Məhkəmə qərarları › İş №2-1(104)-230/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-230/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-230/2025 07.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-1580/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1990-cı il tarixdə Xanlar rayonun Əzizbəyov kəndində anadan olmuş, hazırda Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla müvəqqəti olaraq Rusiya Federasiyasında yaşayır.

2. AO seriyalı, ******* nömrəli hərbi biletdəki məlumata əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə atıcı vəzifəsində xidmət etmişdir.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrindən çıxarışa (48-ci hissə) əsasən iddiaçı 1-ci zenit raket divizionun 2-ci zenit raket batareyasının maddi-təminat mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir.

4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına iddiaçı da daxil edilmişdir.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 447 nömrəli əmrindən çıxarışa (25-ci hissə) əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətindən, bütün növ təminatlardan çıxarılmış və səfərbərlikdən təxris edilmişdir.

6. N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçının iştirak etdiyi ərazi Qaraməmmədli olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında fəal iştirak etmişdir.

7. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 1635 nömrəli məktubuna əsasən 44 günlük “Vətən Müharibəsi” zamanı N nömrəli hərbi hissənin 1-ci divizionun 2-ci batareyasının iştirak etdiyi ərazilər Yevlax rayonu, Qaraməmmədli kəndi və Gəncə şəhəri olmuşdur.

8. İddiaçının anası X2 müraciəti ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-Q-87xx-xx/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Rafail oğluna “Müharibə veteranı” adının və vəsiqənin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 2 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

9. Məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-4/2-2041/25 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir.

10. Məhkəmə kollegiyasının sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-240/2-650/25 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə xidmət etmiş vətəndaş İddiaçı hərbi biletinin 7-ci səhifəsində aparılmış (Fizuli- Zəngilan,Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə atıcı vəzifəsində xidmət edib) qeydlər həmin dövrdə hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini polkovnik-leytenant Mobil Ovçiyevin səhfi ilə düzgün qeyd edilməmiş və həmin səhv qeydlərin aparıldığı üçün hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli, 264 nömrəli əmrinə əsasən xidməti vəzifələrinin icrası zamanı yol veriyi nöqsanlara görə “şiddətli töhmət” ilə intizam qaydasında cəzalandırılmışdır. Məlumat üçün bildirilir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan hərbi əməliyyatlar zamanı N nömrəli hərbi hissənin 1-ci divizionun 2-ci batareyasında (Yevlax. Qaraməmmədli) maddi-təminat taqımının mühafizə manqasında atıcı vəzifəsində xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixindən 28 dekabr 2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissənin 1-ci divizionunun 2-ci batareyasında (Yevlax. Qaraməmmədli) döyüş batareyasının ərazisinin düşmən kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında fəal iştirak etmişdir. Əlavə olaraq bildirilir ki, vətəndaş İddiaçı 27 sentyabr 2020-ci il tarixindən 28 dekabr 2020-ci il tarixədək aparılan hərbi əməliyyatlar zamanı Fizuli-Zəngilan və Qubadlı rayonlarına ezam olunmamış və döyüş əməliyyatlarına cəlb olunmamışdır.

11. Məhkəmə kollegiyasının sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-240/2-888/25 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin 1-ci divizionun 2-ci batareyası planlaşdırılmış mövqeyə çıxaraq döyüş fəaliyyətləri aparan zaman İddiaçı Rəfail oğlu batareyanın daimi dislokasiya yerində (Yevlax rayonu, Qaraməmmədli yaşayış məntəqəsində) vəzifəsinə uyğun olaraq gündəlik fəaliyyətlə məşğul olmuş və heç bir döyüş əməliyyatları aparılan mövqelərə ezamiyyətə göndərilməmişdir. Həmçinin, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(104)-230/2025 nömrəli sorğusuna cavab olaraq bildirilir ki, N nömrəli hərbi hissənin 1-ci divizionun 2-ci batareyasının maddi-təminat taqımının komandiri baş gizir X5 müharibə veteranı adı və vəsiqəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi atıcı olaraq Mingəçevir şəhərində yerləşən N nömrəli Hərbi Hissənin tərkibində Fizuli, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə erməni işğalçılarına qarşı iştirak etmişdir. Bununla əlaqədar ərizə ilə cavabdehə müraciət etsə də, xx.xx.2024-cü il tarixdə imtina cavabı verdilər. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Hərbi Hava Qüvvələri tərəfindən xx.xx.2023-cü il tarixli, 3/06 nömrəli məktub göndərilmiş və məktubda göstərilib ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün adları “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 2016 nömrəli qərarına uyğun tərtib edilib yenidən təqdim edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən geri qaytarılmışdır. Həmin siyahıda Sizin də adınız qeyd edilmişdir. N nömrəli hərbi hissənin “Vətən müharibəsində ştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiya”sı tərəfindən sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 2016 nömrəli qərarına uyğun tərtib edilmişdir və yenidən qərar qəbul edilməsi məqsədi ilə N nömrəli hərbi hissə tərəfindən xx.xx.2023-cü il tarixli, 2605 nömrəli məktubla “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmişdir. Nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir”. Göründüyü kimi, Hərbi Hava Qüvvələri tabeçiliyində olan N saylı hərbi hissənin tərkibində iddiaçının döyüşlərdə iştirak etməsini təsdiq edir və iddiaçının adının da siyahıda olmasını ona dair sənədləri MN-nın Komissiyasına təqdim etdiyini göstərmişdir. Buna baxmayaraq Komissiya təqdim olunmuş sənədlərin arayış-məlumatda ərazilərin Mingəçevir şəhəri olduğu göstərilməsini əsas götürür. İndi isə həmin arayış-məlumatına dair tərtib edilmiş blank barədə bildirir ki, blankın sağ tərəf hissəsində hərbi hissənin yerləşdiyi ünvan göstərilib və N saylı hərbi hissə Mingəçevir şəhərində yerləşdiyi üçün blankın giriş hissəsində Mingəçevir şəhərinin adı qeyd edilib. Blankın alt hissəsində isə hərbi qulluqçunun döyüşlərdə iştirak etdiyi rayonların adları göstərilir. Lakin, buna baxmayaq əsas hüquqmüəyyənedici sənədləri (hərbi bilet və hərbi hissə tərəfindən tərtib edilmiş sənədləri) nəzərə almayan komissiya arayış-məlumatını qanunsuz olaraq əsas kimi qəbul etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur.

14. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

15. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7688/2024 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının adına tərtib edilmiş N nömrəli hərbi hissənin arayış-məlumatından görünür ki, o, Vətən müharibəsi zamanı Mingəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində batareyanın ərazisində mühafizənin təşkilində iştirak etmişdir. Bundan başqa iş materialında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı S.R.Həsənov N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi İddiaçı Vətən müharibəsi zamanı Migəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Qaraməmmədli qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı hava hücumundan müdafiə bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, xidməti vəzifələrini yerinə yetirmişdir. Lakin onun döyüş əməliyyatları zamanı xidmət etdiyi bölmənin yerləşdiyi ərazi olan Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur.

16. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1580/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

18. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasında ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Başqa sözlə, həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühüm rol oynayır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1580/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş N nömrəli hərbi hissənin arayış-məlumatından görünür ki, o, Vətən müharibəsi zamanı Mingəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində batareyanın ərazisində mühafizənin təşkilində iştirak etmişdir. Bundan başqa iş materialında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı S.Həsənov N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi İddiaçı Vətən müharibəsi zamanı Migəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci abzaslarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Qaraməmmədli qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı hava hücumundan müdafiə bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, xidməti vəzifələrini verinə yetirmişdir. Lakin onun döyüş əməliyyatları zamanı xidmət etdiyi bölmənin yerləşdiyi ərazi olan Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17).

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının əvvəlki iclaslarında bildirmişdir ki, onun oğlu ilə eyni hərbi hissədə, eyni divizionda eyni taqımda xidmət etmiş şəxslərə müharibə veteranı statusu verilmişdir.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

26. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

27. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

29. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

30. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

31. “İnzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

33. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

34. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

35. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

36. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

37. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

38. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

39. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

40. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

41. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

42. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

43. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

44. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

48. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqanın imtinasına əsası iddiaçı barəsində təqdim olunmuş arayış məlumatda qeyd olunmuş ərazilərin (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 2 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlməməsi olmuşdur.

49. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, qanunvericilikdə aktiv döyüş əməliyyatlarında birbaşa iştirak etmiş hərbi qulluqçularla yanaşı, ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər də müharibə veteranı hesab edilirlər.

50. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin onuncu və on birinci abzaslarının tələblərinə görə müharibə veteranı adı aşağıdakı şəxslərə verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə;(Onuncu abzas) -2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə. (On birinci abzas)

51. Göründüyü kimi, onuncu abzasın tələblərinə görə adı qeyd olunan ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər.

52. Bununla belə, istinad olunan əsasnamənin onuncu abzasından fərqli olaraq, on birinci abzasında ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Belə ki, həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və döyüş təminati üzrə tapşırıqların yerinə yetirilməsi mühüm rol oynayır.

53. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 1-ci zenit raket divizionun 2-ci zenit raket batareyasının maddi-təminat mühafizə manqasının atıcısı vəzifəsində xidmət etmiş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 0028 nömrəli döyüş sərəncamı, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuşdur.

54. Həmçinin, N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatda İddiaçı N nömrəli hərbi hissədə əsgər rütbəsində, maddi-təminat taqımının mühafizə manqasında atıcı vəzifəsində xidmət etməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında fəal iştirak etməsi öz təsdiqini tapmışdır.

55. Göründüyü kimi, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirdiyi N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunması, eləcə də əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı iddiaçının döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında fəal iştirak etməsi iş materialları ilə öz təsdiqini tapır.

56. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, Vətən müharibəsi dövründə iddiaçının yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Yəni, iddiaçının xidməti vəzifələrini icra etdiyi ərazilərdə döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında iştirak etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

57. Digər tərəfdən, iddiaçının nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iddiaçı ilə eyni hərbi hissədə 1-ci zenit raket divizionun 2-ci zenit raket batareyasının maddi-təminat taqımında müvafiq tapşırıqları yerinə yetirmiş şəxsə müharibə veteranı statusunun verildiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya N nömrəli hərbi hissənin cavab məktubundan görünür ki, N nömrəli hərbi hissənin 1-ci divizionun 2-ci batareyasının maddi-təminat taqımının komandiri baş gizir X5 müharibə veteranı adı və vəsiqəsi verilmişdir.

58. Həmçinin, məhkəmə kollegiyası tərəfindən “Zəfər altsistemində statusun yoxlanılması” zamanı adı qeyd olunan X4 müharibə veteranı statusunun olması öz təsdiqi tapmışdır.

59. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən yuxarıda adı qeyd edilmiş şəxs iddiaçı ilə eyni hərbi hissədə, eyni divizionda, eyni batareyada və eyni maddi-təminat taqımında xidmət etmiş olduğu halda cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə fərqli praktika sərgilənmişdir.

60. Beləliklə, cavabdeh inzibati orqanın (nəzərə alınsa ki, cavabdeh inzibati orqanın imtinasının əsası arayış məlumatda qeyd olunmuş ərazilərin (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 2 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlməməsi ilə bağlı olmuşdur), eyni hərbi hissədə, eyni divizionda, eyni batareyada və eyni taqımda xidmət etmiş şəxsə “müharibə veteranı” statusu verilməsi üçün siyahıya daxil etdiyi halda, iddiaçıya münasibətdə bundan imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

61. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halın xüsusi halları da göz önünə alınmaqla bərabərlik və etimad hüququnun qorunması prinsiplərinə inzibati orqanların praktikasında əməl olunmalıdır.

62. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

63. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

64. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

65. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

66. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

67. Göründüyü kimi, iddiaçının hərbi hissədə xidməti barədə məlumatlar, onun döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etməsi məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Odur ki, cavabdeh orqanın müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi əsassız olmuşdur.

68. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

69. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1580/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar