səfikürd kəndində qeydiyyatdadır.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin İddiaçı Rafuq qızına ünvanlanmış müraciətə baxılması haqqında xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təqdim edilmiş məhkəmə qərarlarında 22 sentyabr 2022-ci il tarixli 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Müraciətdə qeyd edilən çıxarışın ləğv edilməsi qət edilməmişdir.

9. Ədliyyə Nazirliyi Goranboy rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Rafuq qızına Goranboy rayon Notariat ofisində hər hansı miras əmlaka qanun, yaxud vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən qeydiyyata alınan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və həmin ev üzərində X6 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən ev X5 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində 29 sentyabr 2022-ci il tarixli, ********** reyestrində qeydiyyata alınmışdır. Həmin ev iddiaçının mərhum əri X3 mülkiyyətində olmuş, o, 25 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra iddiaçının qızı Aysu birinci növbəli vərəsə kimi Notariat ofisinə ərizə ilə müraciət etmiş və bu barədə vərəsəlik işi açılmışdır. Notariat ofisində iddiaçıya bildirmişlər ki, miras əmlakı qəbul etmək üçün qanunvericiliyin tələbinə görə 6 ay müddət gözləmək lazımdır. Bu müddət bitdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün iddiaçı notariat ofisinə getmiş və ona bildirmişlər ki, mərhum əri - X1 miras qalmış ev barədə onun bacısı X5 adına vərəsəlik haqqında şəhadətnamə verilmişdir, həmin şəhadətnamə əsasında isə Məleykə Muradova iddiaçının ərindən miras qalmış evi öz mülkiyyəti kimi reyestrdə qeydiyyata aldırmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi və qanuni qüvvələrini almış məhkəmə aktlarının surətlərindən görünür ki, X5 adına verilmiş 22 sentyabr 2022-ci il tarixli, 2v-58 reyest nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, ona görə də iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək həmin evə dair X2 adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin, iddiaçının ərizəsi müsbət həll olunmamış və ona məsləhət olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi üçün məhkəməyə müraciət etsin. O hesab edir ki, cavabdeh orqan tərəfindən X5 adına çıxarış verilərkən onun hüquqları pozulmuş, indi isə məhkəmə tərəfindən X9 cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** reyestrdə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsini istəyir. O, cavabdeh orqanın bunu etmədiyi üçün məhkəməyə müraciət etmişdir.

12. Cavabdeh orqan iddiaya qarşı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı ünvan 4 ünvanında yerləşən mənzil üzərində vətəndaş X4 mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış və xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, təqdim olunan məhkəmə qərarlarında xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Müraciətdə qeyd edilən çıxarışın ləğv edilməsi qət edilməmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 üzərində X5 mülkiyyət hüququ barədə aparılmış xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3420/2024 nömrəli qərarı ilə (hakim R.tağıyeva) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində X5 mülkiyyət hüququnun qeydiyyatının aparılmasına əsas olmuş Naftalan şəhər Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydiyyat ləğv edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

17. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış verilərkən vərəsəlik şəhadətnaməsi qüvvədə olmuşdur. Həmin şəhadətnamənin etibarsızlığı barədə tələb üzrə məhkəmə mübahisələri davam etdiyindən, başqa sözlə həmin vərəsəlik şəhadətnaməsi qüvvədə olduğundan iddia tələbi təmin edilə bilməzdi.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

19. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları.

20. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi.

22. İş üzrə cavabdehə hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir.

24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

26. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydaları:

14. Hüquqların və hüquqların məhdudlaşdırılmasının ləğv edilməsinin əks etdirilməsi dövlət reyestrinə daxil edilmiş müvafiq məlumatın silinməsi yolu ilə həyata keçirilir. Məlumatın silinməsi bu Qaydaların 41-ci və 42-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

41. İİ və İİİ fəsillərdə qeydiyyata alınmış hüquqlar və məhdudlaşdırma ləğv edildikdə həmin fəsillərin müvafiq məlumatları bu Qaydaların 42-ci maddəsinə uyğun olaraq silinir. 42.1. İİ və İİİ fəsillərin məlumatları həmin məlumatların əks etdirildiyi vərəqin üz tərəfinə forması qeydiyyat orqanı tərəfindən müəyyən edilən xüsusi ştamp vurulması ilə silinir. Bu cür silinmə ştampda müvafiq hüququn və ya məhdudlaşdırmanın ləğv edilməsinin qeydiyyatı tarixi, qeydiyyat orqanının müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilməklə onun imzası ilə rəsmiləşdirilir. 42.2. Əgər hüquq onun başqa şəxsə keçməsi və məhdudlaşdırma onun başqa şəxsin xeyrinə yaranması ilə əlaqədar ləğv edilirsə, silmə ştampında əlavə olaraq yeni hüququn və məhdudlaşdırmanın yaranmasının əks etdirildiyi vərəqin nömrəsi də göstərilir. 42.3. Kağız üzərində aparılan dövlət reyestrinin İİ və İİİ fəsillərinin məlumatlarının silinməsi üçün həmin fəsillərin müvafiq vərəqlərinin arxa tərəfində "Sənədlər - əsaslar" qrafasına hüquq və ya məhdudlaşdırmanın ləğv edilməsi üçün əsas olmuş sənədlər haqqında məlumatlar daxil edilir. 42.4. Elektron daşıyıcıları üzərində aparılan dövlət reyestrinin İİ və İİİ fəsillərində yeni hüquq sahibinə keçmədən hüquq və ya məhdudlaşdırmanın ləğv edilməsi barədə məlumatlar həmin hüququn və ya məhdudlaşdırmanın əks etdirildiyi vərəqin arxasınca gələn və eyni cür nömrələnən ayrıca vərəqə daxil edilir.

27. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşin hallarından müəyyən olunur ki, Naftalan şəhər Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən X9 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi, sonuncunun miras əmlakından tam hissədə pay almalı olması barədə xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə X7 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Qeyd olunan qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə İddiaçı tərəfindən Naftalan Şəhər Məhkəməsində mübahisələndirilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2(052)-19/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Naftalan şəhər Dövlət notariat ofisi tərəfindən X9 verilmiş xx.xx.2022-ci il tarixli, 58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir.

31. Cavabdeh X11 (hazırki iş üzrə üçüncü şəxs) qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1225/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 3910/2023 nömrəli qərarı ilə cavabdeh X5 (hazırki iş üzrə üçüncü şəxs) kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1225/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Bundan sonra xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08-05101- 093019 reyestr nömrəli hüquqların dövlət reyestrindəki qeydiyyatın əsası artıq mövcud olmadığından iddiaçı qeydiyyatın ləğvinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmişdir.

34. Üçüncü şəxs apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, şəhadətnamənin etibarsızlığı barədə tələb üzrə məhkəmə mübahisələri davam etdiyindən, başqa sözlə həmin vərəsəlik şəhadətnaməsi qüvvədə olduğundan iddia tələbi təmin edilə bilməzdi. Lakin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 3910/2023 nömrəli qərarından görünür ki, qeyd olunan mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almış, Naftalan şəhər Dövlət notariat ofisi tərəfindən X9 verilmiş xx.xx.2022-ci il tarixli, 58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir.

35. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, təqdim edilmiş məhkəmə qərarlarında 22 sentyabr 2022-ci il tarixli 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Müraciətdə qeyd edilən çıxarışın ləğv edilməsi qət edilməmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Naftalan şəhər Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edildiyindən, birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydiyyatın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

37. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.

Nəticəvi hissə:

39. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3420/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar